Dibaçeyi-kitab

Bir gün nəzmiyyə qabağından keçirdim, gördüm orda bazar əhlindən bir böyük yığıncaq var. Soruşdum:

– Bu nə camaatdır?

Bir kəs cavab vermədi. Amma tanışlarımdan bir nəfər qulağıma pıçıldadı ki:

– Durma, gəl gedək, bu camaat hamısı təminat müfəttişləridir ki, yığışıblar məvacib almağa.

Mən o gün elə xəyal elədim ki, dostum mənimlə zarafat eləyir.

Xülasə.. .

Bəli, keçək söhbətə.

Təqlili-məxaric babətindən, – necə ki, keçən şümarədə ərz olunmuşdu, – maliyyə idarəsindən sonra növbət nəzmiyyəyə yetişəcəkdir və bu barədə belə qərar qoyulub:

Əvvələn, savayı ondan ki, təzə rəisi-nəzmiyyə özü təzəlikdə təyin olunanda hüququnun nisfinə iktifa edib qalan müavin və kəfillər də buna bir növ təbiyyət ediblər. Amma nəzmiyyənin qeyri qulluqçuları barəsində belə binagüzarlıq olunub.

Məlumdur ki, komissarlardan və acanlardan başqa idareyinəzmiyyədə min üç yüz yetmiş məmur var ki, bunlar əsnaf və unifrom libasında təminat müffətişi Adı ilə vətənə xidmət edirlər. Hələ bunlardan savayı yenə çox-çox bimənsəb sahibmənsəbləri demirəm ha!.. .

Bəli, bu qism vətən xadimləri min üç yüz yetmiş nəfərdir.

Amma həqiqətə baxsan, bunların sayını və hesabını Allahdan başqa heç kəs bilməz; çünki bunların hər birini şəhərin bir sahibnüfuzu öz yanınca gətirib ki, ona bir məmuriyyət verilsin və bunların da məmuriyyəti budur ki, çıxıb bazarı və küçələri gəzib qoymasınlar ki, şəhərdə zəlzələ olsun. Bunların hüququ maliyyədən çatasıdır. Maliyyə də bunlara həvalə verir ki, kənd ərbablarının bədhəqlərindən, yainki bişüurlarından tapsınlar və məvaciblərini onlardan alsınlar.

Elə ki, ortalığa bir az pul gəldi, həmin min üç yüz yetmiş nəfər doluşurlar nəzmiyyəyə və bir-birini itələyə-itələyə pulu qismət eləyirlər.

O ki, qaldı nəzmiyyə müdirləri, komissarlar və poçtalarda duran məvacibsiz acanlar, onlar da Hacı Nəcmüddövlənin təqvimini mülahizə eləyib Allah-taalanın dərgahına min-min şükürlər eləyirlər; çün təqvimdə yazılıb: “in mah dəlalət mikonəd bə flan və flan və səbr və təhəmmüli-rəncbəran və çörəyi zəhmətlə qazanan, nəinki bəboş-boş dolanan”.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 9 rəcəb, 1339 (20 mart 1921), №3

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Şadlıq xəbəri

Hər dəm əz in baği bəri mirəsəd,Tazətər əz tazətəri mirəsəd.

2 мин
Şəfqət bacısı

Oxucularımıza ərz olsun ki, bir vaxt var idi, Qaryagin qəzasının Zəngilan mahalında uşaqları çiçək qırmaqda idi. Buna görə Bakıdan oraya təcili surətdə bir ədəd doktor Vahabzadə cənabları ilə bir dənə də şəfqət bacısı göndərildi.Bu məqaləni yazmaqdan məqsəd nə əhalinin hifzüsəhhə məsələsinə qarışmaqdır, nə də çiçək azarı ilə mübarizəyə göndərilən təbiblərin rəftar və hərəkətini qurtdalamaqdır. Bunların heç birinin “Molla Nəsrəddin” aləminə dəxl-təsərrüfü yoxdur. Əgər Allah-taala Zəngilan camaatının çocuqlarını çiçək azarına müsəllət edib, bu da onun öz işidir; əgər oraya göndərilən hifzü-səhhə məmurları öz vəzifələrini layiqincə əmələ gətirməyiblərsə, – bunu da yazmaq və tənqid etmək bizə borc deyil. Və belə-belə nadinc və mərdümazar işlərə biz heç bir vaxt övqat sərf etməmişik. Bizim təklifimiz məhz şəfqət sözünün lüğəti barəsində bir müxtəsər bəyanat verməkdir.

2 мин
Yollarımız

Əvvəla deyirsən ki, Ağdam qəzasının Seyidli kəndinə gedən yollar əldən düşmüşdür: hara baxırsan kalandır. Gəlib-gedən kəndlilər əziyyət çəkirlər. Halbuki, bunu düzəltmək çox asandır; çunki kəndin yavuqluğunda daş və qum vardır. Camaata təklif olunsa, hərə bir araba gətirib, yola tökə bilər. Elə axırda da deyirsən ki, qəza kommunal şöbəsi tədbir görməlidir.Molla Nəsrəddin: bu sözlər boş sözdür, ondan ötru ki, insan hər işdə gərək zəhmət çəksin.

2 мин
Münacat

Ey yerin, göyün, dünya və axirətin padşahı! Axı bir de görüm hardasan?And olsun sənin canına, özünü elə saxlayırsan ki, sənin varlığına çoxları şəkk gətirmək istəyirlər.

2 мин

Стихи других поэтов · Сатира