Qoqol
Bu axır vaxtlarda cəmi müsəlman qəzetlərində müsəlman qardaşların gözünə bir belə söz sataşıb: “Qoqol”.
İndi müsəlman qardaşlar oxuyub bildilər ki, Qoqol bir məşhur rus yazıçısının adıdır; bildilər ki, bu yazıçı yüz il bundan irəli anadan olub; bildilər ki, məzhəkənəvislikdə bu şəxsə bərabər Rusiyada hələ bir kəs tapılmayıb; bildilər ki, Qoqolun xidməti rus mətbuatına və rus millətinə o dərəcədə olub ki, mərhumun doğulmağının yüzilliyini Rusiyada kəndlərdə də muciklər eşidiblər.
İndi mənim fikrimcə bir belə şey gəlir: söz yox, Köçərli cənablarının açıq və mənalı məqalələrindən, Üzeyir cənablarının şirin tərcümələrindən və qeyri yazıçılarımızın Qoqol barəsində verdikləri məlumatdan oxucularımızın həmin yazısını bir növ tanıdılar və bəlkə yaxşı tanıdılar; amma mən bunu istəyirəm deyəm ki, yenə bununla belə, yəni bu yazı-pozuların varlığı ilə, rus dilini bilməyən oxucularımız indi hələ yenə bilmirlər ki, bu yazıçının adı nədir. Məsələn, yazıçılarımız yazıblar “Qoqol” və elə xəyal eləyiblər ki, bu sözü cəmi müsəlmanlar o cür oxuyacaq, necə ki, mərhumun elə əsl adıdır.
Demək, məqalə sahiblərimiz bircə şeyi yaddan çıxardıblar; bircə bunu yaddan çıxardıblar ki, Qoqolun barəsində yazdıqları məqalənin başında gərək bir belə “xəbərdarlıq” eləyəydilər ki, ey müsəlman qardaşlar, yüz il bundan qabaq Rusiyada bir şəxs anadan olub və rus məmurlarının barəsində bir elə komediya yazıb ki, onu də adam oxuyanda elə bilir ki, Naxçıvana, Şuşaya və bütün Qafqaz kəndlərinə və balaca şəhərlərə hökumət tərəfindən “revizor” gəlir.
Qərəz, sözüm burada deyil.
Mən deyirəm ki, məqalə sahibləri bu sözlərdən qabaq gərək camaata deyəydilər ki, ay müsəlman qardaşlar, bu ədibin barəsində mən sizə çox söz yaza bilərəm, mərhumun adını necə yazım ki, siz oxuya biləsiniz? Mən yazıram ki, “Qoqol”. Bəlkə Allah rast sala bir adam bu sözü elə oxuya, necə ki, şairin adıdır; amma bilirəm ki, biriniz bir cür oxuyacaqsınız, biriniz özgə sayaq oxuyacaqsınız, biriniz bir başqa tövr oxuyacaqsınız və axırda belə məlum olacaq ki, biçarə yazıçının adını siz müsəlman qardaşlar 144 cür oxuyubsunuz.
Elə bircə bunu demək istəyirdim; demək istəyirdim ki, qələm sahiblərimiz hər nə yazırlar yazsınlar, – çox sağ olsunlar; amma bunu gərək yaddan çıxarmasınlar ki, hələ indi müsəlmanlar yenə Qoqolun adını bilmirlər. Bunu heç kəs gərək yadından çıxartmasın.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 5 aprel 1909, № 14
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-qoqol
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən əcnəbi millətlərin içində neçə illərlə ömr keçirmişəm; onların içində bir para pis işlər də görmüşəm, yaxşı işlər də görmüşəm. Və çünki oxucularımızın bəzisi əcnəbiləri necə ki, lazımdır tanımırlar, mən burada lazım gördüm bir məsələ barədə söhbət açam. Təvəqqə edirəm oxuyasınız.Bu bizə məlumdur ki, necə ki, hər bir millətin, habelə də biz müsəlmanların içində hər bir məhəllədə sahibsiz yetim uşaqlar var. Bunların bəzisinin bəlkə ata-anaları da var; amma o qədər kasıbdırlar ki, bunların da uşaqlarını mən sahibsiz cərgəsinə qoyuram.
İslamMənə deyirlər ki, niyə danışmırsan? Mən də deyirəm ki, nədən ötrü danışım? Atam ölüb, qalmışam yetim sahibsiz. Deyirlər ki, get dərdini müsəlman qardaşlara söylə. Mən də deyirəm canım, qoy dərdini özüm çəkim. Müsəlman nəyə deyirlər? Necə nəyə deyirlər, dəli-divanə olmamısan ki! Dünya doludur müsəlman ilə. Üç yüz milyondur. Hə, başa düşdüm, oçen xoroşo. İndi de görüm bizim islam, sizin islam? Dəli, dəli danışma, bizim islam, sizin islam nədi? Doğrudan da Allah adamdan alanda qabaqca ağlını alır. Oğlan islamın mənası budur ki, düz, sadiq, bir-birinə mehriban, bir-birinin qaydına qalan, bir-birinin namusunu çəkən. Başa düşdün yoxsa düşmədin?Bəli, başa düşdüm. Bunu bayaqdan deyəydin da! Ay rəhmətliyin oğlu, məni dağa-daşa salırsan. İndi sən deyirsən ki, gürcü, rus, cuhud, erməni, firəng, yapon... Yox canım, bunlar kafirdirlər. Mən Şüsteri demirəm, mən müsəlman deyirəm ki, təharətin, nəcasətin, kəcalətin, rəfafətin, məzaqətin, nikahətin, təlaqətin, kəsalətin, nə bilim nəyin, nə bilim nəyin qəvaidinə aşina olsun, ehkamını yerinə yetirsin.
Təzə ilBir il keçir, o biri il gəlir; 1329-cu il keçdi, 1330-cu il daxil oldu. Xaçpərəstlərin 1911-ci ili getdi 1912-ci ili başlandı.Aylar dolanır, həftələr, günlər, saatlar, dəqiqələr hərəkət eləyir. Əbrü badü məhü xurşidü fələk dər karənd.
Pək eyiMənim dava-mərəkəynən işim yoxdur; mən bir fağır adamam… Ancaq bunu gücnən qəzetdə oxudum ki, İskəndərbəy Məlikov deyir: gərək biz türk dilimizdən “çox yaxşı” sözlərini ataq, onun əvəzinə osmanlının “pək eyi” sözlərini işlədək.Mən elə hazır idim İskəndərbəyin nəsihətini qəbul eləyəm və yenə elə hazıra yavığam, amma bir iş qabağımı kəsib.