Mən bu məqaləni o qəsd ilə yazmıram ki, savad məktəblərinə əmələ və kəndlilərimiz həvəs göstərsinlər və həmin məktəblərə şövq ilə doluşub savad öyrənsinlər.

Niyə o qəsd ilə yazmıram?

O səbəbə o qəsd ilə yazmıram ki, hamısı birdir, mənim yazmağım, ya yazmamağım ilə fəhlə və kəndlilərimiz savad məktəblərinə savad öyrənməyə çox artıq həvəs etməyəcəklər.

Niyə etməyəcəklər?

O səbəbə ki, bizim indiki əsrin fəhlə və kəndlilərinin yüzdə doxsan doqquzu kablayı və məşədidirlər (şaxsey, şaxsey!) və məlumdur ki, nə kablayı olan adam savadın qədrini bilər, nə məşədi olan adam savadın qədrini bilər və haqqı da var bilməməyə; o səbəbə ki növhəni növhəxan oxuyanda mənə ancaq sinə vurmaq lazımdır və dəxi burada savad oldu, olmadı, təfavüt eləməz (əzmi-cihad etmisən, ey sərvərim!).

Keçək mətləb üstə.

Bir vaxt var idi ki, bütün Azərbaycan aləmi indiki kimi yenə savaddan-zaddan uzaq idi. Onda bəhanəmiz bu idi ki, Nikolay dayıoğlumuz qoymurdu öz dilimizdə açılışaq. Doğrudur, qoymurdu. Və bəlkə onun qoymamağındandır ki, indi fəhlə və kəndlilərimizin yüzdə doxsan doqquz hissəsi kablayı və məşədidir (necə qan ağlamasın daş bu gün).

İndi də Şura hökuməti hər yanda ki, mümkündür və hər nə qədər mümkündür savad məktəbləri açır ki, mən görürəm ki, mənim dostum fəhlə Kabla İmamqulu 22 yaşında, özü savadsız, gedib savad öyrənmir. Dünən onu küçədə gördüm, dedim:

– Hara gedirsən?

Dedi:

– Xorasana:

Soruşdum:

– Niyə?

Dedi:

– Ziyarətə (fəda olum sənə, ya imam Rza!).

İndi nə etməli?

Bizim qarşımızda Xorasan və Məşhədi-müqəddəs kimi “Savad məktəbi” durub. Sən gündə min yerdə savad məktəbi aç, amma nə qədər ki, sənin indiki fəhlə və kəndlilərinin adı kablayı və məşədidir, – onlardan savad gözləmək olmaz, olmaz! (Çünki fikirlər müqəddəs zəhər ilə zəhərləniblər).

A kişi, çavuş carlıyır:

Hər başda var əlaməti-sövdayi-Kərbəla,

Görsün səfər tədarükünü, karvan gedir.


Hə, istəyirdim məqaləmi qurtaram, amma bir “mabəd” yadıma düşdü:

Hələ doğrudan da zarafat kənarda dursun. Biz ha deyirik: nə bilim savad məktəbləri, nə bilim elm-maarif... Bayaq mən məşədi söhbətini zarafat babətindən ortalığa saldım. İndi gəl bir doğru danışaq. İndi ki, bizim qarşımızda Məşhədi-müqəddəs ilə Kərbəlayi Müəlla kimi möhkəm fanatizim qalaları durubdur, indi ayə nə eləməliyik? Görək buna nitq və qələm sahiblərimiz nə deyir? Görək bunun müqabilində kommunistin tədbiri nədir, “Yeni fikir” və “Gənc işçi”nin təklifi nədir?

Həyə məni deyirsən, – mənim ki, yaşadığımız əsrin qartlaşmış kablayi və məşədilərindən gözüm su içmir.

Yenə ümid cavanlaradır.

La hövlə vəla qüvvətən illah billahi əliyyül-əzim.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 8 sentyabr 1923, №31

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Abunə dəftərimiz açıldı

Bu gün qəmər əqrəb bürcündə xaric olmaq münasibətilə fürsəti qənimət və saatı xoş bilib abunə dəftəri açdıq. Bu gələn ilin müddətində də köhnə sayaq ilə nağıl və məsələ yazmağa və ilanqurbağa şəkli çəkməyə məşğul olub əlimizdən gələn qədər çalışsaydıq və lakin burası var ki, övzai-kəvakib təğyir tapdıqca və ilin fəsilləri dəyişdikcə biz də buna müvafiq hərdənbir məsləkimizi dəyişəcəyik. Artıq səyimiz bunda olacaq ki, hamı müsəlman qardaşları özümüzdən razı edib heç bir kəsin nə yaxşılığını və nə pisliyini danışmayaq. Əzqəza əgər danışsaq da inşallah, yaxşıların da, pislərin də yaxşılığını danışacayıq və heç şeydən də şikayətçi olmuyacayıq, zira:Məkon zi gərdişi-giti şikayət,

2 мин
Ədəbiyyat maraqlılarına müjdə

Gəncəli Məhəmmədzadə Abdulla Tofiq əfəndinin “Türk ədəbiyyatına bir nəzər” nam əsəri fevral ibtidasından etibarən hər ay başında bir risalə şəklində nəşrə başlanacaq. 25 risalədən ibarət olan bu əsər üç cild üzrə üç min səhifəlik ədəbi bir əsərdir. Türk ədəbiyyatının dövri-ətiq, dövri-təcəddüd və dövri cədidinə dair tarixi, ictimai ədəbi məlumatlar verəcək. Bu münasibətlə osmanlı üdəba və şüərasının haman həpsinin rəsmləri ilə bizə deyiləcək. Səlatini-osmaniyyədən bir çoxunun fotoqrafları da bunlar sırasında bulunacaq.Abunə, yəni müştəri dəftəri açıldı.

1 мин
Ayineyi-millət

Yazanı Bakı müəllimlərindən Qafur Rəşad Mirzəzadə Şirvani, Bakı, 1908.İdarəmizə göndərilən həmin kitabça 32 səhifədən ibarətdir və Hacı İsrafil Aydəmirov cənablarının xərci ilə Bakıda bəradərani- Orucovların mətbəəsində səliqə ilə çap olunub.

2 мин
Leyli xanım Şahtaxtlı

Sahib-mənsəblərimizdən məşhur İsa Sultanın qızı Leyli xanım Şahtaxtlı anadan olub 1886-cı ildə Kars şəhərində. 1902-ci ildə Tiflisdə qız institutunu qurtarandan sonra 1904-cü ilin sentyabr ayında gedib Şvetsariyaya və orada darülfünunun həkimlik şöbəsinə girib. Hacı Zeynalabidın Tağıyev cənablarının köməkliyi ilə üç il orada təbabət elmini oxumaqda idi. İki ildən sonra həkimlik dərsini qurtarıb şəhadətnamə alacaq idi və gəlib vətənində biçarə müsəlman övrətlərinin min-min dərdlərinə şəfa verəcək idi.Əfsus! Qismət olmadı.

1 мин

Стихи других поэтов · Сатира