Yaxşı işin tarixi
Hər bir işin ayrıca, özünəməxsus bir tarixi var. Və söz yox ki, işdən də işə təfavüt var: hər bir xırda, mənasız, əhəmiyyəti az olan iş ayırıb, ona tarix qoymaq bir şeyə yaramaz, ancaq axırı xeyirli mənfəəti gözətlənən işləri gözüaçıq millət seçib tarixini yapar. Bu neçə ildən bəri meydana atılmış işlərdən biri hər bir millətini sevən şəxsin diqqətini hökmən cəzb etməlidir. Bu iş qız məktəblərinin artması və tərəqqisidir. Məktəblərimiz sırasına iki ildən bəri iki qız məktəbi daxil olub: biri Bakı darülmüəllimatı, biri də ali pedoqoji institutdur. Bunlardan ikincisinin məqsədi gələcəkdə balalarımıza orta məktəblərimizdə ali təhsil görmüş müəllimlər yetirməkdir. Bu günlərdə bu məktəbin dövlətimiz tərəfindən təsdiqi gözlənilir.
Qəzetimiz bu məktəbin açılmasını təbrik edir və deyir ki, bir millətin yarısı savadsız qalsa, o millət mədəniyyət yolunda tərəqqisindən biryolluq əl çəkməlidir.
“Yeni yol”, 14 oktyabr 1922, № 4
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-yaxsi-isin-tarixi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mərizxana elə bir yerə deyirlər ki, orada naxoşlar müalicə olunur. Yevropada mərizxana çoxdur, amma İranda və müsəlman məmləkətlərində yoxdur və bunun da səbəbi var; səbəbsiz dünyada heç şey yoxdur. Səbəbi odur ki, əcnəbilər naxoş olanda onlar mərizxanaya və təbibə möhtac olurlar, amma müsəlmanlar naxoş olanda çağırırlar cindar Seyid Bağırı, o da naxoşun qabağında bir tas qurur, içinə su tökür və bir yazılı kağız salır və üfürə-üfürə başlayır oxumağa: “Bağladım, bağladım, çıxın cinlər, şəyatinlər”. Bu cindar işini tamam edir və pulunu alıb gedəndən sonra Qışlaqlı cənab filosof Baxış daxil olur və əlini cibinə uzadıb dərmanlarını çıxarır və bir-bir naxoşun qabağına açıb başlayır tərifləməyə: “Bad zəncburya, quş üzümü, toxmi-xərdəl, inəbüləq-ləb, cövzi-hindi, qaqleyi-kübar, qaqleyi-süğar və dörd dirhəm dərdi mülki-ərzəq. Bunları qarışdırıb naxoşa verəndən sonra nə olsa, haman saat kəsəcək”.Budur mərizxana, budur müalicə, budur təbib. Yoxsa Yevropada bir böyük imarəti mətəl eləyirlər və başdan-başa qravat düzürlər və dünyanın zəhərli və acı murdar davalarını gətirib ortaya yığırlar, çağırırlar binamaz həkimləri və naxoşları doldurub həftələr ilə, aylar ilə orada saxlayırlar ki, nə var, nə var “biz bu naxoşlara müalicə eləyirik”.
Helmi PaşaXəyalım möhtərəm oxuculara artıq başağrısı vermək deyil. Onsuz da hava istidir: nə uzun-uzadı yazmağa damağım var, nə uzun-uzadı oxumağa xalqın həvəsi var. Bir neçə söz müxtəsər ərz edib, qoyacağam qələmi yerə.Bircə bunu soruşmaq istəyirəm: nə əcəb Rusiya hökuməti razı oldu ki, Helmi paşa Rusiyanın müsəlman şəhərini gəzib dolansın, müsəlmanlarla görüşüb danışsın? Qəzetlərdən məlum oldu ki, Helmi paşa Peterburqun müsəlman camaatının içində oldu, onlarla qonuşdu, sonra Moskvaya, Kazana, Orenburqa və Samaraya getdi və müsəlmanların başçılarının məclisində söhbətlər elədi, nitqlər oxudu. Buna nə əcəb Rusiya hökuməti razı oldu?
İt baxandanTiflisdə bizim məhəllədə bir bağ var, adı Botaniçeskidir. Kişilər deyirlər ki, bu bağ bahar vaxtı cənnətin bir guşəsinə oxşayır. Amma mən yazıq hələ indiyə kimi bu bağı görməmişəm; ərim qoymur ki, mən oraya gedəm, ərimdən izinsiz də getsəm, yaxşı olmaz; əvvəla ərimi aldatmış olaram, ikinci də ki, ərim xəbərdar olsa, gəlib məni vurub öldürər.Bu bağ bizim evimizin yanındadır. Bahar daxil olan kimi küçəmizdə iynə salmağa yer olmaz. Elə adamdır ki, dəstə-dəstə gəlib qapımızın qabağından keçirlər Bataniçeski bağa. Gedənlərin çoxusu da bizim kimi arvadlardır. Amma müsəlman arvadı deyillər, rus arvadlarıdırlar, erməni, gürcü, yəhudi, firəng arvadlarıdırlar, müsəlman arvadı yoxdur, çünki kişilərimiz bizə izin vermirlər.
Bahalıqİstambulda 31 martda vaqe olan iğtişaşın nəticəsidir ki, bütün Türkiyənin hər nöqtəsində bahalıq üz verdi. Nəcəfdən yazırlar ki, cücənin biri bir manatdır.Bu bir aşkar mətləbdir ki, İstambul inqilabına Nəcəf şiələri qarışmaya bilməzdilər: anadan doğma hüriyyətsevən nəcəflilər məşrutə səsi eşidəndən Məcnun kimi divanə olub, əkin-tikinlərini, ev-eşiklərini boşlayıb, düşüblər çöllərə azadlıq axtarmağa.