Şərbət
Ostapenkonu mən yaylaqdan tanıyırdım. Yay istirahətimi mən orada, Sovet Ukraynasının səfalı bir kəndində, səliqəli Ostapenko kişinin balaca, yaraşıqlı evində keçirirdim. Bu ucaboy, topsaqqal kişinin zəhmətə olan eşqi məni çox maraqlandırırdı. Ostapenkonun arvadı beş il əvvəl vəfat etmişdi. 21 yaşlı qızı şəhərdə tibb institutunda oxuyurdu. 14 yaşlı oğlu isə kənd məktəbində oxuyur, həm də atasına kömək edirdi. Özü onlara həm atalıq, həm də analıq edirdi. Təsərrüfat işindən sonra da evdə oturmaz, rahatlıq bilməzdi. Gah onu rayon kitab mağazasında dərs kitabları seçən, gah tibb institutu qabağında dayanıb qızının dərsdən çıxmasını gözləyən, gah əlində uşaq ayaqqabısı pinəçi yanına gedən, gah da qapı ağzında, ayaq üstə oğlunu dayandırıb, düyməsini tikən görmək olardı.
Lakin evdar və təsərrüfatçı Ostapenkonun əsl peşəsi məni daha çox maraqlandırırdı. O, mahir bir arıçı idi. Yamaca tərəf uzanan böyük, ağaclı, güllü həyətində həmişə azı 10-12 arı pətəyi olurdu. Kişi vaxtının çoxunu bunlara, bu təmiz və faydalı heyvanlara sərf edirdi, evə qonaq gəldimi, Ostapenko əlində bıçaq və boşqab pətəklərin dal tərəfinə keçir, beçə balı gətirirdi. Ostapenko arını saxlamağı, bəsləməyi, bəhrə götürməyi bildiyi kimi, balın və mumun mənfəətini də bilirdi.
Bu il məlum səbəbə görə, biz Ostapenko ilə görüşmədik. Bu il o rayonlara çağırılmamış “qonaqlar" gəliblər. Ostapenkonun həmin "qonaqlarla" qəribə macərası olmuşdur.
Müharibə Ostapenkonu nə qədər narahat etsə, əsəbiləşdirsə də, sənətindən soyutmamışdı. Əksinə, kişi ölkənin təhlükə qarşısında olduğunu duyub, bütün bacarığını işə vermişdi. Gənclər silahlanıb düşmən qabağına, səngərlərə gedəndə Ostapenko da yenicə həkim olmuş qızını orduya yola salırdı.
Xalq arasında Dövlət Müdafiə Komitəsi fonduna vəsait vermək məsələsi başlananda Ostapenko baharın ilk çiçəklərindən hazırlanmış bal şanlarını qutuya yığdı, kənd sovetinə apardı.
– Varını verən utanmaz! Məndən də bunu qəbul edin! - dedi.
Orduya getmişlərin yerini doldurmaq üçün rayon təşkilatlarının ilk çağırışlarından sonra Ostapenko oğlunu traktora mindirdi. Müharibə günü-gündən şiddətlənir, faşist qoşunları dişinəcən silahlanaraq, vətənimizin üstünə gəlirdi. Ostapenko xalq qoşunu dəstəsinə rəhbərlik edən kənd soveti sədrinin yanına getdi:
– Mixail, mənə də bir beşaçılan ver! - dedi.
Sovet sədri, Ostapenkonun həyəcanını yaxşıca duyurdu:
– Kişi, - dedi, - get, öz işində ol! Bizdə qocaları silahlandırmağa ehtiyac yoxdur. Düşmənin başını əzməyə adamımız, gücümüz kifayət qədərdir.
Ostapenko öz işində oldu. Ən qorxulu, ən dəhşətli günlərdə belə əsəblərini sakit saxlaya bilirdi.
Günün birində sovet qoşunları bu rayondan müvəqqəti çəkilməli oldular. Ostapenko düşmən əlinə buraxıb getməli olduğu tənha həyətdən çıxarkən, iki faşist soldatı onun üstünü aldı. Onlar kişini öz otağına gətirdilər. Ərzaq istədilər, bal istədilər. Ostapenko onların dilini bilmir di, bilmək də istəmirdi. Özü də dinmir, bu ağır və üzücü mühakiməni şəninə sığdıra bilmirdi. Onun rəngi qızarmış, gözləri dəhşətlər görən kimi böyümüşdü. Bəbəklərində bu saat qorxulu tufanlar baş verəcəyini bildirən şimşəklər oynayırdı. Sarısifət faşist soldatı, deyəsən, bu şimşəkləri görmüş, qorxuya düşmüşdü. O, tapançasını çıxarıb kişini qabağına qatmaq, ondan nə isə tələb etmək istəyirdi.
Bu zaman eyvanda vurnuxan soldat onu çağırdı. Tapançalı soldat geriyə tərəf dönərkən, yoldaşının böyük bir kasanı başına çəkdiyini gördü. Yoldaşı nə isə dedi, kasanı tapançalıya verdi. Bu, Ostapenkonun əsgər uşaqlarına vermək üçün dünən qaynanmış suya bal töküb hazırladığı şərbət idi. Soldatlar onu canavar iştahası ilə damcısına qədər içdilər və sahibindən istehza ilə soruşdular.
– Bu nədir?
– Bunu nədən hazırlamışsan?
– Bundan yenə varmı?
Ostapenko dinmirdi. Ruscanı alayarımçıq, pozuq danışan soldatın hər sözü ona bir güllə kimi dəyirdi. Ostapenko ancaq sərt, alovlu baxışları ilə dinir, cavab verirdi. O, tapançalı soldatı başdan-ayağa süzəndə, nəzərini ondan ayırıb səliqəli həyətinə, halal təsərrüfatına salanda soldatlar onun nə dediyini anlayırdılar. Ona görə də tapançalı soldat Ostapenkonun izzət-nəfsilə, azadlıq vüqarı ilə oynamaq istədi. O, barmağını eyvan məhəccərinə vurdu. Ostapenkonun üzünə qəzəblə baxdı.
– Bal ver!
Ostapenko heç nə demədi. Başını qaldırıb, soldatın lap gözünün içinə baxdı. Sanki, o, ürəyində qəti və müdhiş bir qərara gəlmişdi. Niyyətini həyata keçirmək üçün haradan, nədən və necə başlamaq lazım olduğunu düşünürdü. Nə fikirləşdisə, düz qayıtdı, otaqdan bir bıçaq götürüb çıxdı.
Soldat Ostapenkonun hərəkətindən xoflanmışdı. Əlini silaha atdı. Kəndlinin döşlük geyib əlcək götürdüyünü görəndə başa düşdü ki, kişi bal kəsməyə gedir. Soldat onun yanınca düşdü, ancaq arılar onu yaxın qoymadılar.
Ostapenko ciddi, iti, əsəbi halda işləyir, pətəkləri kəsib, bal şanını boşqaba yığır, pətəyin ağzını bağlamadan örtürdü. Arılar da, deyəsən, sahiblərinin qeyri-adi vəziyyətini hiss etmişdilər, həmişə bu mehriban kişi onlara nəğmə-nəvazişlə yaxınlaşardı. Onları oxşar, əzizlərdi. Birinin səsində zəiflik, sızıltı, uçuşunda yavaşlıq duydumu, ovcuna alar, əl quşunu yedirən kimi şirə verərdi. Məhsulu az olan pətəklərə heç hirslənməzdi. Boşqabda qənd isladıb qoyardı. İndi arılar Ostapenkoda o nurani sifətə yaraşmayan bir yad əlaqə duyurdular. Sanki, bunun mənasını soruşaraq, daha da bərkdən səs-səsə verir, onun başına dolanırdılar.
Ostapenko da onları yaxşıca anlayırdı. O, başı üstündə haray salıb cövlan edən bu təmiz və çalışqan məxluqdan necə ayrılacağını, onları kimə tərk edəcəyini düşünürdü. İndi Ostapenko öz arı pətəklərini adi bir əmlak kimi düşünmürdü. Onları öz ömründən, ailəsindən, əziz oğluna və qızına olan məhəbbətdən, keçirdiyi uzun, dinc gənclik həyatından qopan qığılcımlar kimi, yaxşı güzərandan qalan şirin xəyallar, xoşbəxt bir xaniman bağında bitən əlvan çiçəklər kimi görürdü.
Ostapenko bal boşqabını stolun üstünə qoyanda soldatlar stulları çəkib oturdular və:
– Şərbət ver, çörək də gətir! - dedilər.
Ostapenko bütöv bir şanı suya salıb əritdi. Soldatlar fincanlarını doldurub qaldırdılar:
– İçək, içək bunu qocanın sağlığına!
– Qocanın yox, arıların sağlığına!
Hər ikisi qəh-qəh çəkib güldü. Fincanları dodaqlarına gətirdilər. Bu yerdə Ostapenko bal bıçağını vedrəyə salıb, şirədən təmizləyirdi. Birdən, şərbəti qabaqca içən tapançalı soldat "ax!" deyib nalə çəkdi. Arxası üstə yıxıldı. Ostapenkonun səsi eşidildi. O, ovcunda qəzəblə sıxdığı uzun, enli tivəli polad bıçağını ikinci soldatın ürəyinə sancıb deyirdi:
– Bu da şərbətdir, əcəl şərbəti! İç, rahat olarsan!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-serbet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əziz atam, anam! Qohumlar, dostlar, yoldaşlar!Süvari alayımız səf-səf durub and içəndə, qılınclar havada bərq vuranda deyirdim: "Süngiim qələm olaydı, ürəyimdəkini Bakının üfüqlərinə yazaydım" İndi, budur, ağır qələbə döyüşündən sonra istirahətdəyəm, Karpat dağının ətəyində sizə məktub yazıram. Alayımız düşməni qova-qova sərhədi keçdi. Müzəffər ordumuz indi yaralı vəhşini öz mağarasında əzir.
Vətən qəhrəmanı(Xəzərin qoynunda)*Lənkəranı bol məhsulu, əla çayı, ətirli limon və portağalı ilə tərifləyirlər. Ancaq bu sahil şəhərin mənzərəsindən, təbii gözəlliklərindən az deyirlər.
SnayperDağların ətəklərindən başlayıb ucsuz-bucaqsız düzlərə qədər uzanan iki böyük dağ silsiləsinin arasında yerləşmiş Şirvan mahalı çoxdan məşhurdur. Bu yer Azərbaycanın qədim mədəniyyət ocaqlarından biridir. Bu yer Şirvanşahlar paytaxtıdır. Bu yer mahnılarda çağırılan Şirvan gözəllərinin yurdudur. Bu yer Xaqani, Seyid Əzim, Sabir kimi nəhəng şairlər məskənidir. Bu yer elin söz qoşduğu şirin nar, qızıl alma vətənidir:Şirvanın şirin narı,
Qafqaza məktubBiz çox uzaqda, Azərbaycandan minlərlə kilometr aralı bir məsafədəyik. Ancaq vətəndəyik. Uzaq Şərq döyüşçüləri arasındayıq. Bakı nefti ilə, Donbass kömürü ilə, Ukrayna çörəyi ilə tanındığı kimi, Sovet Şərqi də öz şanlı döyüş tarixi ilə məşhurdur. Bu ucsuz-bucaqsız meşələri qılınc kimi kəsib ötən düz yollar, Komsomolsk kimi gənc şəhərlər, Amur üzərində qartal kimi qanad gərib duran nəhəng körpülər, Voloçayev günlərinin şanlı abidəsi Xasan gölü, Xanka gölü, Xabdn-Qol döyüşləri Uzaq Şərq igidlərinin vətənə xidmətini göstərməyə kafidir. Buranın hər addımında mübarizə, qəhrəmanlıq, insan əməyinin ecazkar qüdrəti görünür.Ona görə də burada hərbi təlim görmək, ixtisas almaq, əyani məktəb keçmək kimidir.