Страница 3 из 4 · 50%

Sofi İranpərəst qədəhi boşaldıb, stola yaxınlaşdı. Əlini Hüseynin qadın üzü kimi tüksüz üzünə çəkdi. Bundan duyduğu zövqü gizlətməyə çalışaraq dedi:

– Ürəyini aç, oğlan!.. Gül və kef çək, oğlan! Dünyadan aparacağımız, ancaq budur. Yoxsa bir vaxt ayılacağıq ki, gecdir. Vaxt keçib, ömür qurtarıb. Onda başımıza döyəcəyik, əlimiz bir yerə çatmayacaq...

Zon piş ki, əz zəmanə təbi bexorim,
Ba yekdekər emruz şərabi bexorim.
Kin çərxez-fələk, bevəqte rəftən mara,
Çəndən nə behər əman ke, abi bexorim.²

O, yenə qədəhi başına çəkib, stolun üstünə qoydu. Yenə nə isə oxumaq istədikdə pərdənin dalındakı qapı açıldı. Sərtib başını çıxarıb:

– Allah xatirinə qoyun gözümüzə yuxu getsin. Bu səfsətini bir kənara atın! – dedi və qapıya söykənib, Sofi İranpərəstə baxdı, hər sözü ayrılıqda eşidilməklə bir rübai oxudu:

¹ Rübai Xəyyamındır. Mənası: meysiz və məzəsiz cahanın dövranı heçdir. Neyin zümzüməsi olmadan dünya heçdir.

² Rübai Xəyyamındır. Mənası zəmanə bizə əzab badəsini içirməmişkən, gəl bu gün üz-üzə oturub, şərab içək. Çünki getmək vaxtımız çatanda bu çərxi-fələk bizə bir qurtum su içməyə də aman verməyəcəkdir.

Gavist dər aseman və naməş Pərvin.
Ek gave degər nəhoftə dər zire-zəmin.
Çeşme-xerədət göşay çun əhle-yəqin,
Zirü-zebəre'do kav moşti xər bin.¹

O, qapını çırpıb içəri qayıtdı. Sofi İranpərəst qaşqabağını turşudub, yerində oturdu və bir qədəh də doldurub, başına çəkdi:

– Sərtib çox tündməcazdır, – dedi.

– Sirkə nə qədər tünd olsa, öz qabını çatladar.

Sofi İranpərəst içdikcə danışan, danışdıqca içən adamlardan idi. O, artıq şeir oxumaqdan qorxaraq, gözünü pərdə dalındakı qapıdan çəkmədən danışırdı. Keçmiş həyatını nağıl edir, məktəbdə necə oxuduğunu xatırlayır, dünyanın siyasətindən danışırdı. Haradan yadına nə düşürdüsə oradan da deyirdi. Bəzən azca əvvəl söylədiyi əhvalatı bir də təkrar edirdi.

Farsca təmiz və zəngin bir dillə danışan bu adam üçün sanki sözün heç bir qiymət və mənası yox idi. Bir cümlədə dediyi fikri başqa cümlədə inkar edər, əvvəlcə təqdir etdiyi bir hadisəni sonra təsdiq edərdi. Bütün bunları da elə bir inam və təbiiliklə edərdi ki, sanki dünyada onun üçün məntiqsizlik və fikir pozğunluğundan cazibədar bir şey yoxdur. Sanki yer üzündə möhkəm və aydın prinsiplər, qəti və bir-birinə zidd anlayışlar yox imiş,

Nəhayət, onun mənasız boşboğazlığından yorulmuş Hüseyn söhbəti dəyişməkmi, yoxsa əylənməkmi xatirinə:

– Deməli, ağayi Hikmət İsfahani sizi yolda, elə yolun ortasındaca düşürüb getdi, hə?.. – deyə soruşdu.

Sofi İranpərəst səsini ucaltdı:

– Yaman imansız kişidir, maşını saxlatdı, dedi düş yerə... Düşmək istəmədim. Qolumdan tutub, qoydu yolun kənarına.

– Nə üstündə axı, nə üçün?

– Kişi, vallah, günah özümdədir. Mən köpək oğlu min dəfə özümə söz vermişəm ki, ağanın bir sözünü iki eləməyim, dedi qatıq qaradır, deyim qaradır, ağdır, deyim ağdır. Amma yenə yadımdan çıxır. Öz bildiyimi demişəm. Başım da belə bəlalara düşüb...

¹ Rübai Xəyyamındır. Mənası: göydə Pərvin adlı bir öküz var. Başqa bir öküz də yerin altındadır. Həqiqət əhli kimi ağıl gözünü aç və bu iki öküzün arasındakı bir dəstə eşşəyi seyr et.

– Axı nə olmuşdu, söhbət nə üstündə idi?

– Nə olacaq, kişi, mister Harold soruşdu ki, Təbrizdən Culfaya neçə kilometr olar? Ağa buyurdular ki, təqribən üç yüz kilometrdir, mən dili qurumuş da davam gətirməyib dedim ki, xeyr, ağa cəmi yüz iyirmi kilometrdir. Ağa dedi, yox, səhih bilirəm ki, üç yüzdür. Mən dedim ki, xeyr, ağa, özüm kitabda oxumuşam ki, yüz iyirmi kilometrdir. Ağa dedi, yox, səhih bilirəm ki, üç yüzdür. Mən dedim ki, xeyr, ağa, özüm kitabda oxumuşam ki, yüz iyirmidir. Onda ağa maşının qapısını açdı, dedi: düş aşağa, əbucəhd qurumsaq.

– Gün batan çağı qoydu düzün ortasında, çıxıb getdi, hə?

– Bəli, gördüyün kimi...

– Bəs, yaxşı, ağa tehranlıdır, belə hərəkətlərə adət eləyib, bu amerikalı mister Harold niyə razı oldu?

Sofi İranpərəst başını buladı:

– Pəh, pəh, əcəb söz soruşursan! Kişi, bu amerikalılar, bizə elə baxırlar, necə biz teatr oyununa baxırıq. Hər şey onlara ləzzət verir. Biz ağa ilə mübahisə eləyəndə, ağa məni maşından çölə salanda mister Harold qəhqəhə çəkib gülürdü.

– Yaxşı tamaşa var imiş ki!..

Sofi İranpərəst:

– Demə, heç demə! – deyib, bir qədəh də doldurdu, başına çəkdi, nə isə yeni bir rübai demək istərkən, Hüseyn onun sözünü ağzında qoydu:

– Kişi, sən bu Xəyyamını bir kənara at, sərtib yenə acıqlanar.

Bir müddət çayxanada sükut oldu. Şirin-şirin yatan kəndlilərin mışıltısından başqa bir səs eşidilmədi.

Sofi İranpərəst öz-özünə danışırmış kimi:

– Nə yaxşı tiryək çəkməli, nəşə almalı gecədir! – dedi:

Hüseyn onun fikrini təsdiq etdi.

– Yaman axmaq gecədir! Ancaq tiryəklə bu cansıxıcı gecəni səhər etmək olar. O, qeybət edən adamlara məxsus yavaş bir səslə:

– Nə üçün burada gecələdik? Çıxıb gedərdik, onlar da sabah gedərdilər. Olmazdımı? – deyə soruşdu.

– Niyə olmazdı, lakin sərtib istəyir ki, hamı bir yerdə Tehrana qayıtsın. Güzariş bir yerdə verilsin, ixtilafi-rəy əmələ gəlməsin. Bir yandan özündən qorxur, bir yandan da işin üstünü örtmək istəyir. Yumşaltmaq istəyir.

– Yəni Həmidiyə hüsni-təvəccöhü var?

– Bəs nədir? Çünki o da, bunun atasının getdiyi yolu gedənlərdəndir. Boğazı təsadüfən kəndirdən qurtarmışdır.

– İşin ki, ucu vəzarəti kişvərin¹ əlinə keçdi, salamat qalacağına şübhəm var... Qorxuram sərtibi də öz dalınca çəkib qəbrə apara...

– Bunun üçün də onun öz ağzından çıxan bircə etiraf lazımdır. Bir neçə kəlmə söz lazımdır. Sərhəngin axtardığı da elə budur.

– Məncə, azca əvvəl dediklərini sərhəngə çatdırmaq kifayətdir.

– Əlbəttə, qızışaraq dediyi o sözlər də böyük sözlərdir. Bir kəndir kimi boğazına keçə bilər. Naxoş damarını tapmışam, hələ söhbət salıb, yenə çox sözlər dedirdəcəyəm. Burada sən də mənə kömək etməlisən. Sərhəngin öz tapşırığıdır. Qoy güclülər bilsinlər ki, balaca adamlar da təhqiri unutmayır, bəzən böyükləri dar ağacına qədər sürükləməyi bacarırlar.

Yavər Əziminin içəri gəldiyini gördükdə Məhbusi ucadan:

– Ağayi Sofi, – dedi, – durun bir havaya çıxın, başınız ağrıyar, durun havaya.

Sofi İranpərəst hədələyə-hədələyə yerindən qalxıb, çölə çıxdı. Məhbusi yavər Əzimiyə yanaşdı:

– Bu naqqal bilmirəm haradan gəlib çıxdı. Lap baş-qulağımı apardı.

Yavər Əzimi maraqlandı:

– Bu hansı Sofi İranpərəstdir.

– Hikmət İsfahaninin ruznaməçisidir. “Səda”nı bu çıxarır. ərbab həmişə səfərə çıxanda bunu da özü ilə götürür və yarı yolda qovur. Şəhərə qayıdanda isə yol sərgüzəştlərini nağıl etdirəcək, bu da təlxək kimi səhralara düşdüyünü, arxlara yıxıldığını, çayxanalarda yatdılığını min rəngə salıb danışacaqdır. Bu ələ salınmaqdan, o da ələ salmaqdan həzz alır.

Pərdə dalındakı qapının cırıltısı və sonra sərtibin səsi eşidildi:

– Nə oldu, maşından bir xəbər çıxmadı?

Hüseyn itaətlə cavab verdi:

– Xeyr, ağayi sərtib, hələ də maşın gəlməmişdir. Siz rahat yatın, gəlsələr xəbər verərik.

– Saat ikidən keçmişdir. Gərək çoxdan gələ idilər. Bəlkə, bir hadisə baş verib?

¹ İranın daxili işlər nazirliyi

– Ola da bilər, sərtib! Yol uzaqdır, yəqin gecəni harada isə yatmalı olublar. Bəlkə, bir az pilov meyl edəsiniz? Çox gözəl pilovdur. Siz heç şey yemədiniz.

Sərtib oturub, könülsüz iki qaşıq plov yedi, sonra siqar çıxarıb, çəkmək istədi. Hüseyn tez kibrit yandırıb, ona tərəf əyildi. Sərtib siqarı tüstülədib, laübalı bir halda gözlərini lampanın tutqun işığına dikdi.

Hüseyn:

– Sərtib, – dedi. – Təbrizdə çox yoruldunuz. İş çox dolaşıq və ağır idi.

– Elədir, mən hələ, qərəz ucundan bir insana bu qədər ləkə atıldığina inana bilmirəm.

– Bizim bu məmləkətdə hər şey ola bilər, sərtib. Xaraba qalsın belə yeri!.. Bir şahıya nənəsinin əmcəyini kəsənlər var.

Sərtib bu sözlərin ürəkdən gəldiyini və saxtakarlıq olduğunu müəyyən edə bilmədi. Ümumən, o, Hüseyni tanımaqda çətinlik çəkirdi. Bu adam gah bir uşaq qədər sadə görünür, açıq mühakimələrə yol verir, deyir, gülür, bir mehribanlıqla insanı özünə cəlb edir, gah da məhdud, qaradinməz, hər şeyə şübhə edən soyuq və quru bir adama çevrilirdi. Gah o, hər kəsə yazığı gələn, qarışqanı belə incitməkdən çəkinən bir rəhmdil olur, gah da bir anda anlaşılmaz bir ətiacılıq edirdi. Odur ki, iyirmigünlük müsafirətləri ərzində ilk dəfə rastlaşdığı bu adam haqqında sərtib heç bir fikrə gələ bilmirdi. Ona yaxşı deməyə də, pis deməyə də ehtiyat edirdi. Ümumən sərtib insanlar haqqında çox tez qərara gəlməyi bacarmazdı. Dünyada heç şey yaxşı bir adam haqqında pis düşünmək qədər ona əzab verməzdi. O belə əqidədə idi ki, insanları pis yollara salan, onlara qarşı etinasızlıq və pis münasibətdir. Bu münasibət dəyişsə, adamlar bir-birinə məhəbbətlə və sədaqətlə yaxınlaşsalar, fənalıqlar nə qədər azalardı. Eyni zamanda yaxşı zənn etdiyi bir adamın gözlənilməz çirkin hərəkəti qədər heç şey onu peşman və ümidsiz etməzdi. Buna görə də sərtib yeni tanış olduğu bir şəxs haqqında qəti bir qərara gələnə qədər uzun müddət bir-birini redd edən müxtəlif mühakimələrə qapılar və əzici bir daxili əzab çəkərdi. Hüseyn kimi birdən-birə tanınması çətin olan adamlar haqqında o çox vaxt heç bir rəyə golə bilməzdi. Daxili rahat olsun deyə belələrilə bir daha görüşməməyə çalışardı. Onlarla görüşdən və söhbətdən qaçardı. Azca əvvəl qızışaraq dediyi sözləri də indi yersiz hesab etdiyindən Hüseylə danışmaq arzusunda deyildi, buna görə də qısaca ona dedi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

On dördüncü fəsil

Rza xan maşını Pəhləvi küçəsində saraya çatmamış, saxlatdırıb düşdü və adətinin xilafına olaraq, piyada yeriməyə başladı. Onu hər tərəfdən hərbi qiyafəli qulluqçular əhatə etmişdi. Sərhəng Səfai də onların içində idi. Şah yavaş addımlarla yeriyir və heybətli nəzərlərlə ətrafa baxırdı. Onu görən hər kəs tez qaçıb ya bir dükana soxulur, ya tələsik qayıdıb geri dönür, ya da divara sıxılıb, keçməsini gözləyirdi. Hətta laqeyd və çox danışmağa adət etmiş dükan və mağaza sahibləri belə cınqırını çıxarmayıb, hövlnak içəri girirdilər. Məktəbli uşaqlar və çadrası götürülmüş olsa da, başındakı yaylıqla yaşmaq tutan qadınlarda ona rast gəldikdə ildırım vurmuş kimi yerində quruyub qalır, səslərini kəsib, başlarını yana çevirirdilər. Sanki küçədə dəhşətli bir kabus, hər tərəfə ölüm saçan qara bir heykəl hərəkət edirdi. Bu, zülm və istibdad heykəli idi. Onun ayağı dəyən hər yerdə bir məzar sükutu hakim olur, yalnız keçib getdikdən çox-çox sonra insanların rəngi özünə gəlməyə başlayırdı. Şahın qara çöhrəsinə baxanların nəzərində məhbəslər, dar ağacları, ölüm və zülmətin qurbanı olmuş adamların siması canlanırdı. O isə düz gedir, bu rəngi qaçmış, gözləri çuxurlaşmış insanların üzünə belə baxmırdı. Kim bilir, bəlkə də, onları bir heç, bir qarışqa hesab edirdi. Yaxud da sövqi-təbii bir hisslə üzvlərinə baxmaqdan qorxurdu.O, Pəhləvi xiyabanından burulub, saraylar küçəsinə çıxdı və mərmər sarayın qapısına doğru addımlayanda heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Saçı-saqqalı ağarmış, bir cüt gözü işıldayan bir qoca birdən-birə özünü onun ayaqlarına atdı. Şah əvvəlcə gözlənilməz bir vahimə içərisində geri çəkildi. Heç bir zaman ürəyini tərk etməyən gizli qorxu hissi bütün vücudunu titrətdi. Lakin ayaqlarının altında suiqəsd edəcək bir adam deyil, zəif, aciz, kəlləsinin sümükləri çıxmış, ordları batmış bir qoca gördükdə durdu və qəzəblə ona baxdı. Uzunboylu, yanaqları qırmızı, boynunu ət basmış bir sərtib və sərhəng Səfai dərhal qocanın üstünə atılıb, onu yoldan kənar etmək istədilər. Qoca cansız vücudu ilə amansız bir müqavimət göstərərək, Rza xana doğru sürünməyə başladı. Şah amiranə bir tərzdə sağ əlini qaldırdıqda sərhəng və sərtib kənara çəkildi. Şah qəzəblə qocanın üzünə baxdı və farsca:

16 мин
On beşinci fəsil

Hikmət İsfahani ağır bir təəssürat altında saraydan çıxdı. Onun fikri dolaşıq, qəlbi həyəcanlı idi. Rza xanın ondan narazı olduğunu, ona hətta gizli bir kin bəslədiyini duyurdu. Rza xanın heç bir şeyi unutmadığını və heç bir qüsuru əfv etmədiyini də bilirdi. Buna görə də qəlbinin dərinliklərində ağır bir əndişə baş qaldırırdı. Şahın belə qəzəblənməsində Həkimülmülkün də barmağı olduğu ona aydın idi. Bununla belə, hər şey ona anlaşılacaq şəkildə görünmürdü. Nə isə, şahın da, Həkimülmülkün də hərəkətlərində bir mübhəmlik, bir sirr vardı. Saraydan çıxdıqdan sonra Həkimülmülkün Rza xanla tək qaldığını yəqin bilməsi, xüsusilə onun bu şübhələrini daha da artırırdı. “Bu siçan hələ çox iplər çeynəyəcəkdir!” – deyə Hikmət İsfahani düşünür, özünü bərk danlayır, belə bir adamın əlinə bəhanə verdiyi üçün peşmançılıq çəkirdi: “Mən axmaq – deyirdi, – bu bişərəfləri tanıya-tanıya yenə dilimi dinc qoymuram, mülk də getdi, əlavə Ərdəbil bağları da getdi, qızı da bu qurumsağa verdim. Özüm də borclu çıxdım. Özüm öz malımı oda qoydum. Bu saray siçanı, bu tiryəki köpək oğlu da üstümə qalxdı. Ayağın qoydu boğazıma. İndi nəfəsimi kəsənə qədər sıxacaq...” Bu düşüncələr onu sıxır, tamamən haldan çıxarırdı. Bütün bu fikirlər və mülahizələri onu çarə axtarmağa, ayağının altını möhkəmlətmək üçün yollar aramağa sövq edirdi. O, hansı vasitələrlə Rza xana təsir edə biləcəyini, onu bu hiyləgər və tiryəki Həkimülmülkün təsirindən qurtara biləcəyini düşünürdü. Bu, verimlə, bəxşişlə düzələsi iş deyildi. Çünki əlahəzrətin bir pis xasiyyəti vardı ki, verdikcə iştahı artırdı, əmlakı artdıqca onun həvəsi də şiddət kəsb edirdi. Onu verimlə doyurmaq mümkün deyildi.Hikmət İsfahani uzun müddət şaha təsir etmək yollarını axtarıb, bir-bir mühüm simaları xatırında canlandırarkən, birdən-birə dostu mister Tomas yadına düşdü. “Aha, yaxşı tapmışam, – deyib sevindi, – bu adamın İran siyasətində hərlətmədiyi bir təkər, tərpətmədiyi bir halqa yoxdur. Yaxşı tapmışam. Əlahəzrəti elə yumşaltsınlar ki, lap muma dönsün. Ağayi Tomas onun qəzəbini elə mərhəmətə çevirsin ki, görən əhsən desin!” Bu fikirlərlə o birbaşa maşını Tomasın rəsmi qulluq yeri olan ingilis səfarətxanasına sürdü. O, maşından düşərkən Tomasın öz maşınına minməyə hazırlaşdığını gördü. Tələsik ona doğru addımladı. Tomas da onu görüb dayandı və qayıdıb ona tərəf gəldi. Uzun qollarını yanına sallayaraq uzaqdan:

20 мин
On altıncı fəsil

Tehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı. O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq hərəkətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq:

17 мин
On yeddinci fəsil

Sərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.

20 мин

Стихи других поэтов