Qəşəm

Həqiqətdən, mərifətdən, kamaldan
Dərs alana bir nişana qulam mən.
Dərsi azdan, müxənnəsdən, nadannan
Nə anlaram sürfəsində qalam mən?

Vəli

Çox düşünüb az danışan dünyada
Həddini anlayan şux kamalam mən.
Dosta məhəbbətim həddən ziyada,
Təmiz, tərbiyəli, saf xəyalam mən.

Qəşəm

Dünya şöhrətidi zəkalı xəyal,
Dolanır cahanı həqiqət misal
Xoş olar əhli-dil eyləsə vüsal,
Düşünmə arada qeylü-qalam mən.

Vəli

Ağır ellər gəzən fani dünyada,
Nəfsin, özün aldatmayan arada,
Meyli, məhəbbəti bir təmiz ada
Həqiqət aşiqi, pak, halalam mən.

Qəşəm

Alim məclisində olanda bəzək
Səxavət evinə olmalı dirək,
İzin ver dostluqda meydana girək
Sədaqət elmində pürkamalam mən.

Vəli

Ellər aşiqidi şənliyin, varın
Torpağa can verən təmiz suların,
İnsanlıq elmini çox qananların

Zəndinə, zehninə bir zülalam mən.

Qəşəm

Əzəldən sevirəm mərd insanları,
Elmi, həqiqəti düz qananları
Torpaq köksə çəkir necə canları
Ədalət duyğulu bir sualam mən.

Vəli

Aşıq oldum düşdüm eşqi həvəsə,
Haqlı el içində saldılar səsə,
Keçdim dildən-dilə, qarışdım dəsə,
Yazıldım tarixə, xoş iqbalam mən.

Qəşəm

Həyat bir dastandır söylənməz, bitkin
Ədəm pərdəsində sayılmır itkin,
Öz adım Qəşəmdir, ləqəbim Yetkin,
Əslim göyçəlidir, əhli-halam mən.

Vəli

Miskinli Vəliyəm haqqı baratdan,
İlhamı havadan, abi-həyatdan,
Həqiqəti sevən kamil ustaddan
Varlıq alimindən dərsim alam mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви