Xəstə Qasımın Dağıstan səfəri
Страница 3 из 10 · 20%
Xəstə Qasım cavab verdi:
– Nişanlımdı, özü də hazırlaşırdım ki, bu yaxınlarda toy eləyim.
Mirzəli xan dedi:
– Görünür, Allahın buyruğu beləymiş, qismətdən qaçmaq olmaz. Gedək müşseyidin hüzuruna, əgər imtahandan yaxşı çıxdın, sənə mən özüm yaxşı bir toy çaldıracağam, yox əgər pis çıxdın, daha mənnik iş yoxdu.
Xülaseyi-kəlam, bir yerdə yola rəvan oldular. Bir mənzil getmişdilər, Xəstə Qasım geri baxdı, vətəndən, onun başı qarlı dağlarından, yaşıl meşələrindən ayrılmaq ona ağır gəldi, qəlbi kövrəldi. Elə bil dağ-daş dilə gəlib onunla xudafafizləşmək istədi. Xəstə Qasım dözə bilməyib atın başını döndərdi. Dağlara, vətən torpağına üz tutub onunla bu cür xudahafizləşdi:
Köç-köç oldu, köçdü ellər obalar
Başı qarlı çənli dağlar, qal indi.
İçən ölməz dərdə dərman suyundan,
Axar sular, tər bulaqlar, qal indi.
Bivəfasan, heç görmədim vəfan, yar,
Tifil ikən çox çəkmişəm cəfan, yar,
Mən öləndə kimlər sürər səfan, yar,
Allı-güllü ağ otaqlar, qal indi.
Bivəfasan, vəfan yoxdu dünyada,
Aşnanın sirrini verirsən yada,
Şamamanı dərdirirsən xoryada,
Səbzə-bostan, sarı tağlar, qal indi.
Xəstə Qasım tamam oldu sözlərim,
Eşq ucundan kabab oldu közlərim,
Qərib yerdə, yad ölkədə gözlərim,
Vətən deyib ağla, ağlar qal indi.
Ordan yenə yol aldılar. Bir müddət getmişdilər, gördülər yavaş-yavaş axşam düşür. Günün qulağı yaxar-yaxmaz gəlib bir kəndin kənarına yetişdilər. Bu qərara gəldilər ki, gecəni kənddə qonaq qalıb sübh tezdən yola düşsünlər. Xəstə Qasım üz tutdu Mirzəli xana:
– Xan, bir xahişim var, olarmı ərz eləyəm?
Mirzəli xan buyurdu ki, olar.
– Mirzəli xan, sən xansan. Hansı qapını açsan ya qorxudan, ya hörmətə görə səni qonaq saxlayacaqlar. Ancaq mən elə qonaq qalmaq istəmirəm. Mənim qonaq qalmağım üçün iki şərt lazımdı.
Mirzəli xan soruşdu:
– O nə şərtlərdi elə?
– Birincisi odu ki, gərək məni allah qonağı saxlayalar. Allah qonağı saxlamasalar, mən o evdə qalmaram. İkincisi də odu ki, mən qonaq qaldığım evin sahibi gərək ibadət sevən ola.
– Yaxşı, bəs, onda neynəyək?
– Xan, əgər mümkünsə siz burda kəndin kənarında bir az gözləyin. Mən gedim özümə bir qonaq yeri tapım, sonra siz harda istəsəniz gedib qalarsız.
Mirzəli xan razılaşdı, başladı öz adamları ilə gözləməyə. Xəstə Qasım isə yan aldı kəndə ki, gəlib bir qonaq yeri tapsın. Kəndə yetişdi. Soruşdu ki, burda kim allah qonağı saxlayır. Kənddə bir hacı var idi, adına Hacı İsmayıl deyərdilər. Onun evini isnad verdilər ki, bəs, o kişi allah qonağı saxlayır. Xəstə Qasım gəlib çıxdı Hacı İsmayılın qapısına. Xəbər aldı, Hacı evdədirmi. Dedilər, iş üçün gedib, bir azdan gələr. Bir az gözlədi. Birdən gördü, kim isə gəlir. Özlüyündə yəqin elədi ki, bu gələn hacı olacaq.
Hacı uzaqdan gördü, bir adam darvazanın qabğını kəsib, dedi, yəqin, mənimlə işi var. Yaxınlaşdı, salam verdi. Gördü, əşşi, bu qəribə geyimli bir adamdı. Başında əmmamə, əynində aşıq paltarı, belində qurşaq, bir tərəfindən xançal asılıb, bir tərəfindən nizə, bir tərəfindən saz. Nə aşıqdan aşıqdı, nə molladan molladı, nə qoçudan qoçudu. Soruşdu:
– Bala, işin kimnəndi?
Xəstə Qasım dedi:
– Evin sahibiynən.
– Bu evin sahibi mənəm, nə sözün var?
– Hacı əmi, bir gecəliyinə məni allah qonağı saxlayarsanmı?
Hacı bir bunun başına baxdı, bir ayağına baxdı, dedi:
– Saxlamağına saxlaram, amma bir əhvalat danışım qulaq as, sonra qalarsan özün bilərsən, gedərsən yenə özün bilərsən.
Xəstə Qasım dedi:
– Hacı əmi, danış, qulağım səndədi.
– Oğul, deyirlər, bir dəfə bir cütçü yer əkirmiş. Birdən cütçünün qabağından bir tülkü çıxır. Cütcü tülkünü tutur. Tülkü dərisi baha qiymətə gedərmiş. Cütçü fikirləşir ki, yaxşı oldu, yeri əkib qurtararam, tülkünün dərisini soyaram, aparıb satıb bir kasıbçılığıma verərəm. Axtarır, tülkünün əl-ayağını bağlamağa bir şey tapa bilmir. Axır şalvarını çıxarır, tülkünü içinə salır, xançalını da çıxarıb şalvarının ortasından yerə çalır ki, tülkü qaçmasın. Amma cütçü o yana gedən kimi tülkü çabalayır, xançalı yerdən qoparır, şalvar qarışıq götürüb aparır. Cütçü yeri əkib qurtarandan sonra gəlir ki, tülkünü soyub aparsın, baxır ki, nə tülkü var, nə də şalvarla xançal. Başlayır axtarmağa. Bir ovçuya rast gəlir. Soruşur ki, ovçu qardaş, mənim bir tülküm itib, onu görməmisən ki. Ovçu deyir:
– Tülkü nədi, a kişi, sən nə danışırsan? O necə tülküdü?
Ovçu deyir:
– Beli xançallı, dalı şalvarlı!
Ovçunu gülmək tutur, deyir:
– A kişi, dəli-zad olmamısan ki? Mən əlli ilin ovçusuyam, hələ indiyə qədər beli xancallı, dalı şalvarlı tülkü görməmişəm.
Hacı sözünə ara verdi, sonra dedi:
– Oğul, mən əlli ilin hacısıyam, hələ indiyə qədər səni sifətdə adam görməmişəm. Bilmirəm lotusan, mollasan, dərvişsən, aşıqsan, ya nəsən.
Xəstə Qasım bayaqkı məsəldən alımını almışdı. Elə bil başına qaynar qazandan su tökmüşdülər. Daha bir söz demədi. Üz tutdu geriyə. Birbaş Mirzəli xanın yanına gəldi. Mirzəli xan gördü, Xəstə Qasımın qanı yaman qaradı, çırtma vursan qanı tökülər. Soruşdu ki, nə olub. Xəstə Qasım əhvalatı danışdı. Mirzəli xan dedi:
– Xəstə Qasım, indi mən hansı evə getsəm, sən də o evə gedəcəksən.
Xəstə Qasım razılaşdı. Mirzəli xan adamları ilə bir yerdə hacı İsmayılın evinə gəldi. Hacı baxdı ki, gələn Mirzəli xandı, nökərə, qarabaşa hay vurdu. Xanı, adamlarını necə lazımsa qarşıladılar, samovar qaynadan kim, qoyun kəsən kim, plov qazanı asan kim. Xülasə, bir vurhavur düşdü. Qonaqlar əyləşdi. Ancaq Hacı gördü, o bayaqkı əcayib geyimli adam da Mirzəli xanın yanındadı. Üzə bir söz deməsə də, ürəyində qəzəbləndi ki, bu cinə-şeytana oxşaqlı şeyi haradan tapıb gətirdilər.
Mirzəli xan Xəstə Qasımı öz yanında əyləşdirmişdi. Ortalığa süfrə salındı, xörək gəldi. Hamı bismillah deyib əl uzatdı süfrəyə. Mirzəli xan baxdı ki, Xəstə Qasım yemir, səbəbini soruşdu. Xəstə Qasım dedi:
– Bu Hacı məni allah qonağı eləməyib, mən necə onun süfrəsində çörək kəsim.
Hacı bir Xəstə Qasımın sir-sifətinə, bir ger-geyiminə baxdı, üz tutdu Mirzəli xana ki:
– Mirzəli xan, sən xan adamsan, əməlli-başlı adamlarla oturub-durursan. Bu cinə-şeytana oxşar şeyi hardan tapıb gətirmisən?
Mirzəli xan dedi:
– Hacı, işin yoxdu, qoy, o, nə istəyir eləsin. Mən onu yanımdan heç yana buraxa bilmərəm. Çünki bu neçə gündə evimdən-eşiyimdən ona görə olmuşam.
Mirzəli xan çox dedi, Xəstə Qasım az eşitdi, süfrəyə əl uzatmadı, dedi:
– Mirzəli xan, sinəmə bir xanə söz gəlib, icazə ver deyim.
– Buyur.
Xəstə Qasım sazı köynəkdən çıxardı. Hacı qayıtdı ki:
– Lənət şeytana, süfrənin üstündə bu şeytan çömçəsini hardan çıxardı?
Mirzəli xan buyurdu ki, Hacı, işin olmasın, qoy sözünü desin.
Xəstə Qasım aldı təcnis üstündə görək nə dedi:
Gözəllər gözəli şahi-gülbədən
Həsrət çəkdim mah camalın görüncə.
Aşıq deyər görüncə,
Zülfi-muyin görüncə,
Mərd igidə qurban ol,
Namərd üzün görüncə.
Mina boylu, tuti dilli dilbərim
Hilal qaşlar çəkilibdi, gör, incə.
Hacı gördü Xəstə Qasım gözəldən, zülfdən danışır, dedi:
– Mirzəli xan, mən bayaqdan dedim, bu cini-şeytanı hardan tapıb gətirmisən. İndi bu Allahın süfrəsinin üstündə başlayıb gözəldən, dilbərdən, zülfdən danışır.
Xəstə Qasım soruşdu:
– Hacı, neçə yaşın var?
Hacı dedi:
– Altmış.
– Altmış ilin hacısısan, ancaq hələ yarımçıqsan. Bilmirsən, mən hansı gözəldən danışıram. Mən sən dediyin gözəllərdən danışmıram, gözəllər gözəlindən, yəni Məhəmməd peyğəmbərdən və imamız Əlidən danışıram. O adamlardan ki, Allah-taala insanı yaradanda ilk dəfə gözəlliyi onlara verdi.
Hacı susdu bir söz demədi. Xəstə Qasım sözün arxasını ərz elədi:
Könül gedər həqiqətin evinə
Həqiqətin, mərifətin evi nə?
Aşıq deyər evi nə?
Xanəsi nə, evi nə?
Yığıb qəmlər yağışı,
Viran könlüm evinə.
Qədəm basma bir namərdin evinə
Gözü çıxar bir qonağı görüncə.
Hacı gördü, yox, bu xına o xınadan deyil. Xəstə Qasım hacının onu qapıdan qovduğunu üzünə vurdu, başladı üzr istəməyə. Dedi, bir səhvdi eləmişəm, bağışla məni. Bu birisi tərəfdən də Xəstə Qasım fikirləşdi ki, nə düşmüsən bu çöllərə, nə gəzirsən hacının evində ki, səni də qapıdan qova. Ona görə də götürüb sözünü belə tamamladı:
Çoxu gəldi, meyl elədi a vara
Yüz dolanan yenə qaldı avara.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-xeste-qasimin-dagistan-seferi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qorxmuram yağılardan bu qaranlıq diyarda,Könlüm günəşə həsrət bir zirzəmi kimidir.
Bakım mənimBu torpağa ibadətim,Bu dünyaya səyahətim.
Ekranda görüşOğul şəhərdədir,Anasa kənddə,
Bizdə də var, sizdə də varBir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.