Anamın sevinci
Burada hansı sevincdən söhbət gedir? Bizim anaya gətirdiyimiz sevincdən, yoxsa ananın bizə gətirdiyindən?
Doğrudur, biz anamızı çox istəyirik, mən də, bacım da. Onun, az qala, başına dolanırıq. Həmişə istəyirik ki, onu sevindirək, güldürək, ürəyini açaq, xoş xəbərlə salamlayaq.
Bununla belə, nə mən, nə də bacım hələ ana qarşısındakı borcumuzu ödəməmişik, onun istəklərini lazımınca ödəməmişik. Bu bizim gələcək vəzifəmiz, arzumuzdur. Ona görə də bizim anaya gətirdiyimiz sevinc haqqında danışmağın hələ vaxtı çatmayıb. Ömrümüz vəfa eləsə, bu haqda gələcəkdə danışarıq, əsaslı danışarıq. İndi isə əsl söhbət anamızın bizə bəxş etdiyi sevinc barəsindədir.
Bu sevinc bütün ailələrdə, ana-bala arasında var. Təbiidir, hamıya xoşdur, hamı onun şirinliyini, ləzzətini, hərarətini duyur və qiymətləndirir. Bizim anamız, əslinə baxsaq, çox analara oxşamır. Ayrı cür anadır. Lap ayrı cür xasiyyəti var. O, toxucu kombinatının qabaqcıl fəhləsidir, kollektivdə xüsusi xətir-hörməti var. O, gecə-gündüz işləyir, yorulmaq bilmir, həmişə qolu çirməkli, başı çalmalı, güləşqabaq görərsiniz. Səhər səkkizdən gedir, axşam dörddə idarədən qayıdır. Qapıdan içəri girən kimi ev işi ilə məşğul olur. Yeməyimizin, süfrəmizin, xörəyimizin, çayımızın tamam dəsgahını hazır eləməsə rahat olmur. İdarədə bir sexi, evdə bir "sexi" var. Anamızın bizə verdiyi bir sevinc də mehribanlıq, qonaqpərvərlikdir. Gün olmaz ki, o, bizim yoldaşlarımızdan xəbər tutmasın, itirib-axtarmasın. Gülər üzlə bizi dindirməsin, yoldaşlarımızı soruşmasın.
– Tofiqi niyə gətirmirsən bura?
– Aidanın kefi necədir, niyə dolanmır buralara? Yoxsa incidib eləmisən? Yoxsa küsərəm səndən, onlar da mənim balalarımdır, şirin dil ilə dindir, keyfini soruş!
– Bilməzsən, xatirinə dəyərsən ha. Dil-ağız elə, xatir-hörmətin olsun! Sən də ki mızı, az danışansan!
Bacımı o qədər əzizləyib soruşmur ki, yoldaşlarımı soruşur. Özü də adbaad, birbəbir! Kənardan görən deyər bu cavanlar arvadın ya qohumları, ya yetirmələridir. Ya da ki bunların anaları etibar eləyib ona tapşırıblar. Rast gələndə də ondan sorğu-sual eləyirlər.
Anamın xasiyyəti belədir. Nahara əyləşəndə yanımızda yar-yoldaş olmasa qıdığı gəlir, qonaq olanda isə arvadın üzü gülür, könlü açılır, bişirdiyi xörəyin iştah ilə yeyildiyini görəndə ürəyi açılır.
– Ana, sağ ol, dadlı xörək bişirmisən, əllərin var olsun!
Sanki, ana çoxdan belə bir təşəkkür gözləyirmiş. Dərhal başım qaldırıb sizin üzünüzə baxacaq:
– Nuşcan, dadı-duzu yerindədirmi? İştah ilə yeyin, mənə də xoşdur!
Dünən axşam Tofiq bizə gəlmişdi. Təzəcə dərzidən aldığı yaraşıqlı abı kostyumunu geyib gəlmişdi.
– Xalacan, – deyirdi, – heç primerkasında əməlli baxmamışam. Sizdən də heç kim yanımda yox idi. Geydim gəldim ki, baxasınız, necədir, dərzilərin bəzisi xaltura eləyir, paltarı tez-tələsik əldən çıxarır, adamı yola salır. Diqqət ilə baxın, kəm-kəsiri varsa, ustanın üstünə aparım, necədir?
Məndən qabaq anam Tofiqi təbrik elədi:
– Əcəb kostyumdur. Mübarək olsun. Əlləri var olsun belə ustanın. Tofiq bala, lap əyninə tikilib, deyirsən, bir kukladır. Çox mübarək, sağlıq ilə geyinəsən. Əsl bəy kostyumudur. Sənə yaraşıqlı gəlin lazımdır. Tofiq, yoldaşlarının borcudur. – Anam üzünü mənə tutub danlamağa başladı:
– Yoldaş nə gündə lazımdır? Niyə belə oğlana yaxşı bir qız tapıb evləndirmirsiniz? Gərək özü dillənə?
Mən anamın sözünü zarafata salıb gülürəm, ancaq yoldaşımın kostyumunu nəzərimdən qaçırmıram. O yana keçib baxıram, bu yana keçib soruşuram.
Tofiqin kostyumu yaxşıdır, yaraşıqlıdır, təzə moddadır, fasonu da qaydadır. Ancaq mənim xoşuma gəlməyən bəzi şeyləri var.
– Ay Tofiq, bu parçaya belə düymə qoymazlar axı. Ciblərin kənarından gedən tikiş gərək belə qaba görünməsin.
– Yaxşı ütü lazımdır!
Mən bunları dedikcə arxadan ətəyimin çəkildiyini duyuram.
Anam deyəsən mənim tənqidi qeydlərimə darılır və dönüb üzümə baxanda dodağını dişlədiyini, gözünü ağartdığını gördüm.
– Nə var, ana?
– Heç nə! Mübarək olsun, Tofiq.
– Mən də deyirəm, mübarək olsun!
– Yox, sən gözəl kostyuma qulp qoyursan.
– Nə eləyirəm?
– Bilmirəm, neyləyirsən!
Anam bir az da hirslə danışır:
– Nəyidir bu düymənin, dərzi səndən az bilir? Belə düymə indi dəbdir. Tofiq yaxşı bilir, çox gözəldir!
– Mən bir söz demədim ki!
– Yox, Tofiq, ustalıq bir iş yoxdur. Mübarək olsun. Sağlıq ilə geyin, çox qəşəngdir.
– Ay ana, bəyəm, mən Tofiqin kostyumunu bəyənmədim?
Ana iki barmağı ilə ağzını örtüb yavaşca dedi:
– Kiri, kiri, danışmağa söz axtarma, uşağın kostyumuna söz-söhbət ola bilməz.
Tofiq gedəndən sonra anam mənim "dərsimə baxmağa" başladı:
– A bala, yoldaşın ərk eləyib təzə kostyumunu ilk dəfə sənə göstərməyə, sevincini səninlə bölməyə gəlib. Onun ürəyini açmaqdan, sevincinə şərik olmaqdansa, başlamısan düyməsi belədir, ilməsi elədir. Sən libası cavanın gözündən niyə salırsan?
– Mən onu istəyib deyirəm də, ay ana!!.
– Demək var, demək var! Paltarı gözdən salmaq, bala, yaxşı deyil. Ha göz vururam kəsəsən, kəsmirsən! Tofiqin xatirinə dəymiyəsən bir də, sənə məsləhət eləmək istəməz. Yoldaşın qəlbinə dəymək olmaz. Adamlar ilə şirin danışmaq lazımdır, bala.
Anam məni o qədər danladı, az qaldım telefon ilə Tofiqdən üzr istəyəm. Ürəyində zərrə qədər küdurət yoxdur. Şəffaf qəlbi ipək kimi yumşaq, yarpaq kimi kövrəkdir.
– Ana, – dedim, – sənin qəlbin ceyran südü ilə yoğrulmuş, qızıl gül yarpağı ilə hörülmüş çələngdir. Bu sakit və dinc həyatın həmişə yaz səması qədər geniş, aydın olsun...
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-anamin-sevinci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Üzünə zər ləpələr səpilmiş dəniz sərin səhər səmasının altında ipək parça kimi ehmalca ləngər vururdu. Sularda çimib çıxan Günəş qızıl güldan kimi fəzaya qalxırdı. Deyəsən, onu altun dəstək ilə sudan qaldırırdılar. Bəlkə də dəstək deyil, Günəşi qüdrətli bir fəhlə biləyi göyə qaldırırdı, kainatı parlatmaq üçün.Deyəsən, indi günorta yerindən aləmə od tökən, gözlər qamaşdıran qızmar yay günəşi yox, yenicə çimib, çalxanıb sulardan çıxan gənc və nurani bir pəhləvan idi, onun polad kimi odlu çöhrəsi get-gedə ağarmağa, rəngini dəyişməyə başlayırdı.
Günah kimdədir?– Mən ədəbiyyatın, şəxsən sizin oxucularınızdanam. Yaxşı bilirəm ki, siz tanınmış, hörmət sahibi, müasir mədəniyyət xadimisiniz. Gözünüzün önündə köhnə, cəhalət timsalı bir şəxsiyyətin cinayəti tüğyan edirsə, buna etinasız, biganə münasibət bəsləyə bilərsinizmi? Belə bir vəziyyətə necə qiymət verər, nə ad qoya bilərsiniz? Xahiş edirəm deyəsiniz!..Mən hərifin bu gözlənilməz sualına birdən-birə cavab vermədim:
On bacıSovet quruluşu hər şeyi dəyişdi, təzələdi. Bahar təbiəti təzələyən kimi. İnqilab! Cabbarlı demişkən, hər şeydə inqilab!Quruluşda, həyatda, məişətdə, görüşlərdə, adətdə də inqilab!
“Dayı”Müharibə qurtaran illərdə, komandirlik kurslarında təkmilləşməyə gedəndə yoldaşlar ilə çox görüşür, çox dilləşirdim. Moskvada, Qorki küçəsində bir ucaboy kapitan qabağımı kəsdi:– Müəllim, xoş gördük, necəsiniz, kefiniz necədir? Şükür, yaxşısınız, elə həmən həmənsiniz, on beş il əvvəlki!