Страница 1 из 2

Ucaboy, ağbəniz, orta yaşlı bir alman səyyahı, əziz müsahibi olan Çupçiki ilə qatarda gedirmiş. Çupçik tüklü, ala, üzüyola, cəld, ayıq bir ov iti idi. Səyyah onu iki il əvvəl Yaponiyadan almış, gəzdirə-gəzdirə Avropaya gətirmişdi. Çupçikin müfəssəl pasportu var idi. 1937-ci ildə Koreyada bir tazıdan doğulmuşdu. Atası məlum deyildi. Küçük ikən anasını itirmiş, bir koreyalı balıqçının qapısında böyümüşdü. Müntəzəm təhsil, ya təlim görməmişdi. Ta kiçiklikdən sümsünməyə başlamışdı. İstedadı sayəsində bəzi faydalı vərdişlər qazanmışdı. Sahibi tor götürüb dənizə gedəndə o da sümsünə-sümsünə yortardı. Bir də görərdin, yaşıllıqdan zingilti səsi gəldi. Çupçik özünü sıx və tikanlı kollara vurardı. İki dəqiqə çəkməzdi ki, ağzında qazalax, sığırçın, ya da ki, gərginçək balası budur gəlir. Dünya müharibəsi başlanandan sonra Çupçikin başını həmişə qalmaqalda görürük. Çətin şəraitdə, şiddətli mübarizə vaxtında belə Çupçik özünü itirmir, möhkəmliyini saxlayır, həyat rejimini pozmurdu. Balıqçının imkanı olsaydı, heç gənc tazını satmazdı. Çupçiki yedirdib-içirdən, təmizləyən, rahatlayan lazım idi. Balıqçı kasıb idi. Tək olduğuna, qocalığına, kəmhövsələliyinə görə buna dözməzdi. Günün birində Çupçiki yanına salıb, bazara gətirdi, həmin bu səyyaha satdı.

Doğrudur, səyyahın Nürnberqdə topdağıtmaz ev-eşiyi, ailəsi, gül kimi iki uşağı var idi. Ancaq sənəti elə idi ki, il on iki ay səfərdə olurdu. Ömrü yollarda, paraxod göyərtələrində, yumşaq vaqon kupesində, maşınlarda, "inturist" nömrələrində keçirdi. Odur ki, Çupçik səyyaha ailədən də, övladdan da yaxın idi. Bir saat ondan ayrı durmaz, onsuz gözünə yuxu getməz, ağzına bir tikə çörək qoymazdı. Çupçiki öz yatağında yatırardı. Uzun intizar və üzüntüdən sonra bir ətək qızıl töküb toy etdiyi, yenicə gərdək dalına çəkdiyi gəlin kimi bağrına basıb, şirin-şirin yatar, fani dünyanın fikir-xəyallarından silkinərdi. Səyyahın nəşələnməyə haqqı var idi, çünki Çupçik də bir Çupçik idi...

Səhər dan üzü yerindən qalxıb, dərəyə qaçar, üz-gözünü yuyub-yaladıqdan sonra qayıdıb, qapıda oturardı. Ağasının dalınca gələnlərə işarə ilə mətləb qandırardı. Boşalmış şüşəni dığırlaya-dığırlaya südçünün qabağına itələyər, saat birdə ağası yuxudan duranacan oturub, südlə dolu şüşənin qarovulunu çəkərdi. Nabələd adam yaxın qoymaz, tanışlarla salam-kalam eləyərdi.

Belə yoldaşla dövri-aləm səyahətinə çıxan səyyah Əhmədi-biqəm kimi dənizlər ötür, dağlar keçir, ölkələr dolanır, xoş gün, xoş saatlarla ömrünü uzadır, gündən-günə gəncləşirdi.

Otuz doqquzuncu ilin sentyabrında Avropadan müharibə alovu qalxanda səyyahın qəlbinə də bir balaca tüstü-qubar gəldi. Ancaq çox çəkmədi ki, hadisələrin cərəyanı səyyahı razı saldı:

"Nə eybi var, - dedi, - əvvəl əcnəbi ölkə kimi gəzməli olduğum yerləri indi vətən kimi gəzərəm. Daha konsulxanalara getmək, nə bilim, anket doldurub icazə almaq, filan-bəhmən lazım olmaz..."

Səyyah niyyətindəki marşrutla gəzə-gəzə gəlib Finlandiyaya çatdı. Bu yerin vəziyyəti elə idi ki, səyyah nə əcnəbi kimi, nə də yerli kimi qəbul edilirdi. Doğrudur, alman-səyyahı olduğunu biləndə qıfıllar öz-özünə düşüb, qapılar taybatay açılıb, gözətçilər əl-əl üstə qoyub kənar dururdular. Doğrudur, səyyahın kağız-kuğuzuna da baxıb yoxlayan olmurdu, onun şirin və səlis dili qarşıdakı hərif üçün kifayət edirdi. Bun larla belə, səyyah bu yerlərdə bir ürək sıxıntısı, bir soyuqluq hiss edirdi. Ona elə gəlirdi ki, dondurucu şimal şaxtası hər şeyin - yolun da, otelin də, adamların da mahiyyətinə çökmüşdür. Halbuki, avqust ayıdır. Günəş buralarda ömürdən dəm vurur. Tərləmək lazımdır...

Bu bir hissdir ki, yaddan çıxarmaq, yoluna davam etmək asandır. Səyyah da bu fikirdə idi. Ancaq Çuri stansiyasında gözləmədən başına bir iş gəldi. Səyyah nəinki yoluna davam etmək, heç olduğu yerdə sükut etməyi də bacarmadı.

Qatar Çuri stansiyasında yarım saat durandan sonra Şimala doğru yollanacaqdı. Səyyah adəti üzrə Çupçiki kupesində qoyub, vağzal bufetinə endi. Süddən, yumurtadan, çörəkdən, suxarıdan – bir şey tapmaq ümidi ilə stansiyanı dolaşdı, heç bir şey tapmadı. Bir yığın yaralıyararsız soldatın at kəlləsi satan bir kəndli qadınını necə didib-dağıtdığını, atın ütülmüş qulağını dişinə çəkən bir soldatın təpiklə necə qorunduğunu görüb, söyə-söyə vaqona qayıtdı. Çupçiki kupedə görmədi. "Çupa-Çupa!" deyə iki kərə səslədi. Çupçikdən cavab çıxmadı. Səyyah təlaşa düşdü. Konduktora, qatar rəisinə xəbər getdi, vaqonları bir-birinə vurdular. "Çupçiki gördüm" deyən olmadı. Qatar yollananda səyyah şeylərini yığışdırıb düşməli, vağzal məmurlarının köməyi ilə Çupçiki axtarmalı oldu.

Bəziləri deyirdilər Çupçik azıb, bəziləri deyirdilər partizan gülləsinə gəlib, bəziləri də inanırdılar ki, ovçuların işidir, oğurlayıblar. Səyyah ayaqlarını sement döşəməyə döyüb, vağzal naçalnikinin üstünə qışqırırdı:

– Mənim müsahibim burada yox olubdur. Çupçiki sizdən istəyirəm, vəssalam!

Rəis axtarış üçün bir gün səyyahdan möhlət aldı, vağzaldan bir şey çıxmadıqda, telefonu əlinə alıb, şəhər idarəsinə zəng elədi:

– Bura bax, cənab vali, siz də...

Şəhər valisi rəisin səsini tanıyanda xoş-beş elədi.

– A filankəs, səndən nə əcəb, kefin, halın?

Rəis onun sözünü kəsdi:

– Bu saat yaman yerdən mənim kefimi soruşurlar. Mənə de görüm, sizdə şəhərə təzə varid olanların haqqı-hesabı aparılır, ya yox?

– Necə aparılmır? Hər gələnə bir anket, hər gedənə iki anket doldurulur. Qutu-qutu kartoçkalar düzülür!

– Anketi sənə qalsın. Bir səyyahın Çupçik adlı müsahibi vağzaldan qaçıb. Necə tapmaq olar onu?

– Çupçik?

– Bəli, Çupçik!

– Onda gərək təzə gələn müsafirləri əlifba sırası ilə yoxlayaq. Bu iş üçün, cənab rəis, bir gün möhlət verin!

Rəis sevindi:

– Sabah axşamadək sizə möhlət! Sabah saat 8-də Çupçiki burada hazır istəyirəm! - Rəis telefon dəstəyini yerə qoyub, səyyaha sarı döndü. - Sabahacan taparlar. Ümidvaram ki, sabah bu vədə müsahibinizlə mənim otağımda görüşərsiniz!

Vali də dəstəyi yerə qoyub, polisləri çağırdı.

– Bu gün, - dedi, - 62-ci qatar vağzalda dayanandan sonra şəhərimizə Çupçik adlı birisi varid olub. Alman komendantı həmin adamı dərhal tapıb təslim etməyi əmr etmişdir. Durmayın!

Beş dəqiqə çəkmədi ki, şəhərdə bütün ev idarələri, yoxlama büroları, polis məntəqələri bir-birinə dəydi. Gecə saat on ikidə Çupçik adlı yeddi nəfər adam valinin hüzurunda hazır idi. Axtarış təcili getmişdi, nəticə də vermişdi. Ancaq səyyahın halı xarab idi. Vağzal məmurları onu üzüüstə çarpayıya yıxılmış, göz yaşı ilə yastığını islatmış və sonra da şüurunu itirib özündən getmiş bir halda görmüşdülər. Səyyahın vəziyyəti rəisin halını lap pozmuşdu. Ürəyində deyirdi: "Bu köpəkoğlunun güdazına getməsək, yaxşı olar." Axşamüstü telefon dəstəyini götürüb qəzəbini valinin üstünə tökürdü:

– Bəs Çupçik nə oldu?

– Cənab rəis, hazırdır!

– Hazırdır, bəs vanında niyə saxlamışsan? Ala gözlərinə-zadına aşiq deyilsən ki, niyə göndərmirsən? İstəyirsən bunu da bizim başımıza bir ittiham kağızı elətdirəsən? Bu saat özün gətir!

Vali vəziyyəti rəisə izah etmək istəyirdi ki, "Cənab rəis, bugün şəhərimizə bir yox, yeddi nəfər Çupçik daxil olub. Hamısını da, budur, çağırmışam. Hazırdır. Ancaq bilmirik siz deyən bunların hansıdır?"

Vali bunu da bildirmək istəyirdi ki, bu yeddi Çupçiki idarəyə gətirənədək polis işçilərinin anadan əmdiyi süd burunlarından tökülmüşdü. İndi alman təbəəsini dindirmək xatadır, qandır, qadadır...

Vali bunları fikrindən keçirərək, qarşıda, məxmər stulda oturan və hərdən hirsindən durub, otaqda var-gəl edə-edə, üzüyuxarı – validən tutmuş adi məmura qədər bütün qulluqçuların adresinə ağzına gələn nalayiq sözü deyən kök, qırmızıyanaq və sarı, qalınqaş Çupçikə baxırdı.

Qalınqaş Çupçikin özü də səyyah idi. Norveçdən gəlib, cənuba gedirdi. Yolüstü bəzi vacib dövlət tapşırıqlarını yerinə yetirməklə də məşğul olurdu. Şəhərə təzəcə qədəm qoyduğu gün idi. Pasportunu oteldə qeyd olunmağa vermişdi ki, onu çağırdılar, mühafizələrlə polis idarəsinə getməyini xahiş etdilər. Qalınqaş Çupçik bu təhqirə qəzəbləndi. Əmri gətirən fin polisinin üzünə elə bir tünd nəzər atdı ki, az qaldı onun bağrı çatlasın:

– Get, - dedi, - rəisinə de ki, vəzifəsini layiqincə anlamamışdır. O yerdə başqa bir ləyaqətli adam oturanda sizinlə danışa bilərəm.

Bu cavabdan sonra başqa bir polis cürət edib ona yanaşmadı. Çupçikin inadından məlum idi ki, qaçan adam budur. Vali rəisin əmrini götürüb, Çupçikin yanına gəldi.

– Cənab Çupçik, - dedi, - yerli hökumətə dəxli yoxdur. Öz hərbi komendantımızın əmri ilə çağırılmısınız. Yoxsa sizi incitməyə cəsarət edə biləcəyimiz xəyalınıza da gəlməsin!

Çupçik əhvalatı belə görüb faytona oturdu, şəhər idarəsinə gəldi. İndi o da başqa Çupçiklər kimi əmrə müntəzir idi. Ancaq o, başqa Çupçiklər kimi hövsələ sahibi deyildi: darıxır, deyinir, əsəbiləşir, söyür, tüpürür, təhqir edir, qışqırırdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Gərək olar

Elə düşüb ki, qonşum işdən gələndə mən işə gedirəm. O, gündüzlər işləyir, mən axşamlar. O, zavodların birində mühəndis, mən də məktəblərin birində müəlliməm. Doğrudur, qonşuluğumuzun on beş ildən artıq tarixi var, ancaq Mürsəllə yaxın əlaqəmiz, get-gəlimiz yoxdur. Demək olar ki, bizim tanışlıq və ya dostluğumuz qonşuluqla başlanır və qonşuluqla bitir.İlk dəfə mən onu müharibədən əvvəl küçəmizdəki on bir nömrəli evə köçəndə görüb təbrik etmişəm. O da mənə ya qapıda rast gəlir, salamlaşır, ya ümumşəhər yığıncaqlarında görüşüb əhvallaşırıq. Yaxın münasibətimiz olmadığından bizim əhvallaşmağımız da dilucu və rəsmi olur. Söhbətimiz, bir-biri ilə o qədər də maraqlanmayan, ancaq qəbul olunmuş nəzakət qaydalarına riayət üçün edilən və qəlib şəklinə düşmüş müxtəsər və mülayim sual-cavabdan ibarət olur:

195310 мин
Özündən naxoş

Людей одиноких по натуре, которые как*рак-отщелник или улитка, стараются уйти*

19546 мин
İclas qurusu

Əncir qurusu, ərik qurusu, zoğal qurusu - bunlar çox olur, iclas qurusu isə tək-tək olur.Bir var ki, gün altında quruyan, bir də var ki, iclaslarda quruyan, suyunu çəkən, həyat hisslərini itirən.

19545 мин
Plovdan sonra

Bu axşam vağzalda çox get-gəl var idi. Kənardan baxan düşünərdi ki, adamlar hörmətli bir qonağı qarşılamağa, ya da yola salmağa toplanıblar. Vəziyyət qarşılamaq yox, yola salmaq mərasiminə daha çox bənzəyirdi. Əvvələn ona görə ki, əlində şey olan adamlar tələsə-tələsə vaqonlara tərəf gedirdilər. İkincisi, ona görə ki, parovozun, vaqonların səmti, duruşu qatarın məhz getməyə müntəzir olduğunu göstərirdi. Üçüncüsü...Nə başınızı ağrıdım, vaqon ağzında komalaşanlar, hörmətli müsafırləri yola salırdılar. Qatar boyunca uzanan təmiz, asfalt səkilərdə hərbi adamlardan, müəllimdən tutmuş, əlvan geyimli, ağır gövdəli xanımlara qədər çoxlarını görmək olardı.

195517 мин

Стихи других поэтов