Bir məsələ var ki, onu gərək indidən düşünək ki, axırda peşmançılıq üz verməsin. Mətləb budur ki, biz görürük bu axır vaxtlar oğlanlarımız mədrəsələrə gedib təhsil tapırlar və yekəlib evlənmək fikrinə düşəndə axtarırlar ki, özlərinə elə bir ömür yoldaşı tapsınlar ki, onların səliqəsinə və zövqünə müvafiq gəlsin. Amma çünki özləri az-çox elm və tərbiyə görüblər, dəxi tərbiyə və elm görməmiş qızlarımıza mail olmurlar və çoxları gedib əcnəbi millətlərin oxumuş qızlarından bəyənib, alıb özlərinə övrət qərar verirlər.

Əgər bu iş bir qədər vaxt belə getsə, axırda bir yandan ailələrimiz milliliyini itirib millətimizdən yadırğayacaqlar; bir tərəfdən də qızlarımız yekəlib, illərlə evdə qalıb, nişanlı intizarında olacaqlar.

Və özgə cür də ola bilməz, çün alim cavanlarımızı qınamaq mümkün deyil; səbəb budur ki, əgər onlar gedib tərbiyəsiz qız alıb evə gətirsələr, yola getməyəcəklər və necə də yola getsinlər ki, kişi kitabdan və elmdən danışanda övrət saatda bir asqırıb deyəcək: “Kişi, tək səbir gəldi, qoy kitabı yerə”. Kişi övrətdən bir burun dəsmalı istəyəndə, övrət deyəcək: “Sən Allah, kişi, özündən iş çıxartma, ətəyinnən burnun sil”.

Bəs, bunun çarəsi?

Biri budur ki, qızlara da tərbiyə verək ki, kişilərlə hər bir işdə tuş getsinlər. Amma bu məsləhət deyil, çünki xudanəkərdə qız dərs oxusa və yazmaq bilsə, bəlkə şayəd ola bilər ki, məsələn, indi bir sözdü danışırıq, kefi istədi, götürdü bir yad kişiyə bir kağız yazdı.

Amma mənə qalsa, ən salamat çarəsi budur ki, biz heç əslindən oğlan uşaqlarını da dərsə qoymayaq. Əgər belə olsa, nə şiş yanar, nə kabab. Onda, məsələn, səbir gələndə kişi də işini yarımçıq qoyar ki, səbir keçsin, övrət də yarımçıq qoyar.

Dəxi bundan yaxşı əlac mən bilmirəm. Və bu da hamısından məsləhətdir.

Dəli

“Molla Nəsrəddin”, 9 rəcəb, 1339 (20 mart 1921), №3

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əzizim Həmidə! (2 sentyabr 1924)

Sənin otkrıtkanı aldım. Boğazın barədə müəyyən bir qərara gəlmək lazımdır, bu işdə başısoyuqluq eləmək olmaz və başqa bir qərar ola bilməz. Sentyabrın on dördündə uşaqlarla bərabər Bakıya yola düş, o vaxta qədər 50 manat yol pulu alacaqsan. Burada mütəxəssislə – həkimlə məsləhətləşərik, dəniz sahilində (yəqin Qara dənizin sahilində) olmağın lazım gəlsə, dərhal oraya gedərik, tamam sağalınca orada qalarsan. Söz verirəm, sənin üçün bunu kənddən kömək almadan düzəldim. Amma eyni zamanda bu barədə Müzəffərə yazıram ki, sən kənddə olmayanda təsərrüfat və dəyirman işlərinə kömək eləsin və pul cəhətdən mümkün qədər sənə əl yetirsin. Çünki, axı, məhz indi əməlli-başlı müalicə etdirmək və başqa xərclər üçün sənə çoxlu pul lazımdır.Mütləq yumşaq vaqonda yer alın. Yevlaxa qədər isə yəqin ki, öz faytonumuzla gələcəksiniz, hərçənd onun rezinləri artıq sürtülüb gedib. Müzəffərə yazıram ki, sən yola düşəndən sonra özün gəlincəyə və Bakıdan təzə rezin gətirincəyə qədər faytonu (işlətməyib) söksün (burada dal çarxı üçün rezinin cütü 40 manatdır). Allah qoysa sən yaza qədər mütləq rezin alıb apararsan, çünki mən istəmirəm sən faytonsuz qalasan.

2 мин
Həmidə! (8 sentyabr 1924)

Başa düşmürəm səndən nə üçün mən bir dənə də məktub almıram. Buraya gələni sənə bir sifarişli məktub yazmışam, iki dəfə poçtla 50 manat pul göndərmişəm, bir dəfə də uşaqlar barədə teleqram vurmuşam ki, gəlməsinlər.Dünən Midhət imtahan verib, o biri sinfə keçdi. O gündə iki dəfə müəllimin yanına, bəzən də habelə Blaqovidovanın yanına gedirdi. Amma çox arıqlayıbdır və indi dincəlir. Mən onun yemək-içməyinə diqqət yetirir, süfrəsinə zövqünə və arzusuna uyğun şeylər düzürəm.

1 мин
Əziz oğlum Midhət! (Ufa, 1 oktyabr 1924)

Buradan Kazana yola düşürük. Ümidvarıq ki, oktyabrın 10-u üçün Bakıda olaq. Bilmirəm anan Bakıya gəlib, ya yox. Əgər gəlməyibsə, mənim bu məktubumu ona göndər. Yəqin sən və Ənvər, sözsüz, məktəbə gedirsiniz. Bilmirəm Teymur imtahan tuta bildi, ya yox. Əliş (Süleymanın oğlu) necə oldu, məktəbə girə bildi, ya yox? Səmədi qəbul elədilərmi? Güzəranınız necə keçir? Hər bir şeyiniz var, ya yox? Yəni paltar, dərs kitabları, yemək xərci və i. a. Jurnalın idarəsindən Polina sizə xərclik verməli idi.Əgər Səmədi qəbul eləməyiblərsə, onda Əliş bəyin oğlanlarından birini Bakıya gətirmək yaxşı olardı.

1 мин
Midhət! (Orenburq, 9 oktyabr 1924)

8 oktyabr (1924)*Bu gün gedirik Ufa şəhərinə, on gündən sonra ola bilər ki, gələk Bakıya. Mamandan yana nigaranam, bilmirəm gəlibdirmi Bakıya və əhvalı necədir? Əgər Səmədi gətirməyiblərsə, lazımdır Əliş bəyin oğlanlarının birini gətirmək Bakıya. Gələrəm, danışarıq.

1 мин

Стихи других поэтов · Сатира