Köhnə dərdim
Şərq qadını məsələsi mənim dərdimdir. Bütün ömrümdə vurduğum qələmin çox hissəsi Şərq qadını məsələsi üstündə vurulub. Onunçün də “Şərq qadınçılar”ın dərdini mən hamıdan artıq anlaya bilirəm.
Nədir onların dərdi?
Şərq qadınını azad etmək.
Nədən?
Şəriətin kəməndindən, müsəlmançılığın zəncirindən, hərəmxanaların zindanından, qara çarşabın zülmatından! Və azad edəndən sonra azad Şərq qadınını tərbiyə etmək, ona həqiqi yol göstərmək, öz vəzifəsini bildirmək, qadınlıq şərtlərini anlatmaq, analıq borcunu dərs vermək, övlad tərbiyəsinin nə olduğunu təlim etmək ki, bəxtiqara Şərq qadını gözünü açıb, çıxsın Şura əsrimizin geniş meydanına və cürət ilə desin: “Mənim də bu dünyada yaşamağa haqqım var! Çünki indi dəxi mən azad Şərq qadınıyam!”.
Budur, Bakıda bir il bundan qabaq çıxmağa başlayan “Şərq qadını” məcmuəsinin arzusu və amalı!
Nə müqəddəs vəzifə! Nə ali məqsəd!
Onunçün də iftixar etsinlər gərək məcmuənin baniləri, ruh verənləri, əhli-qələmləri və nə surətdə olmuş olsa ona kömək göstərənlər. Çün Şərq inqilabı tarixində “Şərq qadını” kimi bir əsrin xidməti gözəl sütunlarla qeyd olunacaqdır. Mənim buna etiqadım möhkəmdir.
C. Məmmədquluzadə (Molla Nəsrəddin)
“Şərq qadını” jurnalı, oktyabr 1924, № 10
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-kohne-derdim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bizim məscidlərə cəm olanlara diqqət eləsək, görərik ki, məscidə gələnlər ancaq fəhlə, hammal, kankan, dilənçi, dəllək, pinəçi, nalbənd, çərçi və xırda-xuruş alışverişçilər, baqqallar, kərbəlayı və məşədilər və kasıb hacılardır. Əgər əcnəbi millətin birinin yolu bizim məscidlərə düşsə, elə yəqin edər ki, müsəlman içində bir dənə də rəğbətli, dövlətli, səliqəli, təmiz və nəcib adam, bir dənə də bəy, xan, qulluqçu, oxumuş və sahibmənsəb yoxdur; yəqin edər ki, bizim müsəlman camaatı ibarətdir məhz cırıq-mırıq, ac və kasıb fəhlə-fühlədən, avam məşədi və kərbəlayılardan.Niyə xan və bəylərimiz, oxumuş və sahibmənsəblərimiz məsciddən qaçırlar?
“İrşad”Dünyada mən çox şeyi başa düşdüm, amma bu “İrşad”ın işlərini başa düşmədim. Rəhmətlik oğlu indi də başlayıbdır ki, “mənə müsəlman camaatı beş min müştəri verməsə, qəzeti bağlayacağam”.Qardaş, bağlayacaqsan bağla, açacaqsan aç, dəxi xalq neyləsin?
Tiflisdə mədrəseyi-ruhaniyyəBir gün var idi, bir gün yox idi, bir Tiflis var idi və bu Tiflisdə hər bir şey var idi, bircə mədrəseyi-ruhaniyyə yox idi və bu Tiflisdə millət dərdi çəkənlər də var idi və bu millət dərdi çəkənlər istədilər ki, mədrəseyi-ruhaniyyə də Tiflisdə olsun və Tiflisdən savayı bir Bakı da var idi və bu Bakıda çox pul da var idi.Bir gün bu millət dərdi çəkənlər Bakıya gedib dedilər: Bizim Tiflis gözəl yerdi və Tiflisdə Şeytanbazar adında bir gözəl müsəlman məhəlləsi var və orada hər bir şey var: amma bircə mədrəseyiruhaniyyə yoxdu. Gəlin pul verin, orada bir mədrəseyi-ruhaniyyə açaq və bakılılar dedilər ki, baş üstə və bakılılar altmış min manat vədə elədilər və on min manatını qabaqca verdilər və komissiya təyin olundu və yer alındı və inciner çağrıldı və incinerə iki min manat verildi ki, mədrəsənin planını çəksin və iki min manat da girdi inciner rəfiqimizin cibinə və plan girdi millət dərdi çəkənlərin cibinə və on min manat girdi padşahlıq xəzinəsinə və o xəzinədə yüz on beş min manat mövqufat pulu da rəxtixab içində rahat yatırdı və bu on min manat da gedib girdi haman 115 min manatın rəxtixabına və başladılar bir yerdə yatmağa, necə ki, bizlərdə bir yorğan-döşək içində bir ana yatar, bir ata yatar, bir əmcək uşağı yatar, üç yaşında Gülsüm yatar, bir yeddi yaşında Heydər yatar, bir 11 yaşında Murad yatar, bir on dörd yaşında Qurban yatar, sonra on doqquz yaşında Cəfər gəlib yorğanın bir ucunu qovzar və paltarını soyunmamış girər şərakətli yorğan-döşəyə. Xəzinə də bir cüt rəxtixabdı. Orada mövqufat pulu da yatar, mədrəseyiruhaniyyə pulu da yatar, məscid pulu da yatar, məktəb pulu da yatar, orada daha bilmirəm nələr yata bilər…
QarnıyoğunlarDedik bəlkə təzə müştərilərimizə təqvim və kitabçalar paylamaq vasitəsilə oxucularımızın qədərini bir az artıraq; amma Allah şeytana lənət eləsin; gündə gəlib, başımızın üstünü kəsir və başlayır ki, məsəla, götürün məcmuənizdə yazın ki, Təbrizdə vəliəhd “şahsevən” quldurlarını başına cəm eləyib, göndərir İran kəndlərini və şəhərlərini talan etdirir və bu cür qarət olunan malların bir hissəsini quldurlara paylayır, bir hissəsini özü götürür.Məcmuəmizdə bu əhvalatı vəliəhd Məhəmmədəli Mirzə oxuyan kimi hökm eləyir məcmuəmizi İran sərhəddində yandırsınlar.