Bir neçə gün bundan qabaq iki nəfər seyid Tiflisdə bir erməni dükanından iki top çit oğurlamışdılar. Mal sahibi müsəlman mehmanxanalarının birində oğru seyidləri tapıb malı xurcunlarından çıxardıb aparır dükanına və hökumətə xəbər verir. Seyidlər indi dustaqdırlar.

Bir neçə vaxt bundan qabaq Bakıda İsgəndərovların dükanından iki nəfər seyid mal oğurlamışdı.

Biz görürük ki, indi seyidlər başlıyıblar oğurluq eləməyə və biçarələrin heç taqsırı yoxdur, o səbəbə ki, min dörd yüz ildir bunlar adət eliyiblər arsız adamlar kimi bikar gəzib dolanmağa və qarınları acan kimi dağarcıqlarını götürüb tutublar mömin müsəlmanların qabağına ki, mənə çörək ver yeyim.

Axırda da müsəlmanlar bir az gərnəşib gözlərini açan kimi başladılar seyidləri qapıdan daşlıyıb qovmağa.

Bəs indi bunların təklifi nədir? Elm yox, sənət yox qeyrətdən də yana xəcalətdirlər. Bəs nə yesinlər?

İndi bunlar da başlıyıblar oğurluğu. Dəxi yazıqların çarəsi nədi?

Cırcırama

“Molla Nəsrəddin”, 14 iyul 1908, №28

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира