Содержание
  1. 1
  2. 2
  3. 3
  4. 4

Страница 1 из 3

1

– Ağalıq kəhrizi. - Ağalıq yox, ellik kəhrizi!

– Necə yəni, dədə-babadan qalan adı dəyişəcəksən?

– Dəyişəndə nə olar!

– A kişi, bu Həmzə uşağının bir ətək pula qazdırdığı kəhriz deyil?

– Qazan camaat olub!

– Camaat indi niyə qazmır?

– Qazar, indi də qazacaq. Amma daha ağalıq kəhrizi yox, ellik kəhrizi qazacaq!

– Qazar, sonra ad qoyar!

– Elə bunu da camaat qazıb, adını da qoymağa haqqı var, ellik kəhrizi!

– Haqqa bir bax!

– Yüz il nahaqqa baxmışıq, Kablayı, bəsdir. İndi də haqqa baxmaq zamanı çatıb!

Kabla Göyüş Mirzə Məhəmmədin, "dünən-srağagün, ara qarışandan sonra haradansa azıb gələn" müəllimin üzünə hirs ilə, elə tünd baxdı ki, kimə baxsa zəhri yarılardı.

– Allah Əkbər ha!

– Bəli, Kablayı, ağalıq kəhrizi çoxdan köhnəlib: ellik kəhrizi!

Vaxtilə yüzbaşının dəftər-kitabı saxlanan alçaq möhrə divarlı damın önündə - muzdurlar komitəsinin qabağında Mirzə Məhəmməd ilə Kabla Göyüş arasında olan bu söhbəti az adam eşitdi. Mirzə Məhəmməd ucadan danışır, istəyirdi ki, çoxları xəbər tutsun. Xəbər tutsun görsün ki, suyun da, torpağın da əsl sahibi gəlib! Daha bundan sonra kəndlinin, rəncbərin əməyini "hop ötürmək" çətin olacaq. Daha qapalı gözlər açılıb! Kabla Göyüş isə səsə salmaq, "ağzından süd iyi gələn bir gədəyə" baş qoşmaq istəmirdi.

Ancaq o istəsə də, istəməsə də, indi kənddə bu söhbətlər bir deyil, iki deyil, ümumi idi. Böyük də, kiçik də, qadın da, kişi də, avam da, oxumuş da - hamı bundan danışırdı: torpaq, su! Su, torpaq!

Biri deyirdi, mülk sahiblərinin var-yoxunu əlindən alıb kəndlilərə paylayacaqlar. Biri deyirdi, yox, torpağı kəndlilərə verəcəklər, qalan vardövləti qoşun üçün, səngərlərdə vuruşub Qolçaqdan-Denikindən, müsavatdan hökumət alan soldatlar üçün işlədəcəklər. Başqa birisi deyirdi, elə deyil, mülk sahiblərinə pul verib mülklərini kasıblara pulsuz paylayacaqlar. Lap müftə-müsəlləm! Ya da ki, nisyə verəcəklər, məhsul götürdükcə kəndli bəqədri-qüvvə borcunu ödəyəcək...

Düzdür, hamı danışırdı, amma doğru-dürüstünü bilən yox idi. Danışanın özü də təzə xəbərə həvəsiyib danışırdı. Doğrudan da, hər gün bir xəbər gəlirdi. Şəhərdən gələn adamları ziyarətdən qayıtmışlar kimi əhatə edir, əhval soruşurdular:

– Təzə nə xəbər var?

– Səlamətlik!

– Genə olsun?

– Deyirlər, zemlemer gəlir!

– Necə yəni zemlemer?

– Yerölçən, aqronom!

– Ölçüb neyləyəcək? Bizim köyşənin ölçüsü çoxdan var...

– Ölçüb kəndliyə paylayacaq!

– De sən öl!

– Elə şey olmaz!

– Bəli. Qobularsarıda dünəndən paylanır. Zəmiləri ölçhaölçdür!

– Yəni, belə lap rəncbərə, muzdura da yer verirlər?

– Verirlər, torpağı obculuq başa bölürlər.

– Kim neçə başdı?

– Bəli, kim neçə başdı!

– Uşağa da?

– Uşaq-böyük yoxdu. Neçə başsan, o qədər desetin!..

Bu axşam doqqazlardan söz-söhbət kəsilmirdi. Çox adamın inanmağı gəlmirdi ki, lütün birinə, ömründə bir qarış yeri, bir öküzü olmayana, onun-bunun qapısında ömür keçirən rəncbərə pulsuz-parasız torpaq versinlər. Kabla Göyüş bu söhbəti yalansıdıb ucadan deyirdi:

– Balam, Şura hökumətinin füqəraya rəhmi gəlməyi vazeh bir məsələdi. Ona görə də yüzbaşısı, kəndxudası, yasovulu füqəradan olacaq. Kəndlidən, fəhlədən olacaq. Aşkar məsələdi ki, Şura hökuməti kasıbın halına qalacaq. Var olsun belə hökumətin özü də, camaatı, rəiyyəti də! Amma burası var ki, torpaq göydən tökülməyib, tökülməz də ki, onu hamıya da paylayasan. Əlbət ki, Şah Abbas məscidinin, ya imamzadənin 40-50 desatin yeri var. Şura hökuməti də ki, dinə inanmır, bu torpaqları götürüb rəncbərə paylaya bilər. Bu mümkün olandır. Amma onun-bunun torpağını çəkib əlindən alıb müftə-müsəlləm kəndliyə paylasın!! Bu əqlə batan söz deyil. Birisi varmdan-yoxundan çıxıb yoncalıq salıb, ya zəmi saxlayıb, bağ becərib, bunun kimə nə dəxli var?! Şura hökuməti də əsl, ədalətli hökumətdir, belə şeylərə yol verməz. Adamın əqli var. Camaat çörəyi qulağına yemir ki, elə də şey olarmı! Yox, canım!..

2

Qara Fatma Mirzə Məhəmmədin dalınca gedəndə gün üfüqdən yenicə qalxmışdı. Sıx-seyrək buludlar arxasından çıxan cida kimi uzun və iti şüalar dağlara, dərələrə işıq və hərarət yaydıqca, sanki bahar tor pağından yenicə baş qaldıran ot-ələfin hamısından buxar kimi ətir və təravət qalxırdı. Fatma dərə aşağı axıb gedən, gün altında bərq vuran, yaşıl tarlaları bıçaq kimi ikiyə bölən ağalıq kəhrizinin göz yaşı kimi dumduru suyuna tamaşa eləməkdən doymurdu. Sanki, bu kəhrizin suyu daha da çoxalmışdı. Sanki mülayim bir səslə şırıldayaraq axan, arxdakı narın qumları yuyub muncuq kimi təmizləyən bahar suları da haradansa eşitdikləri təzə xəbərləri sevinclə pıçıldayırdılar.

Bu xəbərlər Fatmanı da, onun qoca əri Salman kişini də çox məşğul etmişdi. Məşğul etsə də, Salman kişinin bu xəbərlərə inanmağı gəlmirdi:

– Ay arvad, - deyirdi, - zəmanəyə uyma, bu işlərin çox da etibarı yoxdur. Başımıza gəlib, çox yaşamışıq, saç-saqqal ağartmışıq, çox görmüşük.

– Nə görmüşük, a kişi, bu andıra qalmış dünyada haçan bir ağ gün görmüşük!

– Ağ gün görməmişik, amma qara gündə kömür kimi qaralmaq görmüşük, bund ilində dedilər, bəylərin zülmü dayanacaq, dayanmaq bir yana qalsın, daha da artdı. Kazaklar camaata divan tutdu. Nikolay yıxılanda sevindik, dedik, bəli, aydınlığa çıxarıq, hüriyyətlik olub. Sən də, mən də sevindik, il də keçmədi ki, bəy-xan hökuməti nagəhani bir bəla olub göydən daş yağdırdı xalqın başına. Erməni-müsəlman davası düşdü. Şalon budu gəldi, Qafqaz komissariatı odu getdi, müsavat nə divan tutdu. Müsibəti, zilləti getsin gəlməsin... Şükür ki, hamısı da beş gündə sərnigün oldu...

Fatma ərinin sözlərində bir həqiqət görsə də, keçmişin qüssəli mənzərəsini xatırlasa da, "işlərin dəyişdiyinə", zəhmətkeşlərin sözünə, vədəsinə inanırdı.

– İndi zaman ayazıyıb, füqəra hökuməti gəlib, Allah ömür versin, deyilənə görə aydınlıq olacaq.

– Bilmək olmaz. Görək...

– Nəyi bilmək olmaz?

– Bilmək olmaz bunun axırı nə olacaq.

– Yoxsullar arxa-arxaya verəndən sonra, inşallah, heç nə olmaz.

– Demə, ay arvad, yoxsulun topu yox, tüfəngi yox.

– Yoxsulun Şura hökuməti kimi dostu, arxası var, qırmızı ordu kimi...

– Düşməni də çoxdur, demə. Düşmən var hələ...

– Rəhbərimiz Lenin özü deyib ki, düşmən basıldı, işi bitdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Zavodun tərcümeyi-halı

Uzun illər bundan qabaq qırmızı və xam misin qazandı qoxusu Berlin kapitalistlərinin burnuna getmiş, mühəndislər çağırılmış, aparatlar qurulmuş, planlar düzəlmiş, yerlər zəbt olunub, kəndlilər döyülmüş, bazar açılmış, işçilər toplanılmış, qamçılar şartıldamış, yer altlarına lağımlar salınmış, kişilər qazımış, qadınlar daşımış, uşaqlar təmizləmiş. Bu ehtiras və ölüm çəkişmələri - Yasamal dağlarının başındakı meşəlikdə, dayaz bir dərədə - Gədəbəydə - misəridən zavodu doldurmuşdur...Üç tərəfini bürüyən dərin və uzun sulu mağaralar zavodun qan damarlarıdır. Zavoddan çıxaraq ətrafı dolaşan dəmiryol xətti bir sual kimi bükülmüş və mədənləri zavoda bitişdirmişdir. Bu xəttin ən zərif və səliqəli tərəfi mis "kraliçasının" malikanəsindən çıxandır.

19317 мин
Marksın dostu

Mən oxumaqdan qayıdıram... Anam səfərdən gələnin çantasına göz dikmək xasiyyətini unutmuşdur. O bilir ki, oxumaqdan qayıdarkən kitabdan başqa nə sovqatım ola bilər? Revolyusiya rəhbərlərinin yeni rəsmlərindən gətirmişəm, anam ehtimal ki, onların nə üçün şəkilə salındığını bilmir. Lakin o, evin lüt divarlarını onlarla sevinə-sevinə örtəcəkdir. Evdə az oluram, o, ana qəlbilə məndən inciyir. "Bəsdir. Bir saat da çəkil, oturub bir az dincəl! Dünyanın ağzını sən düzəldəsi deyilsən ki!.."– deyə məni danlayır.

19316 мин
Almas gəldi

– Pambıqda tərləyirsən, ya yox? Tərləyirsən. Ürəyin yanır, ya yox? Yanır. Yaxşı, palçıqlı su içsən yaxşıdır, ya çay? Əlbəttə ki, çay istəyəcəksən. Bir stəkan çay sənə can verər, qan verər, dincəldər. Səni açar... İndi ki belədir niyə olmasın...Almas xalanın çıxışı vəziyyəti dəyişdi. O, tarlalarda yeməkxana təşkili və əhəmiyyəti haqqında inandırıcı danışır və əl-qolunu ölçərək deyirdi:

19314 мин
Azad qız

Qara çadralı bir qız xəyal kimi süzülərək divar dibindən ötdü. Xəlvət küçələrdən keçib özünü məktəb həyətinə saldı. Dəhlizdə çadrasını açdı, tərini sildi, saçını düzəltdi, sonra küçə qapısından boylandı, dalınca gələn yoxdu, ürəyi sakit oldu.Çimnaz məktəbə getdiyini gizlədə bilmədi. Axırda bildilər. Evdə qiyamət qopdu. Qohumlar hiddətə gəldi. Ata-ananı namussuz adlandırdılar, qıza azğın dedilər, hədələdilər.

19325 мин

Стихи других поэтов