Sabir dal skamyaların birində tək oturmuşdu, əlini çənəsinə söykəyib müəlliməsinə diqqətlə qulaq asırdı.

Müəllimə dünəndən uşaqlara tapşırıb anaları çağırtdırmışdı. Anaları çağıranda həmişə uşaqlar da maraqlanırlar:

– Müəllimə, biz də gələkmi?

Hamıya məlum idi ki, müəllimə analara uşaqlar barəsində danışacaqdır. Ancaq nə danışacaqdır, onu heç kəs bilmirdi. Hər kəsdən də çox Sabir bilmək istəyirdi. Çünki, bir dəfə müəllimə onun anasını çağırmışdı, xeyli də söhbət eləmişdilər. Ancaq bu söhbətdən anası Sabirə heç nə deməmişdi. Sabir nə qədər xahiş etmişdisə, anası:

– Sən bilən söhbət deyil! – demişdi. – Dərsinə fikir ver!

Sabir qorxurdu ki, indi də elə olsun. İlin axırıdır, dərslər qurtarır, uşaqlar tətilə buraxılır. Bu günlərdə uşaqlar müəllimədən çox söz eşidirlər. Müəllimə onları şəhər kənarına, bağ-bağçalara, sahilə və başqa görməli, gəzməli yerlərə aparır, açıq havada dərs keçir...

Birinci sinfi qurtaran uşaqlar yay tətilinə necə və nəvaxt buraxıla caqlarını, müəllimənin onlardan necə ayrılacağını, nə deyib tapşıracağını bilmirlər, bilmək istəyirlər. Hər kəs həyatında birinci dəfə görəcəyi bu fərəhli günü aramsız gözləyir. Buna görə də müəllimə anaları məktəbə çağıranda, uşaqlar daha çox maraqlanırlar.

"Mən də gedəcəyəm", deyə, Sabir anasının yanına düşüb məktəbə gəldi. Yoldaşları ilə oynamağı bəhanə edib heç olmasa pəncərədən baxmaq, "anaların iclasını" eşitmək istəyirdi. Sabirdən başqa da gələn uşaqlar var idi. Pəncərədən sinfə boylananda, müəllimə görüb işarə ilə onları çağırdı. Dal sıralarda yer göstərdi.

Sabir min bir sevinclə oturub iri və müntəzir gözlərini müəllimənin ağzına dikmişdi. O, ucaboy, cavan müəlliməsini həmişə uşaqların qabağında danışan, dərs deyən, yazı düzəldən görmüşdü. İndi isə müəllimədən çox uca, böyük, skamyalara güclə yerləşən analar, onun qarşısında uşaq kimi səssizcə oturmuşdular. "Görəsən, müəllimə bunlara nə öyrədəcək, görəsən necə öyrədəcək?!"

Müəllimə analara xoş gəldin edib sözə başladı. Əvvəl uşaqların sayını dedi. Neçə oğlan, neçə qızdır. Necə oxuyurlar. Necə yazır, hesablayırlar.

Sonra müəllimə adbaad bəzi uşaqların anasına müraciət edib tapşırdı:

– Leylanın bir xasiyyəti var ki, heç xoşuma gəlmir. Həmişə yazıda hərf buraxır. Nöqtə-vergülü yadından çıxarır. Yoldaş Muradova siz gərək buna xüsusi diqqət edəsiniz. Yay üçün verdiyim tapşırıqları qoy tərtəmiz yazsın. Hərf buraxmasın. Siz gündə bir-iki saat onun başını yazıya məşğul etsəniz, düzəldəcəkdir.

– Hafiz Əmirovun anası buradadırmı?

Qabaq cərgədə oturan ağbəniz bir qadın dilləndi:

– Bəli, mənəm!

– Yoldaş Əmirova, sizin uşaq qabiliyyətlidir, zirəkdir, dərsləri barəsində bir şikayətim yoxdur. Ancaq çox xahiş edirəm, onu evinizin qabağına buraxmayasınız. Oralar dördyol ağzıdır, dəqiqədə neçə maşın ötür, uşaq üçün xatalıdır. Bir dəfə mən orada uşaqların top-top oynadığını görmüşəm. Şoferlər də deyinirlər. Özüm uşaqları qovmuşam oradan! Rica edirəm!..

Hafizin anası müəllimənin sözlərini təsdiqlə razılıq etdi.

Sabirin ürəyi "tıp-tıp" eləməyə başladı. Sabir elə güman etdi ki, müəllimə bu saat onun adını çəkəcək, onun anasını dindirəcək, kim bilir nələr deyəcəkdir. Müəllimə isə bir az sükutdan sonra sinif jurnalını açdı Uşaqların adlarını oxumağa başladı: Həmidov Saleh, Ağayeva Sevil Uşaqlar bir-bir keçib vəsiqələrini alır, müəlliməyə təşəkkür edərək, sevincək yerində oturduqca Sabirin səbri tükənir, ürəyi daha bərk döyünürdü.

– Sabir Haşımov...

Öz adını eşidəndə Sabir ixtiyarsız ayağa qalxdı.

– Sabir Haşımov dərslərindən əla, əxlaqdan gözəldir. İkinci sinfə tərifnamə ilə keçir!

Müəllimə başını qaldırıb gülümsər üzlə Sabirə müraciət etdi:

– Gəl görüm, qoçaq!

Sabir cəld irəli yeridi. Anasına macal vermədən vəsiqəsini, tərifnaməni əlinə alanda sevindiyindən bilmədi nə etsin. Anası onun qolundan tutub soruşdu:

– Nə deyərlər?

Sabir vacib bir şeyi yadından çıxarmış kimi irəli yeriyib ucadan danışdı:

– Sağ olun, müəllimə! Müəllimə, çox sağ olun!

Müəllimə əli ilə onun saçlarını oxşayıb yola saldı:

– Tapşırdığım kitabları oxuyarsan! Bağda, təmiz havada oynayarsan, yaxşıca dincələrsən, ikincidə də gərək belə əlaçı olasan!

Sabir:

– Baş üstə! – deyib yerinə keçdi. Evə qayıdandan sonra Sabir əvvəl vəsiqəsini sətir-sətir oxuyub beşləri saydı, cəmlədi, evdəkilərin hamısına göstərdi.

Sonra tərifnaməni açdı. Qəşəng naxışlarla haşiyələnmiş, gözəl xətlo yazılmış tərifnamədə gözünə sataşan Lenin və Stalinin şəkilləri oldu. Sabir sevincindən alacalanmış gözləri ilə rəhbərlərin şəklinə baxıb susurdu. İndi onda, uzun zamanlardan bəri zəhmət çəkən və nəticədə məqsədlərinə, istəklərinə nail olan adamın sevinci və şadlığı var idi. Tərifnaməni ikiəlli, ehtiyatla tutub sətir-sətir oxuyurdu.

Uşaqlardan biri soruşdu:

– Bunu sənə nə üçün veriblər?

Sabir böyük adamlara məxsus bir əda ilə acıqlandı və işarə etdi:

– Görmürsən?!

Sabir şəhadət barmağını iri xətlərlə yazılmış sözlərə tərəf apardı. "Dərslərdən əla qiymət aldığına, nümunəvi əxlaqına görə!" Evdəki böyüklər və uşaqlar bu sözləri təkrar edib Sabirin üzünə baxdılar. Sabir tərifnaməni qatlayıb ehmallıca əlinə aldı, anasından soruşdu:

– Bəs atam haçan gələcək?

Cavab gözləmədən saata baxdı. Sabirin atası maşınqayırma zavodunda normaçı vəzifəsində çalışırdı. Saat 7-də gəlirdi.

Bu gün qapı döyülən kimi Sabir onu pilləkəndə qarşıladı. Bir söz demədən tərifnaməni açıb bayraq kimi uca tutdu.

Atası uşağın sevincini duyub başıru tumarladı. O özü də uşaq kimi tərifnaməni uca səslə başdan axıradək oxumağa başladı:

– "Azərbaycan Sovet Sosialist Respublikası Maarif Nazirliyi..."

Sabir özünün, birinci il məktəbə gedən, ancaq şəkilli "Ana dili" kitabını oxuya bilən bir uşağın işi haqqında belə böyük kağızlar, belə böyük sözlər yazan müəllimlərə təəccüb edir, bu söhbətlərin özü haqqında getdiyinə inanmağı gəlmirdi. Gör onu kimlər tanıyır, kimlər tərifləyir. Onu təkcə müəllimlər yox, müəllimlərin müəllimləri də tanıyıb tərifləyirlər. Gör yaxşı oxumaq nə imiş...

Atası Sabirin üzündən öpdü:

– Adın, – dedi, – böyük vəsiqələrə yazılır, ay Sabir! Belə getsən, zavoda direktor gələcəksən!..

Sabir şirin-şirin gülüb utancaqlıqla geri çəkildi. Atası tərifnaməni onun əlindən alıb divarda yer axtardı.

– Sənin birinci kağızın gərək buradan asılsın, yar-yoldaşın baxıb görsün ki, sən 48-49-cu dərs ilində nə işlər görmüsən!

Doğrudan da, elə oldu. Sabirin tərifnaməsini gözəl, rəngli və şüşəli bir ramkada divardan asdılar. Evə gələn bütün dost, qohum-qonaqlar diqqətlə o kağızı oxuyurdular. Sabiri tanımayanlar atasına müraciət edirdilər:

– Ay Haşım, bu qəhrəman haradadır, bununla tanış olmaq olarmı?!

Sabir o biri evdə bunu eşidər, cəld üst-başını düzəldib qonaqların vanına keçər, salam verib əl uzadardı. O öz adını qəsdən ucadan deyirdi:

– Sabir!

Qonaqlar da bunu təsdiq edirdilər:

– Sabir ki, Sabir!

Həşimovun dost-tanışları arasında Sabirin ilk vəsiqəsini oxumayan yox idi.

Sabir düşünürdü ki, görəsən, gələn il ikinci tərifnamə bunun yanında asılacaq, yoxsa təzəsini verəndə köhnəni qaytarmaq lazım gələcək?!

Bircə bunu atasından soruşmaq istəyirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов