Parisdə görüş
Страница 1 из 4
Təyyarəmiz axşamüstü saat 5-də (yerli vaxtla 3-də) Parisdə Burje təyyarə meydanında yerə endi. Mayın on biri, ilin, həm də Fransanın yaxşı vaxtı idi. Xiyabanlar yaşıllaşmış, fransızların çox sevdikləri palıd ağacları çiçəklənmişdi. Soyuqdan ehtiyat edən yoldaşlarımız palto götürdüklərinə heyifsilənirdilər.
Bizi Brevan mehmanxanasına aparan avtobusda bələdçimiz gödəkcəli, zirək bir qadın idi. O, keçdiyimiz yollar haqqında məlumat verirdi. Hələ Fransa mərkəzinin həvalisində, adətən, böyük şəhərlərin çoxunda olan kənar, dar, birmərtəbə evlər, seyrək ağaclarla əhatə olunmuş küçələrdən keçirdik. Deyilənlərə görə, Parisin 20 rayonu, altı "darvazası" (portu) var ki, müxtəlif cəhətlərdən gələn yolları birləşdirir. Ara-sıra qaranlıq, köhnə tunellər ilə də gedirdik. Böyük, əzəmətli binalarla yanaşı, bu şəhərin adma yaraşmayan alçaq, köhnə, kiçik pəncərəli evləri hər addımda görmək olurdu. Geniş meydanlara çıxanda mənzərə dəyişirdi.
İlk baxışda şəhər nəhəng bir nəqliyyat məntəqəsinə oxşayırdı. Pasxa bayramı münasibətilə yarım milyon parislinin şəhəri tərk edib dincəlməyə getdiyini də bizə dedilər. Müxtəlif rəngli, markalı, biçimli maşınlar meydan və küçələri, hətta bəzi səkiləri də tutmuşdu. Piyadaların da hərəkəti çətinləşmişdi.
Kiçik Parisdə üç, böyük Parisdə (həvalisi ilə) altı milyon əhali var. Burada hər mürəbbe kilometrdə 27,2 min adam yaşayır.
Bir parisli köks ötürərək, mənim bu sıxlıq haqqındakı sualıma belə cavab verdi:
– Paris gözəl şəhərdir, ancaq biz boğuluruq. Burada hər şey, quş südü də var, ancaq quş qədər nəfəs almaq imkanımız yoxdur!
Doğrudan da, belə bir sıxlıq şəraitində yaşayanlara qibtə etməyə dəyməz. Sürət, intizar, rəsmiyyət, ehtiyat...
Görünür, müasir elm, arxitektura plansız, stixiya ilə inkişaf edən bu şəhərlərin həyatını, quruluşunu lazımınca öyrənib nizama sala bilməmişdir. Elə bir vəziyyət əmələ gəlmişdir ki, hamı öz həyatını böyük şəhər, hətta mərkəzlə bağlamağa çalışır. Kənddə "süd gölündə" üzməkdənsə, mərkəzdə bir stəkan suyun növbəsində dayanmağı üstün tutanlar az deyil. Ancaq parislilər kənarda bir parça yer ələ keçirmək, əkmək, biçmək, əylənmək istəyirdilər. Bu səadət isə hər kəsə müyəssər olmur, yerin hər qarışı qızıl bahasınadır. Qəbir yerləri də ölçülüb satılır, ya icarəyə verilir.
Həyat, yaşayış, güzəran qeydi Parisdə daha güclü, daha əsəbi bir qayğı ilə çarpazlaşmışdır:
– Qazanc ehtirası!
Burada həmin ehtiras çox qüvvətlidir. Bu "altun dənizinə" düşüb, ömrü boyu çapalayan cılız, balaca adamlara yazığın gəlir. Dünyanın bütün nemətləri belə hərislərə nemət yox, Marks demişkən, əmtəə görünür. Hətta, əmək kimi müqəddəs, yaradıcı bir qüvvəyə sahibkarlar, tacirlər ancaq əmtəə, qazanc vasitəsi kimi baxır, başqa heç bir əlamətə diqqət yetirmək istəmirlər. Parisin və bütün Fransa şəhərlərinin zahirində ən güclü şey reklamdır. Bu, qadın zinəti kimi cazibəlidir. "Ticarətin nəbzi" adlandırdıqları reklama nə qədər rəng, rövnəq verirlər. İşıq, rəng, şəkil, söz, maşın, radio, televiziya, kino... Vasitə yoxdur ki, buna xidmət etmə278 sin. Kann şəhəri Aralıq dənizi sahillərində sıralanan gözəl villaları ilə məşhurdur. Ağ daşdan tikilmiş dəniz bulvarının döşəməsinə, bişmiş kərpic tozuna oxşayan təmiz qum tökülmüş, dincələnlər üçün yüzlərlə rəngli çətirlər açılmışdır. Hər oturumu pul ilə olan kürsülər qoyulmuşdur.
Buradaca yunanlının xaki eşşəyinə sığal verdiyini görmək təəccüblüdür. Ulağın ətirli bitkilərdən ibarət yüngülcə yükü var. Sahibi həmin bitkiləri nümayiş etdirmək üçün şüşədən eşşəyə ətir püskürür. Ötüb-keçənlər tamaşaya dururlar. Bu vasitədən öz mənfəətləri üçün istifadə etməyə fürsət tapan tacirlər eşşəyin palanına balaca lövhələr - reklamlar taxmağı unutmurlar.
Bizim nəzərimizdə Paris mədəniyyət, həm də inqilabi ənənələr, Didroların, Hüqolarm, Balzaklarm, Barbüslərin vətəni kimi böyükdür. Hüqo hələ keçən əsrdə bu böyük şəhər haqqında qeydlərində deyirdi: "Paris səpəndir. Nə səpir? Qığılcım. Harada səpir? Qaranlıqda!"
Bəlkə, keçən əsrdə belə idi. Doğrudan da, XVIII - XIX əsrlərdə Fransanın mərkəzi müəyyən dərəcədə Avropanm mərkəzi idi.
İndi bu böyük aforizmin yalnız zahiri cəhəti gücündə qalmışdır. Doğrudur, Paris qığılcım səpir. Ancaq bunu müstəqim mənada götürmək daha düz olar. Bu qığılcımlar rəngbərəng reklam, cürbəcür gözqamaşdıran şəkillərdən ibarətdir. Bütün ölkə boyunca iri latın hərfləri ilə yazılmış, maraqlı şəkillərlə bəzənmiş sözləri təkrar-təkrar görürsən.
Yollara vurulmuş böyük reklamlarda sürətlə qaçmaqdan nazilib ilana dönən bir ov itinin şəklini çəkirlər. Yəni, "məndən benzin alsan, bu sürət və səlamətliklə gedərsən!"
Otel, kafe, restoran, kazino elanları, lap böyük kampaniyaların rəngli lövhələri səyyahları təngə gətirir. Neçə binada "Lion Kredit" yazılar, neçə şəhərdə "Andrey" müştərilərini çəkmə mağazasma çağırar, neçə yerdə yarımçılpaq oturan, uzanan qız şəkilləri adamlara müraciət edər, əyləncə yerlərinə çağırar? Neçə yerdə dərzi modaları, yaraşıqlı gənclərin əynində cürbəcür pozada nümayiş etdirilər?..
Parisin dünyaya məşhur sənət abidələrinə (muzeylər, heykəllər, kilsələr, saraylar, meydanlar) söz yoxdur. Sena çayı ətrafında yerləşən, spiral və ya dairə şəklində böyüyən bu gözəl şəhərdə tamaşalı yerlər olduqca çoxdur. Ulduz meydanından, Zəfər tağının ətrafından müxtəlif istiqamətdə on iki böyük prospekt ayrılır. Bunların hər biri də gedib başqa məşhur meydanlara çıxır (Konkordiya, Hoqo, Diano...) ki, hər birini gəzib öyrənmək üçün çox vaxt lazımdır. Yelisey sahəsi, ya küçəsi şəhərin an gözəl, səfalı yerlərindən biridir. Məlum olduğu üzrə, Elizium yunan mifologiyasında "ölü ruhlarının" əbədi rahatlıq yeri sayılır. Məşhur şair Homer Odisseya əsərində bu "cənnət guşəsinin" təsvirini vermişdir. Fransanın paytaxtındakı küçənin adı da yəqin ki, həmin etiqad ilə bağlıdır.
Parıltılı mağazalar, ticarət kompaniyaları ilə zəngin olan bu xiyabanın bir başı gəlib Zəfər tağına, o biri başı da Konkordo meydanına çıxır. Hər tərəfi fəvvarə, abidə, heykəllərlə bəzənmiş xiyaban abad, cazibəlidir.
Yalnız Fransa xalqı üçün deyil, bütün dünya ədəbiyyatı və mədəniyyəti üçün əziz və qiymətli olan Viktor Hüqo, Balzak, Emil Zolya və sair simaların təkrar-təkrar rast gəldiyimiz heykəlləri həyatını böyük amal uğrunda qurban verənlərə ləyaqətli xatirə olmaqdan başqa, həm də istedadlı sənət nümunələridir.
Sena lal, lam axan, sanki şəhərə yaraşıq, gəlib-gedənə zövq verən gözəl bir çaydır.
Site adası çayın ortasındadır, şəhərin ən abad, tamaşalı yerlərindən biridir. Səyyahların çox maraqlandığı Notr-Dam kilsəsi də buradadır.
Bu nəhəng şəhərdə qısa müddətdə müsafir olan bir adamın Paris haqqında dediklərini, əlbəttə ki, kamil və kifayət saymaq olmaz. Ancaq Parisin bütün gözəllikləri, dəbdəbə, parıltılarına rəğmən, mənə elə gəldi ki, indi bu, geriyə baxan, keçmişi ilə daha çox fəxr edən bir şəhərdir. Bütün gəzməli yerlərdə, saray, muzey, parklarda bu gündən az şey görər, eşidərsiniz: Napoleon filanıncı ildə belə əmr verdi. XIV Lüdovik belə dedi, Kralın ilk izdivacı burada olub, ordunun məşhur nümayişi bu meydanda keçib. Filan romanın qəhrəmanı bu yerdə yaşayıb, filan beynəlxalq müqavilə bu yerdə bağlanıb.
Mən bu tarixi yerlərin heç birinin əhəmiyyətini azaltmaq fikrində deyiləm. Bunlar mütəxəssislər üçün tarixi fakt, əyani vasitədir, həm də gözəl sənət abidələridir. Qeyd etməliyəm ki, sənət abidələrinin saxlanması, qorunması, nəşri, təbliği işi çox zövqlə, mədəni bir üsulda təşkil olunmuşdur. Ancaq bizim kimi qələm sahiblərini, hər şeydən əvvəl, müasir Fransa, indiki həyat və cəmiyyət daha çox maraqlandırırdı. Bu mənada Parisdə yenilik, demək olar, çox azdır. Təzə tikinti Yunesko binasını, bir də böyük sərgi binasını çıxmaq şərtilə başqa mühüm bir tikintiyə rast gəlmədik. Bu iki tikinti maraqlı idi.
Burada mənzil şəraitinin çox çətin olduğunu bizə dedilər. Şəhər kənarında çoxmərtəbəli, otaqlarının tavanı alçaq olan biçimsiz bir bina göstərdilər. Guya, şəhər idarəsi belə binaları tələsik tikib icarəyə verməyə çalışır. Qazanc ehtirası ilə yaşayan sahibkar, tacirlər müştəri cəlb etmək üçün qabıqdan çıxırlar. Rəssamların çoxu bu "təbliği" işə cəlb olunurlar. Bunları gördükcə kapitalizm dünyasında "pul kisəsindən asılı olan rəssam", yazıçı haqqında V.İ.Leninin hələ yarım əsr bundan əvvəl dediklərini bir daha xatırlayıram. Əməyini bu cür məqsədlər üçün hərraca qoymağa məcbur olan sənətkarlara yazığım gəlir. Rəssamların az bir qismi müəyyən muzeylərdən, ya xaricilərdən sifariş alıb klassik nümunələrin (Luvrda, Versalda) surətini çıxarırsa, çox qismi işsizlik ucundan bazar, meydançalarda kürsü qoyub pula gedən, yüngül mənzərələr çəkməyə məcbur olurlar. Avtobuslar, fotovitrinlər və mehmanxanalarda belə şəkillərə çox rast gəlmək olar. Qəribədir, burada reklamın nə dərəcədə həqiqətə uyğun olduğunu yoxlayan da olmur.
Altmış min əhalisi olan, 1789-cu ildə Fransanın tərkibinə daxil edilən, uzun zaman "azad şəhər" kimi tanınan, Papa şəhəri deyilən Avinyonda bizi bir mehmanxanaya apardılar. "Eksesuar" deyilən bu mehmanxananın əla kağızda çap olunan, altı səhifəlik reklamını oxumamaq mümkün deyil. Nömrə, restoran və şairənin rəngli şəklini elə gözəl çəkiblər ki, baxdıqca baxırsan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-parisde-gorus
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
1Qəşəm kişi küsənərək deyirdi:
Qocaların uşaq söhbəti1Vahid müəllimin yaşıl təpədə işıqlı, səfalı bir evi var. Günəş səhərdən batanacan otaqların içindədir. Axşamlar da ki, büllur çilçıraq otaq nədi, eyvana, həyətə, hətta küçəyə də işıq verir.
Qəbul imtahanıDövlət universitetinin böyük, daş binası qarşısında iynə salsan, yerə düşməz. Adam əlindən keçmək olmur. İsti yay səhəri açılandan axşamacan cavan oğlan və qızların burada yığnağı, mübahisəsi, söhbəti, gəl-geti kəsilmir. Kimisinin qoltuğunda jurnal, kitab, vəsiqə qovluğu, kimisinin əlində itilənmiş qələm, iki qatlanmış dəftər, coğrafiya atlası, cildi kirlənmiş proqram, rus, Azərbaycan dilində qəbul qaydaları...Bu il jurnalist şöbəsinə böyük müsabiqə var: iyirmi beş nəfər qəbul olunasıdır, girmək istəyənlər yüz iyirmi beş nəfərdir. Ərizə verən hər beş adamın dördü kənarda qalacaqdır.
Neçə cür salam var?Mən elə bilərdim salam bircə cür olar, növbənöv olmaz. Düzdür, hər şeyin növləri olur: əla növ çay, birinci, ikinci növ çay, əla növ tütün, un, düyü və sairə...Ancaq salam kimi məşhur bir adəti növlərə bölmək, nömrələmək olmaz. Salam həmişə, hər yerdə, hər kəs üçün salamdır, lazım və vacibdir. Bir-birini görəndə, görüşəndə, ya ötəndə salam verib keçirlər. Burada adamdan adama, ya vaxtdan-vaxta, yerdən-yerə təfavüt olmasın gərək!
Стихи других поэтов
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,