Ali senatın bu yaxınlarda “Tiflisski listok”da çap olunmuş sərəncamını ürəkdən alqışlamaq lazımdır, o sərəncamı ki, orada əmr olunur: 1. “Mirovoy sudların yığıncaqları mütləq təyin olunmuş saatlarda açılsın; 2. Bir saatda nə qədər işə qulaq asmaq mümkün isə, o qədər də iş təyin edilsin; 3. İddiaçıların, cavabdehlərin və şahidlərin məhkəməyə çağırılması saatları elə bölüşdürülsün ki, heç bir kəs vaxt itirməsin və onun üçün təyin olunmuş saat qurtaran kimi məhkəmə binasından çıxıb getsin”.

Bununla bərabər, senat fərmanının bir neçə maddə ilə daha da genişləndirilməsi haqqında öz arzularımızı ifadə etməyə bilmirik.

Məlumdur ki, məhkəmə binalarını dolduran adamların çoxu xahişçilər olur. Onları adətən məhkəmənin qapısı ağzındakı səkinin üstündə, koridor və pilləkanlarda, iclas otağının axırıncı sıralarında, dəftərxana küncündə və divar dibində, eyvanda və həyətdə görmək mümkündür; burada onlar ayaq üstə durur, oturur, uzanır, papiros, ya çubuq çəkir, qəlyanaltı eləyir və hətta yatırlar. Onlardan bir çoxunun əlində siz səkkiz qat bükülmüş yazılı kağız görərsiniz: bu, ərizədir.

Bu minvalla onlar təmkinlə oturub, “hakim gəlir” sözləri elan edilincəyə qədər itaətkarlıqla gözləyirlər. Onlardan kimisi ərizə vermək istəyir, kimisi öz şikayətini dilcavabı söyləmək niyyətindədir, kimisi icra vərəqəsi yaxud başqa sənədləri almaq fikrindədir, kimisi istintaqda olan işinin vəziyyətini öyrənməyə gəlmişdir...

Nəhayət, “hakim gəlir” sözləri eşidilir və xahişçilər ona tərəf cumurlar.

Oxuculardan təvəqqe edirəm elə güman eləməsinlər ki, əgər xahişçilərə çoxdan görmək istədikləri hakimi görmək qismət olubsa, deməli, onların işi düzəldi. Xeyr, iş o saat və asanlıqla qurtarmır: hakim camaatın qabağına çıxıb, bütün ərizələri onlardan alır və heç bir söz demədən yenə öz kabinetinə girir; xahişçilər isə yenə gözləyirlər...

Yarım saat, bəzən də daha çox keçəndən sonra məhkəmə dilmancı əlində bir vərəq kağız gəlib qışqırır: “İvan Qukasov, 52 qəpik məhkəmə rüsumu, 10 qəpik də yazı pulu!”.

Küncdə mürgüləyən Qukasovu oyadırlar, ancaq indi, səhərdən sol əlində tutduğu 62 qəpiyi verəndən sonra, Qukasov asudə olur və rahatca nəfəs alıb gedir.

Yarım saat da keçəndən sonra dilmanc “Həsən Hüseyn oğlu!..” çığırır və i. a.

Bütün bunlar əldən-ayaqdan kənar bir şəhərin uzaq guşəsində deyil, Tiflis şəhərində baş verir.

Təəccüblü və anlaşılmaz cəhət odur ki, bu 62 qəpik nə üçün elə ərizələrin özünü yığanda tələb olunmasın və bu Həsəni yaxud bu Qukasovu nə üçün yorub əldən salsınlar?..

Təsvir olunan səhnə tiflislilərə çox tanışdır. Həm də bu səhnəni biz “təcili” məhkəmədə müşahidə edirik. 1864-cü il ustavları deyir ki: “hakim ərizələri hər bir zaman qəbul edir”; əslində isə belə bir şey yoxdur: bizdə hakimlər ərizələri istəyən vaxt qəbul edirlər...

Bizə deyə bilərlər ki, senat fərmanı camaatın tələblərinə riayət etməyən mirovoy sudyaları məhkəməyə verməkdən bəhs edir. Biz isə cavab verə bilərik ki, sərkislər, hüseynlər və ivanlar bunu eləyə bilmirlər. Günlərlə bir çox sərkislərə mirovoy sudyanın camalını görmək və öz iddiaçı ərizəsini ona təqdim etmək xoşbəxtliyi nəsib olmur.

Göstərilən fərmana, bax, bir də bunları əlavə etmək lazım idi.

Məmmədquluzadə

“Tiflisski listok” qəzeti, 17 avqust 1905, № 170

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Bir neçə günlüyə

Zövci-axər məsələsiMəcmuəmizin 19-20-ci nömrələrində “Zövci-axər” məsələsinə dair dərc olunan məqalələri biz yazanda yəqin eləmişdik ki, hər bir qeyrətli, namuslu və vicdanlı müsəlman bu məqalələri oxuyanda müsəlmanların vəhşi adətlərinə çoxluca güləcək və bizə də mərhəba söyləyəcək.

2 мин
Hanı qırx beş min manat?

Bunu biz bilirik ki, Gəncə quberniyasının aclarından ötrü keçən il Bakıda ianə cəmiyyəti quruldu.Bunu biz bilirik.

3 мин
Cəfəngiyat

Mənim ağlım lap çaşıb. Hamı başını salıb aşağı, öz işinə məşğuldu: əkinçi əkinini əkir, alış-verişçi alış-verişini eləyir, xanlar quş ovuna gedirlər, mollalar siğə edirlər, qəzetçilər qəzetlərini yazırlar, müxtəsər ki, hərə başını aşağı salıb, dinməz-söyləməz, sakit və samit öz işlərindədir, amma mən başıbəlalı, mən bəndər-bəndi, mən Allahın nəzərindən düşmüş, mən bədbəxt lap dəli-divanə olmuşam.Mənasız, cəfəng, damdandüşmə söz qalmadı ki, məndən çıxmamış olsun. İndi də bir bir belə söz fikrimə gəlib. Amma, mən ölüm, hayküy salmayın; qoyun sözümü deyim, qurtarım, siz də oxuyunuz və oxuyandan sonra bir az da fikirləşin, yenə fikirləşin, axırda hər nə cavabınız olsa, deyin.

5 мин
“Dəbistan”

Necədir, dadaş? İndi gəldin mənim sözümə? İndi bu qoca Mollanın qədrini bilərsən?Bir il bundan qabaq sən başlayırdın “Dəbistan” jurnalı çıxartmağa və məndən məsləhət soruşdun. Yadındadır mən sənə nə dedim? Yoxsa yadından çıxıb? Həyə yadından çıxıb qoy yadına salım:

2 мин

Стихи других поэтов