Yeni ibtidai məktəbdə Azərbaycan dili
Budur, qarşımızda bir protokol vardır. Bu, Qafqaz təhsil dairəsindəki yerli əhali üçün birsinifli məktəblərin tədris planını hazırlayan xüsusi komissiyanın protokoludur (bax: “Tiflisski listok”, № 150).
Protokolda göstərildiyinə görə, yeni tədris planı “bilavasitə xalq maarifi işi ilə məşğul olan və məktəbin ehtiyaclarını, habelə həyatın və xalqın tələblərinə uyğun olaraq məktəb işində nə kimi dəyişikliklərin arzu olunduğunu kifayət qədər bilən” adamlar tərəfindən tərtib edilmişdir.
Biz çox-çox təəssüf edirik ki, komissiyanın tərkibini pedaqoji dairələr, ictimaiyyət və mətbuat nümayəndələri hesabına artırmaq haqqında komissiya üzvü c. Caparidzenin tam haqlı binagüzarlığı rədd edilmişdir. Elə ki, biz çoxmilyonlu tatar əhalisi ana dilinin müqəddəratının Bağırov, Qəniyev və Saniyev kimi cənablara tapşırıldığını eşitdik, elə ki, bütün bu işlərin gizli dəftərxana örtüsü altında baş verdiyini öyrəndik, bizdə belə bir təbii arzu əmələ gəldi ki, görək “məktəbin ehtiyaclarını kifayət qədər bilən” bu adamlar nə iş görmüşlər.
Biz bunları öyrəndik. Cənab Bağırov bütün iclas boyu susmuş və axırda protokola qol çəkmişdir. Cənab Saniyevin də nə danışdığı bizə məlum deyil; bu barədə “protokol”da da heç bir qeyd yoxdur, hərçənd indiyədək məlum idi ki, c. Saniyev müsəlmanların tatar dilində oxumalarını az qala bir axmaqlıq hesab edirdi. İndi həmin bu Saniyev pedaqoji dairələrin nümayəndəsi sifətilə tatar dilinin müqəddəratını həll edir.
Bağırov, Qəniyev və Saniyev cənablarını komissiyaya üzv seçən şəxslərin hansı mülahizələrə əsaslandıqlarını biz başa düşmürük. Axı, bizdə həqiqi pedaqoji dairələrin nümayəndələri vardır; bizdə köçərlilər, süleymanovlar, vəkilovlar, mirzəyevlər, şahtaxtlılar və bir çox başqaları vardır; nəhayət, bizdə mətbuat nümayəndələri də vardır.
Əgər bu yaxınlarda Peterburqa ərizə aparmış müsəlman rəsmi nümayəndələri bilsəydilər ki, onların binagüzarlıqlarının yerinə yetib-yetməməsi c. Saniyevin və onun kimilərin rəyindən asılı olacaqdır, söz yox, o nümayəndələr zəhmət çəkib nə qüvvə, nə vaxt, nə də pul zay etməzdilər.
Komissiyanın beşgünlük iclasının nəticəsinə keçək (8, 19, 20, 21 və 22 iyulda). Beş gün yığılmış komissiya nə iş görmüşdür?
Mənim bu suala cavabım hazırdır; bəlkə də cavab qəribə görünəcəkdir, lakin mən onu ən möhkəm sübutlarla təsdiq edəcəyimə söz verirəm.
Mən açıq iddia edirəm ki, komissiya heç bir iş görməmişdir, heç bir tədris planı tərtib etməmişdir; o ancaq Qafqaz təhsil dairəsi popeçiteli şurasının 1880-cı il dekabrın 12-də tərtib etdiyi ibtidai məktəb tədris planını sözbəsöz köçürmüşdür. Həmin tədris planı Qafqaz canişini imperator zati-aliləri Mixail Nikolayeviç tərəfindən təqdir edilərək, Qafqaz təhsil idarəsi popeçitelinin 1881-ci il 4 fevral tarixli, 598 nömrəli göstərişi ilə yerli əhali arasındakı məktəblərin müdirlərinə əldə rəhbər tutmağa göndərilmişdir.
Bu məsələ ilə maraqlanan və mənim sözümün doğruluğuna şübhə edən oxuculardan həqiranə xahiş edirəm ki, Qafqaz təhsil dairəsi sərəncamları məcmuəsinin III cildində 623-cü səhifəni açıb baxsınlar. Orada onlar həmin materialı oxuyacaqlar ki, o bu günlərdə “Yerli əhalinin uşaqları üçün yeni məktəb” sərlövhəsi altında, bəzi dəyişikliklərlə “Tiflisski listok”un 150-ci nömrəsində çap olunmuşdur. Dövlət məktəblərində tatar dilinin qoyuluşu məsələsi birinci dərəcəli əhəmiyyəti olan bir məsələdir, bu məsələyə dair çoxlu ədəbiyyat vardır; müsəlmanların ərizələrində o, birinci yeri tutmuşdur. Bax, buna görə bu məsələnin müqəddəratını üç kənd müəlliminin ixtiyarına vermək çox haqsızlıq olardı.
Biz tamamilə əminik ki, əgər məktəb komissiyasında həqiqətən həyatın və xalqın tələbləri ilə tanış olan adamlar iştirak etsəydilər, o zaman onlar səssiz-səmirsiz protokolu imzalamaq əvəzinə, yerlərindən qalxar, komissiya üzvlərinə üz tutub deyərdilər: “Ağalar! 12 dekabr 1880-ci ilin ibtidai məktəb tədris planında tatar dilinə heç də sizin nəzərdə tutduğunuzdan az yer verilməmişdir; lakin buna baxmayaraq, o vaxtdan keçmiş 25 illik müddət ərzində, bütün hökumət məktəblərində olduğu kimi, ibtidai məktəblərdə də tatar dilinin keçilməsi nəinki vacib hesab edilməmiş, bəlkə artıq görülmüşdür... Ağalar! Heç bir tədris planı tərtib etməyin: nə qədər ki müxtəlif xırda adamlar, bu məsələdə isə sözü keçən zorbalar tatar dilini təqib edirlər, nə qədər ki darül-müəllimin direktorları özlərinə tabe olan tatar dili müəllimlərindən bu “çaq-çuqu”un tədrisinə çox da səy göstərməməyi tələb edirlər, nə qədər ki levitskilər müvafiq yollarla yerli dilləri məktəbdən kənara vurub çıxarırlar, nə qədər ki hər yerindən duran inspektor öz dərsinə şövqü olmayan tatar dili müəllimlərini ağızdolusu tərifləyir, sizin planlarınız işə kömək etməyəcəkdir”.
Qarşıdakı məsul işi görmək üçün komissiyaya az-çox vaxt verilməsi haqqında komissiyanın bəzi üzvlərinin xahişi tamamilə yerli xahişdir. Heyif ki, bu xahiş qəbula keçməmişdir. Əlbəttə, əgər nə isə yeni bir şeyin yaradılması deyil, ancaq köhnənin surətini çıxarmaq nəzərdə tutulmuşdusa, onda bu başqa bir məsələ.
Yerli dillər məsələsi çox diqqətlə işlənib həll olunmalıdır; tatar dilinə gəldikdə isə, bu məsələ o qədər mürəkkəbləşir ki, bu barədə aylarla götür-qoy etmək, düşünmək və cild-cild kitab yazmaq lazımdır.
Misal üçün mən həllini tədris planı tərtibindən daha çətin hesab etdiyim bir məsələ üzərində dayanmalıyam: əgər tatar dilinin tədrisi pedaqoji hazırlığı olan adamlara tapşırılmalıdırsa, – ki yeni tədris planı haqlı olaraq bunu tələb edir, – o zaman bu müəllimləri haradan, hansı müəllimlər məktəbindən almalı?
Darülmüəlliminlərdənmi? Məgər bu darülmüəlliminlərdə tatar dili öyrənilirmi? Seminariyanı qurtarmış tatarların bu cəhətdən savadsız olmaları bu axırıncı suala tam doğru cavabdır.
Bax, üzərində düşünülməli vəziyyət budur.
Məmmədquluzadə
“Tiflisski listok”, 5 avqust 1905, №159.
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-yeni-ibtidai-mektebde-azerbaycan-dili
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qafqazda ikinci sülh konfransının çağırılması məsələsi Kəlküttədə nəşr olunan “Həblül-mətin” qəzetinin səhifələrində xeyli bədbinmülahizələrin ortaya çıxmasına səbəb olmuşdur. Bu qəzetin üçüncü fransının əks-sədası olaraq, böyük sürət və qızğınlıqla Port-Artur, Koreya və Çində hündür istehkamlar tikməyə başladılar.“Həblül-mətin”dəki məqalədə həyəcanla deyilir ki, bu da Avropa mədəniyyəti və insaniyyətinin meyvəsi! Sən ey müdrik insan! Qərbdən baş qaldırıb çıx və bax gör ki, Avropa torpağına səpilmiş sülh toxumları necə cücərmişdir! Böyük dövlətlərin adı bəşər tarixinə gör necə biabırçılıqla yazılacaqdır! Xalqların salnamələrində gələcək nəsillər üçün onlardan gör necə mənhus səhifələr yadigar qalacaqdır!
Tiflis müsəlmanlarının hürriyyət naminə şənlikləri“Həyat”ın 88-ci nüsxəsində teleqraflar cərgəsində Tiflisdən vurulmuş belə bir teleqraf var: “Tətilçilərlə müsəlman dükançıları [arasında] müsadimə vüqu buldu... ”Bu xəbəri oxuyan özgə şəhərlərdəki müsəlman qardaşlar əlbət inanıb mütəəssif olacaqlar. Halbuki qərəzkaranə yazılmış yalan bir xəbərdir. O günü bir müsəlman qəssabı ilə digər bir kişinin əhəmiyyətsiz şəxsi münaziələri oldu. Amma müsəlman dükançıları ilə tətilçilərin arasında əsla müsadimə olmayıbdır. Görünür, belə adi bir vüquatı böyüdüb camaat müsadiməsi kimi göstərməkdə bir qərəz, bir fitnə var.
Müsəlman teatrıBugünkü şənbə gecəsi Tiflis teatr heyəti Mixailovskidə “Vetsel” teatrında Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” nam komediyasını mövqeyi-tamaşaya qoydular.Qeyrətli oyunçular öz rollarını lazımınca bacarıb, hər kəsin məmnuniyyət və alqışını cəlb elədilər. Hərçənd arvad rolları təbii halınca deyildilərsə də, bu da o qədər qüsur sayıla bilməz. Çünki bu xüsusda uzun-uzadı biliyə və təcrübəsi olmayan kişilərdən arvadlardan təftari-nazükanə, müamilə və şivəyixüsusiyyətlərini gözləmək təbii ola bilməz. Bu cəhət və oynayanların minidə bir belə şeylərə məşğul olduqları nəzəri-insaf və mizanə alınarsa, demək olar ki, himmətli cavan oyunçularımız öz rollarını çox yaxşı ifa etdilər.
BinəsiblərBunlar çoxdur: bircə Zaqafqaziyada bunlar yüz minlərlə hesablanır. Onlar dilənçilərə oxşayırlar. Həmişə cırım-cındırda, ac, yorğun. Onlar bizim həmvətənimiz deyildirlər, qonaqdırlar. Onlar buraya uzaq məmləkətlərdən işləmək üçün gəlmişlər və işləyirlər. Amma onlar son dərəcə yazıqdırlar. Çünki heç kəs onları sevmir, heç kəs onların fikrini çəkmir, onların qeydinə qalmır. Onları, buraxıb gəldikləri yerdə də sevmirlər, bizdə də sevmirlər.Nə üçün onları sevmirlər? Bunu heç kəs bilmir. Mən isə belə fikir edirəm: onları onun üçün sevmirlər ki, onlar cındır paltarlıdırlar, çünki onlar acdırlar.
Стихи других поэтов
Matəmi böylə tutarmış məgər adəm, qazi?Edə lə’nət ona bəs sahibi-matəm, qazi?
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
QızlarınFəsli bahar, yaz ayları gələndə,Açılar qoynunda gülü qızlarm.
Deyişmə: Səndən bir xəbər alım, a Xəstə Qasım— Ləzgi Əhməd:Səndən bir xəbər alım, a Xəstə Qasım,