Əmzik
Ağizlarda deyilənə görə "xırda məsələ" idi. Ancaq iclasın hazırlığı, gələn adamlar, sədrin təşvişi böyük məsələdən xəbər verirdi.
Elə də oldu. Sədr sözə həmişəki kimi oturduğu yerdə başlamadı. Ayağa durdu, gələnləri bir-bir, diqqətlə süzdü, gəlməyənləri katibədən soruşdu, nömrə kitabını açıb telefonu olanlara zəng vurdurdu, axırda üzünü katibəyə tutdu, amma sözünü ucadan, ümumi iclasa dedi:
– Görünür ki, yumşaqlıqla iş aşmır. Adamları pis öyrədirik. Qəmər xanım, sizdən xahiş edirəm, gəlməyənlərin siyahısını tutun, səbəbini soruşun. Qoyun izahat yazsınlar görək, hansı vacib işlərini rəyasət heyətinin iclasından üstün tuturlar və kimdən icazə alıblar. Mütləq izahat alın, günü sabah!
Sədr üzünü camaata tutdu, səsinin ahəngini dəyişib iclası açdı:
– Bugünkü müzakirəmizdə bir məsələ var, şəxsi məsələdir. İslam İslamovun hərəkəti müzakirə olunacaq. Oblast İcraiyyə Komitəsindən bizə məktub yazıblar, icazə verin, katibə məktubu oxusun, müzakirəni açaq. Qəmər xanım, buyur, məktubu oxu. Qoy yoldaşların hamısı eşidib agah olsunlar!
Sədr bunu dedi, göy zərfin içindən çıxardığı iri vərəqi katibəyə verdi:
– Oxu! Ucadan oxu! Yoldaşlar, xahiş edirəm, diqqətlə qulaq asın! Qəmər xanım İcraiyyə Komitəsinin həmkarlar komitəsinə göndərdiyi məktubu oxudu:
"Sizin idarənizin işçisi, Həmkarlar İttifaqının üzvü İslam İslamov xırda məsələlərlə böyük təşkilatları məşğul edir, vaxt alır, dövlət aparatının işinə mane olur. Həmin vətəndaşın yaraşmaz məktubunu sizə göndərib məzkur haqqında tədbir görmənizi və bu barədə bizə xəbər vermənizi gözləyirik..."
Katibə məktubun imzasını oxuyanda iclasdakılar maraqlandılar:
– İslam nə yazıb, görəsən?
– Y əq in otaq istəyir.
– B əlkə, bağ məsələsidir?
– islam ın İcraiyyə Komitəsində nə işi?
– islama söz verək, özü danışsın.
Sədr çox bükülüb-açıldığı, əldən-ələ düşdüyü kənardan məlum olan bir məktubu ehtiyatla Qəmər xanıma verdi.
– Bunu da oxu!
Birinci məktub makinada çap olunmuşdu, aydın idi. Ona görə də asan oxundu, islamın ərizəsi əl xətti ilə, səliqəsiz yazılmışdı. Qəmər xanım cümlə-cümlə, çətinliklə oxudu. Bu ərizə Ticarət Nazirliyinin ünvanına tənqidi qeyd kimi yazılmışdı. Orada bu sətirlər də vardı:
"Yoldaş nazir, sizə başağrısı olmasın, axı, bizim ticarətimiz planlı ticarətdir. Gərək vətəndaşların ehtiyacı sizin nəzərinizdən qaçmasın. Adi əmzik, uşaq əmziyi nədir ki, o bizim şəhərimizdə tapılmasın? Mağazaları bir-bir gəzmişəm, qonşu şəhərlərə də maşın sürüb axtarmışam, əmzik yoxdur. Bu, axı, elə bir mal deyil ki, istehsalı çətin olsun, ya texnikasına gücümüz çatmasın. Adi əmzik! Daha danışmağa utanıram..."
Məktub hərəyə bir cür təsir bağışladı. Kimi ürəyində İslama haqq verdi, kimi onu danladı, kimi İcraiyyə Komitəsi sədrinin hərəkətinə irad tutdu. Amma heç kəs sözünü demək üçün qabağa düşmək istəmədi.
Adamlar bir müddət sükuta getdilər. Yenə sədr başladı:
– Yoldaşlar, biz şüurlu və mədəni adamlarıq. Hər şeydən əvvəl, sovet adamlarıyıq. Bizə yaraşmaz ki, xırda bir məsələ üçün böyük idarələri töhmətləndirək. Sovet hökuməti bizə savad öyrədib, ona görə öyrətməyib ki, həmin savad ilə qayıdaq onun təşkilatlarının əleyhinə qələm çalaq. Bu çox nalayiq hərəkətdir ki, İslam eləyib! Bilmirəm, yoldaşlar buna nə cür məna verəcəklər. Ona görə də müzakirəyə qoymuşuq ki, Həmkarlar Komitəsi həmin adam haqqında qəti fikrini desin. Biz razı ola bilmərik ki, türkün məsəli də birtəhər gəlir. Yoldaşlar, axı, soğanın adı birdir. İslam demirlər, bizim idarənin işçisi deyirlər. Görürsünüz, necə hörmətli yoldaşları bu hərəkətlə narahat edir?! Belə olmaz, yoldaşlar! Xalq istehsalat planı doldurur, əməkdə rəşadət göstərir. Bizim bəzi üzvlərimiz də belə işlər ilə məşğul olurlar.
– İslam qoy özü danışsın, səhvini boynuna alsın!
– Ticarət Nazirliyi də o məktubu nahaq yuxarılara göndərib.
– Borcudu göndərsin! O gizlədə bilməzdi.
– Əmzik məsələsi böyük məsələdir!
Bəziləri danışdı, bəziləri güldü, bəziləri replika ilə kifayətləndi. Axırda iclas lazım bildi ki, İslama şifahi tapşırıq versin ki, bir də öz işini-gücünü buraxıb xırda məsələlərlə böyük idarələrin vaxtını almasın. Əmzik barədə o yan-bu yana kağız yazmağın özü bir yüngüllükdür. Sovet adamına bu yüngüllük yaraşmaz. Sovet adamı gərək, atalar demişkən, ağır otursun, batman gəlsin...
islam gördü ki, danışanlara cavab versə, söhbət uzanacaq, danışmadı. Yuxarıdan gələn kağız, sədrin bu canfəşanlığı, hər halda İslamın ziddinə bir tədbir ilə nəticələnməlidir. Bu həngamədən "şifahi tapşırıq"la qurtarmaq çox şükürlüdür.
Məsələ qurtarandan sonra camaat dağılışmağa hazırlaşırdı ki, ağsaç bir müəllim söz aldı:
– Burada doğru dedilər. Sovet hökuməti bizə savad öyrədib. Savad öyrədib ki, bunu biz yaxşı işlərdə xalqın tərəqqisində, mədəniyyətində işlədək. Onu da doğru dedilər ki, xırda məsələlərlə böyük idarələrin başını qatmaq olmaz, çünki böyük idarələrin də böyük işi var. Şəhərimizdə çox böyük planlar tutulub ki, bunlar gərək həyata keçirilə.
Amma bircə mətləb var ki, onu mən başa düşmürəm, görürəm, onu İslam da başa düşmür. Axı, a yoldaşlar, bizim şəhərimizdə niyə gərək əmzik olmasın! Bir şəhərdə ki, ildə iki minə yaxın uşaq doğulur. Qız olsun, oğlan olsun, azəri olsun, rus olsun, ya ayrı millət olsun, doğulan uşağın hamısının da ağzı var. Belə bir şəraitdə niyə gərək bizim mağazalarda əmzik tapılmasın? Bircə mən bu mətləbi anlamıram. Yəqin ki, İslam da bunu anlamır. Bizim iclasımız qərar çıxarır, amma bir ticarət nazirindən soruşmur ki, bu nə işdir? Axı, əmzik barədə söhbəti İslam salmasa da, başqa bir ata, ayıq bir adam salacaq, ya yox? Nazir yoldaş o yan-bu yana şikayət yazmaqdansa əmzik satsa, yaxşı olmazmı? Mən təklif eləyirəm, bu sualı yazıb nazirə göndərək, qoy cavab versin!
İclasdakılar gülüşdülər, zarafata saldılar:
– Y oldaş müəllim, nazirə qalsa, gərək xüsusi iclas çağırıla. Orada əmzik məsələsi, ya da İslamın əxlaqı müzakirə oluna!
Kim idisə əlini-əlinə çaldı, yerindən dilləndi:
– Bəzi nazirlərin özünə əmzik vermək lazımdır.
– B əlk ə İslam əmziyi elə onun üçün axtarırmış?!
İslam özünü saxlaya bilmədi:
– Yox, mən körpə uşağım üçün axtarırdım, tapdım. Mərkəz mağazalarından tapdım. Daha şikayətim yoxdur!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-emzik
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
1Hətəm dayı astanada dayanıb aşağılara, küləşli taxıl yerlərinə, sürülmüş zəmilərə, yeni salınmış üzüm bağlarına, dərələri örtən ağaclıqlara, böyrünü yerə verib payız günəşində isinən təpələrə, təpələr arasında iplik kimi dolaşıq düşən cığırlara baxırdı. Rəngli üfüq bir cild xətti kimi əlvan yeri, aydın göyü birləşdirir, ayırırdı. Doğrudan da böyük bir kitab açılmışdı.
İlhamın anası1Bu gün Səltənət uşağını konsultasiyaya aparmışdı. Həkim məsləhətini dinləmişdi, süd, qatıq alıb qayıdırdı. Köhnə məktəb yoldaşlarından birisinə - Ceyrana rast gəldi. Ceyran tərtəmiz geyinib-kecinmişdi, bəzənib-düzənmişdi. Bir oğlanın qoltuğuna yaşlanıb gedirdi. Səltənəti görəndə istehza ilə güldü:
Anaların üsyanıAvqustun axşam bürküsündə qəsəbədən çölə, meşələrə doğru yollanan dəstədə Mariya da var idi. Qırmızılar çəkiləndən sonra bir bəla kimi şəhərə dolan faşist soldatları ələ keçən hər kəsi öldürür, haraya isə, nə üçünsə aparırdılar.Mariya uzaq, qaranlıq meşələrə gedə bilməyəcək, getməyəcəkdi. Onu nə güllə, nə süngü, nə də dar ağacı qorxudurdu. Düşdüyü vəziyyət hər hanki ölümdən müdhiş idi: biryaşlı körpəsini evdə nənənin yanında qoyub çıxmışdı. Mariya balasını şəhərdə, düşmən əlində qoymaq istəmirdi.
Ananın köynəyiOğlunu orduya yola salandan sonra, ananın qərarı gəlmirdi. Evdə otura bilmirdi. Qonşusu dərzi Cahangirin yanına getdi, artelə girmək üçün ondan kömək istədi. İki gün sonra ana yüzlərlə fəhlə qadınla yanaşı fabrikada, tikiş maşınının dalında əyləşmişdi. Bu maşın, bu sənət ona çoxdan tanış və yaxın idi. Cavanlıqda onun tikmə köynəkləri, əl işləri, sap ilə vurduğu naxışlar məşhur idi. Hər yerdə söylənər, təriflənərdi.Sonradan başı ailəyə, övlad böyütməyə qarışdı. Maşını bir tərəfə atdı.