Öyrəncəkli
Adət!
Biri deyir, adət yaxşı şeydir.
Bir deyir, yox, pis şeydir.
Düzü hansıdır?
Bizim mənzillər qışda batareyalar, yəni isti su boruları ilə qızdırılır. Nəhəng binanın altında böyük qazanlar qoyulub, onların suyunu dağ eləyib borularla mənzillərə verirlər. Dəmir borular da havanı qızdırır.
Qazanları yandırıb-söndürən xidmətçi - qazançı həmişə işlə məşğuldur. Adı da Qulamdır. Bu mənzildə yaşayanlar onu yaxşı adam kimi tanıyırlar. O da hammı tanıyır, kimin nə vəzifə sahibi, iş sahibi olduğunu yaxşı bilir.
Yuxarı mərtəbədə bir nazir yaşayır. Nədənsə Qulam dayının gözü həmişə onun pəncərəsindədir. Çalışır ki, nazirin mənzili isti, canı rahat olsun. Nazir də bu işə çox diqqət yetirir. Hər səhər evdən çıxanda onu dayanıb qazanxanaya baxan görər, xırıltılı səsini eşidərsən:
– Qulam, uşaqlar donur, bu zəhirmarı yandırmırsan, nədir?
Yaxud:
– Qulam, nə xod vermisən, dam-divar yandı, kişi!
Qulam neçə il idi, nazirin işarələrinə alışmışdı. Gah sobalara qaz verir, gah azaldırdı. Hərdən ərinmir, pilləkənlərlə yuxarı qalxıb nazirin evinin havasını yoxlayır, gəlib qazanxananın işini sahmana salırdı. Qulam kişi buna elə adət eləmişdi ki, nazir evdən çıxanda onun qabağında əsgər kimi salama durub əmr eşitmək istəyirdi. Nazir də, kişinin bu ehtiyacını nəzərə alır, hərdən bir söz deyirdi:
– Kişi, bəsdir, evi hamama döndərmə, sobaların xodunu al.
– Qulam, yenə bu nə soyuqdur, isti su yoxdur, nədir?
Qulam kişi əlini alnına aparıb: "göz üstə!" - deyir, qazanxanaya qaçırdı.
İş elə gətirdi ki, o nazir bizim evdən getdi. Getdi, amma onun yerinə yenə də nazir köçdü. Bu, başqa nazir idi. Harda işlədiyini bilmirəm. Amma onu bilirəm ki, nazir idi. Çünki səhər-axşam qapısında maşın dayanırdı. Bu nazir gələndən sonra Qulam da adəti üzrə özünü yığışdırdı, işindən möhkəm yapışdı. Qapıda dayanıb yenə deyəsən əmr gözləyirdi. Amma nədənsə ona heç əmr verən yox idi. Nazir qapıda Qulamı görən kimi, salam verib ötürdü. Qulam da gözləyirdi ki, görsün nazir istidən nə deyəcək, soyuqdan necə şikayətlənəcək. Bir söz eşitmirdi. Bir gün belə, beş gün belə!
Qulam kişi başladı darıxmağa, narahat olmağa:
– Bu necə işdir? Nazir, görəsən, niyə soruşmur, niyə dinmir? Küsüb, ya inciyib, nədi? Yoxsa məni kişiyə şeytanlayıblar?
Qulam dayı bir-iki dəfə nazirə müntəzir olub sözünü demək istədi. Qapıda dayanıb salamdan sonra yaxınlaşdı:
– Yoldaş filankəs, sobalar necə yanır, soyuqdan korluq çəkmirsiniz?
– Bizim şikayətimiz yoxdur. Narahat olmayın, sağ olun!
Qulam dayı kor-peşman qayıtdı.
Qayıtdı, amma başa düşmədi ki, bu nə işdir. Nazir olasan, qazançıya göstəriş verməyəsən? "Yox, burda nəsə bir iş var. Deyəsən, bu kişiyə məndən nəsə deyiblər, üzümə baxmaq istəmir." Sabahısı gün Qulam qapını döyüb soruşdu:
– Xanım, sobalar necə yanır, evin hərarəti qaydadadırmı?
Bacıdan qabaq nazirin səsi gəldi:
– Yaxşıdır, sağ olun, Qulam dayı! Yaxşıdır.
Qulamı heyrət götürdü: "Ayə, bu lap gicəvəngidi ki! Heç isti-soyuq bilmir! Dünən sobalar səhərəcən yanıb, istidən dam-divar alışıb, amma bu heç nə demir!"
Təzə nazir sakit, səbirli, səliqəli adam idi. Evdə isti-soyuğu özü sahmana salır, lazım olanda boruları bağlayır, lazım olanda açır, hərarəti qaydasında saxlayırdı. Qulam dayıdan heç nə soruşmurdu.
Amma Qulamı vahimə basmışdı: "Görəsən, nə var! Görəsən, bu kişi məndən niyə yanıqlıdır? Niyə mənə bir söz demir, məndən nə eşi-dibsə, üzünü yan çevirir!".
Aşkar, aydın idi ki, Qulam kişi danlanmağa adət eləyib, adətini də tərgidə bilmir. Başıqapazlı adamların çoxu çalışar, vuruşar ki, başından bu qapazı yox eləsin, sərbəstliyə çıxsın. Eləsi də var ki, Qulam kimi, qapaz əskiləndə qorxuya düşər: "Görəsən, niyə belə oldu? Görəsən, nazir niyə mənə əmr vermir, nə eşidib, nə eşitməyib. Allah, sən özün saxla!"
Qulamın intizarı uzun sürmədi. Günün birində onu evlər idarəsinə çağırdılar. Çağırıldığını eşidəndə kişinin ürək döyüntüsü artdı: "Hə, görəsən, nə iş var? Görəsən, nazir evlər idarəsi müdirinə nə tapşırıb? Acığını mənim üstümə tökəcək!"
Qulam idarəyə çatanda evlər idarəsi müdiri salam verib kişinin əlini sıxdı. Qarşıdakı bayram münasibətilə mükafatlandırıldığını xəbər verdi:
– Qulam kişi, sənin işindən biz razıyıq. Sən gecə-gündüz burda zəhmət çəkir, ev sakinlərinin rahatlığını gözləyirsən, əllərin var olsun, bədənin həmişə möhkəm olsun! Həmkarlar komitəsi ilə məsləhətləşmişik, səni aylıq əməkhaqqı ilə mükafatlandırmışıq!
Evlər müdiri gülümsəyərək əl verdi:
– Etirazın yoxdur ki?
Qazançının sükutla dayandığını görüb yer göstərdi:
– Keç əyləş!
Qulam kişi sevincindən bilmirdi nə desin. Gözləmədiyi işlər görür, sözlər eşidirdi. Axı, bu müddətdə heç kəs onu danlamayıb, heç kəs ona "göstəriş" verməyib, addımbaşı sobalarını yoxlamağa gələn, hərarətini ölçən olmayıb! Kişi başını qaldırıb ətrafa, pəncərədən açıq, təmiz mavi fəzaya baxır, başının üstündə qapaz, danlaq nədir, günəşdən başqa bir şey görmürdü. Gülümsünərək sakitcə müsahibinin üzünə baxırdı.
Düşünürdü ki, "ey dili-qafil, belə də olarmış!"
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-oyrencekli
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu adamı çoxmu, azmı görürəm, onu deyə bilmərəm... Demək də çətindir. Çünki bunu müəyyən etməyə bir ölçü yoxdur. Vaxt olur ki, dostum günaşırı evimə gəlir, hətta süfrəmdə əyləşir. Elə vaxt da olur ki, aylarla onu görmürəm. Əlbəttə ki, bu vaxtlar ovqatım təlx, işlərim qarışıq olur, heç nə yadıma düşmür. Bilmirəm, işlərimin qarışıq olduğunu dostum haradan bilir və mənə yaxın gəlmir, başağrısı vermək istəmir.Dostum gələndə bilirəm ki, işlərim sahmandadır. Hərif gələndə də dil-dodağını, boğazını yağlamış kimi çox şirin danışır:
Rola giribBeləsi iki cür olur. Biri teatrda yaxşı sənətkar, mahir aktyor!Biri də həyatda özünü böyük mövqedə olanlar arasında göstərmək iddiasında, meylində olanlar. Mən bunlardan birini tanıyıram. Heç bu tanışlığıma da peşman deyiləm. Çünki kişini görəndə ürəyim açılır. Vallah, başdan-ayağa tamaşadır. Teatrdan, kinodan, sirkdən, konsertdən artıq tamaşadır. Adama ləzzət verir, baxmaqdan doymursan.
Sözün yeri varŞəfiqə xanımla Şirin xanımın qonşuluq, dostluq münasibətləri təmiz, möhkəm və fərəhli idi. Hər ikisinin yeganə balası bir yaşda, bir boyda idi, bir bağçada tərbiyə alırdı. Analar görüşəndə, hər şeydən əvvəl, uşağın kefini soruşardılar:– Ziyafət necədir?
İki qız, bir oğlan– Məktubunuza müfəssəl cavab almaq istəsəniz, vağzala gəlin. Ayın on dördündə saat dörddə Hökumət evinin qabağında görüşə bilərik!Əsəd dəstəyin şəbəkəsinə çox qışqırıb "alo", "alo" dedi, ancaq gec idi. Novella telefonu qoyub getmişdi.
Стихи других поэтов
Bababəy Şakirə*Ey Bababəy, bu humayun əskərin
Şəhdabi-ləbin sağəri-peymanə tək, ey dust!Şəhdabi-ləbin sağəri-peymanə tək, ey dust!Dürci-dəhənin höqqeyi-dürdanə, tək ey dust!
Ey xudanı fikr edən, gəl kuhsarın fikr qılEy xudanı fikr edən, gəl kuhsarın fikr qıl,Gunə-gunə tər şükufə, laləzarın fikr qıl!
Bayrağım enərkənSən, Bayrağım! Yüksək şanlarınla enərkənMavi göyə bir duman gəldiyini gördüm bən.