Özgə uşağı
Страница 1 из 2
Ünsiyyət insanlığın birinci şərtidir.
Atalar deyib: “Dağ-dağa qovuşmaz, adam adama qovuşar”.
Aprelin otuzunda hava dağ havası kimi açıq, duru və sərin idi. Axşam istirahətindən sonra Fəraməz arvadı Zivərlə sahilə, gəzməyə hazırlaşırdı. Zivər hamıdan əvvəl uşaqlarını – on yaşlı Yarpızı, üç yaşlı Aydını geyindirib həyətə buraxdı. Özü də paltarını dəyişib çıxırdı. Dəhliz ağzında çəkməsini düymələyirdi ki, qapının zəngi səsləndi.
– Ay qız, bəsdir! – deyə bir səs gəldi.
Zivər güman edirdi ki, zəngi vuran, anası ilə zarafatlaşan Yarpızdır. Ona görə də zəngin səsinə məna vermədi. Zəng təkrar olundu. Zivər qapını cəld açdı ki, qızına acıqlansın, ayrı bir səs gəldi:
– Qonaq istərdinizmi?
– Paho! Xoş gəlmişsiniz, çox səfa gətirmişsiniz! Həqiqət müəllimə, buyurun, buyurun!
Qonaq əl verib görüşsə də, ev sahibini gəzmək əzmində görəndə duruxdu:
– Zivər xanım, deyəsən, gedəsi yeriniz var. Gedək, mən mane olmavim.
– Heç yerə getmirik, elə belə geyinikli idim, indicə gəlmişəm, keçin içəri!
Fəraməz içəri otaqdan gəlib qonağa əl verdi, xoş gəldin elədi:
– Keçin, Həqiqət xanım! Buyurun, əyləşin!
– Doğrusu, yaxşı olmadı...
– Lap yaxşı oldu. Yaxın əyləşin!
Qonaq əlindəki qutunu pəncərəyə qoydu, sumkasmı çəngəldən asıb stul çəkdi, oturdu. Zivər mətbəxə keçib ocağı yandırdı. Çayniki, qazanı oda qoydu. Həyətə qaçıb qızının ovcuna nə isə sıxdı və tapşırdı:
– Qaç, Yarpız, bu yaxın budkadan bir banka qatıq al gətir! Yarpaq dolmamız var, tez get ki, axşamdır, bağlanar.
Yarpız ovcundakı üçlüyə baxdı, təkrar qatladı. Getmək istəyəndə Aydın ağladı: "M ən də gedirəm! Məni də apar!"
Yarpız qardaşının sözünə qulaq asmadan yeyinlədi. Aydın da ağlaya-ağlaya bacısının dalınca qaçdı.
– Mən də gedirəm, mən də gedirəm, – sonra anasını çağırdı.
– Ana, mən də gedirəm!
Zivər əziz qonağına başağrısı olmasın və uşağın səsi kəsilsin deyə qızına icazə verdi:
– Yarpız, əlindən tut onu da apar! Muğayat ol, səkidən aşağı düşməsin. Tez qayıdın!
Zivər bunu deyib cəld qonağın yanma qayıtdı.
Həqiqət xanım dedi:
– Uşağı göndərmə, tünlükdür, heç bir şey lazım deyil!
Zivər Həqiqət xanımı inandırdı ki:
– Budur, buradadır, yaxında, iki addımlıqdadır. Bir şey olmaz! Fəraməz də gəlib stol başında oturdu.
Şübhəsiz ki, Zivər uşağı qatıq almağa göndərəndə Fəraməz eşitdi. Onun da fikrinə gəldi ki: "Bəlkə özüm gedəm ". Sonra adəti üzrə düşündü: "Uşağı o qədər də əzizləməyin, ərköyün böyütməyin xeyri yoxdur. Sabah həyata çıxacaq, müstəqil vətəndaş olacaq. İndi bir stəkan qatıq almağı da öyrənməsə, on səkkiz yaşında da gərək ana qucağından ayrıl masın. Nə olacaq, uzağı satıcıya bir abbası, beş şahı artıq verəcək. Bunun heç eybi yoxdur... Hətta batumlu bir dostunun sözü də yadına düşdü. Guya Batumda hambal çağıranda belə deyirdilər: "Ay ananın əziz oğlu, bura gəl! Çünki əzizlənib, böyüyən, heç bir sənət dalınca getməyən cavanlar axırda hamballığa məcbur olurmuş.
Həqiqət xanım "uşağı göndərməyin" deyəndə Fəraməz istədi bu misalı çəksin, aralığa ayrı söhbət düşdü.
Həqiqət xanım Fəraməzin də, Zivərin də yaxın dostu və əzizi idi. Əvvəla, ona görə ki, Həqiqət xanım onların hər ikisinə dərs demişdi. Balacalıqdan onları yaxşı tanıyır, tərbiyələri ilə məşğul olurdu. Hətta onların toyunda da fəal iştirak etmiş, hər ikisinə böyüklük etmiş, oğlanın da, qızın da alnından öpüb, təbrik nitqi demiş, xeyir-dua vermişdi. İndi Fəraməzin, Zivərin belə bəxtiyar bir ailə qurmaları, gül kimi balalar böyütmələri onun üçün nə qədər fərəhli və xoş idi!
Həqiqət xanım bir də ona görə əziz idi ki, neçə ildən bəri Fəraməzin evinə ayaq basmamışdı. Çünki onu bir müddət rayon texnikumlarından birinə direktor təyin etmişdilər. Orada ikən əri vəfat eləmişdi, qadın tək qalmışdı, çox çətinlikdən sonra təkrar Bakıya işə təyin olunmuşdu. Fəraməz də, Zivər də bir teleqramla kifayətlənmiş, öz tələbəlik vəzifələrini layiqincə yerinə yetirib, Həqiqət xanımı yoxlamamış, vaxtında əhvalını soruşmamışdılar. İndi isə müəllim təşəbbüs edib, tələbələrinin evinə gəlmişdi. Buna görə də cavanlar müəllim yanında xəcalətli kimi idilər, üzrxahlıq eləməyə söz və fürsət axtarırdılar.
Üçüncü tərəfdən də Həqiqət xanımın gəlişi adi bir gəlişə oxşamırdı. Ona görə oxşamırdı ki, bu evi o, birinci dəfə görürdü.
Fəraməz bu evə köçəli bir il deyil. Moskva arxitektorlarının planı ilə, şəhərin mərkəz yerində, ali məktəb işçiləri üçün tikilən bu evin səliqə-sahmanı, şöhrəti hər yerdə deyilirdi. Həqiqət xanım, söz yox, təzə evin mübarəkbadlığını da nəzərdə tutmamış deyildi. Bu görüş hər iki tərəfin qəlbən arzu etdiyi sevincli, fərəhli bir görüş idi. Çünki müəllim övlad qədər sevdiyi tələbələrinin bəxtiyar həyatını seyr etməkdən, tələbələr də müəllimlərin səyinə minnətdarlıq etməkdən xüsusi bir həzz duyurdular.
Dostlar işıqlı, səliqəli evin eyvanında, süfrə başında əyləşməkdə, şirin söhbətdə olsunlar, biz də bir neçə dəqiqəliyə, qatıq dalınca gedən uşaqların yanına qayıdaq.
Uşaq zehninin böyük, maraqlı və bakir bir aləm olduğunu kim inkar edə bilər? Psixoloqlar, pedaqoqlar bu aləmi necə öyrənir, necə qiymətləndirir, onu bilmirəm. Onu bilirəm ki, bu aləm kainat qədər böyük, təbiət qədər zəngin və əlvandır. Bu aləmi təfsilatına qədər yaxşı bilən alimlər xoşbəxtdirlər. Ancaq inanmıram ki, bir alimin bilik tərəzisi bu ağırlığı çəkə bilsin. Çünki böyük rus şairi gözəl deyib: "Bir qəlbin tarixi bir xalqın tarixi qədər zəngindir."
Bir damcı suda kainat əks olunduğu kimi, bir uşağın zehnində də bütün bir mühit əks olunur. Bəzən ən xarakterik hərəkətlərimiz, xasiyyətlərimiz bizim saymadığımız, məna vermədiyimiz bir uşağın ilk baxışı ilə təyin olunur. Təyin olunur və həmişəlik onun zehnində həkk olunub qalır. Bir zaman haqqımızda soruşulanda uşaq adımızı, familiyamızı, ya peşəmizi yox, ona təsir edən hərəkətimizi xatırlayıb deyir:
– Hə, o dişiaçıq kişinimi deyirsən, tanıdım! Göyə baxan adamı mən həmişə köşk qabağında görərdim...
Uşaq zehninin qüdrəti, əhatə dairəsi və davamı da çoxdur. Güzgü qabağında duran hər predmet labüd əks olunduğu kimi, uşağa rast gələn hər şey onun zehnində öz təsirini buraxmalıdır və buraxır. Sizin yanınızdan quş kimi ötərək, bəzən oynaq gözlərini üzünüzə dikən, aşağıdan yuxarı diqqətlə baxan balacaları bala saymayın! Onların yanında özünüzü yığışdırın! Onlar gələcəkdə sizin haqqınızda hökm verənlərdir.
Nə isə, mətləbdən uzaq düşməyək.
Yarpız bankanı budkaçıya verib pulunu yoxlayanda küçənin o biri tərəfindən bir kişi keçirdi. Kişinin əlində bir oyuncaq qaz var idi. Kişi uşaq üçün aldığı oyuncağı həris kimi, deyəsən, oynadır, o yan-bu yanına diqqət yetirirdi. Aydın onu görən kimi, səkidən düşüb yüyürdü və kişinin əlindəki oyuncağa baxmağa, gülümsəyərək yeyin yeriməyə başladı.
Milis nəfəri körpə uşağın kişini izlədiyinə diqqət edirdi. Uşağın atası saydığı kişinin etinasız getdiyini, tini dönəndə heç uşağı axtarmadığını, gözləmədiyini görüb yəqin etdi ki: "Özgə uşağıdır!" Uşağa yaxınlaşıb əl verdi:
– Nə yaxşı oğlansan, ə!
Uşaq güldü, kişi gedən tərəfə işarə etdi:
– Qusi, qusi, qa-qa-qa!
Milis nəfəri hansı ətrafa boylandısa, bəlkə uşağın böyüyünü görsün, heç kəs yaxın gəlmirdi, deyəsən, uşaq göydən düşmüşdü.
– Bəs sən... Bəs sən kimlə gəlmişsən? – deyə milis nəfəri uşaqdan soruşdu.
– Yarpıznan!
– Hanı bəs Yarpız?
Uşaq ətrafına baxındı və məyus bir cavab verdi:
– Yoxdur!
Milis nəfəri uşağı qucağına götürmək istədi:
– Gəl, səni evinizə göndərəcəyəm!
Uşaq balıq kimi silkinib onun əlindən çıxmaq istədi:
– İstəmirəm.
– Eviniz hayandadır?
– Buradadır!
– Hansıdır?
– Odur!
Milis nəfəri uşağın əlindən tutub binaya yaxın gəldi:
– Hansı qapıdır?
Uşaqdan cavab gəlmədi.
– Kimin oğlusan?
– Papanın!
– Papanın adı nədir?
– Fəriş.
Milis dayandı:
– Necə yəni Fəriş? Familiyan necədir?
– Bəs sənin adm nədir?
– Aydın!
– Harada olursunuz?
– Evdə.
– Evinizi göstər görüm!
Uşaq dayandı, kiçik barmağını ağzına apardı, altdan yuxarı milis nəfərinin üzünə baxdı.
– Atan harada işləyir?
– İclasda!
Milis nəfəri uşaqdan müəyyən bir cavab ala bilməyəcəyini yəqin etdi, düşündü ki: "Rayona aparmaq lazım gələcək, bu saat valideyni axtarır".
Uşağı qucağına götürüb getmək istəyəndə Aydın oyuncaq istədi:
– Qusi-qusi, qa-qa-qa!
– Gedək sənə, qusi-qusi qa-qa verəcəyəm!
Uşağın məyus sifətini sevincli bir gülüş işıqlandırdı.
Milis nəfəri postunu yoldaşlarından birinə tapşırdı, uşağı dilə tutub rayona gətirdi və onu növbətçiyə təhvil verəndə dedi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-ozge-usagi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sülhə xidmət – vətənə xidmətdir.Vətənə xidmət – sülhə xidmətdir.
Çin qızıİsti yay günlərindən birində, Yantseya dəmiryoluna tərəf enən çılpaq yamacdan ayaqyalın bir qız uşağı yeyinləyirdi. Onun saçları pərişan, yaxası açıq idi. Çiynindən məktəbli çantasına oxşayan boz bir həmayil aşırmışdı. Bu qız üç gün əvvəl atası ilə çəltik tarlasında çalışırdı. Vətən göylərinə yol tapan hava quldurları – amerikan təyyarəçiləri zenit topçularının qorxusundan şəhərə soxula bilməmiş, bu yerləri – kənd evlərini, yolları, tarlaları bombalamışdılar. Səkkiz yaşından anadan yetim qalmış olan Lan-ni atasını da burada itirmişdi.O dəhşəti gözü ilə görəndən sonra Lan-ni evə-eşiyə, kəndə yovuşa bilmirdi. Bir az tərəddüddən sonra qız, atasının təzə qəbrini son dəfə qucaqlayıb birbaş şəhərə yola düşmüşdü.
Gilasın sevinciO lv.Gözlənilən gün gəlib çatdı.
Əsgər oğlu1– Başı xeyirlilər çörəyi-suyu da vaxtında yeyib-içmirlər. Belə də dərs olarmı, belə də candan keçmək olarmı. Müəllimlərinə bir deyən, bir çatdıran yoxdurmu. Nədir bu axı...
Стихи других поэтов
Zakira, eşitdim təzə bir xəbərHəqiqətdə qoydu məni xeyli mat
VədəsindəQədir mövlam, aman vermə dumana,Buyurur dağları köç vədəsində.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Urra!!!Urra! Mənə urra! Sənə urra! Ona urra!Urra! Bizim əvvəlimizə urra, sona urra!