Страница 3 из 3 · 67%

– Özünüzü Birləşmiş Amerika Ştatlarının bayrağı altında rahat hiss edə bilərsiniz!

Riqqətdən gözü yaşarmış Hikmət İsfahani:

– Allah bizim bir günümüzü o bayraqsız eləməsin, – dedi və mister Haroldun əlini sıxıb vidalaşdı.


Hikmət İsfahaninin kefi yenə xeyli yüksəkdi. O, bugünkü müvəffəqiyyətindən vecdə gəlmişdi. Ona əbədi görünən ruhi müvazinət içərisində sonsuz bir zövq duyurdu. Hətta özündən, öz gələcəyindən o qədər arxayın idi ki, ayaqlarını yerə qoyduqda, nə isə heç zaman hiss etmədiyi bir möhkəmlik və qüdrət hiss edirdi. Ona elə gəlirdi ki, öz həqiqi hökmdarını tapmış torpaq ayaqlarının altında titrəyir, belə bir nəşə ilə o maşına oturdu:

– Gədə, bir İstambuliyə, oradan da Laləzara sür, ürəyim gəzmək istəyir.

Maşın küçələrdən axıb gedərkən o yenə də dala qaçan evlərə, mağazalara, gözünə bir heç kimi görünən adamlara baxır, ayaqlarını uzadıb, yumşaq söykənəcəyə yayılaraq, qəribə bir nəşə aləmində yaşayırdı. Birdən-birə gözlərinə, üstündə svastika yellənən bir bayraq dəydi. Maşın sürətlə keçdiyindən çiyni üstündən burularaq, dal pəncərədən bir də bayrağa baxdı. Bura alman səfarətxanası idi. Tiryək nəşəsinə dalmış adamı nagəhani bir gurultu kefdən ayıldan kimi, bu bayraq da onu şirin xəyalatdan ayırdı. Öz-özünə: “Kişi, – dedi, – gəl qəflət eləmə, bir bura da baş vur. Burda da özünə bir istinadgah düzəlt. Əslinə baxsan bu amerikanlar da elə ingilislərin tayıdır. Çox bel bağlayıb, etibar etmək olmaz. Bu Tehranda mənim kimi yüz tacirlə əlaqə saxlayırlar. Mənim kimi yüzünə salam verib, yüzündən salam alırlar. Özlərini zahirdə alicənab qələmə verirlər. Amma əslində ingilisdən pis quldurdular. Elə fikirləri neftdir. İranı soyub talamaqdır. Yoxsa nə işinədir, xeyri olmasa durub gedə şahın yanında mənim sözümü sala. Almanlar başqa məsələ... O kişilər qətiyyəti sevirlər, özlərinin də bu saat qılıncının dalı da kəsir, qabağı da. İngilisi də. Amerikanı da büküb soxublar bir qoz qabığına. Gözü görə-görə gedib Firəngistanı, Belçikanı, Polşanı tutublar, dədələrinin mülkü kimi oturublar içində. Əlahəzrətə elə bunların bir zəhmi bəsdir”.

Bu mühakimələrlə o qəti qərar çıxartmaqda tərəddüd etmədi. Şoferə maşını birbaş alman səfarətxanasına sürməyi tapşırdı.

Komendant, Hikmət İsfahaninin maşınını görən kimi qapını açdı. Maşın dayandıqda yaxınlaşıb, salam verdi.

– Fon Valter bu gün sizi soruşubdur...

Bu söz onu sevindirdi. Beləliklə, xəbərdarlıq etmədən durub gəlməsi bir növ doğrulmuş və yerinə düşmüş olurdu. Bu da onun mövqeyi və nüfuzu üçün əhəmiyyətli bir cəhət idi. Bu fikirlə, Valterin zəngin mebellərlə bəzədilmiş otağına doğru yollandı. Koridorda fon Valter özü onu qarşıladı. Görünür ki, komendant xəbər vermişdi. Fon Valter onun qoluna girib, birbaş otağa apardı. Yumşaq kresloda oturdub, özü də onunla üz-üzə əyləşdi.

– Çox şadam ki, gəldiniz. Bu gün səhərdən sizi axtarıram. Lakin müəmmalar içində itirsiniz, – deyib, hər iki əli ilə başını tumarladı.

Hikmət İsfahani:

– Harada itsək, axır gəlib dost bağına düşəcəyik. Əmin olun,

– deyə cavab verdi.

– Buna heç bir şübhəmiz yoxdur. Üzünüzə demək yaxşı olmasa da, sizin əqli-səlim sahibi və siyasət aləminin sirlərini dərk etməkdə açıqfikirli bir adam olduğunuzu qeyd etməyə məcburam. Sizdəki bu yüksək keyfiyyət haqqında hətta fürerin özünə də yazmışıq. Xoşbəxtlik orasındadır ki, bu gün fon Ribbentrop şifr ilə fürerin sizin haqqınızdakı tapşırığını bizə xəbər vermişdir. Sevincimdən bütün günü sizi axtarmışam.

Hikmət İsfahani səbirsizliklə:

– Ağayi fürer nə yazır? – deyə soruşdu.

– Fürer sizinlə daha sıx əlaqə yaratmağı bizə tapşırmışdır. İranda alman siyasətinin gələcəyi və sizin istiqbalınız haqqında fürerin xüsusi fikri vardır.

Fon Valter mənalı bir sükuta daldı, Hikmət İsfahaninin gözlərində böyük bir marağın ifadələrini görərək, onu qane edəcək bir işarə ilə kifayətləndi:

– İndi siyasət dünyası tufanlı bir dərya halını almaqdadır. Ağıllı və qabil millətlər belə halda dövlət gəmisinin sükanını bacarıqlı əllərə tapşırırlar. Fürer öz böyük siyasətindən İrana həmişə əhəmiyyətli yer vermişdir. Güman etməyin ki, onun başı Avropada başlanan işlərə qarışmışdır, daha şərqi görmür. Avropada başlanan hər iş nəhayət, Şərqdə qurtarmalıdır. İran isə bütün Şərqin qapısıdır. Bu qapıda möhkəm keşikçi durmalıdır...

Hikmət İsfahani bu gözləmədiyi xəbərdən qurumuş dodaqlarını yaladı:

– Kim nə deyir-desin, biz iranlılar o kişiyə iman gətirmişik. Canım, nahaq deyil ki, bizim bu avam camaat kişinin adını imam Heydər qoyub... İnanın ki, əgər fürer müsəlman olsaydı, birinci mən özüm bayraq qaldırardım ki, Sahibəzzəman gəlibdir.

O, dayanıb Valterə baxdı, bu din ayrılığı məsələsini nahaq yerə ortalığa atdığını düşünüb, tez səhvini düzəltməyə çalışdı:

– Kişi nə dinin sahibi olur-olsun, bizim ona inamımız var.

– Fürer iranlılara xüsusi məhəbbət bəsləyir. O, sizi də böyük Aryan nəjadının övladları hesab edir. Onun nəzərincə yer üzündə yaşamağa qabil ikicə millət var: almanlar və iranlılar. Çünki ikisinin də qanı təmiz Aryan qanıdır. Fürerin planına əsasən bu iki millət dünyaya sahib olmalıdır. Qərbdə biz, Şərqdə siz. Fürer dünyaya sahib olanda Bakını, Tiflisi və bütün Qafqazı İrana verəcəkdir. O böyük imperiyanın göylərində, ağayi Hikmət İsfahani parlayan bir ulduz olacaqdır. Ha, ha, ha...

O, şaqqıltı ilə qəhqəhə çəkib güldü. Hitlerin irq nəzəriyyəsini Hikmət İsfahanilərin zövqünü oxşayan şəkildə və İran şəraitinə uyğunlaşdıraraq, verdiyi təfsildən özü də razı qaldı. Hikmət İsfahaninin isə gözünün qabağında bir sərab kimi, doğrudan da, böyük bir imperiyanın hüdudları gəlib durdu.

– Onda ay ticarət edəcəyik ha!.. – deyib dodaqlarını yaladı, – sərhəd yox, gömrük yox. Vur Rusiyanın içindən malları yerit Avropa bazarlarına. Qayıdanda da çit, mahud, nə bilim ətriyyat, corab, panama al gətir, tök millətin qabağına, qoy kefi istəyəni seçsin. Ticarət yaman rövnəq tapacaq, ağayi fon Valter!

– İndi də fürer bizə tapşırıb ki, qoymayaq sizin kimi adamlar müharibədən zərər çəksinlər. Nə qədər malın var, buyur bu gün deyib bizim ticarətxana hamısını götürsün. Nə də istəsən, sənə verməyə hazırıq. Qiymətdə də, özün bilirsən ki, səni narazı qoymarıq!

– Bir Allah bilir ki, sizdən mən yerdən göyə qədər razıyam. Allah sizin bayrağınızı həmişə uca eləsin, Allah onun kölgəsini bizim başımızın üstündən götürməsin. Yoxsa biz sahibsiz qalarıq! İndi mənə aid nə qulluğunuz var, əziz dostum?

Fon Valter iri qaşlarını gözlərinin üstünə endirdi və başını Hikmət İsfahaniyə tərəf əydi:

– Bolşeviklərlə bizim bir gün üz-üzə gələcəyimizi yəqin bilirsiniz.

Hikmət İsfahani özünü hər şeydən bixəbər göstərdi:

– Necə bilmirik, kişi, lap yaxşı bilirik.

– Ona görə də hazırlaşmaq lazımdır və bu işdə sizin köməyinizə ehtiyacımız var.

– Buyurun, bir kömək yox, min kömək eləyim.

– Miyanada sizin ticarət kontorlarınız olsun gərək.

– İranın bu başından o başına harda mənim kontorum yoxdur, adamım yoxdur...

– Orada bizə etibarlı bir yer lazımdır. Bəzi iylənməyən azuqə tədarük etmişik, yığıb saxlayacağıq. Bərk ayaqda lazım olar.

Fon Valter qəsdən Hikmət İsfahaniyə “azuqə” dedi, bu sözlə təxribedici şeylər göndərmək istədiyini bildirirdi. Hikmət İsfahani “aha, azuqə” deyib, fikrə getdi. Bunun mənasını başa düşdüyünü andıran bir səslə:

– Əziz dostum, – dedi, – olmazmı ki, miqdarını bilim. Yox, yox ürəyinizə heç şey gətirməyin, miqdarını bilim ki, ona görə də yer hazırladım...

– Hələlik bir əlli tonluq yer lazımdır. Sonra, bəlkə, bir az da artdı. Lakin mənim xahişim odur ki, bu azuqə sizin mallarınız şəklində ora gedəydi. Əlbəttə, üstündə mənim də adım olacaq.

– Lap yüz ton olmasın, min ton olsun, ver iki günə Azərbaycanın, Mazəndəranın harasına deyirsən elə yeridim ki, heç quş da quşluğu ilə xəbər tutmasın. Lap aparım Arazın qırağında basdırım.

Hikmət İsfahani qəsdən bu qədər danışırdı ki, fon Valter onu avam saymasın və mətləbi tamam açsın.

Lakin fon Valter özündən razı halda əllərini başına çəkib:

– Təşəkkür edirəm, mister İsfahani, – dedi. – biz də sənə borclu qalmarıq.

Kiçik bir fasilədən sonra Hikmət İsfahani öz dərdini açdı:

– Ağayi fon Valter, lütfünüzdən istifadə edib, bir ərzimi sizə bildirmək istəyirəm.

– Buyurun, buyurun!

Hikmət İsfahani Rza xanla olan əhvalatı, mister Tomasa və mister Harolda danışdığı kimi, fon Valterə də danışdı. Öz əndişələrini bildirdi.

– Sizdən bircə xahişim var, elə fürerin mənim haqqımda yazdıqlarını əlahəzrətin qulağına çatdırasınız!

Fon Valter yenə şaqqıldayıb güldü:

– Siyasətdə uşaq olmayın, ağayi Hikmət İsfahani! Bunu Rza xana bildirmək olmaz. – Əlini onun çiyninə vurub əlavə etdi: – Fürer sizi də Rza xan kimi bir kişi sayır!

– Aman günüdür, məni bu namərdin qılıncının altından qurtarın. Ağayi səfir elə bircə kəlmə desə, bəsdir.

– Gedin, arxayın olun, sizə zaval yoxdur, ağayi Hikmət İsfahani.

Görüşüb ayrılarkən, fon Valter onu saxladı. Dolabdan iki kitab çıxartdı:

– Alın, bu, fürerin “Mənim mübarizəm” kitabıdır. Həm farscasını, həm də almancasını sizə bağışlayıram. Bu bir almanın öz sadiq dostuna verə biləcəyi ən yüksək hədiyyədir.

Kitabların cildinin altında nə isə yazdı və Hikmət İsfahani hər iki əlini qabağa uzadıb, kitabları aldı:

– Allah şahiddir ki, bu kitab mənim üçün Qurandan da əzizdir,

– deyib, fon Valterin qarşısında əyilə-əyilə otaqdan çıxdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci fəsil

Tehrandan şimala, Azərbaycana doğru uzanıb gələn və çöllərdən, çoxlu kəndlərdən keçən daş yolun qırağındakı çayxanada qeyri-adi bir canlılıq vardı. Çayçı qollarını çırmayıb, yenicə kosdiyi toyuqları pöşləyərək, tükünü yolur, tüstüləyən ocağa odun atır, on üç-on dörd yaşlı oğlan uşağına “samovarın odunu artır, əlimə bir stəkan su tök” kimi əmrlər verirdi. Ocağın üstündə sədri düyüsüylə dolu, yanları his bağlamış böyük bir qazan qaynayırdı. Qazanın ağzından çıxan buğ və düyü iyi ətrafa yayılırdı. Ay qaranlığı başlamışdı. Kələ-kötür ocaq daşlarının arasından siyrilən qırmızı dilli alov gecənin qaranlığını yararaq, nəhayətsiz səhrada itirdi. Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüaya rast gələrək sınırdı. Bu zaman ocaqdan əlli-altmış addım aralıda bir cüt göz ani olaraq müstəsna bir parlaqlıqla işıldayaraq, yenə qaranlıqda qeyb olurdu. Bu, ət iyi duyaraq çayxananın dalında, yolun kənarında vurnuxan çaqqal gözləri idi. Əllərinə heç bir şey keçməyən çaqqalar hərdənbir ulaşırdılar. Buralarda səhraların əbədi görünən sükutunu pozacaq başqa bir səs, başqa bir hərəkət yox idi. Səhraların bu əsrarəngiz sükutuna adət etmiş çayçı heç şeyə fikir vermir, böyük bir səylə qonaqlara çay və xörək hazırlayırdı. O, nə başının üstündəki mavi göylərə səpələnmiş parlaq ulduzlara, nə ucsuz-bucaqsız çöllərə. nə də təlaşla o yan-bu yana qaçan çaqqallara baxırdı. O, çayxananın yeknəsəq sakit və ölgün bir adiliklə damğalanmış həyatına hərəkət və canlılıq gətirmiş müsafirləri razı salmağa çalışırdı. Qəlbində də insanla ünsiyyətdən doğmuş bir sevinc vardı. Çünki hər gün, ilk axşamdan başlayaraq, buralarda həyat ölərdi. Nə bir gələn, nə bir gedən olardı. Nüdrətən keçən maşınlar da burada dayanmazdılar. Gün batıb, qaranlıq qovuşan kimi o, çayxananın qapısını bağlayıb, mitil yorğanına bürünərək yatardı. Ya çaqqalların ulaşmasına qulaq asardı, ya da mövcudiyyətinə inandığı gözəgörünməz qorxunc ruhlar təsəvvürlərində canlandıraraq, yuxuya gedərdi. Yalnız səhər erkən karvanlar buraya gəlib çatanda o, vahiməli və qorxunc yuxulardan ayılar, samovara od salar, çayxananın ətrafını süpürər, sarbanlara çay verərdi. Gün batana qədər adi və yeknəsəq bir həyat davam edərdi. Gün batdıqdan sonra isə bütün əbədi sükut və hərəkətsizlik içərisində qərq olub gedərdi. Heç şeydə həyat və yaşayış əlaməti qalmazdı. O, yenə mitil yorğanına bürünüb yatar, yenə çaqqalların səsinə qulaq asar, yenə qorxunc ruhları təsəvvüründə canlandıraraq, ağır yuxulara dalardı. Hər gün beləcə!Bu gün isə qeyri-adi gün idi. Bu gün axşamdan çox keçməmiş dörd nəfər müsafir qara bir maşında buraya gəlmişdi. Gecə qalacaqlarını deyib, yaxşıca yemək hazırlamağı əmr etmişdilər. Onlardan biri nizami paltarda idi. Yoldaşları ona ağayi sərtib¹ deyə müraciət edirdilər. Sərtib çayçıya:

22 мин
Üçüncü fəsil

Tehranın böyük və mərkəzi küçələrindən sayılan və sonra Rza xan tərəfindən adı dəyişilərək, Xiyabani Şah adlanan İstambuli küçəsi adamla qaynaşırdı. Səkilər və mağazaların yanları yorulmadan qışqırıb malını tərifləyən xırda alverçilər və müxtəlif çeşidli adamlarla dolu idi. Daş döşəməli küçədə isə faytonlarla yanaşı hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi. Əsrlərdən bəri davam edib gələn bir adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. “Ağa, mənə bir çörək pulu!”, “Ay ürəyi yanan, burdan gəl!”, “Əla Amerika corabı”, “Son cahan xəbərləri!”, “Göbbelsin yeni nitqi” – deyib qışqıran dilənçi, su satan, xırdavatçı və qəzetçilərin səsindən qulaq tutulurdu. Ticarət və şəhər həyatının qızışan zamanı idi. Hikmət İsfahani ətli və böyük vücudunu qəribə bir yüngüllüklə irəli verərək, sanki bu səsləri eşitmədən yeriyirdi. Kənarları sarı haşiyəli cib dəsmalı ilə mütəmadiyən çənəsindən, alnından və boynundan süzülən tər damlalarını silirdi. Əynində nazik mil-mil parçadan tikilmiş kostyum vardı. Başına, onu bir mülkədar və tacirdən daha artıq avropalı səyyaha oxşadan panama qoymuş, gözünə qara rəngli eynək taxmışdı. Yeridikcə əlindəki əsanı qürurla və müstəqil bir hərəkətlə qaldırıb endirirdi. Onu şəxsən tanımayanlar belə ciddi və heybətli zahirini görən kimi yana çəkilərək, baş əyən tanışları panamasını azca qaldırmaqla salamlayır və eyni mütəkəbbir, yavaş və etinasız addımlarla ötüb keçirdi. Sola burulub, ayağını balaca bir qapının birinci pilləsinə qoyduqda adəti üzrə iti bir hərəkətlə əlini gözünün qabağına gətirdi və qolundakı qızıl zəncirli “Omeqa” saatına baxdı. Qan qızaran dodaqlarında özündən razılıq andıran xəfif bir təbəssüm göründü: saat ona on beş dəqiqə işləmişdi. On il ərzində o hər dəfə eyni saat və eyni dəqiqədə ayağını bu pilləyə qoyardı. Hələ bir dəqiqə gecikdiyi və ya tez gəldiyi olmamışdı. Kərpic pillələri çıxıb, dar bir dəhlizə və oradan pəncərələri geniş və güllüçiçəkli həyətə açılan böyük bir otağa keçdi. Xidmətçi baş əyib, qapını açdı və onu içəri buraxdı. O, pencəyini çıxarıb oturdu, üzünü yelləyib tərini sildikdən sonra Kürd Əhmədi çağırmağı əmr etdi və xidmətçinin gətirdiyi bir dəstə qəzet və məcmuəni bir-bir çevirməyə başladı. Gözləri 25 iyun tarixli “İttilaat”ın “Cahan xəbərləri” şöbəsində ilişib qaldı. Burada o, almanların Polşa sərhədlərində və Dansik ətrafında yaratdığı əndişəli vəziyyət haqqındakı xəbərləri nəzərdən keçirdikdən sonra, Göbbelsin nitqini oxumağa başladı. Azca keçməmiş Kürd Əhməd dik başını şax tutaraq, içəri girdi. Hikmət İsfahani ona yer göstərdi:– Əyləşin, ağayi-mən, – dedi, əyləşin və Göbbelsin tələblərinə qulaq asın!

9 мин
Dördüncü fəsil

Fridun həyatının yeni bir dövrü, məlum olmayan mübarizələr, iztirablar, həyəcanlar dövrü başladığını hiss edirdi. O, artıq qanundan xaric, adi vətəndaşlıq hüquqlarından məhrum bir adam idi. Yeni mühit, dövlət və məmləkət qanunları əbədi olaraq başının üstündə asılmış bir qılınc kimi idi. O, həyatın qeyri-müəyyən və dolaşıq yollarında daima özünü bu qılıncdan gözləməli, boynunu onun ağzına verməməli idi. Bəzən ona elə gəlirdi ki, kənd əmniyyəsinin əlindən qaçmayıb, məhkəmə qarşısında dursaydı, vəziyyəti bu qədər ağır olmazdı. O, özünü müdafiə edərdi. Ərbabın ədalətsizliyi və insafdan xaric hərəkətini hakimlərə açıb söylərdi. Bir tikə çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi... Daha dərinlərdə baş qaldıran bir duyğu orada haqq və ədalət vardımı?.. Hakimlər Hikmət İsfahani və mübaşir Məmmədləri qoruyub, onun dəlillərinə qulaq asacaqdılarmı? Yox, qaçmaqdan başqa yol yox idi. Diri-diri boğazını kəndirə keçirmək axmaqlıq olmazdımı? Ancaq şüursuz, hüququnu qanmayan, qorxaq bir adam qanun adına öz taleyini bu alçaq əmniyyətlərin əlinə verə bilər! Onsuz da məmləkətdə hər alçaqlığa dözən, hər təhqirə boyun əyən müti və məzlum bədbəxtlər az idimi?Yox, geriyə yol kəsilmişdi. Onun həyatı nə isə öz hüdudlarını dağıtmış bir çay kimi idi. İndi o başqa məcra ilə axmalı idi. Lakin bu necə məcra idi, hara gedirdi? Onu haralara aparıb çıxaracaqdı, bilmirdi.

17 мин
Beşinci fəsil

İlk zamanlar Fridun gözləyirdi ki, Kürd Əhməd gəlib ona bir iş düzəldəcək, bir yol göstərəcəkdir. Lakin günlər keçir. Kürd Əhməddən heç bir xəbər çıxmırdı. İki dəfə də həmin ünvana getmiş, hələ Kürd Əhmədin qayıtmadığın öyrənmişdi. Nəhayət, “xalqın boğazına suvaşmaq nəyə gərəkdir” deyib, öz-özünə bir çarə düşünməyə başladı. Darülfünunda hələ dərslərin başlanmasına iki ay qalırdı. Ora daxil ola bilsə belə yenə əlini bir işə çatdırmalı idi. İşsiz nə yaşamaq, nə də oxumaq mümkün idi. Tezliklə özünə bir iş tapmasa saatdan aldığı pul da qurtaracaqdı. O zaman istər-istəməz Sərxangilin boynuna düşəcəkdi. Əlbəttə, buna yol vermək olmazdı. Bir gün belə onların hesabına yaşadığını təsəvvür etdikdə öz-özünə artıq və yaramaz bir şey kimi görünürdü. Lakin Tehranda o özünə necə bir iş tapa bilərdi? Təbrizdə olduğu kimi, ibtidai məktəbdə müəllimlik yeri alsa, yaxşı olardı. Lakin buna ümid az idi. Tehranda ali təhsilli adamların belə işsiz gəzdiyini bilirdi. Halbuki, onun məlumatı orta təhsil həcmində idi. Buna baxmayaraq, evdən çıxdıqda birinci olaraq maarif vəzarətinə getdi və vəzarətin qapılarında oturub söhbət edən, gəzişən, tez-tez girib-çıxan çoxlu müəllim gördü. Onların qeydkeş simaları, bir-birilə olan qırıqkəsik söhbətləri iş dalınca gəldiklərini göstərirdi. Fridun içərisindəki həyəcanı boğaraq, sakit bir görkəm almağa çalışıb, cavan bir müəllimə yaxınlaşdı, yeni təyinat almaq üçün kimə müraciət etmək lazım gəldiyini soruşdu, müəllim başdan-ayağa onu süzüb:– Təhsilin nədir? – deyə soruşdu.

18 мин

Стихи других поэтов