Страница 2 из 3 · 33%

Ana, Fridundan üzr istər kimi:

– Onda günah yoxdur, yorulur, əldən düşür. İş deyil, nə gecəsi var, nə gündüzü. Yerindən duran da başına vurur, dədəsinə söyür. Biri pul istəyir, biri peşkəş istəyir, verməyəndə qorxudurlar. Verəndə də özü ac, arvadı lüt qalır. Onda günah yoxdur. Yenə görəsən işdə nə olub ki, acığını bu yazığa tökdü.

Fridun susub, anaya qulaq asırdı. Ana isə ürəyini boşaltmağa adam tapmış kimi şövqlə danışırdı.

– Eh, bala, arvadın günü it günü. Rəhmətlik atası da belə idi, elə ki iş düz gətirmədi, gələrdi, ya çay, ya çörəyi bəhanə eləyib, düşərdi üstümə. Səndən də ayıb olmasın, əzilməmiş qabırğam qalmayıb. Bu da lap ona çəkib. Elə hamı kasıblar belədir. Dövlətliləri görməmişəm, amma kasıb arvadının döyülmədiyi gün yoxdur. Bilmirəm dünyada bir xoş gün görən arvad varmı? Mən ki eşitməmişəm. Kimi görmüşəm başı qapazlı, gözüyaşlı görmüşəm.

Fridun o biri otaqdan Fəridənin səsini eşitdi:

– Günah özümüzdədir. Bizim ətimizi şişə çəksələr yenə azdır. Çünki özümüzü satınalma qul eləyib, vermişik bunların əlinə.

Ana, tənəli və nəsihətamiz bir səslə:

– Elə demə, qızım, Allahdan sonra arvadın böyüyü ərdir – dedi, – istər öldürər, istər saxlar. Bir sən deyilsən ki, elə hər yerdə belədir.

Fəridə qapı dalından ona cavab verdi:

– Yox, belə deyil. Bu bədbəxtlik elə bir bizim başımızdadır. Odur ey, dünən o mühacir qızı danışırdı, Bakıda, cəmi Rusiyada bir adamın haqqı yoxdur arvada ağır söz desin, nəinki üstünə əl qaldırsın. Atanın da, ərin də... Ərdir, getsin ərliyinə, mənə can verməyib ki, canımı da alsın... İdarə ilə davası var, getsin onu döysün, niyə mənim üstümə düşür...

– Sən mühacir qızının sözünə qulaq asma, bala. Rusun bir qanunu var, sənin bir qanunun.

– Allah kəssin mənim qanunumu. Bir dəfə baş götürüb qaçacağam!..

Ana cavab verməyib, o biri otağa keçdi və ara qapını örtdü. Fridun uzun müddət onların nə isə yavaş-yavaş danışdığını eşitdi. Yalnız gecədən xeyli keçmiş Sərxan qayıdıb gəldikdə yenə evə ağır bir sükut çökdü. Bu ailə, Fəridənin üsyan dolu sözləri Fridunun başında yeni fikirlər doğururdu. Qeyri-ixtiyari olaraq, ürəyində bu qadına bir hörmət duydu. Deməli, nə isə yeni nəsil gəlməkdədir. Bu nəslin ürəyində insan kimi yaşamaq arzusu oyanmaqdadır. Sərxan səhərisi dinməz-söyləməz durub, işə getdi və dörd gündən sonra evə qayıtdı. O, yenə acıqlı və əzgin idi. Axşam qaşqabaqlı rəftardan başqa hərəkət baş vermədi.

Gecə ara qapıdan Fəridənin səsi Fridunun qulağına dəydi:

– Sərxan, Sərxan, yatmısan? Bir bu yana dön, sözüm var.

– Nə sözün var, de görüm.

– Sözüm odur ki, bir mənə de görüm, mən bu evdə nəçiyəm, kiməm?

Sərxan yerində qurcundu:

– Sənin başına hava gəlib.

Fəridə sakit, lakin inadla:

– Yox, – dedi, – hava, zad gəlməyib. Dön, danışaq. Axı bu cür yaşamaq olmaz. Axı biz səninlə bir yasdığa baş qoyuruq. Mən bir daş olsam, yenə sənə xeyrim dəyər. Mən görürəm ki, sənin işin ağırdır, evin dərdi sənin boynuna düşüb. Niyə sən dərdini açıb mənə demək istəmirsən? Niyə istəmirsən ki, yükün bir azı da mənim çiynimə düşsün. Mən ki sənə pis bir təklif etmirəm. Niyə dinmirsən, Sərxan?

– Az danış, yat... Sənin çiynin belə yükə dözməz.

– Nə vaxt qoydun dözmədi? Sən bir yoxla, sonra yox de...

– Arvad, sənin sözündən başqa iy gəlir. Bu havanı mən təzə eşidirəm.

– Yox, təzə deyil, köhnə havadır, çoxdan ürəyimdədir. Ancaq deyə bilmirəm. İndi bıçaq sümüyə dayanıb.

– Yaxşı, indi nə deyirsən?

– Deyirəm ki, mən də adamam, ömürlük səninlə bir yerdə yaşamağa razı olmuşam. O şey ki, ikimizə də aiddir, qoy mən də bilim. Mən də sənə kömək edim. Axşam gələndən qaşqabağını tökmüsən, fikir, fikir. Bir mənə də de, bəlkə, bir köməyim dəydi. Dəyməsə də, dərdinə şərik olaram.

Fridun, Sərxanın hərəkət etdiyini və qalxıb oturduğunu eşitdi.

– Yaxşı, zəhləmi tökmə, qoy deyim: rəis oğluna toy eliyir, gərək hərəmiz əlli tümən qoyub, peşkəş alaq. Olmasa işdən qovacaq. İndi buyur, əlli tümən demirəm, iyirmi beş tümən tap görüm, yükün yarısını bölüşdür görüm. Nə oldu, səsin çıxmır?..

Fəridə ah çəkdi:

– Yaxşı, nə olar, bunları mənə də desən günah olmaz ki? Heç olmasa bilərəm ki, niyə qaşqabaqlısan...

– Qoy yatım sən Allah, başımı ağrıtma. Guya sən biləndə mənim dərdim azalacaq...

Sərxan bir daha səsini çıxartmadı. Fəridə isə xeyli danışdı, ona təsəlli verdi, özünün də bəlkə, bir işə yarayacağını söylədi. Lakin o heç bir söz deməyib yuxuladı və səhər dinməz-söyləməz durub, yola düşdü. Ondan sonra Fridun bazara çıxdı. Qol saatını açıb bir saatsaza yaxınlaşdı:

– Neçə verərsən?..

Saatsaz bir Friduna, bir də saata baxdı. Alıb o yan-bu yanını yoxladı.

– Yaxşı qalıb, təzədir, – dedi, doxsan tümən...

İran bazarının qaydalarını bilsə də, çənə-boğazdan zəhləsi gedən və bunu bir alçaqlıq bilən Fridun etiraz etmədi.

– Götür...

Saatsaz təəccüblə ona baxdı və çıxardıb doxsan tümən saydı. Fridun pulu alıb, evə qayıtdı və Sərxanın anasını yanına çağırdı. Otuz tümənini ona verdi.

– Ala, ana, – dedi, – iki aylıq kirayə xərcini əvvəlcədən vermək istəyirəm. Deyəsən Sərxana pul lazımdır.

Arvad qəti etiraz etdi:

– Yox, oğul, mən səndən pul ala bilmərəm. Sərxan dərimi boğazımdan çıxarar.

Fridun təkid etdi. Lakin arvad götürmədi.

– Sərxan gəlsin, özü ilə danış

Yenə dörd gün sonra, Sərxan evə gəldikdə çay zamanı Fridun onunla danışmaq üçün bir bəhanə axtarırdı ki, özü sözə başladı:

– Ağayi Fridun, – dedi, – məni bağışla. O gün bir az qəbahət etdim... Çox peşimançılıq çəkirəm. Ev sözsüz, gor əzabsız olmaz. Bağışla.

Onun səsində qeyri-adi bir yumşaqlıq vardı. Gözləri də nə isə mehriban idi. Fridun tez onun sözünü kəsdi:

– Bağışlayıram, – dedi. – Lakin gərək Fəridədən üzr istəyəsiniz.

Sərxan heyrətlə və ciddi nəzərlərlə ona baxdı. Fridun onun içərisində qaynayan etirazın üzə çıxmasına yol vermədi:

– Bəli, Fəridədən mütləq üzr istəmək lazımdır. Mən ki elə edərdim. Ümumən, sizdən bir xahişim var: bir daha onunla elə rəftar etməyin. Onu da, özünüzü də alçaltmayın. Mən bilirəm, sizin həyatınız da, işiniz də ağırdı. Lakin bu ağır həyatı bir az da ağırlaşdırmaq nəyə lazımdır? O, sizin həyatınıza heç olmasa, balaca bir səadət gətirə bilər. Niyə bu səadəti də özünüz pozursunuz? Onsuz da sizin həyatınızı korlayanlar çoxdur. Söz verirsinizmi?

Bu sözlərdəki səmimiyyət və təmizlik Sərxanı Friduna kobud cavab verməyə qoymurdu. O, azca pörtmüşdü, lakin səssizcə ona qulaq asırdı.

– İndi sizdən ikinci xahişim var. Bu otuz tüməni alın. İki aylıq ev kirayəsidir, qabaqcadan verirəm, bilirəm lazımınızdır. Təəccüb etməyin və məni bağışlayın. O gün Fəridə ilə danışarkən bilmədən və istəmədən sizə qulaq asmışam. Sabahısı bu pulları anaya vermək istədim. Lakin nə qədər elədim almadı, sizin gözəl ailəniz var. Rəftarınız dəyişsə, həyatın yükü boynunuzu o qədər əyməz, nə qədər ki, indi əyir.

Sərxan nəzərində eşitmədiyi bir ailə yaşayışı, nə isə xoş, munis bir həyat mənzərəsi açan bu sözlərdən yumşalar, yüngülləşər kimi oldu. Sanki onlar ürəyinə bir istilik verirdi, qəribə, anlaşılmaz bir şadlıq və müvazinət gətirirdi. Qalxıb Fridunu öpdü:

– Qardaş olaq, – dedi, – mən hələ sizin kimi adam görməmişəm, qardaş olaq...


Fridun səhər tezdən ayıldı. Hələ durub geyinməmiş Sərxanın səsini eşitdi:

– Fəridə, qalx, yeri yığışdır. İndi Fridun oyanar... Sıxılmasın.

Fridun bunun nə demək olduğunu bilirdi. O, həyətə çıxmaq üçün Sərxangil yatan otaqdan keçməli idi. Daha doğrusu, onların üstündən tullanmalı idi. Çünki onlar on kvadrat metrlik yataq otaqlarını ona verdikdən sonra yeddi-səkkiz kvadrat metr olan bu otağa yığışmışdılar. Əvvəllər burada yalnız ana qalardı. Bu, qaranlıq və gün görmədiyindən nəm iyi verən qəfəsə oxşar bir şey idi. Fridun elə ilk gündən hiss etmişdi ki, yalnız ehtiyac ucundan onlar otağın birini kirayə verib, belə bir sıxıntıya dözürlər. Sərxan öz zəhmət haqqı ilə həm öz ailəsini, həm də qardaşının dul arvadı ilə üç yetimini dolandırmağa məcbur idi. Lakin onların getdikcə mehribanlaşan rəftarı göstərirdi ki, Friduna adi bir kirayənişin kimi yox, yaxşı bir adam kimi baxır, onunla ünsiyyət bağlayırlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Otuzuncu fəsil

Anasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...

12 мин
Otuz birinci fəsil

Sovet ordusu Tehranın şimalında Kirəcdə dayanmışdı. Cənubda, Kirmanşahda ingilis qoşunları ilə İran qoşunları arasında saziş əmələ gəlmişdi.Tehranda vəziyyətin ən gərgin zamanı idi. Qoşunlar qaçmış, idarələr pozulmuş, tam bir hərc-mərclik yaranmışdı. Hakimiyyət adına hələ də zahiri bir sükut içərisində yaşayan saraydan başqa, heç bir şey qalmamışdı.

14 мин
Otuz ikinci fəsil

Sentyabrın 17-də çərşənbə günü sovet ordusu Tehrana daxil olanda küçələrdə adam əlindən tərpənmək mümkün deyildi. Minlərcə insan məhəbbət, heyrət və maraq dolu gözlərilə sovet ordusu döyüşçü və komandirlərinə baxır, onları alqışlayırdı. Sovet ordusu millətin nəzərində gələcək xoş günlərə, azad və səadət dünyasına yol açan bir qüvvə idi. Mürtəcelər və qara qüvvələr isə sovet ordusuna kin və vahimə dolu bir nəzərlə baxırdılar.Rza xanın taxt-tacdan əl çəkməsi, hakimləri, mürtəce təbəqəni tam bir şaşqınlıq içərisində buraxmış, xalqda isə sonsuz sevinc və ümid doğurmuşdu. Zəhmətkeş təbəqələr İran göylərinə əbədi azadlıq günəşi gəldiyini düşünür və hissiyyatını ifadə etməkdən çəkinmirdi.

13 мин
Otuz üçüncü fəsil

Xavər hələ də Südabəgildə yaşayırdı. Onların arasında çox tez mehribanlıq əmələ gəlmişdi. Xavərin fəlakətzədə həyatı Südabənin qəlbində ona qarşı silinməyəcək bir məhəbbət oyatmışdı. Xavər də Südabəni ilk gündəcə sevmişdi. Onun sadə təbiəti, açıq və saf qəlbi, həyat və insanlara xeyirxah əlaqəsi xoşuna gəlmişdi. Hələ, Friduna olan məhəbbətini bildikdə qəlbində ona daha artıq bir yaxınlıq duymuşdu. Südabə ona xüsusi bir otaq ayırmışdı. Azad və Ayaz üçün də orada iki balaca çarpayı qoymuşdu.Bütün günü Xavərlə birlikdə gah fəhlə qadınlar arasında, gah məktəblərdə olan Südabə, axşamlar vaxt tapıb hər iki uşağa dərs də verirdi. Arabir Xavər zarafat edirdi:

22 мин

Стихи других поэтов