Yırtılmış meşokdan taxılmı tökülür, qar üstündə ip sürünür, ya fırfıra səsidirmi?

Xışıltını yaxşı seçə bilmədim. Dayanıb dinlədim, deyəsən, heç bir şey yoxdur. Sanki, bayaqdan bəri məni məşğul edən səs, quru bir vahimə imiş.

Heç bir şey görməsəm, heç nə eşitməsəm də, zənnimdən əl çəkə bilmirəm, axı yarım saat əvvəl buradan qarışıq səslər gəlirdi. Nə dildə isə danışırdılar. Cəmisi 10-15 dəqiqə olmaz ki, mənim yaxınlaşdığımı duyub qaçan addım səsini eşitdim. Yenə bir şey xışırdayırdı. Mən onun üstünü elə aldım ki, qaça bilməzdi. Bəs nə oldu? Yerəmi batdı, göyəmi uçdu. Budur, bu qar çiçəkli ağacların altında olacaq, qorxudan cınqırını çəkmir...

Bəlkə də, heç insan deyil, azmış bir ov iti, çöl pişiyidir, bəlkə, vəhşi heyvandır...

Yoldaşlarım qaçan düşməni təqib edir, atışır, hərdən səslənirdilər.

Vaxt keçdikcə bu səslər məndən uzaqlaşırdı. Mən, qaraladığım ağaclıqdan əl çəkə bilmirdim. Mənə elə gəlirdi ki, burada, nəsə bir fitnə-fəsad var, düşmən öz murdar izi ilə kim bilir, nə fənd işlətmək istəyir. Bir xeyli gözlədim, gözümü qar basmış ağaclara, seyrək kolluqlara dikib qalmışdım. Qış gecəsinin şaxtası bütün şiddəti ilə kəsirdi. Ara-sıra haralardan, uzaqlaşmaqda olan cəbhə xəttinin harasındansa azıb gələn güllələr, soyuqdan qorunmaq istəyən quş kimi, başını qara soxur, buxar iyi çıxarırdı.

Qalxıb getmək istədim, iki addım yeriməmişdim ki, ağac gövdəsindən qara bir şeyin aralandığını, qarşımda dayandığını gördüm. Qaraltı əllərini yuxarıya qaldıranda bildim ki, adamdır, düşmən saldatıdır.

Onun aldığı vəziyyət indi də gözümün qarşısındadır. Əllərini bərk-bərk göyə qaldırmışdı. Az qalırdı paltarının qoltuğu sökülsün. Başını arxaya tərəf əymişdi. Güman edirdin ki, o vacib bir mətləb üçün Allah dərgahına dua edir, sidq dil ilə göylərə yalvarır.

Mən onu qabağıma qatıb gətirirdim, fikirləşirdim, gülməkdən özümü saxlaya bilmirdim. "Sən demə, xışıldayan yırtıq meşok, ya sürünən ip bu imiş. Bu boyda adamın hərəkəti niyə gərək ilan kimi xışıldasın..."

Bu gün ələ keçirdiyim qənimət arıq, qızdırmalı, nazik bir rumın saldatından ibarət idi. Budur, o mənim qarşımda, əli-əl üstə dayanmışdır. Qorxusundan, taqətsizliyindən, ya üşüdüyündənmi qılçalarının bü-küyü açılmır, yarım çöməlmiş kimi dayanmışdır.

– Adın nədir?

– Qavriel.

– Nəçisən?

– Kəndli.

– Nə millətisən?

– Rumın.

Rumın deyəndə mənim qəzəbim daha da artdı. Qanun qorxusu olmasaydı, bəlkə də onun nəfəsini kəsərdim. Ancaq mən qəzəbimi suallarında soyutmağa çalışdım. Onun yerini soruşdum. Evlərindən buraya qədər olan məsafəni soruşdum:

– Nə istəyirsən, - dedim, - bizə nə vermisən, ala bilmirsən?

Onun dil-dodağı əsdi. Əllərini yana açdı, boynunu əyib yazıq bir vəziyyət aldı:

– Heç bir şey, - dedi, - ağa, heç bir şey!

– Bəs niyə qışın günündə titrəyə-titrəyə 2 min kilometrlik yol gəlmisən, axı bura Rumıniya deyil, Ukraynadır. Buranın sahibi var, onu bilirsənmi?..

Qavriel əsim-əsim əsməyə başladı. Deyəsən, o, silahdan, ölümdən o qədər qorxmurdu ki, mənim suallarımdan qorxurdu. O, bəlkə də həqiqət ilə üz-üzə gəldiyini, düşdüyü cinayət yolunun çirkinliyini hiss edirdi. Nəsə demək istəyirdi, ancaq söz tapa bilmədi.

Onun dərinlərə çökmüş, solğun gözlərindən iki damla yaş axdı.

Bu isti damlalar qorxudan idimi, vahimədən idimi, bilmirəm. Ancaq onu bilirəm ki, bu damlalarda, ha vaxt isə insan olmuş, ailə, övlad sahibi olmuş, zəhmət ilə dolanmış, sonradan isə qatilə çevrilmiş, canavarlaşmış bir məxluqun faciəsi vardır.

Qavriel deməsə də, mən inanıram ki, rumın kəndlisinin sovet kəndlisi ilə heç bir ədavəti olmamışdır, ola da bilməz. O deməsə də, mən inanıram ki, Qavriel kəndli ikən saldatlıqdan yaxşı dolanırdı. O zaman tox idi, əyni qalın idi, keyfi saz idi. O zaman ailəsinin yanında idi. Dörd uşağını istədiyi kimi bəsləyib böyüdürdü. Qavrielin göz yaşlarında bu həqiqət parlayır.

Ancaq həmin göz yaşları indiki Qavrielin deyildir. İndiki Qavriel qatildir, canidir. O, əlində silah, ölkələr adlayıb, şəhərlər basıb gör haralara, Sovet Ukraynasına, bizim əmək, azadlıq, dinclik sevən kəndlilərimizin üstünə gəlmişdir.

Doğrudur, o, Antoneskudən, Hitlerdən şikayətlənir. Özünü bu kökə salan "rəhbər"lərinə lənət oxuyur. Biz də bu lənətə şərikik. Bütün dünya Hitlerə lənət oxuyur. Ancaq Qavriel bilməmiş deyil ki, bu lənətlər onun şəxsən öz cinayətini azaltmır. Əksinə, onun nə alçaq əmələ mürtəkib olduğunu təsdiq edir. Bunları, aydın həqiqətləri Qavrielin üzünə çırpanda göz qapaqları enir, başını aşağı salır, ixtiyarsız yerə çökür. Adama elə gəlir ki, indi o yerə yalvarır. "Ayrıl, - deyir, - yer, ayrıl, mə ni basdır, əzablardan qurtar!"

Qavriellər həmişəmi belə yazıq vəziyyətdə olurlar?

Güman etməyin!

Bəlkə də onun əlinə yenidən silah keçsə, bəlkə də o, mənsub olduğu banditlər dəstəsinə qaytarılsa, əfi ilana dönər, üç ildən bəri cəbhələrdə etdiyi cinayətləri davam etdirər!

İndi o, rus və Ukrayna kəndlisinə qardaş deyir. Kim şübhə edə bilər ki, iyunun 22-dən bəri, həmin bu "yazıq" görünən saralmış, qocalmış, üzü tüklü canavar neçə-neçə kəndlinin qatili olmuşdur. Antoneskunun qorxusu, Hitlerin hiyləsi onun yürüşlərinin ilk ilhamıdır. Sonralar isə Qavrieldə yeni-yeni ehtiraslar doğmuşdur. O, rus kəndlisini qarətə gəlmişdir. Əsgər çantasını qənimətlə doldurmağa, evinə "tapılma" şeylərdən bağlamalar göndərmək arzusuna düşmüşdür. Cəbhələr genişləndikcə, müharibə qızışdıqca Qavrielin iştahası alovlanmışdır. Həmin bu canavar iştahası onun bütün əməllərinə istiqamət vermişdir.

İnanmırsınız, baxın, ayağındakı çəkməni yoxlayın. Bu, hansı kəndlinin, ya əsir qızıl əsgərinsə ayağından çıxarılmışdır. Bu, Qavrielin bütün ümidlərini puça çıxarır. O daha atışmada iştirak etmədiyini, sadəcə bir şofer olduğunu, nemeslərə düşmən olduğunu, davadan heç nə gözləmədiyini demir. Sanki, ayağındakı çəkmələr dilə gəlmiş, onun cinayətlərini sayır. O, yerə baxır, heç bir suala cavab vermir, qımıldanmır da.

Qavrielin sükutu isə tanıdıqlarından çox şey ifadə edir. Bu, hər şeydən əli üzülən, əlacı kəsilən bir caninin acı etirafıdır.

Onu əsirlər içinə gətirirlər. Həmcinsinə qovuşmuş heyvanlar kimi, imsilənir, gözünü açır, başını qaldırır. Əsirlərə xörək veriləndə qəribə bir hadisə baş verir.

Burada Zinaida adlı bir simferopollu qadın işləyir. Bu, xanimanı dağılmış, ev-eşiyindən qaçqın düşmüş bir tatar qadınıdır. Qavrieli görəndə onun gözləri bərəlmişdi. Qavriel nə duymuşdusa, üzünü yana çevirmişdi. Zinaida onun qarşısına keçib soruşmuşdu:

– Siz Simferopolda olmuşsunuz?

– Nə, nə!..

– Necə yox, mənim ərim ilə süngüləşən sən deyildinmi, kafir?!

Qavrielin o sarı sifəti bir anda közə atılan pul kimi qıpqırmızı qızardı. Dili dolaşa-dolaşa təkrar etdi:

– Nə, nə!... Yox!

Zinaida heç kəsdən icazə soruşmadı, heç kəsdən də qorxmadı. İkiəlli Qavrielin yaxasından yapışıb aralamaq istədi. Əprimiş kirli, köhnə köynək parçalandı, əsirin sinəsində nida işarəsi kimi çəkilmiş süngü yarasının yeri görünürdü.

Zinaida mühafizi səslədi:

– Tapmışam ərimin qatilini, tifaqımı dağıdanı tapmışam! Məlunu parçalayacağam!

Qavrieli güc ilə Zinaidanın əlindən aldılar. Onun yaraları təzələnmiş, müsibətləri yada düşmüşdü. Qadın qışqırıb qatilə cəza tələb edir, "evim-eşiyim, xanimanım!" deyə fəryad çəkib ağlayırdı.

Canavar görmüş kimi hamı Qavrieldən kənar durdu. Gözlər onun üzünə, qatil əllərinə dikildi. O, sanki, qanı qurusun deyə əllərini bədənindən aralı tutmuşdu. Nəsə son və daha müdhiş bir əməl işləmək istəyirdi. Bəlkə də, yayda, "səhv edib" bu tatar qadınını sağ buraxdığına peşman olmuşdu. Bəlkə də, onu cinayətlərinin yeganə şahidi hesab edirdi.

Ancaq o da rəhbərləri, sərkərdələri kimi yanılırdı. Faşist dəstələrinin cinayətləri o qədər böyük və cahanşümuldur ki, bütün dünya, bütün bəşəriyyət dəhşətə gəlmişdir. Bu cinayətlərin hesab günü qatillərin ən müdhiş, ən faciəli günüdür. Qavriel bu gün cavab verir. Antonesku, Hitler də sabah cavab verməli olacaqdır. Qavriel 100 adam qarşısında cinayətlərinin qanı-qadası ilə donub qalmışdır, onun rəhbərləri də bütün insanlıq qarşısında, ədalət məhkəməsində dayanacaqdır. Bu günün hökmü ölümdən betər hökm olacaqdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Gil-gil çay

Səhərin gözü yenicə açılanda, qış günəşi qızıl saçlarını silkərək başını Xəzərin soyuq sularından qalxızanda Təzəşəhərin uca zavod boruları səslənirdi. Siqnal gözləyirmiş kimi, küçələrə tökülən adamların, maşınların səsi və hərəkəti get-gedə çoxalırdı. Papirosunu tüstülədərək işə gedən dəstə-dəstə fəhlələrin addım səsləri bir mərkəzə, istehsalat, tikinti yerlərinə doğru uzaqlaşır və sönürdü. Bir az sonra küçələr boşalır, sahələrdə isə ahəngdar zəhmət həyatı qaynayırdı.Bir-birinin dalınca gedən üç minik maşını sahələr arasından, küçələrdən baş yola çıxdı. Kənardan baxan bunların bir istiqamətə yollandığını güman edərdi. Belə olmadı, maşınlar sanki fikirləşmək üçün yol ağzında bir qədər yavaşıdılar. Qabaqdakı örtülü "Villis" yoldaşlarından aralandı, baş yolu vurub düz keçdi. Nasosnu vağzalına tərəf yol aldı, kərpic zavodu binaları arasında gözdən itdi. "Pobeda" Bakıya yollandı. Sürməyi rəngi solmuş köhnə "EM " isə Quba yolunu tutub sürətini artırdı. Bu maşında inşaat trestinin rəis müavini Munisov gedirdi.

194617 мин
Yeni kəndin adamları

1. Kolxoz işinin mahir ustasıMən sözümü deyən kimi raykom katibi ayağa qalxdı:

46 мин
Qəhrəman qız

Səfərəliyev rayonunda Füzuli kəndinin "Qırmızı Oktyabr" kolxozunda cavan bir qız ən yaxşı pambıq ustaları ilə yarışır. O, yaşına münasib olmayan bir rəşadətlə əkinçilik işində elə işlər görür ki, çoxlarını heyran qoyur.Bu qız kolxozçu Mürsəl kişinin qızı, komsomolçu Sədaqət Verdiyevədir. Mən onun haqqında çox eşitmişdim. Qəzetlərdə oxumuşdum ki, Sədaqət manqa başçısıdır. 1947-ci ildə beş hektar pambıq sahəsinin hər hektarından 90 sentnerə yaxın pambıq vermişdir, Sosialist Əməyi Qəhrəmanı adı almışdır.

19484 мин
Firuzə

– İlk dəfə məni rayonumuzun Dımıs kəndində orta məktəbə müəllim təyin etdilər. İllərdən bəri arzusunda olduğum bu şərəfli və müqəddəs peşəyə alovlu bir həvəslə gedirdim.İndi mənim qəlbim bütün istəklərinə çatmış bir adamın hədsiz sevinci ilə dolmuşdu: "Deməli, mən dərs verəcəyəm. Mən də əlimə jurnal alıb sinfə girəcəyəm. Uşaqlar məni də diqqətlə eşidəcək, sözlərimi dəftərə yazıb oxuyacaqlar. Analar, atalar mənim də yanıma gəlib övladları haqqında soruşacaq, məsləhətləşəcəklər. Sovet pedaqojisinin bütün tələblərini onların hər birinə danışacağam, başa salacağam, elə edəcəyəm ki, məndən narazı getməsinlər, mənim işimə kömək etsinlər. Yox, onlar məndən razı qalacaqlar. Ancaq bir söz deyə bilərlər ki, "bu müəllim nə cavandır!" Bilirəm ki, bunu deyəcəklər. Qoy desinlər, heç eybi yoxdur!..."

19486 мин

Стихи других поэтов