“Matışqə”
Məşədi Hənifə şəhərə yaxın kəndlərdən birində yaşayırdı. Yayda biçinə gedər, qışda kənkanlıq edər, payız vaxtı kürəxanalarda günəmuzd kərpic kəsərdi. Arazı bu taya keçəndən sonra Məşədi Hənifə bütün qorxu və qeydlərdən qurtarmışdı. Onu aylarla işlədib, pulunu kəsən, biyara çağıran, qamçılayan xan və mirbaşılardan canı qurtarmışdı.
Şəhərə çox az gələrdi. Xüsusilə, bu dəfə İrandan gələndən sonra Bakını heç görməmişdi. Bircə dəfə "şuluqluq" vaxtlarda gəldiyi idi.
Məşədi Hənifə maşından düşdü. Küftə, çörək qoyduğu və arada "şey-şüy" almaq üçün götürdüyü xurcunu çiyninə atıb şəhərə çıxdı. Həyat qaynayırdı. Bakı, nə Bakı! Avtomobillər quş kimi süzüb gedirlər. Nə kəndliləri lağa qoyan baqqallar, nə dərviş mərəkəsi, nə də çarvadarların səsi var. Yeni tikintilər baş atıb, göyə çıxır. Tramvaylar ildırım kimi şığıyıb, ötür. Məşədi Hənifə heç yeri tanıya bilmirdi. Elektrikdən qorxan adamlar kimi, döyüküb qalmışdı.
Çiyni-başı açıq bir "matişgə" ona əl elədi;
– Bura gəl!
Məşədi Hənifə çox sevindi. "Onsuz da haçandan bəri keyfə çıxmıram. Kəbinli arvadın nəfəsi adamı əridir. Haramın ayrı ləzzəti var".
Məşədi Hənifə "matişgənin" dalınca gedirdi.
Matişgə cavan, həm də gözəldi. Rusa oxşamırdı. Qara saçları və qaşlarına baxanda adam deyirdi, müsəlmandan qarışığı var. O, bir "matişgoyə" baxdı, bir də öz qədd-qamətini süzdü. Onda Rəşt arvadlarını cəlb edəcək bir yaraşıq yox idi, onda qalmış ki, belə qəşəng "matişgə" ola...
– Skoreye!
Məşədi Hənifə rusca bilməsə də, az-çox başa düşürdü. Yaxşı anlayırdı ki, "isqəri", yəni tez ol, yubanma deməkdir. Matişgənin "isqəri" sözü, sarı yağ kimi Məşədi Hənifənin canına yayıldı. "Zalım qızı nə həvəsli şeydi..."
Onlar tramvay xəttini keçir, izdihamı yarıb ötür, heç bir şeyə baxmırdılar. Məşədi Hənifə cibini yoxladı. Ürəyinə gəlirdi ki, "Allah göstərməsin, bu arvadlarda həya yoxdur, adamı biabır edərlər". Qoltuq cibindəki puldan on manat ayırıb, yan cibinə qoydu. "Qalan pulu matişgə görməsin, - dedi. - Bunu verərəm, çığır-bağır eləsə - yeyboq neto
– deyərəm."
O, bir istədi, "matişgənin" qolundan tutsun, yadına düşdü ki, o pişik addımı ilə gedir. Onunla yeriməyə hər adamın ayağı yatmaz. "Hamısı birdir. Qoy yerinə çataq, tələsmək nə gərək".
Matişgə döndü, Məşədi Hənifəyə nə isə dedi.
Məşədi Hənifə bir şey başa düşmədi. Gülə-gülə "baruski niznayim" deyə bildi. Matişgə əli ilə işarə edərək, yarı rusca başa saldı:
– Pastel, yorqan, znayeş, yatır?
Məşədi Hənifə anladı ki, "matişgə" deyir: "Yorğan-döşək də var, yatmaq istəyirsənmi?" Sevincdən çiçəyi çatladı. "Matişgəni" qucaqlayıb, öpmək istədi.
– Da, matişgə bacı, isbal, isbal! Canım da qurban. Xərəşo xanım. Malades matişgə.
Getdikcə yol uzanırdı. Məşədi Hənifə tələsdiyindən addımlarını elə bərk atırdı ki, az qalırdı, yer tərpənsin. Onlar uca və böyük bir binanın qapısına çatdılar. Dördüncü qatda pəncərələrdən bəzəkli pərdələr asılmışdı. Balqonlarda güldanlar, limon ağacları vardı. Tar səsi gəlirdi. Məşədi Hənifənin ürəyi döyünür, tələsirdi. "Pulun ola, bu xanımın yanından heç getməyəsən."
Pilləkənlərdən çıxdılar. "Matişgə" bir bəzəkli otağa girdi. Döşəmənin ortasında bir yorqan-döşək bağlanıb, yol üçün hazırlanmışdı. Bir dənə də əl sumkası vardı. Otağa girən kimi, "matişgə" bağlının ucundan yapışdı, Məşədi Hənifəyə işarə etdi ki, əyil, qoyum belinə. Məşədi Hənifə duruxdu.
– Quda başol?
"Poyezd" sözünü eşidəndə Məşədi Hənifə məsələni anladı. Matişgə onu şey yükləmək üçün gətirmişdi. Bu hal onun şəxsiyyətinə toxunmaya bilməzdi:
– Poşol, - dedi, - dürrək! Hammal sənin atabatandı!
Pastel bağlısına bir təpik vurub qayıtdı. Qapıdan çıxanda bir ağ qastyumlu, yumru kişi içəri girdi. Yumru kişi Məşədi Hənifəyə diqqətlə baxdı.
– Mən səni görmüşəm.
– Sən də gözümə tanış gəlirsən.
– Ərdəbilli olmayasan?
Yumru kişi qollarını açıb qucaqladı.
– Vay, Məşədi Hənifə, qardaş! Sənsənmi? Mən gözümə inanmıram! Sən hara, bura hara?
– Ədə, Ağa Rəhim, mən səni İranda görəndə belə deyildin. Maşallah, nə kökəlmisən, qobuma ta oxşayırsan. Burada nə qayırırsan? Matişgələrin evində nə işin var, lotu?
Onlar təzədən görüşdülər. Ağa Rəhim stol çəkdi, Məşədi Hənifənin əlindən tutub, oturtdu.
– Ay Məşədi... Bəs, bura mənim öz evimdir. Zavoddan veriblər. Hamamxanası, aşbazxanası, zorxanası içində. Axşamlar da simsiz teleqraf danışır, dünyanın hər yerindən xəbər verir. Kefim gələndə pəncərələri açıb baxıram. Ves Bakı ayağımın altında qalır.
O səsinin tonunu dəyişdi:
– Bəs, Məşədi, sən hara, bura hara? Arvad-uşaq hardadır?
Matişgə ayaq üstə quruyub qalmışdı. Hamıda sevincli bir utancaqlıq hiss olunurdu. Məşədi Hənifə Ağa Rəhimdən utanırdı; çünki onun arvadına "pis göz ilə" baxmışdı. Ağa Rəhim Məşədi Hənifədən utanırd ı, çünki bu köçə-köçdə ona qulluq edə bilməyəcəkdi. "Matişgə" isə onların hər ikisindən utandığı üçün başını aşağı salmışdı.
Ağa Rəhim davam etdi:
– Buyur, tanış ol, Məşədi, bu, mənim həyat yoldaşım Sima xanımdır. Bu gün daçaya yola düşür.
Məşədi Hənifə o saat başa düşdü ki, həyat yoldaşı arvada deyirlər. Öz qəlbində fikirləşirdi: görəsən, mən də uşaqların anasına "həyat yoldaşı" desəm tutar, ya tutmaz?
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-matisqe
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dağ dağa qovuşmaz, insan insana qovuşar. Qədimdən adətdir: adamlar bir-birilə görüşəndə əl verirlər. Sıxılan hərarətli əllərdən hər iki tərəf yaxınlıq, dostluq, sədaqət, məhəbbət duyur. Əllərdən keçən yalnız bu hisslərmidir?40 il əvvəl məktəbli vaxümdan ayrıldığım bir yoldaş ilə yenidən görüşmək mənə qismət oldu. İndi o, ömrünü böyük şəhərlər tikintisinə sərf edən məşhur bir mühəndis idi. Onun da saçları ağarmış, hərəkəti ağırlaşmış, səsindən uşaqlıq, simasından gənclik əlaməti uçub getmişdi. Çöhrəsində mənalı cizgilər, qalın qırışlar əmələ gəlmişdi. Dostumun silah kimi bərk əlini ovcuma alıb, diqqətlə baxdım. Bu əlləri mən uşaqlıqda, zoğ kimi zərif vaxtında, qələm tutanda, aşıq atanda çox görmüşdüm. İndi isə xeyli böyüyən, bozaran əllər xəritə kimi çal-çarpaz xətlərlə örtülmüşdü.
İki hakimHakim Mürsəli Nazilə ilə barışdırmaq istəyirdi:– Nə üçün boşanırsınız?
Mən də bakılıyam– Nə əcəb?– Bu, nə sayaq olub?
Ərəb qızıLeyli!Leyli - ərəbcə gecə deməkdir. Ata-anası bəlkə də qızlarının uğursuz taleyini qabaqcadan duyduqları üçün Leyliyə bu adı vermişlər.