Mən çox gəzən adamam. Keyf-ləzzət üçün yox, işim, vəzifəmlə əlaqədar çox yerdə, ölkəmizin böyük şəhərlərində tez-tez oluram. Bu dəfə Leninqrad şəhərinə getmişdim.

Səhhətimdən şikayətlənəndə yoldaşım məni qocaman bir həkimin yanma apardı. Kabinetində, ağ xələtdə əyləşib yazı-pozu ilə, cürbəcür dərman nüsxələrilə məşğul olan qoca, ağsaç həkim bizi çoxdankı tanışı, yaxın adamı kimi hörmətlə qəbul elədi, kürsü çəkib yer göstərdi, gəlişimizin məqsədini biləndə müayinəyə başladı.

Mən də xüsusən həkim yanında açıq danışmağı, heç şeyi gizlətməməyi sevən adamam. Ürəyimdə olanı bir-bir dedim, həzm aparatından şikayətlənəndə bir də soruşdu:

– Bakıdan gəlmisiniz?

– Bəli, Bakıdanam.

Həkim bunu eşidən kimi çeşməyini çıxarıb kənara qoydu, pəncərəyə, bir də mənə baxdı və gülümsədi:

– Əzizim, – dedi, – sizin yerlərdə gözəl meyvələr olur.

Mən güman etdim ki, həkim Quba almasından, Gəncə üzümündən, Bakı şanısından danışacaq.

– Bəli, doktor, bizim yerlər ləzzətli meyvələrlə məşhurdur, bağ-bağat bizdə boldur.

Həkim bu dediklərimin heç birini eşitmirmiş kimi çeşməyini yenidən gözünə taxdı və diqqətlə mənə baxdı. Xüsusi bir ahənglə, qayımdan dedi:

– Sizlərdə çox gözəl tut olur, ağ tut! Doğrudanmı?

– Bəli, ağ tut çox olur!

– Mənə bir yaz xoşbəxtlikdən qismət olub, o tutdan iştahla yemişəm, ləzzətli meyvədir, məmnuniyyətlə, yenə də yeyərəm!

– Tut vaxtı, doktor, imkanınız olsa, buyurun, bizə qonaq gəlin! Tut zərif meyvədir, uzaq yerlərə aparmaq olmur. Buyurun, bizə qonaq gəlin. Sizə əla tut verərik!

– Məsələ qonaq gəlməkdə deyil.

Həkim bir qədər sükutdan sonra təmkinlə danışdı:

– Mən həkiməm, xəstələrə cürbəcür dərmanlar üçün nüsxə yazıram, amma düşünürəm ki, kimyəvi dərmanlar, cövhəriyyat bir ayrı, ələfiyyat-təbii dərmanlar özgə aləmdir!

Həkim bir əmr kimi qəti dediyi bu sözdən sonra üzünü mənə tutub şagirdinə sual verən qayğıkeş müəllim kimi soruşdu:

– Siz necə, tut xoşlayırsınızmı?

– Bəli, mən tutu çox sevirəm.

– Sevmək azdır, tutu doyunca yemək, həmişə yemək lazımdır.

– Əlimiz çatanda yeyirik, doktor!

– Tut yeyənin mədə-bağırsaq xəstəliyindən şikayətlənməyə haqqı yoxdur, mən bunu xoş söhbət kimi yox, mütəxəssis həkim kimi ciddi deyirəm!

– Düzdür, doktor. Bilirsiniz, həmişə əldə eləmək mümkün olmur. Həkim qoymadı ki, mən sözümü qurtarım, təkrar çeşməyini çıxartdı, iki addım irəliyə yeriyib, mənə yaxınlaşdı. Stul çəkib yaxın əyləşməyimi xahiş etdi.

– Əzizim, – dedi, – tut bizim yazdığımız dərmanlara bənzəməz. Onu təbiət özü yazıb. Özü hazırlayıb. Onda olan şirəni, məzəni, qüdrəti, hikməti, təsiri deməklə başa gəlməz. Mədənin, bağırsağın, böyrəyin, qaraciyərin, öd kisəsinin, həzm aparatının çox yaxşı, əvəzsiz dərmanıdır. Mən müalicə kitablarında, müzakirələrdə həmişə demişəm, indi də yazıram. İstəyirəm ki, bu neməti bütün şəhərlərdə, bütün xəstəxanalarda, təbliğ edib yayam... Bacardıqca müalicəxanalara yeridəm! Bizlərin, təbabət aləmində bildiyimiz, lakin təfsilatilə demədiyimiz söhbətlər hələ çoxdur.

Həkim sözünün bu yerində dayandı. Sanki, yadına düşən təzə bir mətləbi təkid etmək istədi:

– İndi mən sizə nə dərman yazım, əzizim?

– Əlbət ki, ağ tut!

Həkim təsdiq etdi və güldü:

– Söz verirəm ki, sizin yerlərdə olan o gözəl nemət haqqında bir xüsusi məqalə yazıb nəşr etdirəcəyəm. Mütləq yazacağam və nəşr etdirəcəyəm!

Mən həkimin bu xeyirxah niyyətini alqışladım:

– Doktor, o məqalənin bir surətini də bizə verməyinizi xahiş edirəm!


Mən bu söhbəti jurnalist yoldaşlarımın məclisində danışanda payız vaxtı, üzümün, qarpızın, ümumən meyvələrin şirin yeyilən zamanı idi. Ağ tutun şəninə deyilən tərifləri hamı bəyəndi. Bəyəndi və şərik oldu.

– A kişi, ağ tutu bizim yerlərdə ehsan deyib bəsləyirlər, onun ağacından olan meyvəni də satmazlar. Onun ağacını da müqəddəs bilib yandırmazlar!

Qəzetçi Ağaəli onun sözünə qüvvət verdi:

– Bizim bağlarda tutun hər növü var. Ağı da, qarası da, muş tutu da, xar tutu da. Səliqəli xanımlar onu çırpıb yığır, qış zurnan kişmiş kimi damda, gün qabağında sərib qurudurlar. Qurumuş tutu, biz səbzə kimi cibimizə doldurub yeyirik, bayram şirnisi!

– Çox faydalı meyvədir.

– Həkimlər onu müalicə üçün bütün daxili xəstəliklərə dərman kimi məsləhət görürlər.

Ağaməmməd müəllim tutun şəninə deyilən bu söhbətlərdən ilhama gəlmiş kimi, üzünü məclisdəkilərə tutub ucadan dedi:

– İndi ki belə oldu, indi ki tut haqqında bu qədər tərif dediniz, mən borclu oluram. Sizi, burada əyləşənlərin hamısını gələn iyun ayında bağıma tut yeməyə çağırıram!

Ağarəhim əlavə etdi:

– Tutun yanında erkək ətinin kababı da pis olmaz!

Ağakərim etiraz etdi:

– Tut bəsdir, kabab artıqdır.

– Məsələni mürəkkəbləşdirməyin!

Ağarəhim sinəsini irəli verib cəsarətlə dedi:

– Burada bir mürəkkəblik yoxdur. On kilo qoyun əti, on kilo pamidor, filan qədər tut arağı mənim boynuma!

– A yoldaşlar, daha bu tut olmadı, bu oldu böyük banket! Banketin də bir aləm xərci var. Ağarəhim çox da deyir. Demək asandır... Axı eləmək çətindir! Ağarəhim özgə deyil, yoldaşımızdır, artıq zəhmətə salmayın onu! Tut bəsdir!

Ağarəhim cavab verdi:

– Mən qorxaq deyiləm, mənim üçün elə şeylər çətin olmaz!

– Vaxtı gələndə səni axtarıb tapmaq da bir iş olur.

Ağarəhim lap cinləndi, ayağa durub Ağakərimi hədələdi:

– Bura bax, xalaoğlu, havaxt olub ki, mən qonaqlıqdan boyun qaçırmışam!

– Yadıma gəlmir!

– Olmayıb! Olmayıb axı!

– Çox olub. Ancaq tarixini yadda saxlamaq çətindir.

– Lap bu qabağımızdakı sezon hamınız mənə tuta qonaqsınız!

– Gələrik!

– Gəlmək üçün neçə maşın lazımdır, uzaqdır axı!..


Gün keçdi, ay dolandı, tut vaxtı gəlib çatdı. Ağakərim də inadkar adam idi. Axşam telefonu götürüb ərklə Ağarəhimin yadına saldı.

– Ağarəhim, yay gəlir ha, yoldaşlar tut əhvalatını xatırlayırlar. Halın necədir?

– Nə barədə?

– O barədə!

– Halın yaxşı olsun!

– Yoldaşlar məndən soruşurlar, nə deyim?

– Hamısına məndən salam yetir!

– Tut olacaq, ya yox?

– Küləkləri görmürsən, bu tufanda ağacda tut qalar?

– Külək sabah-birigün kəsəcək. Tutlar hələ var.

– Səninki zarafat oldu, Ağarəhim!

– Zarafat niyə, Bakının bu davamlı sərin xəzrisi zarafatdır?

– Ə, xəzridən, niyə qorxursan?

– Builki xəzri çox güclüdür, Ağakərim.

– Bəlkə, gələn ilə qoyaq!

– O lap yaxşı olar.

– Gələn ilə ömrüm vəfa eləməsə, məni də yada salarsınız!

– Nə qalıb, cəmi 7-8 ay qalıb, fikir eləmə! Sənsiz ağ tutun nə ləzzəti?

– Qara tut da yeyərsiniz, halal olsun!

Tut vaxtı qurtarmaq üzrədir. Nə Ağarəhimdən, nə yoldaşlardan xəbər var. Ağarəhim nə gözə görünür, nə zəng vurur. Qorxuram, belə getsə, gələn il də ağ tut bizə qismət olmaya!

Atalar yaxşı deyib:

– Yeməkdənsə, ümid yaxşıdır! Ümid!

Ağarəhimə sağlıq istəyək, qalan hər şey düzələr!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Mərifət dərsi

Qayıdanda iki gün Tbilisidə qaldı, o gözəl, səfalı şəhəri yaxşıca gəzdi.Botanika bağından qayıdanda körpüdə dayanıb Kürə baxırdı. Yaz idi. İlkindi günəşinin altında sular tunc rəngi çalırdı. Bu böyük, sakit, lal axar çaya baxdıqca İlyasın gözü axırdı. Xəyalı qırlanqıç kimi Kür üstündə qanad salıb süzürdü. Azad və məğrur Qafqazın uca dağlarını, yalçın, qartallı və müdhiş qayalıqlarını, geniş və ceyranlı düzlərini, güllü-bülbüllü bağlarını, məhsullu tarlalarını, şənlikli yollarını, təzə kəndlərini, böyük şəhərlərini, yollarını, körpülərini seyr edirdi.

194013 мин
Tamaşa

1Hətəm dayı astanada dayanıb aşağılara, küləşli taxıl yerlərinə, sürülmüş zəmilərə, yeni salınmış üzüm bağlarına, dərələri örtən ağaclıqlara, böyrünü yerə verib payız günəşində isinən təpələrə, təpələr arasında iplik kimi dolaşıq düşən cığırlara baxırdı. Rəngli üfüq bir cild xətti kimi əlvan yeri, aydın göyü birləşdirir, ayırırdı. Doğrudan da böyük bir kitab açılmışdı.

194014 мин
İlhamın anası

1Bu gün Səltənət uşağını konsultasiyaya aparmışdı. Həkim məsləhətini dinləmişdi, süd, qatıq alıb qayıdırdı. Köhnə məktəb yoldaşlarından birisinə - Ceyrana rast gəldi. Ceyran tərtəmiz geyinib-kecinmişdi, bəzənib-düzənmişdi. Bir oğlanın qoltuğuna yaşlanıb gedirdi. Səltənəti görəndə istehza ilə güldü:

19406 мин
Anaların üsyanı

Avqustun axşam bürküsündə qəsəbədən çölə, meşələrə doğru yollanan dəstədə Mariya da var idi. Qırmızılar çəkiləndən sonra bir bəla kimi şəhərə dolan faşist soldatları ələ keçən hər kəsi öldürür, haraya isə, nə üçünsə aparırdılar.Mariya uzaq, qaranlıq meşələrə gedə bilməyəcək, getməyəcəkdi. Onu nə güllə, nə süngü, nə də dar ağacı qorxudurdu. Düşdüyü vəziyyət hər hanki ölümdən müdhiş idi: biryaşlı körpəsini evdə nənənin yanında qoyub çıxmışdı. Mariya balasını şəhərdə, düşmən əlində qoymaq istəmirdi.

19405 мин

Стихи других поэтов