On altıncı fəsil
Страница 1 из 3
Tehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı. O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.
Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq hərəkətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq:
– Gördün, dadaş, mən deyən oldu, olmadı, – demişdi. – Gərək bütün millət dilsiz-ağızsız heyvan ola ki, bu yekəlikdə zülmə davam gətirə. Heç cınqırını da çıxartmaya, intihası, mən deyirdim ki, həl əl-ələ verək, biz başlayaq razı olmadın, bu şərəf başqalarına qismət oldu...
Fridun vərəqə buraxanların kim olduğu haqqında camaatın nə düşündüyünü bilmək marağı ilə:
– Görəsən hansı qurd ürəyi yemişin işidir, – demişdi.
Qurban Mərəndi onu təshih etmişdi:
– Qurd ürəyi yemişin yox, yemişlərin. Bilirsən nə həngamədir. Deyirlər ki, qoşundan tutmuş vəzarəti kişvərin özünə qədər hər yerdə adamları var. Fürsət gözləyirlər, tüfəng götürüb girələr səngərə, dağıdalar bu çürümüş binanı. Hə, onu da deyim ki, gözdə-qulaqda ol, bu gün, sabah ikinci kitab çıxacaq. Əlinə keçməsə, xəlvəti mənə de, verirəm... Qorxma, mənim dalımca nə qədər adam salsalar, yenə birini tapacağam...
Bu sözlər Fridunu sevindirməklə bərabər, düşündürürdü də. O, xalqın bu ümidini doğrultmağı, işi davam etdirməyi özlərinə borc bilirdi. Sanki onlar səadət həsrətilə yaşayan minlərlə adamların qarşısında bu yoldan dönməyəcəklərinə and içmişdilər və bu andı pozmaqdan böyük günah ola bilməzdi.
İndi işi ləngitmək, yeni kitabı gecikdirmək, bu insanları naümid etmək idi; həm də bu, mürtəce dairələri bu adamların üstünə qaldırıb, meydandan qaçmaq kimi bir alçaqlığa bərabər idi. Buna görə də Fridun bütün fikrini ikinci kitabın nəşrinə vermişdi. Kitabla yanaşı, o, yeni bir vərəqə də hazırlayırdı. Bu vərəqə də hakim və mürtəce dairələrin böhtan və yalanlarına cavab olmalı idi. Vərəqə hazırlamaq üçün Rza Qəhrəmani hələ gündüzdən şəhərdə əlinə keçən bütün qəzetləri alıb stolun üstünə yığmışdı. Hətta bəzilərini oxuyaraq, yanından qırmızı xətt çəkmiş və ayırıb, bir kənara qoymuşdu. Fridunu gördükdə:
– Buyur, əzizi-mən, gör gələcəkdə yeni dövlətin vəziri olsan, məni katibliyə götürərsənmi? – deyə zarafat etdi.
Fridun ciddi olaraq:
– Qardaş, doğrudan da, deyəsən camaatın bizdən umduğu yeni dövlətdir, nə az, nə də çox – dedi.
Rza Qəhrəmani də ciddiləşdi:
– Bəs sən necə bilmişdin? Xalqı bidar edib, onun qabağından qaçmaqmı olar? Xalqın istəyi də həmişə yerində və vaxtında olur.
– Elədir, xalq istəyini zaman doğurur. Lakin biz hələ bu sadə istəkdən nə qədər uzaqdayıq!.. Hətta biz fikrən belə bu məsələni özümüz üçün həll etməmişik ki, nə istəyirik, necə dövlət istəyirik. Biz elə köhnəni uçurmaqdan danışırıq.
– Fikir eləmə, əzizim, sən bu köhnəni uçurt, elə o günü mən sənə deyim yeni dövlət necə olacaq. Onun şəklini xalq özü tapar.
Rza Qəhrəmani nə isə fikrə getdi, bütün simasında, gözlərində bir işıq və ilham göründü:
– Bilirsənmi, Fridun, getdikcə mənim ürəyim elə bil ki, bir dağ kimi ucalır. Sanki mən dünyanı təzədən qanmağa, hiss etməyə başlayıram. Hətta özümü də... Deyirəm ki, nə üçün uşaqlıqdan sənə deyən olmayıb ki, sən baxma ki, belə balacasan, boyundan qorxma. Əslində sən çox böyüksən, sən böyük bir dağın parçasısan. O dağ xalqdır. Ona bərk söykən, ondan ayrılma, onun fikrilə yaşa! Görərsən ki, sən nə qədər canlısan, qiymətlisən, gözəlsən!..
Fridun qəzetləri gözdən keçirə-keçirə dostuna qulaq asırdı. Bu sözlərdə onun dostu, nə isə böyük bir fikir ifadə etmək istəyirdi. Fridun onun, doğrudan da, dediklərindən daha çox duyduğunu hiss edirdi:
– Sən xoşbəxtsən, dostum, qəlbin dilindən çox zəngindir. Sözlərin kələ-kötür olsa da, hissiyyatın uca və təmizdir. İnsan üçün bu, böyük xoşbəxtlikdir. Mən dünyada başqa cür adamlara da rast gəlmişəm. Bax, onlardan birisi gör nə yazır.
Bu, “Səda” qəzetində Sofi İranpərəstin “Vətən xainləri qutuldu” adlı məqaləsi idi. Sofi İranpərəst vəzarəti kişvər tərəfindən, Rəhmanzadə adlı bir nəfər başda olmaqla üç adamın tutulduğunu yazırdı. Guya Rəhmanzadə kitabların Bakıda nəşr edildiyini söyləmiş və özlərinin də paraşütlə bu tərəfə salındığını boynuna almışdır. Hətta qəzetdə Rəhmanzadənin paraşütlü şəkli də çap edilmişdi. Sofi İranpərəst məqaləsinin altında qeyd edirdi ki, vəzarəti kişvərin lütfü nəticəsində şəxsən Rəhmanzadə ilə görüşmüş və müsahibə etmişdir. Fridun qəzeti bir kənara atdı:
– Bütün bunlar nə qədər gülüncdür!.. Ağayi Hikmət İsfahaninin pulu ilə çıxarılan bir ruznamədən bundan artıq nə gözləmək olar.
– Yox, çox şey gözləmək olar, – deyib Rza Qəhrəmani qəzeti qaldırdı və yenidən Friduna verib, əlini başqa bir məqalə üzərinə qoydu.
– Ah, əzizim, acığın dövlətə zərəri var, deyərlər. Dalmı oxu. Gör Hikmət İsfahani məclisdə nə tufan eləyib.
Bu, Hikmət İsfahaninin məclisdə olan nitqi idi. Nitq İranın şimalını qaranlıq buludlar bürüdüyündən, yer üzərində dinsizlər və allahsızların ayaq almasından, dəccalın xürucundan danışır və imam Sahibəzzamanın qərb tərəfdən zühur edəcəyini xəbər verirdi.
Rza Qəhrəmani:
– Kişi, riyakarlığa bir bax, – dedi, – özü ömründə namaz qılmaz, Sahibəzzamandan danışır, camaatı yaman dolayıblar!
Fridun “Səda”nı bir kənara qoydu. “Fəryad”ı götürdü. Bu qəzet də vərəqələrdən, kitabdan söhbət açmışdı. Həm də o tamamilə başqa bir xəbər verirdi: o yazırdı ki, bu kitabı da, vərəqələri də Kominternin başqa ad altında bu tərəfə göndərdiyi adamlar buraxmışdır. Bu adamlara Musa adlı bir Fələstin yəhudisi başçılıq edirmiş.
Ruzname oxucunu inandırmağa çalışırdı ki, bu adamların sayı minləri keçir və onların çoxu İran adətlərini bilmədiklərindən çayxanalarda böyük stəkanlarda çay içdikləri zaman tutulmuş və özlərinin qafqazlı olduqlarını da etiraf etmişlər. Ruznamə bilatəxir bu adamların edam olunmasını tələb edirdi.
Fridun bu qəzeti də bir kənara qoyaraq:
– Maraqlıdır, görəsən kimləri dardan asmağa bəhanə axtarırlar,
– dedikdə, Rza Qəhrəmani ayağa durdu:
– Lap ağıllarını itiriblər! Deyir ki, gözəl ağa çox gözəldi, vurdu çiçək də çıxartdı. Bizim ağaların da işi bu cür olub, – dedi və qapıya yollandı.
– Fəridə ilə Kərimxan məni gözləyir, kitabları çıxartmaq vaxtıdır, yadından çıxmasın, gecə Sərxangildə görüşməliyik.
Fridun:
– Elə şey yaddan çıxmaz, get gör axşam sizə nə böyük bir müjdə gətirəcəyəm! – deyib başqa bir qəzeti götürdü.
Rza Qəhrəmani deyilməsi lazım görülməyən məsələni soruşmazdı.
Buna görə də maraq və xoş bir intizar içində heç söz deməyib, qapıdan çıxdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirze-ibrahimov-gelecek-gun-on-altinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.
İyirmi üçüncü fəsilAyaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?
İyirmi dördüncü fəsilAğır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”
İyirmi beşinci fəsilGöhər Səriyyə xalanın əyninə göy qədəkdən bir xalat geyindirib, ikimərtəbəli evinin birinci mərtəbəsində mətbəxin yanındakı böyük eyvanda oturtdu və yunu, parçanı qabağına töküb, “burada işləyəcəksən” dedi. Səriyyə səhərlər ora gedir, axşamlar fabrikin həyətində işıqsız, torpaq döşəməli daxmada yatırdı. Göhərin uşaqdan xoşu gəlmədiyini hiss edərək, Niyazı yanınca aparmayıb, bütün günü fabrikin həyətində özbaşına buraxmağa məcbur olurdu. Göhərin ikinci gün ona verdiyi bir tüməni bərk-bərk yaxasında gizlədərək gündə iki qranlıq çörək alırdı. Çörəyi iki yerə bölüb, birini Niyaza verir, o birini də cındır parçasına büküb küncə qoyurdu.– Bala, bunu indi ye, bunu da günorta yeyərsən, – deyib üzündən öpərək işə gedirdi. Şama da qayıdanda özü ilə Göhərin verdiyi süfrə dibini gətirirdi. Uşaq çörəyi qoltuğuna sıxıb, parça-parça ağzına doldurur və acgözlüklə yeyir, daha aclıqdan şikayət etmirdi. Amma onun rəngi üstünə gəlmir və üz-gözü saralıb solurdu. Səriyyə xala onu birtəhər əvvəlki halına qaytarmaq üçün öz tikəsini də kəsib ona yedirdirdi. Axşam qayıtdıqda bütün günü həyətdə başsız qalmış uşağını üst-başı palçıqlı və çirkli tapırdı. Qadınlar onun zığ içində oynadığını, barama qazanlarını əlləşdirdiyini, bəzən də həyətin ortasında yerə sərilib ağladığını deyirdilər. Lakin Səriyyənin onu yenə də tək buraxmaqdan başqa çarəsi yox idi. Çünki birinci gün özü ilə apardıqda uşaq aynabəndin şüşəsini qurdalamağa başlamışdı. Göhər, “Xala, gözlə sındırar ha” demiş və əlavə etmişdi:
Стихи других поэтов
Sərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
KimindirSəndən xəbər alım, ay Çoban Qara,Bu var, dövlət, qızıl pullar kimindir?
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi