Birinci fəsil
Страница 8 из 11 · 64%
– Ağa, – dedi, – sizin əvvəlki sözünüzü pozmağa haqqınız yoxdur. Bu gərək şərafətinizə də sığışmasın. Necə danışmışıq, elə də gərək məhsul bölünsün. Torpaq sizindir – bir pay, su sizindir – iki pay, mal sizindir – üç pay, toxum bizimdir – bir pay, bax bu əl, bu zəhmət bizimdir – bu da bir pay, elədi iki pay. Deməli, beşdə üçü sizin, beşdə ikisi bizimdir.
Kiçik bir fasilədən sonra səsini ucaltdı:
– Ya öləcəyik, ya da bir ponza¹ artıq verməyəcəyik!
Hikmət İsfahani qışqırdı:
– Xeyr, torpaq iki paydır! Mən hələ xışı, vəli, şananı demirəm... Məgər onlar yerdən çıxır? Onları üstünə gəlsən, gərək sizə beşdə bir yox, altıda bir verəm.
¹ Çəki ölçüsü, təxminən üç yüz qram
– Bağışlayasınız, ağa, bağışlayasınız. Onlar malın üstündə gedir! Torpaq da bir paydır!.. Rəiyyətin başına bu müsibəti gətirmək olmaz. Rəiyyət də adamdır!..
– Gədə, sən nəçisən? Deyəsən, sənin fikrin köhnə bazara təzə nırx qoymaqdır?.. Bağlayın bunu o ağaca, yüz çubuq!
Bayaqdan bəri Friduna baxıb, dişlərini qıcıyan və mübaşir Məmmədlə nə isə danışan Əli əmniyyəbaşı bığlarını eşdi, əmniyyələr Friduna tərəf gəldilər... Fridun müqavimət göstərdi. İtələyib onlardan birini yıxdı. Mübaşir Məmməd və Əli əmniyyəbaşı gəncin qollarını qatlayıb, dalında bağladılar və ağaca tərəf sürüdülər.
Hikmət İsfahani ilə gəlmiş adamlardan bütün hadisələri diqqətlə izləyən qartal baxışlı birisi irəli yeridi, Fridunu göstərərək, ərbaba müraciət etdi:
– Bu ağanın danışığından siyasət iyi gəlir, – dedi, – mən cəsarət edib, sizdən xahiş edirəm, onu döydürməyin. Onun cəzası daha ağırdır. Bu kiçik bədəni məcazatla, onu layiq olduğu daha ağır cəzadan qurtarmış olarsınız.
Hikmət İsfahani ani bir fikirdən sonra:
– Yaxşı, ağayi Kürd Əhməd – dedi, – sənin sözün ağlabatan sözdür. Yəqin bu ağa, bolşevikdir.
Əli əmniyyəbaşıdan soruşdu:
– Mühacirdir. Bakıdan gəlib, hə?
Əli əmniyyəbaşı və mübaşir Məmməd, ikisi də birdən cavab verdi:
– Xeyr, ağa, Təbrizdən gəlib, kimliyini bilmirik.
– Kim olacaq, bolşevikdir. Gözlərini görmürsən necə işıldayır, az qalır adamın ürəyini deşsin. Mənim bu amerikalı dostum mister Harold deyir ki, bir torpağa ki, bolşevik toxumu düşdü, o torpağı yandırmaqdan başqa əlac yoxdur. Vallah, kişi düz söz deyir!
Sonra üzünü mister Harolda tutdu:
– Mister Harold, bu Azərbaycan bizim başımıza bir bəla olub. Nə toxum desən burda bitir. İnqilab, məşrutə... Hamısı bu torpaqda göyərir.
Mister Harold soyuq bir əda ilə əlini şimala tərəf uzatdı:
– Mister İsfahani, heç də təəccüblü deyil. Belə qonşusu olanın, belə də ruzigarı olar. Şərqlilərdə yaxşı bir misal var: “Atı at yanında bağlarsan həmrəng olmasa da, həmxasiyyət olar”. Nə qədər Sovetlər var, Azərbaycanda, Gilanda, Mazəndaranda sizə çox başağrısı üz verəcəkdir. Çox belə üsyankarlara rast gələcəksiniz.
– Nə dedin, mister Harold, nə dedin!.. Eybi yoxdur, nə qədər canımız sağdır, biz də sizin kimi dostların köməyi ilə bunların kökünü qazıb atacağıq Arazın o tayına. Götür apar, atanın payı olsun!
– Yox, bunlar, bir-bir kökünü kəsməklə qurtaran toxum deyil. Birini kəsərsən, yerində yüzü bitər. Gərək daha radikal yollar tapılsın. İranın şimal sərhədləri keçilməz bir istehkama çevrilsin.
– Vallah, ixtiyar məndə olsa bu sərhədlərə poladdan bir hasar çəkdirrəm, bir başı dəryanın dibinə, o biri başı yeddinci ərşə dayansın ki, heç o tərəfin küləyi də əsib bura keçməsin.
Fridun özünü saxlaya bilməyib:
– O küləyin qabağını almaq sizin işiniz deyil, – dedi. – Qorxuram orada özünüz sətəlcəm olasınız!..
Hikmət İsfahani acıqlı-acıqlı ona baxıb, tüpürmək istədi. Lakin özünü saxladı. Camaata müraciət etdi:
– Xalis bolşevik toxumudur, külək qovub, gətirib bu taya! Eybi yoxdur, bizə də iranlı deyərlər, çox güclü toxumları zirzəmidə çürütmüşük. Götürün, götürün bunu buradan!..
– Bəçeşm...
Əli əmniyyəbaşı əmniyyələrə nə isə tapşırdı, onlar Fridunu götürüb getdilər. Hikmət İsfahani üzünü kəndlilərə tutdu:
– Beşdə biri sizindir, dördü mənim, vəssalam! Danışıq qurtardı. Ağayi Kürd Əhmədi də burada qoyub gedirəm. Mənim vəkilimdir.
Kürd Əhməd ağır nəzərlərlə, sükut içində durmuş kəndlilərə baxdı. Kəndlilər qaya kimi lal, etimadsız, davamlı və yoxlayıcı baxışlarla onu süzürdülər.
Musa kişi ilə Səriyyə xala xırmanda tayanın dibində oturmuşdu. Gülnaz ayaq üstündə dərzlərə dirsəklənib, hara isə uzaqlara baxırdı. Niyaz onun ətəyindən tutub durmuşdu. Solmaz və Araz başını Səriyyənin dizi üstə qoyaraq mürgüləyirdi. Yalnız Ayaz xırmanın ayağında nə isə eşələnir, gah xolbiri götürür, gah şanaya əl atır, xırmanın ətəyini təmizləyirdi. Qalan hamısı günün ağır təsiratı altında fikrə getmişdi. Yeyilməmiş bir neçə çörək tikəsi və soyumuş ət suyu arada qalmışdı. Musa kişi də, Səriyyə də Fridunun tutulmasında özlərini günahkar və bais görürdülər. Bu barədə açıq danışmırdılar, lakin hərəkət və baxışlarında bu ifadə aydın görünürdü. Xırmana tökülmüş taxıl dərzləri, indi onlara oğru və talançılar üçün ayrılmış bir şey kimi görünürdü. Bircə gün əvvəl bu bol məhsulun oyatdığı sevinc və arzulardan indi heç bir əsər qalmamışdı. Buna görə də nə Musa kişinin, nə də Səriyyənin əli işə getmirdi. Bir qorxu, uşaqların başsız qalacağı qorxusu olmasaydı, Musa kişi bu tayaları yandırardı. Bunu da, o arvadından gizlətməyərək dedi:
– Bu uşaqlar olmayaydı, vallah, bu gecə hamısına od vurardım. Baş götürüb, ayağım gəldikcə gedərdim. Əl-qolumu bağlayan bunlardır.
– Kişi, yaxşısı budur, o bədbəxtin halını düşün, sabah şəhərə aparsalar daha zindandan qurtarmaq olmaz.
Musa kişi heç bir söz deməyib, sızıltı ilə ayağa durdu. Arxasına vurulan çubuqlardan belinin şiddətlə ağrıdığına baxmayıb, demisini tüstülədərək, qonşu xırmana getdi. Səriyyə onun eyni məyusluqla əl-qolu işdən soyumuş başqa kəndlilərlə nə isə pıçıldaşdığını eşitdi. Lakin nə danışlıqlarını anlaya bilmədi. Azca sonra Musa kişi geri döndü:
– Arvad, çörəyi yığ bağla, ət suyunu da qoy, Ayaz aparsın, Fridun şamsızdır...
Səriyyə yatmış uşaqların başını dizi üstündən yerə qoymaq istəmədi. Gülnaz tez gəlib, çörəyi yığışdırdı, səliqə ilə ət suyu olan mis kasanın ağzına qoydu, süfrə kimi yerə sərilmiş bezə bağladı. Musa kişi Ayazı çağırdı:
– Götür, oğlum, Hüseyn kişinin xarabalığında tövləyə salmışlar. Küllüyün yanındadır. Tanıyırsanmı?
Uşaq cəld cavab verdi:
– Tanıyıram, ata...
– Əmniyyəyə deyərsən, çörək gətirmişəm. Qoymasa ylvar, yarısını da ona ver. Birtəhər Fridunu gör. Soruş ki, nə fikir edir, neyləyək?.. Bildin?
– Bildim, ata...
Ayaz bağlamanı götürüb, yola düşdü. Musa kişi xeyli onun dalınca baxdı. Axşam qaranlığında uşaq gözdən itdikdən sonra dönüb, yenə demisini alışdırdı:
– Gülnaz, qızım, gözün strafda olsun, gələn olsa mənə xəbər ver, – dedi və Səriyyənin yanında çömbəldi.
Gülnaz, onun anası ilə ikilikdə danışmaq istədiyini duyub, tayanın dalına keçdi. Musa kişi Səriyyəyə pıçıldadı:
– Arvad, Fridunu Kərim əmniyyəyə tapşırıblar. O da tamahkarın biridir. Dünya malına imanını satandır. Nəyin var?..
Səriyyə fikrə getdi. Evdə qiymətli bir şey yox idi.
– Bəlkə, inəyi sataq?
– Bu gecəgözü inəyi kimə satacaqsan. Bir də belə iş eləmək olmaz. Şübhəyə düşərlər, sonra yaxamızdan əl çəkməzlər.
Səriyyə ancaq indi, Musa kişinin qəti fikrə gəldiyini və nəyə işarə etdiyini anladı:
– Olsun, kişi, boyunbağı da, qolbaq da, üzük də Friduna qurban olsun! – dedi və yaşarmış gözlərini yana çevirdi.
Musa kişi yavaşca əlini arvadının çiyninə qoydu:
– Can sağlığı olsun, işlərəm, yığarıq, ondan da qiymətlisini alarsan, – deyib ayağa durdu.
O, arvadının nə qədər fədakarlıq etdiyini anlayırdı. Bu üzük, qolbaq və boyunbağı Səriyyəyə anasından, ona da nənəsindən qalmış bir yadigar idi. Səriyyə də onları Gülnazın toyuna saxlamışdı. Qızına verəcəyi yeganə qiymətli cehiz olmaqdan əlavə, bir də keçmiş nəslin ənənəvi yadigarı idi. Bu ənənənin Səriyyədə qırılması ona çox ağır gəlirdi. Lakin başqa çıxış yolu yox idi. Musa kişi arvadın fikrini dağıtmaq üçün:
– Dur, sən də uşaqları götür, get evə, – dedi. Burada oturmağın bir faydası yoxdur.
Səriyyə xala bərk yatmış Almazı qucağına aldı. Solmazı oyatmaq istədi. Gülnaz qoymadı, yavaşca götürüb, bağrına basdı. Niyazı yanlarına salıb, kəndə yollandılar.
Kürd Əhməd kəndlilərin çəp və acıqlı baxışları altında xırmanları gəzirdi. Tayaların dibindən qulağına gələn narazı və qəzəbli danışıqları diqqətlə dinləsə də zahirən özünü biganə və qeydsiz kimi göstərirdi. Ara-sıra ayaq saxlayır, bu və ya digər kəndlini müxtəlif inadlı suallarla söhbətə çəkir, hətta zarafatyana sözlər də deyib keçirdi. Bu isə onu yalnız bir ərbab vəkili kimi tanıyan kəndlilərin daha artıq qəzəbinə səbəb olurdu. Dalınca:
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirze-ibrahimov-gelecek-gun-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?
İyirmi doqquzuncu fəsilMüharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.
Otuzuncu fəsilAnasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...
Otuz birinci fəsilSovet ordusu Tehranın şimalında Kirəcdə dayanmışdı. Cənubda, Kirmanşahda ingilis qoşunları ilə İran qoşunları arasında saziş əmələ gəlmişdi.Tehranda vəziyyətin ən gərgin zamanı idi. Qoşunlar qaçmış, idarələr pozulmuş, tam bir hərc-mərclik yaranmışdı. Hakimiyyət adına hələ də zahiri bir sükut içərisində yaşayan saraydan başqa, heç bir şey qalmamışdı.
Стихи других поэтов
Könlümün hər dəm girər ol mahsima qoynuna,Yeridür gər girsə Xurşidnin Məsiha qoynuna.
Qəm çəkmə, ey könül, yenə canan sevir səniQəm çəkmə, ey könül, yenə canan sevir səni,Dərdindən öldüyün güli-xəndan sevir səni.
Yer üzündə bir evim var...Yer üzündə bir evim varPəncərəsi günəşə.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd