Qulluqçu haqqında
(Uşağın təsəvvürü)
Rüstəm xoşbəxtdir. Oturanda yatır. Mənim heç yuxum gəlmir, amma Rüstəm durduğu yerdə yatır. Bir dəfə polu qaşıyanda yuxulamışdı. Nənəm üstünə qışqırdı, oyatdı, yenə tələsə-tələsə polu qaşıdı. Qaşıdı, qaşıdı, birdən dayandı, başladı xoruldamağa. Nənəm yaxasına su tökdü, oyandı, işlədi.
Nədənsə nənəm Rüstəmi yatmağa qoymur, amma məni gətirib salır kravata, üstümü örtür ki, yatım. Mənim də yuxum gəlmir. Mən televizora baxmaq istəyirəm, amma Rüstəm yatmaq istəyir.
Rüstəm çox nağıl bilir. İstəyəndə mənə danışır, amma nənəm qoymur. Nənəm gələn kimi Rüstəm səsini kəsir, başlayır şüşələri silməyə. Mən yanında dayanıram ki, nağıl danışsın, nənəm mənə acıqlanır. Deyir boğazına toz gedər, Rüstəmin yanında dayanma.
Nənəm Rüstəmə quru çörək verir, o da çaya batırıb yeyir, süfrədə heç nə qalmır.
Amma mən yeyə bilmirəm, bulkaları, suşquları tökürlər qabağıma – bunları yeyəsən gərək, yoxsa arıqlarsan! Mən bir dəfə xəlvətə salıb Rüstəmə verəndə nənəm gördü, başladı yazığı söyməyə.
– Qarnına şiş batsın, gedə! Uşağın payına da tamah salırsan! Gündə bir tabaq çörək səni görmür, gözün doymur? Deyəsən, sənin qarnın suxoy xleb çuvalıdır, doldurmaq olmur. Evdə töküləni yeyirsən, yenə bəs eləmir, bilmirəm, səni necə doydurum. Nə iş idi mən düşdüm! Bu dərədən azmışı bu evə kim culadı, görəsən?
Rüstəm həmişə evdə oturur, amma nənəm məni onunla oturmağa qoymur. Geyindirir, qohumların evinə aparır. Kitab oxudur, şəkil çəkdirir, oynamaq öyrədir.
Amma Rüstəmi heç yerə aparmır. Axşamacan Rüstəm həyət süpürür, gülləri sulayır, stulları mıxlayır, kartoşka soyur, zibil atır, xalçaları çayda yuyur. Nənəm qoymur ki, Rüstəm mənə nağıl danışsın.
Məni məktəbə qoyurlar, amma Rüstəmi qoymurlar. Mən ona kitab verəndə, nənəm gəlib əlindən alır.
– Ədə, gözün xarab olar, oxuma!
Rüstəm də qoltuğuna basır, kitabın vərəqləri əzilir.
Mən yazı yazanda Rüstəm gəlib yanımda durur, baxır. Mən qələm verib onu öyrədirəm, nənəm onu da qoymur. Deyir, Rüstəm qoy həyəti süpürsün, qonaqlar gələcək, zibili görməsinlər. Rüstəm kənddə qalsa məktəbə gedəcək idi. Atası öləndən sonra nənəm götürüb gəlib ki, bizdə qalsın. Rüstəm də qalır. Amma tez-tez ağlayır. Deyirəm, niyə ağlayırsan, deyir atam yadıma düşüb.
Srağagün upravdom həyətə gəlmişdi. Rüstəmi danışdıranda yenə ağladı. Mən də ağladım. Nənəmdən xəlvət ağladıq. Nənəmi görəndə upravdom dalaşdı, qışqırışdılar. Kişi nəsə dəftərinə yazdı, apardı.
İndi nənəmi qəzetxanaya çağırırlar. O da Rüstəmi dilə tutur, bulku verir, corab verir.
Rüstəm ağlayıb kəndlərinə getmək istəyir. Atam avtobus pulu verəndə nənəm dalaşdı:
– Buraxma, niyə buraxırsan, beləsini haradan tapacaqsan? Deynən qohumumuzdu, qalmağa yeri yoxdur! Deynən gözləri ağrıyır, şəhərə müalicəyə gəlib. Yaxşı olandan sonra gedəcək.
Nənəm atamla da dalaşdı. Rüstəmin şeylərini gizlətdi, vermədi. Rüstəm ağladı.
Bir də gördük gənclər qəzetində nənəmin şəklini çəkiblər. Nənəmin burnunu çəkmişdilər, özü də nə boyda.
Əlində də oxlov.
Çox gülməli şəkildi. Nənəm baxdı, qəzeti cırmaq istədi, mən aldım, gizlətdim.
Nənəm yaman hirslənib, qəzetxananı axtarır, söyür, qışqırır. Qəzetləri cırır. Qəzetxananın adresini axtarır, deyirlər – uzaqdadı, avtobusların axırındadır.
Nənəm Rüstəmi də götürüb gedəcək. Qəzetçilərlə dalaşacaq.
Atam qoymur, amma nənəm onun sözünə baxmır, dalaşmaq istəyir. Bilirsən, nə dalaşqan arvaddır! Mən ondan çox qorxuram. Atam da qorxur, Rüstəm də! Bizim həyətdə hamı nənəmdən qorxur, onu At Balaxanım çağırırlar.
Bilmirəm niyə deyirlər. Adı ayrı cürdür. Biz nənə deyirik, amma qonşular At Balaxanım deyirlər!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-qulluqcu-haqqinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Aşağıdan, ev idarəsinin balaca klubundan musiqi səsi gəlirdi. Hərdən musiqi yavaşıyır, kim isə fərəhli bir mahnı oxuyurdu. Oxuyanı Rəşid səsindən tanıdı. İskəndər idi. Rəşid bildi ki, uşaqlar çalıb-oynamağa yığılıblar. Sevincdən bilmədi nə etsin. Tez papağını başına qoydu, atasına dedi:– Ata, İskəndərgil klubdadırlar, mən də gedirəm.
Vuran əllər– Sən cəbhəyə nə ilə kömək etmisən?Küçə ağzında asılmış plakatda bir oğlan uşağı, qızıl qalstuklu pioner, qarovul kimi dayanıb gələnə-gedənə bu sualı verir. Bəziləri bu suala xəyalında cavab verir, bəziləri öz vəzifələrini xatırlayır, özləri də pionerdən daha başqa şeylər eşitmək istəyirmiş kimi, dayanıb onun üzünə baxır.
Yol açıqdırMəmmədrza lap qabaq cərgədə idi. Komandirin əmrini alan kimi xəlvətcə sürünə-sürünə irəlilədi.O, düşmənin atəş nöqtələrini öyrənməli, miqdarını, vəziyyətini təyin etməli idi. Zəmilərin içindən sürünərək gedir, sünbülləri belə səsləndirməkdən ehtiyat edirdi.
YollarDan yeri ağarır, göylərə gümüş kimi bir parıltı gəlir. Xəfif və sərin yay küləyi bağlardan, bostanlardan, çiçəklərdən, lalələrdən ötərək hər yerə ətir gətirir.Böyük şəhər öz uca və əzəmətli binaları, geniş və açıq küçələri, səsli sahilləri ilə oyanır.