Страница 1 из 2

1

Pansionda ikən bir müdirimiz vardı. "Kartoşka yevropeyski xörəkdir, kartoşka qərblilərin yumurtasıdır", deyərdi. O, bizi "avropalaşdırmaq" üçün "aziyatski" xörəkləri qadağan etmişdi. Çoxlu qartoşka yedirdərdi. Biz də alışdıq. Evə dönəndə kartoşkanı külə basdırır, "kabab" eyləyib yeyərdik. Sonrakı evimizin buxarısı yox idi. Demək, kartoşka basdırmağa kül də yox idi. Anamın əlacı kəsilib qazanda qaynadırdı. Mən səhər tezdən qalxıb, yağda qızardırdım. Yağ canına hopdurulmuş, yumşalmış kartoşkanı yedikcə ləzzət verirdi. Adamı bir kasa yağ kimi tutur, doydurur, qızışdırırdı. Odur ki, Çirdəxan kəndi komsomol özəyində kartoşka məsələsinin bu qədər qızğın müzakirə olunmasına təəccüb etməyin.

Kartoşka yeməli, ləzzətli olmasaydı, özəkdəkilər məsələyə hərarətlə yanaşmazdılar. Protokolu hələ köhnə əlifba ilə yazan əməli katibin burnundan tər damlaları muncuq kimi sallanmaz, dəftəri islatmazdı. Çıx ış la rın zərbindən onluq lampa dəfələrlə sönməzdi.

Hökumətin revolyusion qanunçuluq haqqındakı 19 avqust tarixli qərarından iki ay sonra idi.

Bu qərardan sonra kənddə böyük hərəkət əmələ gəldi. Məhkəmə, prokuror, sovet sədri bir-birinə dəydi. Qərarda öz adını oxuyanların dizləri qurudu, bədəni titrədi, dodağı əsdi, gözü bərəldi, başı gicəlləndi.

Qoçu Sarının məhkəməsi ibrət dərsi oldu. Hamı bildi ki, bu yazıya pozu yoxdur.

Özək katibi Mehdiqulu bu qiyamətdən öz hesabını aparmaya bilməzdi. Rayon komitetindən də soruşurdular: "Nə iş görmüşsünüz?" Komsomollar da katibi tərpədirdi: "Belə olmaz axı, işləmək lazımdır, sabah nə cavab verəcəksən?"

Mehdiqulu ağır taxtalı bir oğlandı, hələm-hələm canına isti keçməzdi. Ona görə də, demək olar ki, özək uzunmüddətli "otpuska" çıxmışdı. Aktiv üzvləri üç aydan-üç aya üzvlük haqlarını verib gedirdilər. Tam arxayınlıq idi.

– İməciliyə qoşulmaq, qəzet çıxarmaq lazımdır. Əkinə kömək edin!

Katib rayondan, kənddən eşitdiyi bu tələblərə "baş üstə", "100 faiz" cavabı verərdi. Daldaya gələndə isə əziz dostu, arası saz olduğu əməli katibin dediklərini xatırlardı. Əməli katib komsomol olmasa da, yaxşı xətti vardı. Tez-tez yazdığı üçünmü, nədənsə Mehdiqulu onu katib saxlamışdı: - Sən yaxşı işlə, məzbətələri, atnoşenniləri yaxşı yaz, bir bilet sənə daş-baş edərik. Özümüzünküsən, - demişdi. Mehdiqulu əməli katibin sözlərini unuda bilmirdi. O hər zaman deyirdi:

– İşin qurtarıb? Əlini ağdan qaraya vursan, atanın oğlu deyilsən. Nə olub, məyər, gündə yüzü yüz məsələ çıxardacaq. Elə komsomol da gərək qoşula? "Qonse qonsov" biz də bir təşkilatıq, ya yox?

– Mənə də Elat oğlu Mehdiqulu deyərlər! Beləliyimə baxma, bir də gördün, cinim vurdu başıma, məsələni qoydum heyətdə, mən ispalqomzad tanımıram. Bir kök vıqovor yapışdıraram belinə. O bitərəf, mən komsomol, ha çapalasın, mənə nə eyləyəcək?..

Bu dəfə elə olmadı. Mehdiqulu ictimai əmlakın mühafizəsindən yapışmağa məcbur oldu. Haqq üçünə, pis də yapışmadı.

Bunun iki səbəbi vardı: birisi məsələnin özünün möhkəmliyi idi. Bu elə şeydi ki, kənddə hamını hərəkətə gətirmişdi. Oğruların tükünü göy3 sovururlar. Bu işdən kənarda qalmaq, xüsusən, özək katibi üçün, gülünc olmaq demək idi. İkinci səbəb o idi ki, Mehdiqulunun umacağı vardı. "İşıq yeri" görünürdü...

Raykoma da yeni katib - yoldaş Qəşəng Həsənova gəlmişdi. Mehdiqulu özünü ona tanıtmalı idi.

– Mejduproçim, - deyirdi, - (Mehdiqulu poçt naçalnikinin yanında iki il işləmişdi, naçalnikin ailəsi, xüsusən, qızı Mehdiqulu ilə yaxın əlaqə saxladığından, ruscadan başı çıxırdı) - sabah rayon komsomol komitetindən adam gəlsə, görsə ki, məsələni "rebrom" qoymuşam, iclasım vaxtında, qərarım yerində, daqladım qaydasındadır, haqqı nədir ki, mənə premya yazmasın, ya da ki məni irəli çəkməsin?..

İclas çox ciddi başlamışdı. Mehdiqulu iclası açan kimi, karandaşı stola döydü:

– Xahiş olunur ki, bitərəflər çıxsınlar.

Bitərəflər sıralardan bir-bir daranıb, iclası tərk etdikcə Mehdiqulu enlənir, şişirdi: "Nə olaydı, Xədicə-Soltan bir quş olub pəncərədən tamaşa eləyeydi! Görəydi ki, onun məhəl qoymadığı, sözünü eşitmək istəmədiyi Mehdiqulunu necə eşidirlər. Kəndin seçmə-seçmə oğlanlarını uşaq kimi iclasdan bayıra tökürəm. Hələ söyləyəcəyim məruzəyə qulaq versəydi. Onda bilərdi ki, Mehdiqulunu inək doğmamışdır. O da bir ananın oğludur. Nə eləsin ki, o qara saçların əsiri olan gündən hicran oduna düşmüşdür..."

O, sakitliyi bərpa etdikdən sonra iclasın gündəliyini oxudu:

1- ci məsələ: heyət məzbətəsinin təsdiqi.

2- ci məsələ: ictimai əmlak haqqında. Mehdiqulunun məruzəsi.

3- cü məsələ: üzvlük haqqı xüsusunda.

4- cü məsələ: özəkdə baratqa barəsində.

5- ci məsələ: cari.

Mehdiqulu uca səslə soruşdu:

– Yoldaşlar, artırıb-əskiltmə, elə də dabavleni və elə də protiv gedən yoxdur ki?

Abbas və Qurban etiraz etdilər:

– Gecənin bu vaxtında beş məsələ həll etməkmi olar? Sabah xalqın jşi var axı!..

Mehdiqulunun acığı tutub, cini başına vurdu. Burnu yelləndi, onu hamıdan tez və yaxşı duyan əməli katib yavaşcadan:

– Sən toxda, - dedi, - lələşin danışar.

Əməli katib ayağa qalxdı, sifətindən yekə mağaza qıfılı kimi asılmış burnunu adəti üzrə əyib udqunduqdan sonra danışmağa başladı:

– Yoldaşlar, komsomollar! Biz gənclərə yorulmaq olmaz. Beş məsəl i də baxaraq, on beşinə də. Bir halda ki, heyətimiz qətnamə verib, demək ki, gənclər komitetinin yeni katibi yoldaş Həsənova ilə razılaşıb... -Əməli katib burada ifadəsini dəyişdi. Sözlərini tələsik-tələsik deməyə başladı.

Abbas başını tovladı:

– Ay məşədi, vaxtımızı alma!

Əməli katib onun sözünü ağzında qoydu:

– Yoldaş, sənə, elə sənin kimilərə cavab verəcəyəm, bir toxda! Nə, nə deyəcəkdim? Heyətimiz qətnamə verib, demək ki, heç nəm-nüm olmaz. Kim razı deyilsə, buyurub, gedib yata bilər. Hansı ki onun barəsində heyət qəti ölçü götürməli, necə ki nizamnamə üzrə bədihidir. Əməli katib bu sözləri qurtarmamış "heyət məzbətəsini" oxumağa başladı:

"1932-ci sənəsi səfər ayınm 15-də Çirdəxan kəndi nəzdində yaşayan gənclər özəyi heyətinin iclası ümumisi vaqe olur:

Sədr: Mehdiqulu Elatov.

Katib: özəyin əməli katibi.

Müzakireyi-yövmiyyə:

  1. Ümumi iclasa məsələlər təyini.

  2. Mehdiqulunun məruzəsi.

  3. Cari məsələ haqqında.

  4. Özəkdə baratqa barədə.

  5. Üzvlük haqqının pulları barədə..."

Mehdiqulu bir saatlıq hərarətli məruzəsini qurtardıqdan sonra əməli katib üzünü iclasa tutub, soruşurdu:

– Yoldaşlar, indi məsələ qurtardı. Kimin qərarı var?

Heç kəsdən cavab çıxmadı. Yalnız yuxu tökülən gözlərini ovuşduraraq Şirzad təklif edirdi:

– Ya məlumat üçün qəbul olunsun, ya heyətə həvalə olunsun.

Əməli katib ona cavab vermədi:

– Rüsxət verin, yoldaşlar, burada bir qərar var, oxunsun. Heyətin təklifi budur ki, bu qərarı oxumaq.

O, protokolların altından bir meşin cildli dəftər çıxardı. Bu idarə dəftərinin ağ üzlərinə qırmızı mürəkkəblə yazılmış iyirmi beş vərəqdən ibarət qərar idi.

Əməli katib əyilərək öskürdü: "Zəhrimar tütün sinəmə düşmür" deyə döşünü arıtdı. Qiraətlə oxumağa başladı:

"Biz aşağıda qol yazan Çirdəxan özəyində yaşayan üzvlər, elə də namizədlər və elə də həvəskarlar yoldaş Mehdiqulunun dediyi böyük məruzəni ruh yüksəkliyilə dinləyərək, bu qərara gəliriz:

Biz necə, ki yenilikdə olan qırmızı fəal gənclər, baxanda görürük ki, kolxoz olmaq və traktorlarımızın səsi çöllərə düşmüşdür. Səda gəlir. Hansı ki, xışa əks müqabildir. Biz gənclər hökumətimizin şanlı qərarına yüz faiz səmimi-qəlbdən şərikik. Söz veririk ki, özgələrə ibrət olaraq, xain əllərə endirək zərbəni. Həmişə hazırıq, canımız, qanımızla meydanda varıq..."

Əməli katib qərarı çox nəşə ilə oxuyurdu. Bu, Mehdiquluya lap ləzzət verdi. Çünki bilirdi ki, onsuz da rayonda adı heçə çıxan özəyin və özək katibinin üzünü ağartsa, bu qərar ağardacaqdır. Əbəs yerə deyildi ki, əməli katib bu qərarı on gündə dəst-xətt ilə ancaq yaza bilmişdi...

Qərar qurtarmamış əl çalındı.

Mehdiqulu sevincək, qala fəth etmiş qəhrəmanlara məxsus bir təvazölə danışırdı:

– Zənnimcə, qərarı səsə qoymaq artıqdır.

Qurban dilləndi:

– Yox, səsə qoy görək.

Mehdiqulunun cini başına vurdu. Qızardı. Qurban kimi, üç-dörd nəfər vardı ki, ona rahatlıq və qol-qanad açmağa imkan vermirdi. Mehdiqulu, onların "vayına oturmağa" nə qədər cidd-cəhd edirsə, bacarmırdı.

Mehdiqulu dodaqlarını gəmirə-gəmirə qərarı səsə qoydu. Beş nəfər əleyhinə idi.

– Yaz bunların familyasını, - dedi, - daha pişiyim-pişiyim ilə olmadı.

Üzünü etirazçılara tutub soruşdu:

– Yoldaş Yolçu, de görüm, niyə özün seçdiyin heyətə prot gedirsən? Demirsənmi, bu heyəti buraya qoyan var? Daverit eləyib, işi tapşıran var.

Yolçu durdu:

– Hər bir ittifaq üzvünün ixtiyarı var öz fikrini desin, özünü tənqid etsin. Mən əleyhinə çıxıb deyirəm ki, orada əməli heç bir şey yoxdur. Odur kənddə anbarları, kooperativləri götürək. Nə qədər olur qartoşqaları qolçomaqlar anbardan oğurlayırlar. Siz heç bundan danışmırsınız. Niyə bəs? Mən bunu deyirəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ölümdən betər

Yırtılmış meşokdan taxılmı tökülür, qar üstündə ip sürünür, ya fırfıra səsidirmi?Xışıltını yaxşı seçə bilmədim. Dayanıb dinlədim, deyəsən, heç bir şey yoxdur. Sanki, bayaqdan bəri məni məşğul edən səs, quru bir vahimə imiş.

19426 мин
Axşam səfəri

IÜç yoldaş idik, düşmən arxasına kəşfiyyata getmişdik. Hava çox bürkü, göy tutqun idi. Ağaclar altında özümüzü otlar, yarpaqlarla örtərək, ehtiyatla yeriyir, düşmən qüvvələri haqqında bir şey bilmək istəyirdik. Qaranlıqda xeyli getdik. Deyəsən, yol kənarı idi. Motor səsi eşitdik. Ardınca təkər səsləndi, təkər dayandı, yenə motor səsləndi. Sonra sanki, külək dağıdan və ancaq qırıq-qırıq eşidilən danışıq səsi... yenə motor, yenə təkər səsləri, yenə danışıq...

194312 мин
Xəbər ətərsiz

Yarım saatdan artıq idi ki, Səkinə hərbi komissarın qapısında növbə gözləyirdi. Darıxır, tələsir, intizar çəkirdi. Ancaq qapı açılanda, üzlü adamlar növbəsiz irəli yeriyəndə Səkinə daha da geri çəkilir, sanki komissarın gözünə görünməməyə çalışırdı. Ehtimal ki, gözləyənlər hamısı güzəştə gedib, onu qabağa salsaydılar, Səkinə yenə içəri getməzdi. Çünki komissara deyəcəklərini hələ də ölçüb-biçməmiş, hələ də şikayətinə müəyyən ifadə verməmişdi. Şikayətçilərdə belə ehtiyat, çox vaxt sözün azlığından, yaxud mətləbin yüngüllüyündən olur. Səkinənin isə deməyə bir kitab sözü var idi. Ancaq haradan başlamağı, harada dayanmağı aydın etməmişdi. Düşünür, düşündükcə düşünürdü. Ona elə gəlirdi ki, sevgilisinin - 8 aydan bəri ayrıldığı, üç aydan bəri kağız almadığı Fətullanın taleyi, qucağında mışıl-mışıl yatan, dünyanın əzab və iztirablarından xəbərsiz olan körpəsinin taleyi, yenicə birləşib qurduqları, məhəbbətlə qızdırdıqları, səadətlə işıq verdikləri, ümidlə parlatdıqları ailənin, cavan xanimanın taleyi bu gündən, komissarın bu cavabından asılıdır.Birdən qapı taybatay açıldı. Sanki adamları qucaqlamaq üçün qollarını yana açmış komissar çıxdı, əllərini qapıya çataqlayıb, şikayətçiləri süzdü. Duruşundan aydın idi ki, komissar yorulmuşdur, ancaq şikayətçilərin hamısını qəbul etməmiş getmək istəmir. Onun gözü uşaqlı qadına, kənarda dayanan Səkinəyə düşən kimi çağırdı:

194310 мин
Muştuluq

Bir ay olar ki, Əşrəf burada, şəhərdən bir az kənarda düşərgədədir. Birinci dəfədir ki, anası ona icazə verib, yola salmışdır. Birinci dəfədir ki, Əşrəf öz evlərində yatmır.Bura "El bağı" deyilən gözəl bir yerdir. Ağaclar baş-başa verib, hər tərəfə ətir səpilib, arxlarda sular pıçıldaşır, ağaclarda quşlar səslənir. Günəş - göylər sultanı güclü günəş sanki, aşağı enib, lap yaxına gəlmişdir. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər.

19434 мин

Стихи других поэтов