Iv pərdə
Şah Səncər dalğın, şah taxtı üstündə oturub Xəyyamın rübailərini oxuyur. Vəzir içəri girib, şahın önündə təzim edir.
Şah Səncər
Bəsdir bu təzimin, vəzir, dur,
Ürəyim sıxılır, yanımda otur.
Söylə xalq içində görək nə vardır?
Vəzir. Şah özü sirr bilən pərvərdigardır.
Məhsəti hər haqqı artıq unutmuş,
Uymuş fitnələrə, şər yolu tutmuş.
(Şah qəzəblə üzünü çevirib kitaba baxır. Acıqlı vəziyyətdə deyir:)
Şah Səncər
Vəzir, şər işləyən tez düşər şərə.
Bəs nədir tədbirin bu fitnələrə?
Vəzir. Mən nə tədbir töküm, ey insaflı şah!
Tutub duman kimi göyləri günah.
Məclisdə şərbəti al şərab olan,
Toylarda oxuyub, o kaman çalan
Qadının adına lənət və lənət!
Onun güvəndiyi bir kəs var əlbət?
Şah
Vəzir, qəzəbimi çıxarma yaddan,
Bəsdir şikayətin mənə o addan.
Vəzir. Mən susa bilmərəm ey şahi-cahan!
Yaranı deşməkçün yetişmiş zaman.
Şərab içib, arı, namusu atmaq,
Naməhrəm gözlərə naz-işvə satmaq,
Sevimli sultanım, axı günahdır.
Mən kiməm, bu xalqın atası şahdır.
Şah
Vəzir, qəzəbimi coşdurma, bəsdir!
Hökmümü verməyə gəl, az tələsdir.
Çünki, qarşımdakı bir qadındır, bil!
Qadınla bəd rəftar kişilik dəyil.
Alınır sorağım Rumdan, Çindən,
Səlcuq dövlətinin varisiyəm mən
Qarşımı kəsən də bax, mənim budur,
Nə üçün vəzirim bunu unudur?
Vəzir. Bağışla, qəlbini sıxdımsa, şahım!
Həddi var savabın və günahın.
Səndən nə gizlədim, gəlib şəhərdən
Bu gün mötəbərlər düşdülər dizə
Ki, böyük şahımız nə deyir bizə?
Rəvamı bir qadın azdırsın bizi,
Azdırsın haqq yoldan külfətimizi.
Şah
(Hirsli) Nə qadın, nə günah, nə savab, vəzir?
Fikrini gizlətmə, açıq söylə bir,
O kimdir incidir mötəbərləri?
Vəzir. Gəncə mahalında illərdən bəri
Ata-analara o uddurur qan,
Hər qızın əlinə verib bir kaman
Özü məktəb açıb, təlim edir, şah!
Bunca küfürləri götürməz Allah.
Bütün şairləri yığıb başına,
Məhsəti Gəncədə olmuş hökmüran.
Yoxdur bu fitnənin önündə duran.
Şah
Daha bəsdir, vəzir, sən məni tanı!
Yetər, hirsləndirmə qızmış aslanı!
Rəvamı dünyanı sarsıdan Səncər,
Zəif bir qadına sıyırsın xəncər?
Vəzir. Sənə fəda olum, səxavətli şah!
O, səndən güclüdür, olunuz agah!
Onun qayğısını çəkməyin hədər,
İstəsə dalınca bütün el gedər.
Hələ qorxuram ki, o afəti-şər,
Böyük sultana da gətirə xətər.
Şah
(Qəzəbli)
Bəsdir, yetər daha bu səfsətələr!
Sözü çox uzatma, danışma hədər.
Yorulmuşam, gəlsin qoy rəqqasələr
Bir şən məclis düzəlt, darıxdım yaman,
Şərqin gözəlləri olsunlar rəqsan.
Mahir müğənnilər, kamançalanlar
Çağırtdır gəlsinlər həm udla onlar
Oxusun qəzəllər, qədim dastanlar,
(Vəzir sevinir, indi fürsətdir, Məhsətinin bir rübaisin oxutduraram ki,... kamançalanı çağırıb Məhsətinin iki rübaisini ona verib, məclisdə ancaq bunları oxumasını tapşırır.
(Məclis başlanır. Məşhur müğənni kaman çalıb oxuyur:)
Müğənni
Kef əhli təzədən işrətə başlar,
Kef edər əldə cam, qarşısında yar.
Bəxşiş verməyi də öyrənib səndən,
Kef günü o badə qaldıran şahlar.
* * *
Dur çəngə-cərg vuraq, bir ülfət qataq,
Şərab içək, arı-namusu sataq.
Hiylə şüşəsini çalıb daşlara
Cə namazı bir cam şəraba sataq.
(Şah fikirdən ayılıb, hirsli deyir:)
Şah
Kimdir, kim bu arı-namusu satan,
Cənamazı bir cam şəraba satan,
Bəxşeyiş verməyi öyrədən şaha?
(Vəzir sevinmiş)
VƏZİR. Biz çoxdan batmışıq şahım, günaha.
Başını kəsərlər banlasa fərə.
Şahımız nə deyir bu küfürlərə?
Şair Məhsətinin sözüdür bunlar,
Onda qalmamışdır nə namus, nə ar!
Şah
Gecikmə sən tez ol, onu tap, vəzir!
Gəlsin hüzuruma, söhbət edək bir.
Məhşəti şahın hüzurunda.
Başına qara kəlağayı örtmüş, zil qara paltar geymiş, şah bir müddət ona tamaşa edir.
Sonra özünü toplayıb, sakit səslə soruşur:
Şah
Əgər açıq olsa arvadın üzü,
Ondan yüzmin fitnə, min fəsad törər,
Sən, dinin hökmünü bilmirsən məgər,
Üzü açıq gəldin məclisə nədən?
Məhsəti
Hökmdarım, buna pis baxmıram mən,
Üzünü gizlətmək mənə gəlir ar,
Üzünü gizlədər eybi olanlar.
Mənim nəyim varsa ancaq dünyada,
Təmiz qəlbim ilə, üzümdür o da.
Həm də çarşaf örtmək bizlərə yaddı,
Bizim qanunlarda qadın azaddır.
Orda nə çarşaf var, nə hərəmxana.
Təbiət qoynunda hər igid ana
Olmuş öz ərinin işdə yoldaşı.
Biz çəkən dərdləri çəkməmiş başı.
Şah
Şairə qədəhə şərab tökəndə,
Qadınlıq adından nə qalır səndə?
Məhsəti
Qədəhdə içdiyim mey deyildir, şah!
Qanlı göz yaşımı mən içmişəm, ah!
Qandan göz yaşlarım şəraba dönmüş
Bəlkə də gözlərə o mey görünmüş?
Qıymaram, körpələr bəsləyən ana
Şərabla qarışıq süd versin ona.
Şah
Bəs sənin yoldaşın olanda kaman,
Məndən hansı üzlə umursan aman?
Məhsəti
Mərhəmətli şahım, əlimdəki bil,
Ağlayan könlümdür, kamanım deyil.
Mənə bir könlü də çoxmu gördü ah!
Onu məndən alsa, nə qazanar şah!
Şah
Şairə, qələmin küfür saçanda,
Qadınsan, qapını yadlar açanda,
Məclislər düzəldib, reqs edəndə sən,
Söylə, şah önündə nə deyəcəksən?
Məhsəti
Xalqa xidmət edir mənim qələmim,
Qapımı yad deyil, dost açır mənim.
Şah bunu bilir ki, mən sənətkaram,
Sənət olan yerdə həmişə varam.
Şah
Alimi yoxdurmu qədim Gəncənin?
Şairsən, məktəblə nə işin sənin?
Məhsəti
Gərək şah bu dərdi duya dərindən,
Qüdrətli bir xalqın nəsillərindən
Elimsiz, biliksiz, əliçomaqlı
Çoban yaratmağa şah deyil haqlı.
VƏZİR. Mərhəmətli şahım! Bu məlunəni
Rədd eylə, yolundan çıxardar səni.
Qadınla şeytanın əməli birdir.
Belə bir arvadın yeri – qəbirdir.
Şah
(acıqlı) Adi arvad deyil, o sənətkardır,
Vəzir! Həqarətin də həddi vardır.
Təbliğinlə məni çaşdırma, bəsdir!
Az məni qırğına, qana tələsdir.
Sənətkara əgər əl qaldırsa şah
Bunu qəbul etməz o böyük Allah.
Yaz ki, tərk eyləsin bir az Gəncəni,
Sussun bir qədər,
Bu söz-söhbətlər,
Yersiz qeybətlər.
Məhsəti
Ədalət naminə, şah, əmr et məni
Bu doğma Gəncədə öldürsün cəllad!
Günahdır vəziri eləməmək şad!
Şairin anası vətəndirsə, gər,
Vətəndə ölməklə o nə itirer.
VƏZİR. – Tamam rəzalətdir bu sözlər, ey şah!
Bunu öldürtməsən edərsən günah.
Şah
(acıqlı) Qurtaraq söhbəti, sözü, vəzir gəl!
Bəsdir, qoy əmrimə olunsun əməl!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-mehseti-iv-perde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
Fəsli bahar gəldi, könül, şad kam bulFəsli bahar gəldi, könül, şad kam bul,Yox etibar gərdişi-əyyamə, cam bul.
Təndə canın bilməyənlər bilmədi canan nədir?Təndə canın bilməyənlər bilmədi canan nədir?Bilməmiş ol kişi kim qətrə nədir, ümman nədir?