Страница 2 из 5 · 20%

– Sərhəng, necə olsa gərək düzəldəsən!

– Çox bahalı işdir, çox... Çox bahalı işdir...

Hikmət İsfahani Sərhəngin nəyə işarə etdiyini yaxşıca anlayırdı. Lakin onun uca yerdən başlayacağından qorxaraq, özünü bilməməzliyə vururdu. Sərhəng bir də “çox bahalı işdir!” dedikdə Hikmət İsfahani əsəbilik göstərdi.

– Bilirsən, ağayi Sərhəng, mən tacirəm, haqq-hesabda sözün açığını sevirəm. Buyur görüm nə istəyirsən?

Sərhəng pul söhbəti gələndə həmişə Hikmət İsfahaninin haldan çıxdığını bildiyi üçün əsəbiliyinə əhəmiyyət vermədi... Öz halını pozmadı:

– Qorxuram sövdamız baş tutmaya?

– Kişi, sən bir sözünü de, sonra falı bəd aç! De görüm nə istəyirsən?

– Şəmsiyyəni!

Hikmət İsfahaninin üstündən sanki dəyirman daşı götürüldü. Dərindən nəfəs aldı:

– Bir qız bir oğlanındır, götür halal xoşun olsun.

– Cehizini də bu başdan danışsaq lap rahatlıq əmələ gələr.

Hikmət İsfahanini yenidən titrəmə tutdu. Yenidən əsəbiləşdi:

– Olsun, de görüm!

– Nə deyim. Özünüz məndən yaxşı bilirsiniz. Əlli min tümən pul, bir də Ərdəbil malikanəsi.

Hikmət İsfahaninin başı gicəldi. Ağır və gözlənilməz zərbədən səndələyər kimi oldu. Etiraz edərsə, sövdanın pozulacağından qorxdu. o zaman Rza şahsız da Sərhəng onu məhbəsdə həlak edəcəkdi. Çünki bu elə bir söhbət idi ki, gərək açılmayaydı, açıldı, gərək hər iki tərəfin razılığı ilə başa çatsın. Razılıq əmələ gəlmədən Sərhəng belə bir sirlə onu salamat buraxmayacaqdı. Onlar bir-birini didməyə hazır olan qurd kimi baxışdılar. Bu baxışlar məsələni həll etdi. Eyni vəhşi istinkt ilə ikisi də salamatlığın birləşməkdə, razılaşmaqda olduğunu duyaraq ayağa qalxdı. Hikmət İsfahani:

– Allah xeyir versin, – deyib əlini ona uzatdı.

Sərhəng onun əlini sıxıb, mürəkkəb və kağızı qabağına qoydu.

– Buyurun, yazın!.. Şərt kağız üstündə olsa yaxşıdır. Yazın!

Hikmət İsfahani əli əsə-əsə kağızı yazıb mister Harolda olan məktubun yanına qoydu. Sərhəng hər iki kağızı götürüb bükdü və qoltuq cibində gizlətdi.

– Bu gecə sizi evinizə buraxaram, – dedi və xəfifcə gülümsədi. Bu gülüş Hikmət İsfahaniyə bir töhmət, bir təhqir kimi göründü. Daxilində nə isə bir ağırlıq duydu, özünü pis hiss etdi. Həmişə zərərli sövdaya düşəndə, ticarətdə uduzanda özünü belə hiss edərdi.


Sərhəng Hikmət İsfahaninin bütün varidatını ələ keçirmək xəyalında idi. Bu xəyal yavaş-yavaş həqiqətə çevrilirdi. Çünki yetmişdən artıq yaşamış Hikmət İsfahani, canı nə qədər sulu olsa da, axır mənzilə yaxınlaşmışdı. Sərhəngin hesabına görə ən uzağı o, səkkiz və ya on ildən sonra ölməli idi. Tez olarsa daha yaxşı!.. O öldükdən sonra bütün əmlakına varis çıxacaq yeganə adam Şəmsiyyə idi. Hikmət İsfahaninin beş arvad almasına baxmayaraq, övlad naminə bircə Şəmsiyyədən başqa heç kimi yox idi. Beləliklə, çox olsa-olsa on il sonra onun saysız-hesabsız mülk və varidatı Sərhəngin əlinə keçəcəkdi. Sərhəngi Şəmsiyyəyə cəzb edən də hissiyyat və ürək deyil, bu haqq-hesab idi. Sərhəng, vara çatandan sonra ürəyinin arzularını asanlıqla ödəmək mümkün olduğu əqidəsində idi. İndi yolun üstündə iki maneə dururdu. Şəmsiyyə və Sərtib Səlimi!

O, yalnız Şəmsiyyənin razılığını aldıqdan sonra Hikmət İsfahaninin azad olunmasına təşəbbüs edəcəkdi. Bunun da iki səbəbi vardır. Birinci, Şəmsiyyə indi atası məhbəsdə ikən daha tez onunla izdivaca razı olardı. Daha doğrusu, başqa şəraitdə onun razılıq verməsi müşkül işdi. İkinci, Hikmət İsfahaninin məhbəsdən çıxdıqdan sonra tamamilə başqa sifət göstərməsi də mümkün idi. Bəli, Sərhəng bu ağaları yaxşı tanıyırdı. Quyruğu qapı arasından çıxan kimi “qız razı deyil” deyib, verdiyi kağızdan da boyun qaçıra bilərdi. Doğrudur, belə halda ona təzyiq etmək üçün Sərhəngin əlindən daha güclü vasitələr vardı. O, sübutlar və dəlillərlə Hikmət İsfahaninin yalançı azadxahlığının üstünü açıb, abırdan salardı. Onun işi bu yerə gətirib çıxaracağına şübhə etsə də, ona tamamilə arxayın da ola bilmirdi. Buna görə Şəmsiyyə ilə danışmağı lazım gördü. Hazırkı şəraitdə Şəmsiyyəni razı salmaq Sərhəngə o qədər də çətin görünmürdü. Bəli, Sərtibin də, Hikmət İsfahaninin də məhbəsdə olduğu bir vaxtda bu asan bir iş idi. Onun fikrincə, qız onsuz da Sərtibi istəmirdi. Onunla izdivaca razılıq verməsi də bir güc, bir təzyiq nəticəsi idi. İndi Sərtib olmasın, Sərhəng olsun!.. Nə təfavütü vardı? İstəmədən birisinə ərə gedən eyni qayda ilə başqa birisinə də gedə bilərdi. Sərhəng Şəmsiyyənin yanına getdi. Şəmsiyyə kədərli və fikirli olsa da, onunla danışarkən gülümsəməyə, şad görünməyə çalışırdı. Hətta özü gedib ona çay da gətirdi. Bütün bunlar Sərhəngi ürəkləndirdi.

– Xanım Şəmsiyyə – dedi, – mən bir daha sizinlə iki il bundan qabaqkı söhbətə qayıtmaq istəyirəm.

Şəmsiyyə qaşlarını çatdı və əsəbi bir halda:

– İki il qabaqkı cavabı da alarsınız! – dedi. Sizi mənə sevdirəcək heç bir təbəddülat əmələ gəlməmişdir!..

– Yaxşı fikir edib, yaxşı düşünsəniz, görərsiniz ki, çox böyük təbəddülat əmələ gəlmişdir!

– Siz atamın və Sərtibin həbsinə işarə edirsiniz. Məncə, bu təbəddülat ürəkdə məhəbbət yox, yalnız nifrət oyada bilər.

– Xanım, Sərtibi xatırladığınız üçün təşəkkür edirəm.

Çünki onu misal çəkməklə mən fikirlərimi aydın ifadə edə bilərəm. Siz ürək və məhəbbətdən danışırsınız. Rica edirəm, bir suala cavab verin. Məgər siz Sərtibə aşiq olmuşdunuz? Ona görə izdivac məsələsi ortalığa çıxdı?

Şəmsiyyənin qəlbinin ən həssas tellərinə toxunmuşdu. Qız özünü təhqir edilmiş sanaraq titrəyir və zorla göz yaşlarını saxlayırdı. Əlini Sərhəngin oturduğu yumşaq kresloya vuraraq:

– Sizin nəzərinizdə bununla, bu cansız taxta parçası ilə bir qız arasında heç bir fərq yoxdur, – dedi. – Mən sizin yerinizə utanıram, Sərhəng! O kresloya pul verib siz də bazardan ala bilərsiniz, başqa birisi də. Lakin axı mən canlı bir insanam, mən kreslo deyiləm, Sərhəng! Belə, bir dəfə qanın ki, burada döyünən bir ürək var, o istəmədiyi adamın ağuşuna atıla bilməz. Sizi məcburən nifrət etdiyiniz bir qadınla bir otağa salıb, “yaşayın, bir yerdə yatın, durun və hətta onun hisslərinə də cavab verin” desələr, bacararsınızmı, Sərhəng? Nahaq yerə biz qadınları cansız, ruhsuz və hər kəslə yaşaya biləcək bir məxluq hesab edirsiniz!..

– Xanım, inandırıram sizi ki, minlərcə qadınlar məhəbbət nə olduğunu bilmədən ərə gedirlər. Lakin məhəbbət sonradan ünsiyyət nəticəsində meydana çıxır.

– Düzdür, İranın yüz minlərcə bədbəxt qızları və qadınları insan həyatının yüksək və ləziz mənasını təşkil edən məhəbbətdən xəbərsiz ömür etməyə məcburdurlar. Lakin mən elə yaşamaq istəmirəm! İstəmirəm!.. Bu heyvan yaşayışıdır, insan həyatı deyil!..

– Məsləhət sizinkidir, xanım! Məni bura göndərən ağayi Hikmət İsfahani oldu. Onun həyatı sizin razılığınıza bağlıdır.

Quru bir əda və təhdidlə söylənmiş bu sözlərdən sonra o, Hikmət İsfahaninin kağızını Şəmsiyyənin qabağına qoydu. Şəmsiyyə kağızı oxudu. Əlində əzib yerə atdı:

– Rəzalətdir, rəzalət! – dedi və əllərini ağzına basdı.

Sərhəng əyilib kağızı götürdü, səliqə ilə qırışıqlarını açıb bükdü və cibinə qoydu, əlini papağına atdı.

– Xudahafiz, xanım, qəti cavabınızı bir gün də gözləyə bilərəm...

Şəmsiyyə bir qərara gələ bilmirdi. Bu adamın atasını da, Sərtibi də məhv edəcək bir alçaq olduğu ona aydın idi. Bəlkə də, Şəmsiyyə onların xatirinə özünü qurban verməli idi. Bəlkə də, yalandan söz verib onları azad etdirməli və sonra Sərtiblə izdivac etməli idi. Şəmsiyyə yalnız zindana düşdükdən sonra Sərtibin nə qədər nəcib və təmiz bir ürək sahibi olduğunu duymağa başlamışdı. Qəlbində nə isə incə hisslər baş qaldırmışdı. İndi o, bir zaman Şahpurla izdivac kimi boş bir fikrə düşərək, Sərtibi uzaqlaşdırmaqda özünü ittiham edir, bunu ömrünün düzəlməz bir xətası sayırdı. Sərhəngə söz verib, onları zindandan qurtarmaq və sonra Sərtiblə izdivac etmək fikri ona yeganə çıxış yolu kimi göründü. Lakin bəs sonralar, Sərhəng onlardan əl çəkəcəkdirmi, Sərtib kimi düzlük sevən bir adam Sərhəngin hiylələri qarşısında dayana biləcəkdirmi? Burada onun fikri çaşır və heç bir qərara gələ bilmirdi. Nəhayət, məsləhətləşməli bir adam düşündükdə Südabənin yanına getməyi qərara aldı.

Son aylar çox az-az görüşdükləri Südabə öz otağında nə isə oturub yazırdı. Şəmsiyyəni görən kimi tələsik kağızları yığışdırdı:

– Xoş gəlmisən, bacım, – deyib əlini sıxdı, – otur, otur, niyə belə ağarmısan, heç rəngin üstündə deyil?

Şəmsiyyə onun üzündə bir ilham, bir şadlıq görərək:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 мин
İyirmi üçüncü fəsil

Ayaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?

34 мин
İyirmi dördüncü fəsil

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

24 мин
İyirmi beşinci fəsil

Göhər Səriyyə xalanın əyninə göy qədəkdən bir xalat geyindirib, ikimərtəbəli evinin birinci mərtəbəsində mətbəxin yanındakı böyük eyvanda oturtdu və yunu, parçanı qabağına töküb, “burada işləyəcəksən” dedi. Səriyyə səhərlər ora gedir, axşamlar fabrikin həyətində işıqsız, torpaq döşəməli daxmada yatırdı. Göhərin uşaqdan xoşu gəlmədiyini hiss edərək, Niyazı yanınca aparmayıb, bütün günü fabrikin həyətində özbaşına buraxmağa məcbur olurdu. Göhərin ikinci gün ona verdiyi bir tüməni bərk-bərk yaxasında gizlədərək gündə iki qranlıq çörək alırdı. Çörəyi iki yerə bölüb, birini Niyaza verir, o birini də cındır parçasına büküb küncə qoyurdu.– Bala, bunu indi ye, bunu da günorta yeyərsən, – deyib üzündən öpərək işə gedirdi. Şama da qayıdanda özü ilə Göhərin verdiyi süfrə dibini gətirirdi. Uşaq çörəyi qoltuğuna sıxıb, parça-parça ağzına doldurur və acgözlüklə yeyir, daha aclıqdan şikayət etmirdi. Amma onun rəngi üstünə gəlmir və üz-gözü saralıb solurdu. Səriyyə xala onu birtəhər əvvəlki halına qaytarmaq üçün öz tikəsini də kəsib ona yedirdirdi. Axşam qayıtdıqda bütün günü həyətdə başsız qalmış uşağını üst-başı palçıqlı və çirkli tapırdı. Qadınlar onun zığ içində oynadığını, barama qazanlarını əlləşdirdiyini, bəzən də həyətin ortasında yerə sərilib ağladığını deyirdilər. Lakin Səriyyənin onu yenə də tək buraxmaqdan başqa çarəsi yox idi. Çünki birinci gün özü ilə apardıqda uşaq aynabəndin şüşəsini qurdalamağa başlamışdı. Göhər, “Xala, gözlə sındırar ha” demiş və əlavə etmişdi:

27 мин

Стихи других поэтов