– Nisa, ay Nisa!

Nisa qayıdıb səs gələn tərəfə baxdı, dinmədi.

– Nisa, qadan alım sənin, ay Nisa, niyə cavab vermirsən? Nisa səs gələn tərəfə bir də baxdı, başını aşağı salıb yoluna düzəldi.

Abbas təpik dəymiş boş boçka kimi dığırlandı, döngədən keçib qızın qabağını kəsdi:

– Salam əleyküm, Nisa!

– Əleykəssalam!

– Nisa, hara belə səhər-səhər?

– Evimizə gedirəm.

– Dərslərdən qurtarmısan?

– Dərsimiz yoxdur.

– Mənim də vaxtım var, fürsətdir, yaxşı kino var, bilet alım gedək!

– Sağ ol, evdə işim var.

– İş qaçmır ki, sonra görərsən.

– Vaxtım yoxdur.

– Xahiş eləyirəm!

– Nə xahiş!

– Gedək kinoya!

– Yox, sağ ol!

Abbas səsinin ahəngini dəyişdi:

– Ay Nisa, haçan təklif eləyirəm, bir bəhanə tapırsan. Nə olar, bir biz ilə də oturub danışasan? Bizi niyə saymırsan?

– Nə danışacağam?

Abbasın əlinə fürsət düşdü:

– Necə nə danışacaqsan? Sən nə danışsan, mənə quş təranəsi kimi xoşdur. Sözün canıma yayılır. Bilirsən ki, mən sənin sözünə də, səsinə də məftun, heyranam. Di gəl ki, sən mənə heç etina eləmirsən, ay insafsız, bir yazığın gəlmir. Demirsən ki, oduma yanan var?

Nişanı gülmək tutdu:

– Niyə yanırsan, nə olub yanırsan?

– Özüm ilə deyil, yanıram, alışıram, neyləyim?

– Yanırsan, özünü at suya, nə çoxdur dəniz!

– Ay Nisa, səninki oldu zarafat!

– Zarafat yaxşı şeydir, ömrü uzadan şeydir.

– Elə ömür nəyə lazımdır, Nisasız ömrün mənası nədir?

– Yox əşi!?

– Görürsən, sən zarafatdan əl çəkmirsən. Görürsən!

Nisa qapılarına yanaşanda əli ilə xudahafiz işarəsi verib getdi. Nisa getdi, amma Abbas qapının ağzında mat-məəttəl dayandı, o, elə möhkəm dayanmışdı ki, deyərdin Nişanı gözləyir. Gözləyir ki, bu saat evdəki işini görüb, məclis paltarını geyib qapıya çıxacaq...

Abbas xeyli dayanandan, gah sağa, gah sola öskürüb-asqırandan, qaranlıq qovuşduğunu görəndən sonra, kor-peşman qayıdıb instituta tərəf gəldi. Gəlirdi, amma huşu-başı özündə deyildi. O, xahişinə etina edilməyən, görüşdən məyus qayıdan adam kimi yox, öz aləmində fikirləşən, tədbir tökən, çox mətləbi yoxlayan kimi gəlirdi.

"Bu qız mənə niyə boyun əyməsin? Sir-sifətim xoşuna gəlmir, qulluğum xoşuna gəlmir, rəftarımı bəyənmir, nə məsələdir görəsən? Dərdi nədir bu zalım qızının axı?"

Abbasın düşüncələrində aydın bir həqiqət bu idi ki, qızın ondan zəhləsi gedirdi. Abbas bunu bilirdi, ancaq bunun sirrini axtarırdı.

Bu sirr onun nəyinə lazım idi?

Bu sirr ona görə oğlana lazım idi ki, çarəsini tapsın. Bir əlac eləsin. Yoxsa baxanlar gülür.

Haqqa dursan, o, institut mühitində saya salman, özünə görə bir adam idi. Günü sabah evlənmək istəsə, münasib bir qızın adını çəksə, bəlkə də rədd cavabı almazdı. Amma qız var, qız var. Eləsi olar ki, Abbasa meyil göstərə bilər. Amma Nisa kimisi əsla yox. Nisa xarakteri olan, mənliyi, siması, sözü, heysiyyəti olan qızdır. Abbasın bir səhvi də o idi ki, obyektində yanılırdı, güman gəlməyən ağaca daş atırdı. Nisa onun adını eşidəndə dəhşətə gəlirdi:

– O kim, mən kim? Adamda həya gərəkdir!

Bəlkə Nişanın deyiklisi, gözləməsi var idi? Yox! Nisa dördüncü kursu təzə qurtarırdı. Evdə də söhbət olanda əsəbi cavab verirdi:

– Qoyun dərsimizi oxuyaq!

Bəlkə Nisa Abbasdan xatirə dəyən söz eşitmişdi? O da yox!

Əksinə, Abbasın Nisada gözü var idi. Ona ağır söz deməzdi. Onun yanında özünü ağır aparmağa, abırlı, mərifətli görünməyə səy edərdi. Ancaq Abbas bilə bilmirdi ki, Nisa onun nəyindən şübhələnir, nəyə görə onunla kəlmə kəsmək istəmir, nifrət edir.

Abbas düşünürdü ki, qız tayfası ağırtaxtalıdır. Gərək onun nazına dözəsən, qılığına girəsən, konfetdən, şokoladdan-zaddan alıb aldadasan.

Abbasın ağlı ayrısına gedirdi.

Təvəkkül Allaha deyib Nişanın dalınca düşmüşdü və güman edirdi ki, "qızı yumşaldacaq!"

– Qız xeylağıdır, – deyirdi, – sabah bunun imtahanı var, qurtarmağı, təyinatı var, tələbə təşkilatına işi düşməmiş olmaz. Gec-tez o, mənim yanıma gəlməli olacaqdır. Necə ola bilər, xahişə gəlməsin. Özü də bilir ki, rektorluq yanında Abbasın bir sözünü iki eləməzlər. Təki Nisa mənə ağız açsın, xahiş eləsin. Necə olsa, kimdən asılı olsa, onun xahişini düzəltməsəm, məndən pis adam yoxdur. Təki onun bir xahişi olsun!

"A Nisa, sənin gözlərini yeyim, məndən niyə qaçırsan, ay zalım qızı!"

Abbas çox fikirləşdi, çox götür-qoy elədi, xəyal aləmində Nisa ilə çox danışdı, çox küsdü, çox barışdı, çox intim söhbətləri açdı, bağladı, axırda bu fikrə gəldi ki, yox, sevgi sevdasına düşən adam xəyalat ilə deyil, əməli iş ilə getməlidir. Sən ha fikirləş ki, Nisa belə deyir, Nisa elə deyir. Qızın qəlbi sınar, qızın rəyi dəyişər. Filan, fəşməkan...

– Bunlar faydasız söhbətdir. O yan-bu yana qaçmağın vaxtı deyil. İş aydın gərək. Ağa durur, ağacan durur. Günü sabah qızın yoluna çıxmaq, lap qolundan tutub danışdırmaq lazımdır ki:

– Nə deyirsən, ay pəri qızı, mənim məhəbbətimə nə priçin qoyursan? Mən kimdən əskiyəm, bu mənim özüm, bu qulluğum, bu dərsim, bu ev-eşiyim, sabah da daşdan keçən diplomum olacaq. Səninlə bir yerdə işləyib xoşbəxt ailə qurmağımıza niyə maneçilik törədirsən, ay ərkansız?

"Qızın buna nə sözü, nə bəhanəsi ola bilər axı?"

Abbas niyyətində möhkəm adam idi. Dediyi kimi də elədi: istirahət axşamı dördüncü kurs tələbələri evlərinə dağılışanda quyu başında Nişanı haqladı:

– Niyə elə yeyin gedirsən, Nisa xanım?

– Yerişim budur!

– Adam yerişində bir yar-yoldaşı da nəzərə alar, yox?

– Mənim bu yolda yar-yoldaşım yoxdur. Evimizə gedirəm.

– Bilirəm, evinizə gedirsən, Allah salamat aparsın. Bu yazığın dərdini eşitsənə! Sənə bir neçə kəlmə sözüm var, Nisa!

– Nə sözdür!

– Ürək sözüm!

– Mənə nə sözün olacaq?

– Söz budur ki, səndən acizanə xahiş eləyirəm!

– Nə xahiş?

– Nə xahiş?!

Abbas bunu deyib qızın qolundan tutmaq, yol kənarına çəkmək istədi.

Nisa hərifin cəsarətlə, bir az da ərk ilə əl uzatdığını görüb hirs ilə əlini çəkdi, özü də canavar görmüş kimi cəld kənara atıldı.

– Nə xahiş?

– Qız, ehtiyat eləmə, sənə sözüm var!

– Söz yeri deyil, dərsdən yorulmuşam, evə gedirəm. Mənə heç bir söz gərək deyil, əl çək!

Abbas yenə irəliyə yeriyib israr etdi:

– Beş dəqiqə sözüm var!

Nisa yoluna düzəldi.

– Sözü məktəbdə deyərsən, mənə mane olma! Abbasın gözü kəlləsinə çıxdı:

– Yəni, belə oldu?

– Bəli, belə oldu!

– Yəni, bizi eşitmək istəmirsən?

Nisa hirs ilə qayımdan cavab verdi:

– Yox, istəmirəm! Əl çək!

– Nisa, bu yaxşı olmaz.

– Nə olur-olsun.

– Nəticəsi pis olar!

– Olsun!

– Peşman olarsan.

– Əl çək!

Nisa bu sözü deyib cəld yoluna düzəldi.

– Ay qız, sən nə üzüdönük adamsan!

– Necə sayırsan say, məndən əl çək.

– Vay sənin, qız!

– Vay özünə olsun!

Nisa qapını elə bərk çırpdı ki, Abbasın nə özü göründü, nə sözü eşidildi.

– Allah etinasıza lənət eləsin!

– Eybi yoxdur, Nisa, mənə də Abbas deyərlər. Sənin əsgini oda qoyum, külünü göyə sovurum, sən tamaşa elə. Niyə belə qudurmusan, bəyəm, tələbə təşkilatı elə aciz olub ki, səsini içəri sala ki, heç kəs bilməsin? Heç eybi yoxdur, heç eybi yoxdur, görərik.

– Baxarıq!

Abbasın qapıda qızın qarasına dediklərini özündən başqa eşidən olmadı. Bu mənasız sözlərə özü də peşman olub susdu:

– Baxarıq!

"Nəyə baxarıq, necə baxarıq, harda baxarıq, kim ilə baxarıq?" Hərifi bu sualların ağır yükü götürdü. İxtiyarsız öz-özünə dedi:

– Allah kəssin belə məhəbbəti də, belə sevgini də!

Allah kəssin!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов