Mərcan nənə
Mərcan nənə oğlu, gəlini və üç yaşlı nəvəsi ilə bu şəhərə yaylağa, dincəlməyə gəlmişdi. Yerlərini əməlli-başlı rahatlamamış dava düşdü. Oğlu orduya getdi, ailəsinə "hələlik heç yerə tərpənməməyi" məsləhət gördü.
Davanın ilk günlərində Mərcan nənə çox təşvişdə idi. Sonralar camaatın, xüsusilə qonum-qonşunun möhkəmliyini görüb bir az toxtadı. O da gəlini kimi qəzetləri izləməyə, cəbhə xəbərləri ilə yaşamağa başladı. Günün birində ev sahibi, uca və cantaraq qadın Mariya pilləkən ayağında gəlinə nə isə çox sözlər dedi. Mərcan nənə rusca bilməsə də söhbətin ciddi olduğunu kənardan hiss edirdi. Gəlin evə dönən kimi xəbər aldı:
– Nə deyir?
– Deyir gərək nobat ilə damda durasınız.
– Niyə?
– Bəlkə, deyir, düşmən bomba tökdü.
Mərcan nənə gəlinin sözünü başa düşmədi:
– Bomba töküləndə, qızım, zirzəmiyə qaçarlar, daha dama çıxmaq niyə? Bəlkə urusca deyib, sən yaxşı başa düşməmisən? Yeri get, öyrən görək nə deyir?
Gəlin Mərcan nənəyə anlatdı ki, hava siqnalı olanda damda gözləmək lazımdır. Mərcan nənə soruşdu:
– Nəyi gözləmək?
– Bomba düşsə söndürmək üçün.
Gəlinin sözü Mərcan nənəni təəccübləndirdi. O, bombanın nə olduğunu bilirdi. Görməsə də bu haqda çox eşitmişdi. Bilirdi ki, bomba partlayan, adamı öldürən şeydir. Ancaq bombanı söndürmək, özü də bir arvad xeylağının əli ilə söndürmək mümkün olduğunu eşitməmişdi, eşitsə də inanmazdı.
Gəlin tapşırıq alıb, əlində bel və qum torbası olduğu halda dama çıxanda Mərcan nənəyə elə gəlirdi ki, bu saat göylər şaqqıldayacaq, şəhərə odlar yağacaq, balaca nəvəsi anasız qalacaqdır...
Gəlinin dalınca dama çıxmaq, ona nəsihət edib aşağı endirmək istədi. Nərdivanın ikinci pilləsində gözünü qonşu damlara sarı gəzdirdi. Hər yerdə adamlar durduğunu seçdi. Pilləkəndən enib eyvanda dayandı. Əllərini qaldırıb dua elədi:
– Ya rəbbi, özün bombadan saxla!
Mərcan nənə bu sözü demişdi-deməmişdi, birdən fit verildi. Hava həyəcanı elan olundu. Qadınlar, uşaqlar mühafizə yerinə qaçdılar. Mərcan nənə də vahimə, qorxu, təlaş içində nəvəsini götürüb zirzəmiyə getdi. Ancaq yarı canı gəlinin yanında qaldı.
Sabahısı gün Mərcan nənənin gəlini, deyəsən, tamam başqa adam olmuşdu. O, ev damına düşən üç yanğın bombasından ikisinin üstünü torpaqlayıb söndürmüş, birini vurub küçəyə salmışdı. Bütün bina yanğından xilas edilmişdi.
Həyətdəkilər gəlinin başına yığılıb danışırdılar. Mərcan nənə isə ehtiyat ilə dama çıxır, söndürülmüş bombanı öz gözü ilə görmək istəyirdi. "Badım cana oxşayan bu uzun, saplaqlı dəmir" əvvəl başmaq tayı ilə qurdaladı. Zərərsiz olduğunu yəqin edəndə əlinə alıb, o yan-bu yanına diqqətlə baxdı:
– Hə, – dedi, – sənin ki canın bir ovuc torpaq imiş, nə qiyamət qopartmışdın, ay kafirin malı!
Gəlin öz hünəri ilə Mərcan nənənin gözündə böyüdüyü qədər bombanın qorxusu azaldı.
Bu dəfə növbə gələndə Mərcan nənə gəlini buraxmaq istəmədi:
– Sən, – dedi, – uşağın yanında qal. İndi mən nobat çəkərəm.
Gəlin razı olmadı.
– Qoca arvadın nə işi, görən mənə nə deyər... Sən get rahatlığına.
Mərcan nənə nə qədər təkid elədisə qoymadılar növbətçi dursun.
Qaranlıq düşəndə Mərcan nənə nə fikirləşdisə, uşağı bombadan mühafizə yerinə apardı. Orada, yerin altında əməlli-başlı konsert dəm-dəsgahı düzəltmişdilər. Bir tərəfdə oyun şeyləri düzülmüşdü. Başda da bağça müəllimi kimi yaraşıqlı bir qadın xırda uşaqları başına yığıb nağıl danışırdı. Mərcan nənə nəvəsini qoyub qayıdanda ev idarəsinin işçisi soruşdu:
– Hara, niyə əyləşmirsən?
– Bala, - dedi, - evdən nigaranam, birdən fit-zad çalmar.
Hava həyəcanı siqnalı veriləndə evdəkilər məlum qayda üzrə zirzəmiyə getdilər. Mərcan nənə dama çıxmaq istədi. Ancaq bilirdi ki, gəlinin acığı tutacaq. Onu da bilirdi ki, bomba söndürmək istəyənin əlində gərək beldən, kürəkdən bir şey olsun. Evin içində vurnuxdu, eyvanda əlini o yan-bu yana sürtdü. Xəkəndaz əlinə keçən kimi nərdivana dırmaşdı. Sakit və buludlu bir gecə idi. Ancaq buludlar altından ayın işığı hiss olunurdu. Faşist təyyarələri, deyəsən, buludluğu fürsət bilib, tələsik, camaat yatmamış uçub gəlmişdi. Mərcan nənə onların motor gurultusunu seçməsə də, atdıqları bombanı səsindən tanıyırdı. Bomba yerə çatana qədər fit verə-verə gəlirdi. Mərcan nənə pilləkənin başına çatmamış, bomba fitini eşitdi və ağızdolusu cavab verdi:
– Zəhrimar! Zəhrimarın yekəsi!
Mərcan nənə bu sözü elə dedi ki, xəkəndazı əlində elə şax tutub dama atıldı ki, görən deyərdi o, ömrü boyu yığdığı qəzəb ilə ən qorxulu bir düşmən üstünə atılır və bu saat onu parça-parça edəcəkdir.
Doğrudan da, Mərcan nənənin qəzəbi nəhayətsiz idi. Müharibənin əvvəlində ürəyində doğan qorxu indi qatı bir hiddətə çevrilmişdi. Faşist pilotlarının gəlişi bu hiddəti daha da alovlandırdı. Dinc və gözəl şəhərə, səadətlə gün keçirən ailələrə, mehriban camaata, analara, övladlara baxır, canavar kimi gecə qaranlığında basqın edən faşistləri xatırlayır, ürəyində deyirdi: "Ay gələn yolların kəsilsin, ay uçan qanadın qırılsın, gözün kor olsun, niyə qoymursan, niyə xalqı dinc qoymursan?.."
Sonralar Mərcan nənə qarğışın, nalənin də qorxu kimi xeyirsiz, hətta ziyanlı olduğunu anlamışdı. Qəzəbini söz ilə ifadə etməzdi. Dizinə çırpar, dodağını gəmirərdi...
Damda heç kəsi görmədi. Qonşu damdan gələn səslərə tərəf yeridi. Oraya bomba düşmüşdü, növbətçilər su daşıyırdılar. Gəlini Mərcanı görəndə vahimələndi:
– Niyə gəlmisən, ana, yoxsa?
Mərcan dedi:
– Uşaqlar oynayır, nigaran olma. Qərarım gəlmədi. Dedim bəlkə köməyim dəyə.
Növbətçilər onu rahatlanmağa göndərdilər. Mərcan nənə qayıtsa da, ürəksiz qayıdırdı. Bu qorxulu gecədə hamının bir ailə kimi əl-ələ verib düşmən ilə vuruşduğu gecədə öz əlindən bir "xeyirli iş gəlmədiyinə" darıxırdı.
Damdan enəndən sonra qapıda dayanmışdı, burnuna yanıq iyi gəldi. Ev-eşiyə diqqət elədi. Qapıya çıxdı. Qır iyi döngədən gəlirdi. Mərcan nənə yaxınlaşanda asfaltın alışdığını, lampa piltəsi kimi alovlandığını görüb haray çəkdi:
– Ay nobatçılar, gəlin, bağ yandı!
Sözünü hamı anlasın deyə iki dəfə də rusca dedi:
– Bajar, bajar, izdes!
Tumanının ətəklərini əllərinə yığıb həyətə su dalınca qaçdı. Adamlar hər tərəfdən köməyə gəlib asfaltı gölməçəyə döndərdilər, yanğından əsər qalmadı. Böyüklərdən kim idisə Mərcan nənənin əlini sıxıb, "malades mamaşa!" deyəndə Mərcan nənənin ürəyi sevinclə döyündü. Əlindən "xeyirli bir iş gəldiyinə" necə sevindisə dodaqları titrədi. Rusca deyə bilmədiyinə təəssüf etdi. Gəlinin qolundan tutdu ki, "buna başa sal!"
Mərcan nənə "böyüyün" qabağında dayandı. Yumruğu ilə sinəsinə elə bərk döydü ki, taxta kimi səsləndi:
– Biz, qafqazski! Babay-mabay bilməz!
Mərcan nənə əllərini göyə, düşmən təyyarələri gələn tərəfə, sonra da yerə, bomba söndürülən asfalta tutub dedi:
– Onu, faşist izdes kopay! Basdıracağam!
"Böyük", Mərcan nənəni çox yaxşı başa düşürdü. Dilini bilməsə də başa düşürdü. Onun səmimiyyəti, təbiiliyi, onun saf ana, sədaqətli vətəndaş ürəyi hamıya – böyüyə də, kiçiyə də aydın idi. Ukraynaya dincəlməyə, nəvəsinə qulluq etməyə gələn, müharibə günlərində şəhəri müdafiə edən döyüşçülər sırasında işləyən, vətənə qulluq edən qadının xatiri hamının yanında əzizdir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-mercan-nene
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
1– Yəhya Kamal! Böyük məscidə yolunuz düşsə, ayələrdən çox, bu adı oxuyarsınız. Qoca çinar ağacları gövdəsində, yağ tutmuş, kirli, naxışlı qapılarda, kəci qopan divarlarda iti xətlə, səliqəsiz yazılmışdır:
“Matışqə”Məşədi Hənifə şəhərə yaxın kəndlərdən birində yaşayırdı. Yayda biçinə gedər, qışda kənkanlıq edər, payız vaxtı kürəxanalarda günəmuzd kərpic kəsərdi. Arazı bu taya keçəndən sonra Məşədi Hənifə bütün qorxu və qeydlərdən qurtarmışdı. Onu aylarla işlədib, pulunu kəsən, biyara çağıran, qamçılayan xan və mirbaşılardan canı qurtarmışdı.Şəhərə çox az gələrdi. Xüsusilə, bu dəfə İrandan gələndən sonra Bakını heç görməmişdi. Bircə dəfə "şuluqluq" vaxtlarda gəldiyi idi.
Kartoşka məsələsi1Pansionda ikən bir müdirimiz vardı. "Kartoşka yevropeyski xörəkdir, kartoşka qərblilərin yumurtasıdır", deyərdi. O, bizi "avropalaşdırmaq" üçün "aziyatski" xörəkləri qadağan etmişdi. Çoxlu qartoşka yedirdərdi. Biz də alışdıq. Evə dönəndə kartoşkanı külə basdırır, "kabab" eyləyib yeyərdik. Sonrakı evimizin buxarısı yox idi. Demək, kartoşka basdırmağa kül də yox idi. Anamın əlacı kəsilib qazanda qaynadırdı. Mən səhər tezdən qalxıb, yağda qızardırdım. Yağ canına hopdurulmuş, yumşalmış kartoşkanı yedikcə ləzzət verirdi. Adamı bir kasa yağ kimi tutur, doydurur, qızışdırırdı. Odur ki, Çirdəxan kəndi komsomol özəyində kartoşka məsələsinin bu qədər qızğın müzakirə olunmasına təəccüb etməyin.
Sınaq günü1Məni məktəbə, pansiona götürdülər. Anamdan ayrıldığım gün birlikdə sevindik də, ağladıq da... Səhər açılar-açılmaz o, yataqxanaya girib, şirin yuxuda yatan uşaqlar arasından məni tapmışdı.
Стихи других поэтов
Ey ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Ey könül, uyma gəl, ol turreyi-tərrarlərəEy könül, uyma gəl, ol turreyi-tərrarlərəBəndəlik etmə Məsihi kimi zunnarlərə.