Страница 3 из 3 · 67%

Sərxanın səsinə ayıldıqdan sonra Fridun bir daha yuxuya gedə bilmədi. Yastığın altında kitab gizlətdiyini xatırlayıb, əlini ora atdı. Bu kitabı bazara çıxanda köhnə bir kitabfüruşun iprənmiş kitabları arasından seçmişdi. Bu, Şeyx Məhəmməd Xiyabaninin nitqləri idi. O, Xiyabani haqqında, xüsusən, Təbrizdə olarkən çox eşitmişdi. Lakin heç bir şey oxumamışdı. Bu nitqlər 1920-ci ildə Xiyabani Təbrizdə demokratik dövlət yaratdığı zaman müxtəlif yığıncaqlarda söylənmiş və müasirləri tərəfindən eynən yazılaraq saxlanmış, sonralar çap olunmuşdu. Oxuduqca oradakı azadlıq səsi, Tehranın zülm və istibdadı əleyhinə çağırış onun ürəyinə işləyirdi. Onlardan nə isə yeni bir həyatdan, hərəkət və tərəqqidən danışılırdı. Ancaq bu həyat nədir, onu necə qurmaq lazımdır suallarına cavab yox idi. Gələcəyə və tərəqqiyə olan çağırış da çox xəyali və anlaşılmaz idi. Nə qədər oxuduğunu bilmədi. Lakin Sərxanın yavaşca qapını tıqqıldadıb araladığını və oradan başını içəri saldığını gördükdə gec olduğunu anladı. “Buyur, ağayi Sərxan” – dedi. Sərxan içəri girib, salam verdi:

– Kişi, mən də deyirəm, bu qonaq niyə bu qədər yatdı. – Demə durub, kitab oxuyur. Qalx, qalx ayağa, qardaş. Mənim bu qədər ac qalmağa halım yoxdur. Çay içək, sonra nə oxuyursan oxu.

Fridun kitabı büküb, pəncərəyə qoydu. Fikri oxuduqlarında olduğundan qeyri-müəyyən nəzərlərlə Sərxana baxdı. Sərxan bunu hiss etdi:

– Görünür, maraqlı kitabdır. Geyinin, çay içək. Sonra mənə də danışarsınız, – dedi və o biri otağa keçdi.

Fridun geyindi, əl-üzünü yumaq üçün balaca həyətə çıxdı. Ana və Fəridə gəlib, otağı yığışdırdılar, çay içdilər, cümə günü olduğundan Fridun Sərxanın işə getməyəcəyini bilib, kitabı əlinə aldı.

– Bir qulaq as gör nə yazır: “Qalx, ey xalq! Silkin, üstünə qonmuş əsrlərin ətalət, cəhalət tozunu təmizlə. Zülm və istibdad zəncirlərini qır! Azadlıq və demokrasi yolunu tut! Özün öz ixtiyarının sahibi ol. Öz həyatını elə qur ki, tərəqqi və səadətin qapılarını övladlarının üzünə açasan!..”

Sərxan diqqətlə qulaq asırdı. Çox vaxt mənasını aydın başa düşmədiyi sözlərin nə isə işıqlı, xoş bir gələcəyə çağırdığını duyurdu. Qapının arasından Fəridəni səslədi:

– Fəridə, gəl sən də qulaq as.

Fəridə gəlib onun yanında oturdu. Fridun oxuduqlarını, oradakı gizli və açıq mənaları başa düşdüyü kimi, öz həyəcan və arzularını da onlara qataraq, nəql etdi və oxudu: “Kiçik qüvvə mütəşəkkil olanda və haqq yolunda ayağa qalxanda çox böyük qıvvəni dalınca apara bilər...”

Sərxan, nə isə qəlbinin böyük arzularını ifadə edər kimi köksünü ötürdü.

Fridun yalnız bu sözlərdə aydın bir çağırış gördü. “Mütəşəkkil az qüvvə...” Bu söz ona Azərbaycanı, xırman üstündə Hikmət İsfahanini xatırlatdı:

– Bolşevikdir!.. Xalis bolşevik!

Nə üçün Hikmət İsfahanilər bu sözdən bu qədər qorxurlar? Niyə qanunun ağır cəzalarına layiq olmaq üçün bircə bu söz kifayətdir? Çünki bu sözün ifadə etdiyi “haqq yolunda ayağa qalmış” mütəşəkkil bir qıvvəni yaradan Lenin idi. Varlılar belə onun böyüklüyünü dana bilmirlər... Onun adı gələndə elə bil ki, Hikmət İsfahaniləri ilan çalır. Sanki Sərxanı da eyni suallar məşğul edirdi.

– Fridun, – dedi, – niyə görəsən bizim bu dövlət Rusiyanın adına xoş bir söz deyənin dilini boğazından çıxarır? Bir adamın başını kəsmək üçün elə bircə kəlmə “bolşevik” sözü bəsdir. Bizim ağalara qulaq asanda, elə bilirsən ki, Rusiya gərək çoxdan dağılaydı, bolşeviklərin gərək indiyə qədər sümüyü də çürüyə idi...

Fridun danışmamış, Fəridə cavab verdi:

– Ağa da qələt eləyir, onun böyüyü də. Odur ey, görənlərin hansından soruşursan, ağızdoluğu danışmaqdan yorulmur. Əlbəttə, ağalığı əlindən çıxan deməyəcək ki, yaxşıdır. Amma sənin, mənim kimi əlinin zəhməti ilə yaşayanın hamısı bir Rusiya deyir, bir dilini yalayır. Belə deyil, Fridun qardaş?..

Həyatın gündəlik ehtiyacı içərisində əzilən, xırdalanan, tənhalaşan bu adamların ürəyindəki yüksək duyğular Fridunu sevindirirdi. Məhəbbətlə:

– Elədir, Fəridə, – dedi, – görünür ki, oradakı həyat heç bizimkinə oxşamır. Deyirlər, orada bir nəfər də işsiz tapılmır. Hamı istədiyi sənətin sahibi ola bilər. Çoxlu məktəblər, sənət ocaqları var ki, millətin balalarını tərbiyə edir. Vəzirdən tutmuş vəkilə və adi bir kəndliyə qədər, hamının hüququ birdir. Bir adam o birisinə töhmət edə bilməz, nəinki şillələmək, çubuq altına salmaq. Bu növ hərəkət kimin tərəfindən olsa, qəbahət sayılır və belə əməl sahibinin işinə məhkəmədə baxırlar. Rüşvət, mənsəbindən istifadə kimi hərəkətlər, bilmərrə aradan götürülmüşdür...

Fridun danışdıqca Sərxan və Fəridə bir-birinə qısılaraq, qulaq asırdılar. Bu sözlər sanki bir nağıl kimi onları xoş, xəyali bir dünyaya aparıb çıxarırdı. Onun sözlərindən doymur, çoxlu danışmasını istəyirdilər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Otuzuncu fəsil

Anasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...

12 мин
Otuz birinci fəsil

Sovet ordusu Tehranın şimalında Kirəcdə dayanmışdı. Cənubda, Kirmanşahda ingilis qoşunları ilə İran qoşunları arasında saziş əmələ gəlmişdi.Tehranda vəziyyətin ən gərgin zamanı idi. Qoşunlar qaçmış, idarələr pozulmuş, tam bir hərc-mərclik yaranmışdı. Hakimiyyət adına hələ də zahiri bir sükut içərisində yaşayan saraydan başqa, heç bir şey qalmamışdı.

14 мин
Otuz ikinci fəsil

Sentyabrın 17-də çərşənbə günü sovet ordusu Tehrana daxil olanda küçələrdə adam əlindən tərpənmək mümkün deyildi. Minlərcə insan məhəbbət, heyrət və maraq dolu gözlərilə sovet ordusu döyüşçü və komandirlərinə baxır, onları alqışlayırdı. Sovet ordusu millətin nəzərində gələcək xoş günlərə, azad və səadət dünyasına yol açan bir qüvvə idi. Mürtəcelər və qara qüvvələr isə sovet ordusuna kin və vahimə dolu bir nəzərlə baxırdılar.Rza xanın taxt-tacdan əl çəkməsi, hakimləri, mürtəce təbəqəni tam bir şaşqınlıq içərisində buraxmış, xalqda isə sonsuz sevinc və ümid doğurmuşdu. Zəhmətkeş təbəqələr İran göylərinə əbədi azadlıq günəşi gəldiyini düşünür və hissiyyatını ifadə etməkdən çəkinmirdi.

13 мин
Otuz üçüncü fəsil

Xavər hələ də Südabəgildə yaşayırdı. Onların arasında çox tez mehribanlıq əmələ gəlmişdi. Xavərin fəlakətzədə həyatı Südabənin qəlbində ona qarşı silinməyəcək bir məhəbbət oyatmışdı. Xavər də Südabəni ilk gündəcə sevmişdi. Onun sadə təbiəti, açıq və saf qəlbi, həyat və insanlara xeyirxah əlaqəsi xoşuna gəlmişdi. Hələ, Friduna olan məhəbbətini bildikdə qəlbində ona daha artıq bir yaxınlıq duymuşdu. Südabə ona xüsusi bir otaq ayırmışdı. Azad və Ayaz üçün də orada iki balaca çarpayı qoymuşdu.Bütün günü Xavərlə birlikdə gah fəhlə qadınlar arasında, gah məktəblərdə olan Südabə, axşamlar vaxt tapıb hər iki uşağa dərs də verirdi. Arabir Xavər zarafat edirdi:

22 мин

Стихи других поэтов