Necə ki, texnika elmində gündə bir Edison çıxır və gündə bir təzə ixtira eləyir və gündə bir təzə üsul tapır, habelə təbabətdə də – necə ki, məlumdur, – hərdən-bir təzə müalicə üsulu qulağımıza çatmaqdadır.

Bu təzə müalicə üsullarının birini də bir neçə gün bundan qabaq Saray həkimi ixtira edibdir.

Bu üsulun adı qarınağrısı davasıdır. Bu davanın da adı spirtdir.

Əhvalat bu qərar ilədir:

Bir neçə gün bundan əqdəm üçüncü milis dairəsinin müavini yoldaş Qurbanova qulluq işindən ötrü Bakıdan çıxıb Saraya tərəf getmək lazım olur və soyuqdansa, qeyri bir səbəbdənsə, bunun qarnı yolda ağrımağa başlayır. Özünü bir tövr Saray qəsəbəsinə yetirib gedir oranın təcrübəli və dünyagörmüş həkiminin yanına. Amma həkim bir az damaqlı imiş. Xülasə, həkim azarlıya baxır və gətirir buna bir dava içirdir. Azarlı davanı içən kimi dik atılır və gözlərindən başlayır od yağmağa. Qurbanov haray-dad eləyir: ay həkim, başına dönüm! Bu necə davadır? Mən yandım, yaxıldım!

Xülasə, iş-işdən keçir və azarlı başlayır dəli kimi atılıb-düşməyə. Axırda mətləb açılır: demə ki, həkim Qurbanov yoldaşa gərçək yağı verəcək imiş, kef havasına spirt verib. Axırda həkimdən sual-cavab etdikdə deyir ki, bu müalicə üsulunu mən təzə ixtira etmişəm.

Doğrudan da hərçənd Qurbanov az qalmışdı dəli olsun və az qalmışdı ciyərləri parçalansın, amma qarınağrısı da öz-özünə rədd oldu getdi.

Yaşasın belə ixtiraçı həkimlər!

Dəli

“Molla Nəsrəddin”, 10 oktyabr 1925, №41

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира