Məsul vəzifədə çalışmaq hər zaman, hər adama müyəssər olmur. Uzun təhsil, təcrübə, yoxlama keçəndən, isti-soyuq görəndən, bərkə-boşa düşüb-çıxandan, tanınandan, hörmət, etibar qazanandan sonra bu mərtəbəyə çatırsan...

Neçə il əvvəl böyük bir vilayətin İcraiyyə Komitəsində çalışırdım. Özü də ağır vaxt idi. Vətən müharibəsi illəri. Günümüz, gecəmiz yox idi, səhər-axşam gözlənilməz mühüm tədbirlər keçirməli, yüzlərlə, minlərlə fəhlə, kəndli, xidmətçi qabağında, onların irəli gedənləri kimi işləməli olurduq, hər saat, hər gün yuxarılardan göstəriş, aşağılardan tələb alırdıq. Çalışırdıq ki, yuxarının, aşağının vəhdəti, məqsədəuyğunluğu əsasında ümumi iş, dövlət, xalq işi düzgün getsin.

Günümüzü səhərdən-axşamacan camaat içində, fabrikdə, kolxozda, məktəbdə, iclasda, müşavirələrdə keçirirdik. Bəzən lap gecə, camaat yatandan sonra kabinetdə yığılmış qalaq-qalaq kağızları oxuyub dərkənar qoymalı olurdum.

Belə bir axşam, başıaşağı, stolüstü çırağın işığında oturub kağızları oxuyurdum. Bir də gördüm hay düşdü, qışqırıq qopdu. Qapıçıya tapşırılmışdı ki, bu zaman idarəyə, xüsusən kabinetə adam buraxmasın. Gördüm qapıçı bir kəndli qadınla dalaşır, qadın dartınaraq çığırır, özünü içəri salmaq istəyir:

– Yoldaş filankəs, yoldaş filankəs, şikayətim var!

Qapıçı mane olur:

– Ay arvad, qəbul yoxdur, buraxa bilmərəm səni, gündüz gələrsən.

Mən qapıçıya işarə elədim:

– Burax gəlsin.

Qadın ağır bir yük altından çıxmış kimi, təngnəfəs özünü içəri saldı, bir az da uca səslə, cürətlə danışmağa başladı:

– Şikayətim var, yoldaş, mənim dadıma yetişin.

Qadın qoltuğunda iri bir boğça da gətirmişdi.

– Xala, – dedim, – şikayətinizi eşidərik. Ancaq o boğçanı qapıda qoyub gəlsəniz daha yaxşı olar, bura İcraiyyə Komitəsidir, mərifətlə gəlmək...

Bunu dediyimi gördüm, deyəsən, qadın elə fürsət axtarırmış:

– Ay qadan alım, mənə qanacaqsız demə. Boğçanı qoyub gələ bilmərəm, çünki, bütün mətləb elə həmin boğçadadır.

Qadın bu sözləri elə ürəkdən, riqqət və hiddətlə deyirdi ki, məni maraq götürmüşdü. Yəqin, deyirdim, oğurluq şey tutulub, ya evi qarət olunub, ya nədir?

O zaman bizim kənar rayonlarımızda sərhədçilər qonşu ölkələrdən keçən cürbəcür arzuolunmaz, çağırılmamış "qonaqlar" tutub gətirirdilər. Mən özlüyümdə belə gümanda ikən qadın sözünü təkrar etdi:

– Bütün mətləb həmin boğçadadır...

O, sanki məni inandırmaq üçün qoltuğundakını stolun üstünə atdı:

– Buyurun baxın, mən balamın qanını sizdən istəyirəm. Şura hökumətinin böyüyündən istəyirəm...

O, boğçanı açar-açmaz dəhşətli bir mənzərə yarandı. Qanlı köynək-tumanı, pambıqları, sarıqları, dəsmalları görəndə mən dayana bilmədim:

– Əyləş, xala, özünə toxtaq ver, danış görüm, nə məsələdir?

Bəzən bahar buludu kimi bir anda dolub-boşalan, bağlanıb-açılan insan xarakterlərini çox görmüşəm. Dinclik, müharibə, gərginlik, arxayınlıq, əsəbilik, intizar, təklik, izdiham şəraitində də görüb müşahidə eləmişəm. Qətiyyətlə deyə bilərəm ki, bu şikayətçi qadın qədər xatirimdə möhkəm iz buraxan ikinci bir hadisə güman etmirəm.

Bayaqdan gözlərindən qığılcım yağan, simasında hər şeyi parçalamağa hazır, pələng qəzəbi duyulan şikayətçi qadın, sanki mənim işarəmə bənd idi, tamam dəyişdi, yumşaldı. Deyəsən, köz üstünə su çilədilər. Qadın sakitcə oturub üzümə baxırdı, elə bil ürəyinin lap gizli guşəsində sirr kimi qalan, çıxmağa yol axtaran bir mətləbi demək istəyir, amma çətinlik çəkirdi.

– Danış görüm, xala, nə olub, nə baş verib, oğlun haradadır? Danış!..

Qadın iki əli ilə üzünü örtüb fəryad etdi, ağladı.

Sizi bilmirəm, mənim fikrimcə, dünyada ağlar sədalar qədər insanı sarsıdan heç nə yoxdur. Pərişan, gözüyaşlı, köməksiz bir qadının, oğul anasının fəryadı mənim bütün vücudumu sarsıtdı: ürəyim kövrəldi. Qəhərləndim. Qadına yanaşıb qolundan tutdum, qaldırdım, yaxma gətirib əyləşdirdim. Qapıçıya işarə elədim ki, su versin.

Handan-hana ana gözlərinin yaşını silib, sakit, rahat bir ahənglə dərdini danışdı.

Mən katibi çağırdım, deyilənləri nöqtəsinə qədər yazdırdım. Qadın gah mənə, gah katibə, gah stol üstünə sərilmiş qanlı paltarlara baxıb, iztirabdan üzülmüş, gücünü itirmiş, yorğun səsi ilə başına gələnlərin hamısını danışırdı. Danışdıqca, ürəyini boşaltdıqca yüngüllük duyurdu. Mən də bunu görüb təsəlli verirdim:

– Xalacan, darıxma, sənin şikayətinə diqqətlə baxılacaq, müqəssirlər cəzasına çatacaqlar. Heç şeydən çəkinmə, ehtiyat eləmə, sən indi hökumət idarəsindəsən, kimdən nə sözün, nə gileyin varsa, de, qoy yazsınlar. Sovet qanunları vətəndaş hüququnun keşiyindədir.

Qadının şikayətindən məlum oldu ki, oğlu limonad zavodunda fəhlədir. Təzə kostyum alıb, köhnə kostyumunu satmaq istəyəndə, bazarda bir milis tutub ki, sən yəqin alverçisən. Düş qabağıma, inzibati məntəqəyə gedək. Oğlan getmək istəməyib, milis təkid eləyib. O, deyib, bu deyib, sözləri çəp gəlib, dalaşıblar. Milis nəfəri oğlanı döyüb, yaralayıb, üstəlik, ittihamla dama saldırıb. Anasını da hədələyib ki, oğlun alverçidir, məhkəmədə cavab verəcək.

Əhvalat Təzəkənd rayonunda baş vermişdi. Səhərisi rayon milis rəisini və Rayon İcraiyyə Komitəsinin sədrini çağırtdırdıq. Hər ikisi hadisədən xəbərdar idi. Şikayətçi qadının dediyinə görə, xəbər tutublar, ancaq milis xidmətçisinin xətrinə dəyməyib, tərəfini saxlayıblar.

Vilayət İcraiyyə Komitəsinin rəyasət heyətində təsərrüfat məsələlərinin müzakirəsindən sonra qadının şikayətini müzakirə etdik. Oğlanı həbsdən azad etdirdik. Rayon İcraiyyə Komitəsinin sədrinə və milis rəisinə şiddətli töhmət verdik. Fəhləni döyən milis nəfərini məhkəməyə cəlb etdik.

Qadın sakit, razı halda idarədən gedəndən sonra mən əsəbi, yorğun halda mənzilimdə dincəlirdim. Bakıdan zəng çaldılar.

Zəng vuran ictimai asayiş naziri Məhişov idi. O, sözünü salam-kalamla başlayandan sonra mətləbə keçdi:

– Camaata şiddətli töhmət verirsiniz, yoldaş filankəs.

– Camaata yox, müqəssirlərə veririk.

– Bir iş üçün bir neçə məsul işçini cəzalandırmaq necə olur?

– İşlə əlaqədar olanlar barəsində söhbət gedib.

Məhişov mənim danışıq ahəngimi görüb, dəstəyi yerinə qoydu. Bir neçə saat sonra Ali Sovetdən katibə zəng elədi:

– Yoldaş filankəs, – dedi, – ayın doqquzunda, istirahət gününün səhəri Bakıda olarsımz, saat onda rəyasət heyəti iclasına siz də çağırılırsınız.

O saat bildim ki, milis rəisi şikayət eləyib, döyülənin işi müzakirə olunacaq.

Bəhanə gətirməyin mənası yox idi. Vacib işlərim olsa da, qadının şikayətini müdafiə etməyi üstün tutdum. Aym doqquzunda saat səkkizdə Moskva – Tiflis qatarı ilə Bakıya gəldim.

Payızın küləkli və soyuq bir günü idi. Evdəkilərə də xəbər eləmişdim. Gözlənilməz səfərimdən heyrətləndilər, bir saat ərzində hazırlaşıb, özümü iclasa yetirməli idim.

Mənə məlum idi ki, icrakomun götürdüyü ölçüdən narazılıq var. Xüsusən, töhmət alan vəzifəli şəxslərin şikayətini haqlı sayan yoldaşlar da var. Elə olmasa, bu tezliklə məsələni bu mərtəbədə qoymaz, işin bu vaxtında məni çağırmazdılar. Müzakirəyə elə bir hazırlıq da görməmişdim. Ancaq şikayətçi qadının ərizəsini və istintaqın surətini götürmüşdüm.

Həmin illərdə Ali Sovetdə Rəyasət Heyətinin iclasları həm geniş, həm də gurultulu olurdu. Camaat çox, məsələlər də mürəkkəb idi. Bizim məsələyə çatanda sədrin səsi ucadan eşidildi:

– Mürşüd buradadırmı?

Mən ayağa qalxdım. Sədr oturmağıma işarə elədi, sözü nazirə verdi.

Nazir bizim mahalda olan əhvalatı, daha doğrusu, həmin əhvalat barəsindəki iclas və qərarı ətraflı danışdı, sonra şərh eləməyə başladı:

– Nə təhər olubsa, – dedi, – Mürşüd yoldaş bir qadının şikayəti ilə iki məsul işçiyə töhmət verib, istintaq altında olan dustağı buraxdırıb, bir yoldaş haqqında da məhkəmədə iş qaldırıb. Görünür, mahalda çalışan yoldaşların bekar vaxtına düşüb, inzibati idarənin vəzifəsini öz öhdələrinə götürməyə həvəsləniblər.

Nazirdən sonra Rayon İcraiyyə Komitəsinin sədri odlu-odlu danışdı. Ətrafdakıları şahid çəkdi, töhmət alan yoldaşların ünvanına mədhlər yağdırdı. Daha bir yoldaş da çıxış etdi, ümumi danışdı. Lap axırda mənə söz verdilər.

Mən əhvalatı başdan, bir az da şikayətçi qadının ifadələri ilə danışdım, sovet qanunlarının vətəndaş hüququ haqqındakı tapşırığını, xəbərdarlığını söylədim. Qəbul elədiyimiz qərarı tamamilə müdafiə etdim. Doğru, düzgün, ədalətli olduğunu sübut etməyə çalışdım. Əyləşdim. Vəziyyət daha da gərginləşdi. Mənim ünvanıma atmacalar deyir, sədrin sözünü gözləyirdilər.

Sədr həmişəki kimi, yekun vurub, fikir demədi. Üzünü nazirə tutub familini çağırdı və axırına da bir "cənab" sözünü əlavə elədi:

– Cənab nazir, – dedi, – sizin məlumatınız tamam ayn cür idi. Yoldaş Mürşüdün məlumatı yaxşı ki, məsələni aydın göstərdi.

Nazir də, Rayon İcraiyyə Komitəsinin sədri də yerlərindən qımıldanıb nəsə demək istəyirdilər. Sədr səsinə kəsər verdi, daha da ucadan dedi:

– Mahalda bircə nəfər yoldaş zərərçəkən vətəndaşın harayına vaxtında çatıb, qanunu qoruyub. Siz ondan nə istəyirsiniz, balam? Mürşüd də, sizin kimi, şikayətçini qapıdan qovsa, bəlkə, xoşunuza gələrdi?!

Sədrin sözü hərifləri susdurdu. Sədr müzakirədə danışmaq istəyənləri dinləyəndən sonra hökmü özü verdi:

– Mən təklif edirəm: Mürşüd yoldaşın qərarı alqışlansın və təsdiq edilsin. Nazirin və İcraiyyə Komitəsi sədrinin bu məsələdə səhv hərəkəti qeyd olunsun və nəzərlərinə çatdırılsın. Həm də bütün rayon icrakomlarının nəzərinə çatdırılsın.

Hamı təklifi bəyəndi, etiraz eləyən olmadı.

Mən o müzakirədən çox məmnun çıxdım. Fürsət axtarırdım ki, şikayətçi qadını, oğul anasını bir də görüm, əhvalını soruşum, şikayətini çətin mərhələlərdən cəsarətlə keçirən, ədalət və həqiqət yolunda heç nədən, heç kimdən qorxmayan mərdanə anaya təşəkkürümü bildirim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов