Iı pərdə
Məhsəti öz otağında fikirli oturub astadan kaman çalıb, oxuyur:
Aşiqə tən etmək olmaz, aşiqi-dövran mənəm,
Odlara pərvanə tək, hərdəm yanan ol can mənəm,
Uçma, ey könlüm quşu, xülyaların ardınca gəl,
Saf xəyallardan yaranmış, hər gözəl, xoş an mənəm!
Şairin sevdasını dərk eyləyər arif olan,
Arifin hər cövrünə, hər zülmünə qurban mənəm.
Birdən tələbə qızlar qapını çalıb, şən əhval-ruhiyyə ilə içəri girib Məhsətinin qarşısında baş əyir, ona salam verirlər. Məhsəti onlara oturmaq işarəsi verir. Dərs başlanır.
Məhsəti
Nargilə, dur o gün Füzulidən öyrəndiyini oxu.
Qız oxuyur
Şəbu hicran yanar canım
(Məhsəti onu dayandırır)
Məhsəti
Qızım “Şəbu yox, şəbi, demək lazımdır. “Şəb” gecə deməkdir.
Qız xeyli çalıb-oxuyur, Məhsəti ona oturmaq işarəsi verir. Məhsəti Zeynəb adlı qıza müraciət edir.
Məhsəti
Zeynəb, qızım, qəzəlin gerisini sən oxu. Zeynəb oxuyur:
Füzuli rindi şeydadır,
Dəmadəm xəlqə rüsvadır.
Sorun ki bu nə sevdadır
Bu sevdadan utanmasın!
Məhsəti
Zeynəb, nə dedin: “Bu sevdadan usanmazmı” kimi oxumalısan. “Utanmasın” kimi yox. Gülşənə müraciət edir. – Gülşən, dünən öyrəndiklərini dur oxu.
Gülşən
“Nə halətdir ki, mən düşdüm
Biyabanlarda avarə,
Həbibim, gəl, təbibim, gəl
Qəmu dərdə edək dərman.
Məhsəti
Dayan! Sözlərin yerini dəyişdin, “avarə” sözünün qafiyəsi dərman ola bilərmi? Yaxşı fikirləş!
(Gülşən fikirləşir, birdən)
bəli, tapdım. Bunun qafiyəsi: Həbibim gəl, təbibim gəl, Qəmu dərdə edək çarı.
“Dərman” baxın bu bəndin qafiyəsidir.
Nə halətdir ki, mən düşdüm,
Nə istər, bilmirəm canan
Həbibim, gəl, təbibim, gəl,
Qəmu dərdə edək dərman.
Məhsəti
Qızlar! Qafiyələrə diqqət edin. Füzulinin qəzəlləri qafiyəlidir. Onun ruhu onun şerlərini səhv oxuyanlardan inciyə bilər.
Zeynəb
Müəllim! Bizim tarizənlərin çoxu bu beytləri belə səhv oxuyurlar.
Təranə
Müəllimə! İcazə ver mən hər iki beyti oxuyum.
Məhsəti
Oxu, qızım, oxu!
Təranə
- Nə halətdir ki, mən düşdüm
Biyabanlarda avarə,
Həbibim, gəl, təbibim, gəl,
Qəmu dərdə edək çarə! - Nə halətdir ki, mən düşdüm,
Nə istər bilmirəm canan.
Həbibim, gəl, təbibim, gəl.
Qəmu dərdə edək dərman.
Məhsəti
Afərin, Təranə! İndi kim bir el bayatısı oxuyar. Nərgiz, dur sən oxu.
Nərgiz
Çalıb-oxuyur:
Səyyada bax, səyyada
Torunu qurub qayada.
Toruna yarı düşüb,
Kimsəsi yox oyada.
(Məhsəti başını tutur, “bunu sənə kim öyrətdi”, deyə soruşur).
Nərgiz
Müğənnilərimizdən eşitmişəm.
Məhsəti
Məndən eşidin: –
Səyyada bax, səyyada
Torunu tərlan qayada.
Toruna yarı düşüb,
Kimsəsi yox oyada.
Dəftərlərinizə yazın.
Məhsəti
Qızlar, dərs qurtardı, gedin, dediklərimi təkrar edin. Nə eşitsəniz məndən soruşmamış onu yadınızda saxlamayın.
(Pərdə örtülür).
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-mehseti-ii-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение