Содержание
  1. Qızıl alma
  2. Kür
  3. Şəhər
  4. Arzu
  5. Ana öyüdü
  6. Polad necə bərkidi
  7. Qardaşlar
  8. Müdhiş dəqiqələr
  9. Qəhrəman

Страница 4 из 5 · 60%

Qardaşlar

İsrafil anasından ayrılmışdı. Ancaq özünü həmişə ana vətənin qucağında, vətən eşqi ilə xoşbəxt və rahat hiss edirdi. O, Qapanlı kəndindən uzaqda idi. Rusiyanın dərinlərində Pustınka kəndi yaxınlığında idi. Bu kəndin əhalisi də öz yerliləri kimi, öz yerliləri qədər ona yaxın, doğma idilər.

İsrafil qardaşlarından, Sayaddan, Hidayətdən uzaqda idi. Ancaq burada onun yeni qardaşları var idi. Kalmık balası Erdia Muşayev, günəşli Gürcüstanın oğlu Oxanaşvili, belarusiyalı İlya Kovalyov, rus oğlu Yeqorov onun qardaşdan yaxın döyüş yoldaşlarıdırlar. Ordu həyatı bu adamlar arasındakı dostluğu daha da möhkəmlətmişdir. Onların hər biri qardaş xalqın da incəsənətindən öz milli musiqi və mahnılarından aldığı qədər ləzzət alır. Radioda Azərbaycan musiqisi veriləndə Muşayev İsrafili axtarıb tapırdı. Oxanaşvili Şota Rustavelidən söhbət açanda İsrafil Tariyeli, Aftandili vəsf edən misralar oxuyurdu. Yeqorov Koroğlu, Nizami haqqında İsrafildən çox şeylər soruşurdu.

İsrafilə elə gəlirdi ki, bu adamlar onunla bir doğulub, bir böyüyüb, bir bəslənmişlər. Ona elə gəlirdi ki, müharibə qurtarsa, döyüşçülər evlərinə qayıtmalı olsa, bu adamların hərəsi bir tərəfə getməyəcək, bunlar qətiyyən ayrılmayacaqlar, ayrıla bilməyəcəklər. "N ə təhər ola bilər ki, mən Muşayev ilə görüşməyim, Oxanaşvilinin duzlu söhbətlərini eşitməyim, Yeqorov ilə zarafatlaşmayım?" İsrafil hiss edirdi ki, bu adamları yalnız əsgərlik birləşdirmir. Bunları millətlərin müqəddəs Stalin dostluğu, xalqlar qardaşlığı birləşdirir. Buna görə də yaman gündə, çətin dəqiqələrdə Muşayev özündən əvvəl İsrafili düşünür, onun qayğısına qalırdı. Oxanaşvili Yeqorovu, Yeqorov Muşayevi qoruyurdu. Dostlar arasında alovlanan bu məhəbbət isə onların hamısını qoruyurdu.

İsrafil döyüşə girəndə strateji plana, sahmanlı silaha, canlı qüvvələrə bel bağladığı qədər də silahdaşlarının məhəbbətinə bel bağlardı. Bir də görərdin göz gəzdirdi, yoldaşlarını bir nəzərlə aradı və yavaşcadan onların adını çəkdi. "Muşayev hanı, Yeqorov, sən də yaxın gəl, Oxanaşvilini də çağır!"

Ehtimal ki, İsrafilin bu adamlar ilə vacib bir söhbəti yox idi. Ehtimal ki, onlara heç bir söz deməyəcəkdi də.

Ancaq onlar ilə yanaşı dayanmaq İsrafilin ürəyinə xüsusi bir rahatlıq verirdi. Onlar söz düşəndə vədələşir, düşmənə çalınacaq son qələbədən sonra bir-birinin evinə gedəcəklərinə, bir-birinin sevinclərində, xeyir işlərində iştirak edəcəklərinə söz verirdilər. Oxanaşvili and içib barmağını silkirdi ki, "dava qurtarsın, faşizm yox olsun, sizi buraxan kimdi, düz Tbilisiyə aparacağam. Kaxetiya çaxırı içərsiniz, Rustaveli teatrına gedərsiniz, bizim uşaqlar ilə tanış olarsınız, hərənizə də bir yeşik mandarin verib evinizə yola salaram!"

Muşayev kalmık ağartısından, Yeqorov rus arağından, İsrafil Kirovabad üzümündən, qonaqpərəst xalqından, səfalı yaylaqlarından söhbət salırdı.

Axırda da döyüşçülərinə tapşırırdı:

– Bu söhbətlərin vaxtı deyil. İndi bizim qəlbimizi kin parçalayır, düşməndən intiqam almaq indi bizim üçün hər şeydir. Bu intiqamı başa gətirməsək, dostluğumuzun da, döyüşçülüyümüzün də nəticəsi görünməz olar.

Vətənimizə canavar soxulub. Bu vəhşini gəbərtməmiş, rahatlıq edə bilərikmi?

Gələcək sülh, gələcək dinclik, rahatlıq və səadətimiz həmişəlik olsun deyə, biz hələlik çətinliyə dözməliyik. Bu gün biz əsgərik. Gəlin elə əsgər olaq ki, bir-birimizi də, ailəmizi də, vətənimizi də sevindirək! Məncə, hər şeyin yaxşısı olmaq gərək! Əsgərin yaxşısı da qəhrəman demək126 dir. Vətən bizim hər birimizi belə görmək istəyir!

Müdhiş dəqiqələr

Pustınka kəndi vətənimizin içərilərinə doğru gedən mühüm bir keçidin üstündə idi. Faşistlər çoxdan bəri bu mövqeləri tutmaq, şərqə doğru yerimək üçün can atırdılar. Onların tankları da, aeroplanları da, piyadaları da neçə dəfə burada özünü yoxlamışdı. Bir addım belə, irəli gedə bilməmişdi. Çünki, bu yeri İsrafil Məmmədov qoruyurdu, mövqelər bərkidilmiş, keçidlərin hər biri alınmaz qalaya çevrilmişdi. İsrafilin başında 20 nəfərə yaxın əsgəri var idi. Bunların hər biri ifa etdiyi vəzifənin böyüklüyünü, mühümlüyünü gözəlcə bilirdi. Hər biri vətən yolunda candan, qandan keçən adam idi. Nə qədər ki, havalar mötədil idi, yer donmamışdı, təbiət də döyüşçülərimizə kömək edirdi. Ətrafda olan bataqlıqlar, gölməçələr düşmənin işinə mane olurdu. Dekabr ayında şaxtalar başlanandan sonra yer bərkidi, yeriş asanlaşdı. Görünür, faşistlər bunu nəzərə almışdılar. Uzun aylar bir kənd qabağında oturub heç bir iş görə bilməyən, vəziyyətindən hirslənən nemes zabiti bu gün havanın açıqlığından istifadə ilə hər yam durbinləmişdi. Qabaqda istehkam, ya ordu əlaməti görmədikdə öz adamlarının üstünə qışqırmışdı: "Sizin kəşfiyyatınız mənim başıma dəysin. Yol açıq imiş. Nə durmusunuz!?"

Axşamı və bütün gecəni lazımi hazırlıq gördükdən sonra şaxtalı dekabr səhərində qəfildən hücuma keçmişdilər.

Heç bir vaxt əsgərlər döyüşdə olduğu qədər özlərini bir-birlərinə yaxın hesab etmirlər. Burada vəzifədən, işdən başqa, insanı bir-birinə qovuşduran şey məhəbbətdir, yoldaşlıq, qardaşlıq, birlik, həyat məhəbbətidir. Faşistlərin hücumunu hər bir əsgər öz mövqeyində, vəzifə başında qarşıladı.

Ancaq İsrafil bu hücuma tamam yeni bir qayda ilə cavab verirdi.

Əsgərlər ancaq öz vəzifələrini düşünür, öz atəşlərinin təsir dairəsini görürdülərsə, İsrafil döyüşün ümumi vəziyyətini və nəticəsini düşünürdü. Onu düşündürən bu idi ki, hissə polkdan çox aralıdır. Hissənin topu yoxdur. Faşistlər arxaya keçmək cidd-cəhdi edə bilərlər. Bərabər olmayan qüvvələrin döyüşü uzun çəkə bilər. Ona görə İsrafil hələlik Pustınka mövqeyinin müdafiəsində nə polku, nə də arxadan gələsi köməyi nəzərdə tutur. O, real imkanlar ilə iş görmək, bunlardan ən çox faydalanmaq istəyirdi. O, əsgərlərinə tapşırırdı ki, "Məqsəd tüfəng atmaq deyil, məqsəd vuruşmaqdır. Burada ən azı bir gülləyə bir faşist yıxmaq lazımdır. Mən əmr etməmiş atmayın!"

Belə davada dözmək, özünü saxlamaq çox çətindir. Top güllələri div kimi nərə çəkir, ilan kimi mələyə-mələyə gəlir. Güllə yağış kimi yağır. Səngərlərdə - hər addımda torpaq vulkan kimi partlamaq istəyir. Belə yerdə silah sahibi olanın əl saxlamağı bacarması şərtdir. İsrafilin əsgərləri komandirlərinə, onun mətanətinə alışmışlar. "Yəqin, İsrafilin bir fikri var", - deyə əllər tətikdə dayanmışlar. Komandirin səsinə, əmrinə müntəzirdirlər. Bu davada İsrafil çox qənaətlə dinir, az danışır. O, faşistləri lap yaxına buraxır. Bəzən öz sükutu ilə elə mənzərə yaradır ki, düşmən qarşıda heç bir şey olmadığına inanıb ayağa qalxır, sıra ilə yürüş başlayır. İsrafilə də bu lazımdır. Faşistləri yaylım atəşi ilə biçib tökür, bir dəqiqədə düşmənin hərəkətini dayandırır. Səngərindən aralanmış faşist soldatlarının ölüm məqamında necə özünü itirdiyini, oda atılmış ilan kimi,necə o yan-bu yana çırpındığını görmək olurdu. İsrafil sərrast atəş ilə elələrini "rahatlayırdı." "Yat, - deyirdi, - yat yerə! Qışın soyuğunda nə atılıb-düşürsən." Vəziyyəti belə görən faşist komandanlığı varından-yoxundan çıxmağı, bütün qüvvələrini töküb Pustınka mövqeyini tutmağı, sovet şəhərlərini birləşdirən dəmiryol xəttinə çıxmağı qərara almışdı. Odur ki, İsrafilin döyüşçüləri düşməni biçdikcə dalısı gəlirdi. Faşist dəstələri bir-birinin meyitini ayaqlayaraq yeriyirdilər.

Bu gün faşistlərin üç quduz hücumu dəf olundu. İsrafilin döyüşçülərindən də çox ölən, yaralanan var idi. Qalanlar onların da vəzifəsini ifa edirdilər.

Faşistlər meydanda saysız-hesabsız ölü qoyub öz mövqelərinə çəkildilər. Bir qədər susdular. Bununla onlar, guya hücumdan əl çəkdiklərini qələmə vermək, bizimkiləri çaş salmaq istəyirdilər. Həm də hissəmizin atəş gücünə bələd olmuşdular. Faşistlərin bu hiylə və matəm sükutu uzun çəkmədi. Dördüncü dəfə yürüş başladılar. Bu dəfə Hitlerin kefli soldatları sıx sıralarla, tam ayaq üstdə saymazyana yeriyir, ölənlərin üstündən ötürdülər. İsrafilin döyüşçülərindən ancaq səkkiz nəfər soldat qalmışdı, onların da içində yaralılar var idi. Heç bir əsgər mətanətini, döyüş əzmini itirməmişdi. İsrafil buna arxalanaraq səngərə yatdı. Çapayev gözü və qəzəbi ilə düşmənin hərəkətinə diqqət elədi, faşistləri 30-40 addımlığa buraxıb avtomatına "qoyma!" dedi. Qızıl güllələri ilə düşmən səflərini darmadağın elədi. Yaralı əsgərlər silahları növbə ilə doldurub İsrafilə verirdilər. O da arasıkəsilmədən yağdırırdı. Faşistlər tab gətirə bilməyib qaçmağa üz qoydular. İsrafil bir Koroğlu nərəsi çəkdi: "Yoldaşlar! Faşist əclafları qırın!"

Qaraquş kimi düşmən üstünə cumdu. İlk qarşılaşdığı üç nəfər faşisti nizəyə taxıb kənara atdı. Qalanlar vaveyla çəkərək özlərini istehkama atdılar. Bayaq bağıraraq gələn soldatlar, nalə çəkərək qaçır, yıxılır, sızıldayaraq ölürdülər. Kimisi sürünərək, kimisi soxulcan kimi qıvrılaraq dığırlanıb özünü səngərə atmaq istəyirdi. Ancaq bu da onlara qismət olmurdu.

9 saatdan yuxarı davam edən tarixi və qızğın vuruşma, faşistlərin məğlubiyyəti ilə bitdi. Faşist istehkamlarını matəm, ölüm sükutu bürüdü. Döyüş meydanını yoxladıqda yalnız İsrafilin əli ilə 73 nəfər faşistin məhv edildiyi məlum oldu. Bunların üçü zabit idi. İsrafil döyüşçülərin əlini sıxaraq razılıq edir, faşistlərdən alman silahları - tüfəng və pulemyotları göstərib deyirdi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Kağızlar aləmi

Bu idarə şəhərin kənar bir yerində, görkəmsiz bir binada idi. Pəncərələri dar döngəyə baxırdı. Qapısı sısqa ağacları olan kölgəli, rütubətli bağçaya açılırdı. Qapımn başında paslı və bozarmış bir lövhə vardı.Saat doqquza qədər idarə suyu sovulmuş dəyirman kimi səssiz, hərəkətsiz olurdu. Stullar yorğun öküz kimi durardı. Mürəkkəb qabları uyuyar, qələmlər dincələrdi. Paltar asqısı üşüyər, qalın və xəzli paltoların intizarını çəkərdi.

193713 мин
Kərpic məsələsi

Hər səhər yatağımdan qalxanda, gözüm evimizin qabağındakı balkona sataşır. Diqqətlə baxıram, görüm, samovara od salan Babaxanın köhnə arvadıdır, yoxsa yox...Babaxan çoxdan arvadı təzələmişdir.

193713 мин
Nanənin hünəri

Pəncərədən stola düşən günəş çəhrayı və şəffaf pərdə kimi süfrəni örtmüşdü. Stol üstə qoyulmuş kəhrəba kimi buğda çörəyi səliqə ilə doğranıb, boşqaba yığılmışdı. Süfrədə bandaqlardan yenicə kəsilmiş, çöpü qurumuş Kirovabad üzümü, paxlava şəklində dilimlənmiş Cərco qovunu, qırmızı turp, toz kimi narın və ağ Naxçıvan duzu, par-par parıldayan çəngəl-bıçaq, üçbucaq salfetlər, göy rəngli, ağ qulplu su qrafinkası düzülmüşdü.Nanə xala qolu çırmalı, əlində qaşıq xörəyə ədviyyə tökür, hərdən mətbəxin qapısından boylanırdı. Ərinin və oğlunun gəlməsini gözləyirdi.

193713 мин
Gözün aydın

Oğlum Arifə*1

193712 мин

Стихи других поэтов