Təzə xəbər
Tükəzban xalanın gəlini, istəyirdi toyuqlara dən səpə, sarı toyuq gözünə sataşmadı. Bir az “cü-cü” eləyib çağırdı, sarı toyuq görsənmədi. Gəlin fikir elədi ki, bəlkə toyuq Fatma xalanın həyətinə keçib və divara tərəf yeriyib divarın alçaq yerindən başını Fatma xalanın həyətinə uzadıb çağırdı:
– Ay Fatma xala, sən Allah, bax gör bizim sarı toyuq sizin həyətə keçməyib ki?
Bu heyndə Çərçi Zalxa girdi Tükəzban xalanın həyətinə və gəlini divarın yanında görüb başladı məzəmməti: “Ay qız, bəlkə özgənin həyətində kişi-zad var, ayıb deyil məgər xalqın həyətinə baxırsan?”. Gəlin cavab verid ki, “sarı toyuğumuz keçmişdi Fatma xalagilə, onu soruşurdum”.
Çərçi Zalxa Tükəzban xalagildə işini qurtarıb küçəyə çıxanda Xansənəm əmidostuya rast gəldi. “Ay salaməleyk, ay əleykəssalam nə var, nə yox, ay Zalxa bacı?”.
Çərçi Zalxa küçənin o tərəfinə, bu tərəfinə baxıb ağzını aparıb yapışdırdı Xansənəm əmidostunun qulağına və belə pıçıldadı: “Tükəzban xalanın gəlini divarın çatdağından Fatma xalanın oğluna göz eliyirdi, vallah mən özüm gözümnən gördüm. Amma sən Həzrət Abbas bir kəsə demə”.
Xansənəm əmidostu gedirdi Şərəbanı bacıgilə. İçəri girən kimi: “Salaməleyk, əleykəssalam. Ay qız nə var, nə yox, uşaqlar necədir?”
– Allaha şükür. Sizin Sadığın qarnı necədi, indi maşallah deyəsən bir az köpü yatıb?..
Xansənəm əmidostu o tərəfə, bu tərəfə baxıb başını əydi Şərəbanı bacının qulağına və yavaşca dedi: “Eşitmisən təzə xəbəri ya yox?” “Yox, eşitməmişəm”.
Ay qız Şərəbanı, vallah, Allah bizim başımıza daş salacaq. Deyirlər ki, Tükəzban xalanın gəlini divardan xəlvətcə Fatma xalanın həyətinə yenib Fatma xalanın oğlunan oynuyurmuş və naqafil bu yandan da gəlinin əri çıxıb, yəni Tükəzbanın oğlu çıxıb görüb və arvadını da o qədər döyüb ki, indi deyirlər o matışka -qızı matışka yorğan-döşəkdə yatır.
– Ay qız, nə danışırsan?..
– İmam haqqı doğru deyirəm.
Bir saat keçmədi ki, təzə xəbər şəhərin hər yerinə yayıldı. Şərəbanı xala Əsmər xalaya, Əsiər xala Gülsüm bacıya, Gülsüm bacı Səkinə xalaya, Səkinə xala Nurcahana, Nurcahan Pəricahana... Axırda da bu xəbər Tükəzbanın özünə çatdı. Axşamçağı gəlinin əri Kərbəlayı Qasım evə qayıdan kimi Tükəzban durdu ayağa və çadrasını axtara-axtara dedi ki, “dəxi mən matışkaynan bir evdə oturmanam; ya bu evdə gərək mən qalam, ya gəlin qala”.
Xülasə, Kərbəlayı Qasım anasını qoymadı getsin.
Və hirs ilə gedib yapışdı övrətinin boğazından ki, boğub öldürsün.
Səhər açılınca üç dəfə ana və oğul gəlini saldılar dəyənək kötəyinin altına.
Ancaq bir neçə gündən sonra yavaş-yavaş Tükəzbana və oğluna yəqin oldu ki, bu deyilən sözlər böhtandı, amma genə hərdənbir Kərbəlayı Qasım bikarlıyanda övrətini salardı kötəyin altına ki, “niyə sən divardan Fatma xalaynan danışdın?..”
“Molla Nəsrəddin”, 30 iyun 1908-ci il, №26
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-teze-xeber
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ölümünün 50 illiyi münasibətilə*Nə qədər ki, Mirzə Fətəli dramnəvislikdə şöhrət qazanmışdı, o dərəcədə də Mirzə camaat içində dinsizlikdə məşhur idi; ta o yerə kimi ki, onun dəfninə öz dost və əqrabasından da gedən olmayıbdır. Və lakin məsələnin bir tərəfi bir növ qaranlıq görsənir: belə ki, lazımınca aşkar olmur ki, mərhumun müasirləri onu hansı səbəbdən laməzhəb hesab edirdilər?
Mirzə Fətəli Axundov dinlər haqqındaMən külli ədyanı puç və əfsanə hesab edirəm.*M. F. Axundov*
Şura mətbuatıŞura mətbuatı haman mətbuatdır ki, Şura daxilində zühura gəlir.Şura mətbuatı bir neçə qismdir: 1) firqə mətbuatı, 2) işçi mətbuatı, 3) kəndli mətbuatı, 4) dərs kitabları, 5) allahsızlar mətbuatı və qeyriləri.
Türk kitablarıBir səyyahın rəvayətindən*Rusiya şəhərlərini gəzib dolanandan sonra Rostovdan keçdim, Şimali Qafqaza daxil oldum. Bir baş üz qoydum Tiflisə tərəf. Sonra getdim İrəvana, Naxçıvana. Oradan yenə qayıtdım Tiflisə və buradan da yollandım Bakıya.