“Şərq qadını” məcmuəsinin 3-cü nömrəsinin 49-cu səhifəsində yazılıb:

“İdarəmizə gənc yazıçılarımız tərəfindən gələn yazıların çoxusu şeir və nəzmdən ibarətdir. Bu üçüncü nömrəmiz təb olunana kimi idarəmizə qırx beşə qədər mənzum əsərlər gəlmişdir. Bunların yüzdə həştadının məzmunu bir-birinə oxşar olub hamısı eşqdən, məhəbbətdən, vüsaldan, kaman qaşlardan, lalədən, bülbüldən, güldən, pəridən, ulduz gözlərdən və habelə şairanə nazik mətləblərdən bəhs etməkdədir”.

“Molla Nəsrəddin” məcmuəsinin də 5-ci nömrəsində belə yazılıb:

Şeir nəşəsilə məst olan şairlər tək bir Azərbaycanda deyil; Türkiyədən başlamış yer üzərində yaşayan cümlə müsəlman qələm sahibləri şairdirlər.

Nə qədər ki, Qərbdə, yəni elm və fənn ilə, texnika ilə şöhrət tapmış millətlər arasında eşq və məhəbbət şairləri azdırlarsa, o dərəcədə biz cənnətin hurilərini xəyal ilə qucaqlayan islam ümməti içində eşq və məhəbbət şairliyi günü-gündən artmaqdadır.

Onunçün də onlarda dünya mədəniyyəti tərəqqi tapmaqdadır, bizlərdə də xəyalat “mədəniyyəti” şöhrət tapmaqdadır. Orada qələm sahibi öz fikrini sadəcə kağıza götürüb ildırım itiliyi ilə dünya və aləmə yayır, bizlər də sol ovcumuza bir balaca kağız alıb, gözlərimizi göyə axıdıb, qafiyə axtarırıq və məzmunu vəzn qafiyəyə qurban gətirib şeir yazırıq.

Məzmun da ki, həmin bir məzmundur: eşq və məhəbbət.

Allahın rəhməti olsun sədilərə və hafizlərə, nəbati və bunlara təqlid edən min-min bədbəxt şairlərə ki, onların tərbiyəsi altında meydana çıxan həmin cavanlardır ki, “Şərq qadını”nın üçüncü nömrəsinə kimi qırx beş mənzum əsərdə qırx beş yarın, yəni qırx beş elmsiz müsəlman qızlarının qara saçlarını və qırmızı yanaqlarını qafiyəyə düzüblər.

Nəticə: nəticədə millət avam, millət cahil, millət ac!..

Bir surətdə ki, hər bir qələmin öz müqəddəs vəzifəsi var: birinci növbədə millətin xoşbəxtliyi yolunda xidmət etmək.

Xoşbəxtliyin əvvəlinci şərti toxluqdur ki, bunun üçün də çörək yaratmaq zəhməti lazımdır. Bu ola gərək hər bir qələm sahibinin amalı! B. Mürşüd yazan kimi:

Bu dünyayə dərd çəkməyə gəlmədim,
Hicrə düşüb yaş tökməyə gəlmədim,
Yar yoluna göz dikməyə gəlmədim,
Eşq ilə yanmaqçın yaranmamışam.
Qarnımı heç qara gözlər doyurmaz,
Mən ac qalmaq üçün yaranmamışam.

İxtiyar məndə olsa, şeir nəşəsini qədəğən elərəm, necə ki, tiryək nəşəsi qədəğəndir.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 6 aprel 1924, № 5

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов