Xoşbəxtlik
Allah-taala biz müsəlmanları xoşbəxt yaradıb.
Bir fikir elə və gör ki, heç zəhmət çəkməyə-çəkməyə hər nə ki, dünyada var, – hər bir şey bizim ixtiyarımızdadır. Götür dəmir yolu, teleqrafı, telefonu və qeyri bunun kimi şeytan işlərini, – bunların ixtiyarında nə ki, zəhmət çəkmişik, bəlkə bunları avropalılar sümük sındırıb icad edəndə biz ayaqlarımızı soyuq suya uzadıb, on səkkiz saat iftarın intizarında olurduq, amma axırda Allah-taala bizi bu dünya nemətlərinin heç birindən məhrum qılmadı; çünki həqiqətdə də biz xoşbəxtik.
İndi götür bu təzə hökumət məsələsini və heç bu barədə şübhə ola bilməz ki, dəxi bundan sonra azad millətlərin içində azad yaşayan millətlərin biri də biz müsəlman qardaşlar olacağıq. Amma sən onu de ki, axır qeyriləri bu azadlığı müftə ki, almayıblar. Məlumdur ki, iş bu yerə çatana kimi Petroqrad və Moskva şəhərlərində minlərcə canlar tələf olub, çaylardolusu qanlar axıb və bundan savayı nə qədər möhnətlər və zəhmətlər çəkilib və çəkilməkdədir.
Amma axırda yenə bu asudəlik və azadəliklərin səmərəsi əvvəl və axır yenə bizə də ki, çatacaq və necə də ki, çatmaya bilər? İndiki azad millətlər əlbəttə ki, bizi yaddan çıxartmazlar; o səbəbə ki, biz dünyanın ən xoşbəxt millətlərindənik.
Əgər insafı ortalığa qoyaq, baxıb görərik ki, bu deyilən sözlərin özü elə bir həqiqətdir ki, bu həqiqətdən yuxarı heç bir qeyri həqiqət tapılmaz və tapıla bilməz.
İndi sən götür paytaxtlarda qan tökən rus millətini; yəni məhz rus millətini. Onlar nə istəyirlər? Onlar ki, müsəlman deyillər? Məgər köhnə rus hökuməti onların da məscidlərinin ixtiyarını öz əlinə alıb mollalarını və müfti və şeyxül-islamlarını bir “kokarda” ilə tovlayıb müsəlman millətindən ayırmışdı? Bəs, onlar niyə qanlarını axıdırlar? Məgər dəlidirlər onlar? Məgər Nikolayın hökuməti onların məmləkətlərində Aşqabaddan Türküstan, Saritsin və Orenburğa kimi istəyirdi bir az müddətdə bu qədər əhalinin fikirlərini ruslaşdırıb, dinlərini xaçpərəstləşdirib, torpaqlarını içəri Rusiya əhalisinə təqsim edib, bir az müddətdə neçə milyon müsəlmanı yer üzündən yox eləsin?!
Və indiyədək hansı bir işdə, hansı bir xidmətdə, hansı bir idarədə və divanxanada, kim bunu bilmir ki, hər yanda biz müsəlmanların ixtiyarı qeyri millətlərə nisbətən yarımçıq və bəlkə yox olubdur?!
Bununla belə azadlıq yolunda qan tökənlərə tamaşa elə: onların içində bircə nəfər də müsəlman yoxdur; səbəb budur ki, “əbrü badü məhü xurşidü fələk dərkarənd” ki, sən axırda bu azadlığı öz kəfi-mübarəkinə alandan sonra barı bunu yadında saxlayasan ki, martın onuncu günü, yəni bizim novruz bayramının ikinci günü Petroqrad şəhərində azadlıq yolunda şəhid olan azadlıq qurbanları dəfn olublar.
Biz də gərək əhd edək ki, “azad Rusiya” adlanan azad vətənimizin millətləri cərgəsində biz də haman martın onuncu günü azadlıq qurbanlarını yada salıb, onlara “əssalihati baqiyat” babətindən fatihə oxuyaq və onların sağ qalanlarını bir səs ilə alqışlayıb çağıraq:
Yaşasın azad vətənimizin azad millətləri!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 16 mart 1917, №6
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-xosbextlik
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şamaxıda pristav Cəbrayılov sahibsiz və fəqir bir müsəlman övrətinin evini viran edir, amma bunun əvəzində Şamaxı ruhanilərindən birisi mənim üstümə elə bərk çığırır ki, səsi Tiflisə gəlir. Buna iktifa etməyib götürüb mənə yazır: ey Molla Nəsrəddin! Gör sənin başına nə iş gətirəcəyəm!Qardaş, vallah mən Cəbrayılovun üzünü də görməmişəm. Aprelin 7-dən Tiflisdə Varansovski küçədə nağıl deyirəm və ömrümdə Şamaxıya getdiyim yoxdur.
Hansı elmlər lazım?Dünən oğlanı göndərdim gedib Məşədi Məhəmməd Nəcəfin dükanından bir az həna gətirdi. Həna bir kağız parçasına bükülmüşdü, amma haman kağız kitab vərəqinə oxşayırdı. Hənanı bir özgə kağıza töküb və dükandan gələn vərəqə diqqət edib gördüm ki, səhifənin yuxarısında cədvəlin üstündə yazılıb: “Səyahətnameyi-İbrahim bəy”, səhifə 170. Haman səhifədə İbrahim bəy Təbrizdə qonaqlıq məclisində olmağından nağıl edir. Bu heyndə yoldaşım Lağlağı, əlində “Həyat”ın 106-cı nömrəsi, girdi içəri və dedi ki, xeyir-xahi-millət Əbutürab Axund oğlu “Həyat”da gözəl bir məqalə yazıb.Dedim:
Təzə təlim kitabıMəlum şeydir ki, məktəblərdə təzə üsulla dərs vermək üçün kitablar azdır. Bu səbəbdən millət, vətən adına bir qulluq eləmək niyyətilə yoldaşlarım “Mozalan”, “Hop-hop”, “Lağlağı” və “Hərdəmxəyal”la himmət edib və köməkləşib bir hesab kitabı cəm etmək fikrinə düşdük.Hər bir məktəb şagirdi bu hesabların birini tapıb, cavabını yazıb idarəmizə göndərsə, ona həmin kitab çapdan çıxandan sonra bir cild göndəriləcək; amma bu şərtlə ki, şagirdin adının axırında “of” ola.
Müsəlman məclisi(Keçmiş günlərdən)Keçən ilin payız fəsli idi. Mən də o məclisdə var idim. Şəhərimizin bir neçə ağsaqqalları, oxumuşları, tacirləri yığışmışdılar ki, öz aralarında məsləhət edib bir “klub” binası qoysunlar.
Стихи других поэтов · Сатира
Keçməz işə bu əsrdə hürriyyəti-nisvan,Qan bir kərə, söz müxtəsər: arvad deyil insan!
DemərəmMən vətənsizlərə ömrüm boyu insan demərəm,Özümə hörmət üçün qanmaza, gəl qan, demərəm.
Harda düşür vur şitil iranlıyaHaıda düşür vur şitil İranlıya,Pampaca sal hər mitil iranlıya.
Tap görəkBir küçəm var buxartanaQələndər-a-qələndər!