Страница 5 из 5 · 80%

Şəmsiyyə onun sözünü kəsdi:

– Eybi yoxdur, fikir eləmə, ata! Bu dəfə olmaz, gələn dəfə satarsan.

Hikmət İsfahani sol gözünü bir az da qırpdı.

– Yaxşı ticarət öyrətdin mənə! De görüm dərdin nədir? Niyə gəlmisən?

Şəmsiyyə yenə qalxıb, onun boynunu qucaqladı:

– Söz ver ki, nə istəsəm eləyəcəksən, deyim.

– Yaxşı, bir əvvəl istədiyini de, sonra.

– Yox, söz ver, sonra deyim.

– Yaxşı, de görüm.

Şəmsiyyə müəllimin nahaq tutulduğunu söylədi. Onun, anası və bacısı olduğunu da əlavə etdi:

– Yazıqdırlar. Sərhəng Səfai ilə danış. Qoy onun işini o dəstənin işinə qatmasın.

Bu sözü eşidən kimi Hikmət İsfahani onun qollarını boynundan aralayıb yana atdı. Qaşqabağını turşutdu:

– Mənim işim deyil, mən bu işlərə qarışa bilmərəm. Sənin də işin olmasın. Get yerində otur!

Şəmsiyyə ərk ilə:

– Yox, ağa, sən bunu etməlisən, – dedi, – mən sənin yolunda özümü də qurban verdim, sən də məni bircə xahişimə əməl elə. İnsanı ölümdən qurtarmaqdan yaxşı nə ola bilər? Bu yaxşılığın heç vaxt itməz. Sərhəng sənin sözündən çıxan deyil. Dostundur, ata!

Hikmət İsfahani deyinməyə başladı:

– Sözümdən çıxan deyil! Bəli! Demək asandır. Dostundur! Yaxşı sözdür!

Sonra qalxıb Şəmsiyyənin gözünün içinə baxdı.

– Mənim dostum-zadım yoxdur! Onlar hamısı mənim dostum deyil, bax, bax bunun dostudurlar. Bunu görürsən, bunun!

O cibindən yüz tümənliyi çıxarıb, Şəmsiyyənin gözünün qabağında yellədi və masanın üstünə atdı:

– Bəli, bunun dostudurlar!.. Bir gün bu olmasın, o dostların kölgəsini də görməzsən. Dostdurlar! Sərhəng Səfai düzəldər!.. Onun bir təbəssümü mənə min tümənə başa gəlir. Belə işə on min, iyirmi min tümən istəyəcək!

Bu sözlərdən özü də dəhşətə gəlmiş kimi qışqırdı.

– Yox, yox! Mənim çölə atmağa pulum yoxdur!

Şəmsiyyə qəti və ağlar bir səslə:

– Lap əlli min tümən də olsa verməlisən, ağa! – dedi.

Simasının ifadələrindən atasının xəyalən də olsa belə bir fikrə razı olmaq istəmədiyini gördükdə ümidsiz bir hala gəldi, ona təsir etmək üçün qorxulu bir fikir başına gəldi. Bütün iradəsini toplayaraq:

– Sən bunu etməlisən, ağa etməlisən!.. Burada mənim də adım var. Mənə nə dəxli var, – dedi və əllərilə üzünü qapayıb ağladı.

Bir anda Hikmət İsfahanini heyrət və vahimə bürüdü. Ayağa durub, Şəmsiyyənin əlindən tutdu:

– Yoxsa... yoxsa...

O, sözünün dalını gətirə bilmədi. Öz düşündüyündən özü də qorxdu. Dəhşətdən dili tutuldu. Dodaqları əsdi. Şəmsiyyə yalnız indi necə qorxulu bir addım atdığını duydu. Utandığından və qorxusundan bütün bədəninə soyuq bir tər gəldi. Özünü doğrultmaq üçün başqa bir dəlil tapmağa çalışdı. Haradansa Südabə gəlib gözləri önündə durdu. Boğulan adam saman çöpünə əl atan kimi, dərhal bu təsadüfi fikirdən yapışdı:

– O, Südabənin sevgilisidir. Südabə də mənim dostumdur.

Hikmət İsfahani, bir yüngüllük hiss etmiş kimi, yekə qarnını qalxızıb-endirərək köksünü ötürdü.

– Ağlımı başımdan çıxarmışdın! – dedi və əvvəlki vəziyyətini alaraq əlavə etdi:

– Südabənin sevgilisidir, qoy ağayi Həkimülmülk düzəltsin. Mənə nə dəxli var?

Fikrindən nə keçdisə qaşlarını çatdı, düşündü, gülümsündü. Şəmsiyyə onun gözlərini oynatdığını gördükdə qəlbində gizli bir vahimə baş qaldırdı. Çünki atası həmişə hiyləgər bir şey düşündüyü, riyakar bir plan qurduğu zaman gözləri arasıkəsilmədən tərpənər, hərəkət edər, qırpınardı. Şəmsiyyə bunu yaxşı bilirdi. Ürəyində baş qaldıran gizli vahimənin də səbəbi bu idi. Qız fikirlərini bir yerə yığmamış Hikmət İsfahani üzünü ona tutdu:

– Yaxşı, qızım, get! – dedi. Mən sərhəng Səfai ilə danışaram. Sənə söz verirəm ki, Fridun bu dəstə ilə mühakimə olunmayacaqdır. Get!

Şəmsiyyə heç şey anlamadan, fikirləri dolaşıq halda onun yanından çıxdı. Uzun müddət atasının nə kələk hazırlaya biləcəyini düşündüsə də bir qərara gələ bilmədi.

Şəmsiyyə şübhələnirdi, atasının onu aldatdığını, yalandan arxayın saldığını düşünməyə başlayırdı. Bu şübhələrin təsirilə onda dəi bir fikir oyandı. Özü sərhəng Səfainin yanına gedəcək və istədiyinə nail olacaqdı. Sərhəng onun sözündən çıxmayacaqdı.

Hətta ona elə gəlirdi ki, kiçik bir işarə ilə bu adamı ayaqlarına sala bilər. Qadınlara məxsus sövqi-təbii ona belə deyirdi. Əvvəlcə o özü nəzarəti-kişvərə Sərhəngin yanına getmək istədi. Sonra özünü qiymətdən sala biləcəyini, sərhəng Səfainin belə bir şərəfə layiq olmadığını kəsdirdi. Ona zəng etdi və kiçik bir məsələ üçün onu evdə gözlədiyini söylədi. O özü də hiss etmədən Sərhənglə xüsusi bir ahənglə, səsinə bir məlahət verərək danışdığını sonra başqa düşdü və məmnun qaldı. Sərhəng ümid və heyrət içərisində çağırıldığı zamanda nə bir dəqiqə tez, nə də bir dəqiqə gec, düz vaxtında Şəmsiyyənin yanına gəldi. Şəmsiyyə ağ ipək paltarda və ətirlənmiş halda onu qarşıladı. Bütün bunlar Sərhəngə xoş gəlməklə bərabər qəribə bir yuxu təsiri bağışlayırdı. Hətta adətinin xilafatına, gülümsəyərək:

– Deyəsən, bizim də bəxtimiz açılır, – deyə Şəmsiyyə müraciət etdi.

Şəmsiyyə ona həmişə hörməti olduğunu söylədi. Bir qədər söhbətdən sonra çay və nahar gətirtdirdi. Özü də oturub Sərhənglə birlikdə nahar etdi. Sərhəng bunu özü üçün tam bir səadət sanırdı. Nəhayət, Şəmsiyyə məsələni ona açdı:

– Çox ağır bir xahiş olduğunu bilirəm, – dedi. – Lakin istədiyiniz məsələni məntiq və dəlillərlə əsaslandıracaq bir ağıla sahib olduğunuza da əminəm.

Sərhəng çox dərin bir fikrə getdi. Görünür, öz aləmində nə isə ölçür, biçirdi. Şəmsiyyənin süni təbəssümlə işıqlanan gözlərinə baxdı:

– Xob, – dedi, – sizin üçün hər şeyə hazıram.

Buna bir mükafat olaraq, ayrılarkən Şəmsiyyə əlini ona uzatdı. O bu balaca, yumşaq və isti əli tutaraq dodaqlarına apardı, “beləcə, bir gün qəlbinə də hakim olacağam” deyib düşündü...


Şəmsiyyə çıxdıqdan sonra, Hikmət İsfahani otaqda gəzindi, əlini-əlinə sürtərək, bir də qəhqəhə çəkib güldü.

– Ağayi Həkimülmülk, quyruğun yaxşı əlimə keçib! Gör indi adamın nalını necə oda qoyarlar!

O, Həkimülmülkün dolayısı ilə də olsa, dövlətə zidd bir işlə ittiham etmək üçün əlinə fürsət keçdiyini güman edirdi. Hətta öz-özünü bu fikrin həqiqiliyinə inandırmağa çalışaraq, “yəqin bu tülkü atıq şah olmağı qət etmişdir. Bu işlərin hamısını da düzəldən odur! – deyirdi.

– Fridunu hələlik diri saxlatmalı, sonra yavaşca şahın qulağına pıçıldamalı, onun şübhələrini artırmalı, digər tərəfdən də Sərhəngi ələ almalı. Şəmsiyyəni ona vəd etməli, təhqiqatın nə istiqamətdə aparılmasını qandırmalı! O zaman, ağayi Həkimülmülk davam gətir görüm necə gətirəcəksən!..”

Bu fikirlərlə o sərhəng Səfainin dalınca adam göndərdi. Balaca, lakin mehriban bir kağız yazdı. Nahara dəvət etdi. Təbiidir ki, Sərhəng vaxtında onun qulluğunda hazır oldu. O, zarafat və təarüfdən sonra qiymətli bir brilyant üzük gətirib, Sərhəngin barmağına taxdı:

– Xüsusən sənin üçün gətirmişəm. Nazik oğlansan, xoşum var sənə!

Sərhəng, bütün bu hərəkətlərdən xoşhal olurdu. Şəmsiyyədən başqa bir övladı olmayan bu qoca tülkünün varidatına varis çıxacağını düşünməyə başlayırdı. Hikmət İsfahani isə, adəti üzrə özünü ağır saxlayır, əsas məsələdən söhbət salmırdı. Yavaş-yavaş yeyib-içir, oradan-buradan danışır, ən çox Sərhəngin hüsn-əxlaq və xoş xasiyyətini mədh edirdi. Yalnız Sərhəng saatına baxıb, getmək icazəsi aldıqda və bir ayağı astanada olanda Hikmət İsfahani, təsadüfən xatırlamış kimi, onu saxladı və Fridun haqqındakı xahişi ona bildirdi. Onu şübhəyə salmamaq və boynuna minnət götürməmək üçün bunun xarici səfarətxanalardan birinin xahişi olduğuna da işarə etdi. Sərhəng bu məsələni bir gün əvvəl Şəmsiyyə ilə həll etdiyini gizlədərək:

– Baş üstə, həmişə qulluğunuzda hazıram! – dedi və öz növbəsində onun, boynuna minnət qoymağa çalışaraq, əlavə etdi:

– İnanın ki, çox çətin işdir. Amma nə etməli. Sizin sözünüzü rədd etmək mümkün deyil.

Hikmət İsfahani onun dalınca “Ay qurumsaq, axır bir minnət yolu qoydu ha!” deyib tüpürdü və söydü. Bu minnəti boynundan atmaq üçün on min tümən, yoxsa beş min tümən vermək lazım olduğunu düşünməyə başladı. Çox düşündü. Gah on minin, gah da beş minin üstündə durdu. Axırda özünü söyməyə başladı.

– Ay axmaq kişi, özünü niyə üzürsən? Beş min tümən dədəsinə də bəsdir! Göndər. İt payı olsun, – deyib soyundu və istirahət etmək üçün yorğan-döşəyə girdi. Lakin yata bilmədi. Fikrindən keçirdi ki, bəlkə, elə üç min tümən də bəsdir. Gah o tərəfi üstə çevrildi, gah bu tərəfi üstə. Lakin nə beşin üstə dura bilirdi, nə üçün.

Sərhəng Səfai böyük bir sevinclə Hikmət İsfahaninin yanından çıxdı. Uzun müddət ona yuxarıdan-aşağı baxmış, varidatı və nüfuzuna güvənərək özünü yıxılmaz bir dağ hesab edən bu adamın, deyəsən yüyəni əlinə keçməkdə idi. İndi Sərhəng onu elə əzəcək, elə xırpalayacaqdı ki, heç köhnə ağadan bir əsər də qalmasın. Uzun zaman mənsəb həvəsi ilə sıxılmış xırda adamların intiqamı ağır olar... Sərhəng belə adamlardan idi. O, fürsəti fövtə verməyəcəkdi. İndi Hikmət İsfahanini dəli dəvəni döyüb yatırdan kimi, diz çökdürmək vaxtı çatmışdır. Bu fikirlə o birbaş Həkimülmülkün evinə tərəf yollandı. Onun vasitəsilə Hikmət İsfahaninin qiyamçılar dəstəsi ilə əlaqəsi olduğunu şaha çatdıracaq və istədiyinə nail olacaqdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İyirminci fəsil

İkinci kitabı yaymaq birincidən çox çətin oldu. Artıq hər yerdə gizli və açıq nəzarət son dərəcə güclənmişdi. Bu, bazar əhli və qoca kitabfüruşların olduqca ehtiyatlı davranmasında da sezilirdi. Onlar gündəlik qəzetlərdən tutmuş, məcmuə və kitablara qədər hər nə alsalar açır, diqqətlə o tərəf-bu tərəfinə baxır, satan adamı təpədən-dırnağa qədər süzürdülər. Hətta Firdovsi, Sədi, Hafiz və başqa klassik şairlərin cildi saralmış, vərəqləri ipremiş kitablarını belə yoxlamamış, bir-iki dəfə o tərəf-bu tərfinə baxmamış almırdılar. Bununla belə, Fridunun ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar.Kürd Əhməd və Fəridə hərəsi yüz nüsxə götürüb, bir həftə əvvəl Azərbaycana yola düşmüşdülər. Onların ikisi də Tehranla Təbriz arasında işləyən yüzlərlə xüsusi maşınlardan birinə minib getmişdilər. Kürd Əhməd yolda özünü Fəridə ilə yad kimi aparacaq, Təbrizə çatıb, yerbəyer olduğunu bildikdən sonra Mehabada gedəcəkdi. Rza Qəhrəmani, Rizvanın Sərxanla birlikdə Gilan və Mazəndərana getməsini təklif etmiş, Kərimxan Azadi, Məhbusini cənub neft mədənlərinə göndərməyi məsləhət görmüşdü. Çünki o özü Ehvazdan idi və oraları yaxşı tanıyırdı. Ona Ehvaza getmək lazım olacağını söyləmiş, lakin hələ səbəbini deməmişdi. Bu gecə görüşməyi və bir yerdə məsləhətləşməyi qərara almışdılar. Bu, ona verilən ilk tapşırıq olacaqdı.

20 мин
İyirmi birinci fəsil

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

27 мин
İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 мин
İyirmi dördüncü fəsil

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

24 мин

Стихи других поэтов