Konduktor Kazımı kadr şöbəsinə çağırıb dedilər ki: "Sabahdan sən qatarda müfəttiş olacaqsan!" O, təəccüblə soruşdu:

– Niyə?

– Necə niyə, sənin müharibə dövründə yaxşı işlədiyini, namuslu bir dəmiryolçu olduğunu nəzərə alıb, irəli çəkirik, yoxsa razı deyilsən?

– Razı deyiləm!

Kadr şöbəsi rəisi güman etmişdi ki, Kazım bu xəbərdən sevinəcək, minnətdarlıq edəcəkdir. Onun "razı deyiləm!" deyə etirazını eşidəndə daha ciddi, təəccüblü bir vəziyyət aldı:

– Niyə razı deyilsən, qardaş?

Kazım öz sakitliyini pozmadı:

– Ona görə razı deyiləm ki, mən öz vəzifəmdə qalmaq istəyirəm və irəli çəkilməyimi də heç kəsdən xahiş etməmişəm.

– Kazım, bu cavabı səndən gözləməzdim!

– Mən elə bir sözə...

Rəis onun sözünü kəsdi:

Biz sənə yaxşılıq edirdik, "sağ ol" deməkdənsə, etiraz edirsən? Gedə bilərsən! Xoş gəldin!

Kazım papağını götürüb otaqdan çıxdı:

– Sağ olun!

Kazım rəisin hirslənməsini yersiz görüb təəssüfləndisə də, çıxıb getdi və güman etdi ki, məsələ bununla qurtardı.

Əslində isə rəisin hirsi soyumadı. Kazımdan sonra öz-özünə deyindi: Adamlar nə naşükür olublar! Adi bir konduktor mənimlə elə danışır ki, deyirsən, haranın böyüyüdür! Məsəl var: "İt qursağı yağ götürməz... Günah məndədir. İrəli çəkməyə adam tapmışam də..."

Düzdür, Kazımı çağırıb danışdıran rəis idi, ancaq onu irəli çəkmək fikrini ayrı adam demişdi. Hətta, Kazıma daha yaxşı işlər tapşırmağın faydalı olduğunu söyləmişdilər.

Bu fikirlər Kazıma hörmət və yaxud üzgörənlik deyildi. Kazım doğrudan da yuxarı işə layiq bir adam idi. 50 yaşı olsa da, vaqonda çalışmağı özünə əskiklik bilməmiş, müharibənin ilk ilindən dəmiryoluna işə girmişdi. Kazım həmişə cəbhəyə əsgər aparan qatarlarda, çətin, təhlükəli yerlərdə çalışmış, yeddi dəfə bombardmana düşmüş, yaralanmış, heç bir zaman vəzifəsini tərk etməmiş, özünü itirməmiş, işi də axsamamışdı. Buna görə komissar da Kazıma təşəkkümamə göndərmişdi. Kazıma "Qafqazın müdafiəsi üçün" medalı da verilmişdi. O bunların hamısının mənasını anlayır, əvvəlki kimi səylə çalışırdı. Buna görə də onu layiq bilib, irəli çəkilmə məsələsini qoymuşdular. Kazımla söhbətdən sonra rəis onun adını qaraladı və ürəyində bunu da dedi: "Üz vermək lazım deyil, qudurar!"

Siyasi şöbə rəisi İlyasov Kazımın adını siyahıda görməyib kadr şöbəsinin rəisindən soruşduqda, o, Kazım barəsində ayrı cür danışdı:

– Canım, o, lovğanın biridir, – dedi, – adamla danışmağı da bacarmır, qoy rədd olsun.

İlyasov otaqdan çıxıb pilləkənləri enərkən, Kazımı dayanan gördü. Onun qolundan yapışanda, Kazım döndü. İlyasov əl verdi:

– Nə dayanmısan, Kazım dayı?

– Qəzet almaq istəyirəm.

– Gedək, qəzet məndə.

Onlar yuxarı çıxdılar. İlyasov Kazımdan gileyləndi:

– Görünüb eləmirsən, Kazım dayı?

– Vaxtım yolda keçir, necə görünüm. Bir də sənə mane olmaq istəmirəm, bilirəm başın qarışıqdır.

– Nə qədər qarışıq olsa da, beş kəlmə söhbətə vaxt tapılar.

İlyasov otağına girib, Kazıma yer göstərdi. Hər ikisi oturdu. İlyasov stol üstündəki qəzetləri dəstə ilə Kazımın qabağına qoydu:

– Buyur, bax, bugünkülərdir!

Kazım bir qəzet götürdü, qalanını qatlayıb yerinə qoydu. İlyasov soruşdu:

– Kazım dayı, bir söz desəm, yerə salmazsan ki?

– Hansı sözünüzü yerə salmışam ki, bunu da salam?

İlyasov razılıq elədi:

– Mənim yadımdadır, çox sağ ol, ağır günlərdə təhlükəli səfərin heç birindən boyun qaçırmamısan. Biz səndən razıyıq. Amma, deyəsən, sən bizdən razı deyilsən axı!

Kazım əli ilə rədd işarəsi verdi:

– Allah eləməsin! Mən dəmiryolundan çox razıyam. Mənim gözümü açan da siz olmuşsunuz.

İlyasov mətləbi açdı:

– Yoldaşlarla məsləhətləşəndə biz dedik ki, bəsdir, Kazım dayı pis işləmədi. İndi daha müharibə qurtarıb, adamlarımız qayıdır, daha bəsdir, o yaşda kişini konduktorluqda saxlamağın mənası yoxdur. Bacarığı, savadı, təcrübəsi... Biz istədik ki, Kazım dayı daha yaxşı, daha rahat bir işdə işləsin. Burada, əlbəttə ki, mən irəli çəkilməyi nəzərdə tuturam. Kazım dayı, sənin haqqın var ki, daha məsul və daha artıq məvacibli yerdə işləyəsən.

Kazım razılıq elədi:

– Çox sağ olun! Dostluqdan əskik olmayasınız!

İlyasov davam etdi:

– Necə deyirsən, Kazım dayı, sənin haqqında pis niyyət-zad eləmirik ki?

– Xeyr, görmürəmmi ki, siz məni istəyib deyirsiniz!

– Yaxşı, deyirlər, müfəttişlik xoşuna gəlmir, elə isə ürəyin istəyən başqa bir iş de! Qərəz, biz səni konduktorluq əziyyətindən qurtarmaq istəyirik.

Kazım bu ehtirama görə razılıq elədi və yenə fikrində durub dedi:

– Öz işimdə qalmaq istəyirəm.

– Başa düşə bilmirəm!

Kazım təkrar elədi:

– Bəli, hələlik öz işimdə qalmaq istəyirəm.

– Necə hələlik?

– Bəli, hələlik.

– Deməli, gözləmən var?

Bu söz Kazımın xatirinə dəyən kimi oldu. Bir qədər dinmədi, öskürdü, qutusunu çıxarıb bir papiros bükdü, başını qaldırıb cavab verdi:

– Bəli var! Nə olar, yoldaş İlyasov, gözləməm olanda nə olar? Yoxsa siz məni dünyadan köçmüş qoca hesab edirsiniz?

İlyasov üzr istədi:

– Xeyr, mən elə demədim, bağışla, Kazım dayı! Mənim sözümü elə qəbul eləmə! Mən tamam səmimi bir sual verdim və doğrudan da, əgər bu vəzifədə qalmaq meylin bir intizarla əlaqədardırsa, nə olar ki! Kazım, sanki onun, sözünü ağzından almağa tələsdi:

– Bəli, əlaqədardır. Yaxşı dedin. İntizarla əlaqədardır.

– O başqa məsələ.

Kazım nəsə demək istəyirdi. İlyasov yenə soruşdu:

– Bu intizar uzun çəkəcək?

– Yox, altı ay.

İlyasov sevinən kimi qımışdı:

– Altı ay?

– Bəli, uzağı altı ay!

– Altı ay bir şey deyil, gözləmək olar.

– Gözləmək olarsa, daha yaxşı, xahiş edirəm, möhlət verin.

İlyasovun üzündə təkrar təbəssüm oynadı, gözləri güldü:

– Əlacımız nədir, gözlərik, – bir az cəsarətsizlik hiss olunan ahəstə səslə əlavə etdi: – Maraqlıdır ki, Kazım dayının nə intizarı var? Deyəsən, xüsusi işdir?

Kazım etiraz etdi:

– Yox, yoldaş İlyasov, xüsusi-zad deyil, lap ümumi işdir.

– Nə, intizarmı?

– Bəli, intizar!

İlyasov ayağa qalxdı:

– A sağolmuş, ümumidirsə, bəs niyə gizlədirsən?

Kazım da ayağa qalxdı. Sinəsindən bir ah qopdu, gözünü ətrafında gəzdirdi. Sanki, bir şey demək istəyirdi, lakin sükut və diqqət tələb edirdi. İlyasov oturub, israr etdi:

– Əvləş, Kazım dayı! Ümumi sözü deməyə nə var, buyur gəlsin, eşidirəm.

Kazım utancaqlıq elədi:

– Elə bir söz deyil.

İlvasov J darıxdı:

– De gəlsin, a kişi, sən boş söz danışmazsan, səni yaxşı tanıyıram. Kazım da gülümsədi. Əlini stola söykədi, vücudunu bir qədər irəli verib, sözünü dedi. O, ağzını açanda, üzündəki təbəssüm yox oldu. Ciddiyyət onun bütün simasında, qızaran rəngində və parlayan gözlərində oxundu. O, papağını başından çıxarıb dizi üstə qoydu və mətləbini belə başladı:

– Yoldaş İlyasov, məsəl var: "Üstüm ü unlu görüb, adımı dəyirmançı demə!" Biz də insanıq, bizim də ürəyimiz var... – Yumruğu ilə sinəsinin sol tərəfinə vurdu. – Ürəyin də hökmünə qulaq asmalıyıq... Kazım ya söz tapa bilmir, ya cürət eləmirdi ki, cümləsini bitirsin. İlyasov kömək elədi:

– Pis olmaz, əlbəttə ki, ürəyin də hökmünə qulaq asmaq yaxşı olar. Bu sözdən sonra, sanki, Kazım kişinin dili açıldı. O indi bir fəhlə, bir konduktor kimi, nardaranlı bağban Kazım kimi yox, kitablardan çox şev öyrənmiş bir müəllim kimi ürəyinin hökmünü nağıl elədi.

– Yoldaş İlyasov, – dedi, – burada, sinəmdə döyünən, mənim vücudumu saxlayan, mənə həyat və hərəkət verən ürək hökm eləyir. Onun hökmü sizin üçün də yad deyil!

– Əlbəttə, əlbəttə! – deyə, İlyasov onun sözünü təsdiqlədi.

– Ürək mənə deyir ki, ey sinni keçmiş kişi, beş ildir sən bu yollarda ayaq döyürsən, beş ildir sən vətəndən qürbətə, qürbətdən vətənə yol döyürsən, bu yolda, bu işdə gördüklərin sənin yadından çıxa bilərmi? Bunları unutmağa sənin ixtiyarın yoxdur! Ağır günlərdə, cavanlar silah altına girib, dava meydanlarına gedən günlərdə sən hər stansiyada bir kədər, bir xiffət duyurdun. Bacının qardaşını od içinə, ölümlə pəncələş məyə yola salırdın. Sən bu mənzərələrin şahidi oldun. Çox dərdlərə şərik oldun. Çox istəklilərin göz yaşına göz yaşı ilə baxdın...

Kazım yenə də duruxdu, müsahibinin lap gözünün içinə baxıb sözünə davam etdi:

– Bəli, yoldaş İlyasov, bunlar həqiqətdir, bunlar olmuşdur. Bu mənzərələr mənim başımda da, ürəyimdə də yazılmışdır. Mən bunlara rast gəlmişəm, bunları gözümlə görmüşəm, diqqətlə baxmışam, ancaq bunlar mənim dizimi bükməyib, həmişə bir intizarla yaşamışam, qabağa baxmışam. Mən inanmışam, etiqad eləmişəm ki, qəm-qüssə vaxtı keçəcəkdir. Yaman günün ömrü azdır. Bax, indi, şükür, özün gördün ki, bizim əsgərlərimiz, generallarımız, marşallarımız dünyanı nə bəladan qurtardılar...

İlyasov Kazımın mətləbini bitmiş hesab elədi:

– Düz deyirsən, Kazım dayı. Böyük qələbəmizdə ən kiçik vəzifədə çalışan hər bir vətəndaşın əməyi və payı var. Sən özün o medalı əbəs yerə döşünə vurmamısan.

Kazım əli ilə onu susdurdu:

– Mən hələ qurtarmamışam.

– Buyur, buyur!

– Azərbaycandan gedən əsgərləri mən aparmışam.

– Bilirəm!

– Yox, sözüm onda deyil: buradan cəbhəyə yola salanda, mən aparmışam, ayrılıq, göz yaşı, təhlükə-filan... Siz necə razı olarsınız ki, mənim də ürəyim necə razı olar ki, həmin oğlanlar igidliklə qayıdan gündə onları evlərinə mən gətirməyim, başqası gətirsin? – Kazım müsahibinin üzünə dik-dik baxdı. – Necə razı olarsınız? Analar var ki, məni üzbəüz tanıyırlar, onların oğlu mənim vaqonumda gedib. Mən həmin oğlanları bu gün Bakı vağzalında qolundan tutub ana ilə görüşdürsəm, yaxşı olar, yoxsa bu səadəti özgəsinə tapşırsam?

İlyasov ayağa qalxdı:

– Kazım dayı, mən təslim!

– Bir deyin görüm, buna mənim haqqım var, ya yox?

İlyasov Kazımın əlini sıxdı və təsdiq etdi:

– Ürəyin deyəni mən də deyirəm. Ayrılığı sən görmüsən, birləşməyi də sən görməlisən. Gedəni sən yola salmısan, gələndə də sən qabağa çıxmalısan. Bu sənin haqqındır, heç kəsin bir sözü ola bilməz! Ana südü kimi halaldır sənə!

O gündən sonra Kazım neçə dəfə səfərə gedib-gəldi, vaqon dolusu əsgərləri cəbhədən evlərinə gətirdi. Döşü nişanlı, qalib cəbhəçilər döyüş epizodlarından fərəhlə danışdıqca, hər vağzalda sevinclə qarşılandıqca, analar igid oğullarını bağrına basıb "boyuna qurban" dedikcə, Kazım sanki şirin arzularından kam götürür və ürəkdən deyirdi:

– Belə ha, bax belə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Müsəlmanlıq və texniki tərəqqi

Bəzi ağzıgöyçəklər orda-burda danışır ki, guya müsəlmanlar, yəni mömin bəndələr geri qalır, əsrin tərəqqisindən, texnikasından faydalanmır, faydalanmağı bacarmırlar, filan, behman!..Yalan sözdür! Bu lap ağ yalandır!

19652 мин
Əmzik

Ağizlarda deyilənə görə "xırda məsələ" idi. Ancaq iclasın hazırlığı, gələn adamlar, sədrin təşvişi böyük məsələdən xəbər verirdi.Elə də oldu. Sədr sözə həmişəki kimi oturduğu yerdə başlamadı. Ayağa durdu, gələnləri bir-bir, diqqətlə süzdü, gəlməyənləri katibədən soruşdu, nömrə kitabını açıb telefonu olanlara zəng vurdurdu, axırda üzünü katibəyə tutdu, amma sözünü ucadan, ümumi iclasa dedi:

19655 мин
Yamanlığa yaxşılıq

Ön cəbhədə, Kerç rayonunda yaralanıb xəstəxanaya düşmüşdüm. 72 günlük müalicədən sonra təzəcə həyata, gün işığına çıxmışdım ki, Mərkəzi Komitəyə çağırdılar. Respublikanın ən böyük institutlarında birinə rəhbər işə təyin etdilər.Mən əvvəldən də ali məktəbdə, alimlər arasında işləmişdim, bu mühitə bələd idim. Burada çalışmaq da ürəyimdən idi. Amma indi, müharibə şəraitində, ölkənin bu ağır vəziyyətində ali məktəbin özü cəbhənin bir qanadı, məktəb işçiləri də döyüşən ordunun sıra nəfərləri kimi idilər.

19659 мин
Mənim utancaq tələbəm

– Əmikişiyevin məsələsinə baxmaq istəyirik, – dedi, – zəhmət olmasa, siz də iştirak eləyəsiniz.Partkom katibi xahiş ədası ilə mənim üzümə baxdı, cavab gözlədi. Hər bir institutda cari ictimai işlərdən başqa, tələbənin təqaüd, mükafat, məzuniyyət, dərsə davam məsələsi təşkilatı çox məşğul edir. Həftə olmur ki, belə müzakirələrə vaxt sərf edilməsin.

19655 мин

Стихи других поэтов