Эльчин
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
(Sənədli romandan fraqmentlər)*1
14. Əbdül QafarzadəƏbdül Qafarzadə o aprel günü cavan katibə qızın dükandan alıb gətirdiyi pendir-çörəyi yeyəndən və Bədurə xanımın həmişəki kimi, əla dəmlədiyi hil qarışıq hind çayından iki armudu stəkan içəndən sonra, kabinetindəki pəncərənin qabağında dayanıb buradan aşağı-yuxarı – bütöv mənzərəsi görünən Tülkü Gəldi Qəbiristanlığına baxırdı; elə bil ki, qəbiristanlıq tamam başqa bir dünyadan – təpədən dırnağacan kədərli, qəmli dünyadan, tamam fərəhsiz, tamam əlacsız bir dünyadan xəbər verən, həyatın mənasızlığından, ömrün vəfasızlığından deyən bir şəhərcik idi və pəncərədən görünən bu saysız-hesabsız qəbirlərin başdaşları da həmin kədərli, həmin fərəhsiz və əlacsız şəhərciyin əbədi bir sükuta, hərəkətsizliyə qapanmış sakinləri idi.Əlbəttə, həkim Bronşteyn ilə professor Mürsəlbəyli tamam başqa-başqa adamlar idi, amma indi, nədənsə, Əbdül Qafarzadəyə elə gəldi ki, həkim Bronşteynin rənglənmiş saçı və bığı ilə professor Mürsəlbəylinin ağappaq nişastalı xalatı və tüklü sinəsi arasında nəsə bir yaxınlıq var və ən qəribəsi isə bu oldu ki, həmin dəm Əbdül Qafarzadəyə elə gəldi ki, elə bil, o rənglənmiş saç və bığla, o nişastalı ağappaq xalat və tüklü sinə ilə bu Tülkü Gəldi Qəbiristanlığı arasında da nəsə bir yaxınlıq, hətta doğmalıq var; bu çox xoşagəlməz bir hiss idi və Əbdül Qafarzadə çalışdı ki, bu hissi özündən uzaqlaşdırsın.
7. Qonaqlıq1939-cu ilin qış günlərindən biri idi və havalar uzun müddət mülayim keçəndən sonra, birdən-birə həmin gün bütün gecəni qar yağmışdı, Bakının küçələrini, binaların damını, eyvanını, xüsusən, gediş-gəlişin az olduğu yuxarı məhəllələri (Ələsgər müəllimin ikiotaqlı, mətbəxli mənzili Bakının dağlıq hissəsindəki belə məhəllələrdən birindəki birmərtəbəli kiçik binada idi) qar basmışdı və qəribə idi, bu gözlənilməz soyuq həmişə rahatlığı, istini xoşlayan Ələsgər müəllimi nəinki narazı salmışdı, narahat etmişdi, əksinə, hər tərəfi bürümüş o tərtəmiz qar ağlığı Ələsgər müəllimin bütün içinə bir coşğunluq, bir ruh yüksəkliyi, hətta – nə qədər ağlasığmaz olsa da – bir hərarət gətirmişdi (qar və hərarət!); elə bil ki, o qış günü qarın o tərtəmiz ağlığı, ümumiyyətlə, daha dünyanın qara yox, ağ günlərindən xəbər verirdi, elə bil, o ağlıq, o təmizlik əməllərin bundan sonrakı salehliyindən deyirdi və Ələsgər müəllim mətbəxdə divardan asılıb altına da girdə tas qoyulmuş əlüzyuyanda həmin coşğunluq, həmin gözəl ovqatla əllərini tərtəmiz yuyub:– Gətir o toyuqları bura, mən doğrayım!– dedi.
2. «Əzizimin cəfası» romanıElə ki, həmin aprel səhəri açıldı, elə ki, sübh tezdən məhəllənin qapıları cırıldadı, çayniklər su ilə doldurulub qazın üstünə qoyuldu, camaat həyətlərdəki ayaqyoluna girib-çıxmağa başladı, həyət adamları bir-birilə salamlaşdı, uşaqlar çörək dalınca Ağabalanın dükanına qaçdılar, o saat da bütün məhəlləyə xəbər yayıldı: gecə Xədicə arvad rəhmətə gedib və həmişə belə bəd xəbərli vaxtlarda olduğu kimi, arvadlar qara kəlağayılarını tələm-tələsik başlarına salıb Xədicə arvadın evinə getdilər, kişilər də yazıq Xədicə arvadın birmərtəbəli, üçotaqlı evinin qabağındakı balaca həyətə yığışmağa başladılar.Adamlar bir-bir o balaca həyətə doluşduqca Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dördüncü kursunda təhsil alan tələbə Murad İldırımlı sentyabrın 1-dən bu tərəfə səkkiz ay yaşadığı bu məhəllənin gözə görünməyən teleqram sisteminə məəttəl qalırdı – elə bil ki, məhəllədəki dalanların, evlərin divarları, qapıları, pəncərələri, küçəyə düzülmüş qənbərlər bir-birinə xəbər verirdi və nə olurdusa, bütün bu ətrafda nə hadisə baş verirdisə, gecə, ya gündüz, fərqi yox idi, bircə anın içində bütün məhəlləyə yayılırdı. Tələbə Murad İldırımlı sağ əlinin baş barmağının dırnağını çeynəyə-çeynəyə, həyətə toplaşmış məhəllə kişilərinə baxırdı, sonra birdən yadına düşürdü ki, dırnağını çeynəyir, tez əlini ağzından çəkirdi.
15. Hər şey keçib gedir...Tələbə Murad İldırımlı gecəni Bayıldakı şəxsi maşın dayanacağında keçirdi. Əvvəlki qarovulçular meyvə-tərəvəz daşımaq üçün işlədilən taxta yeşikləri söküb daldalanmaq üçün burada köşkə bənzər bir şey düzəltmişdilər və qış arxada qaldığı üçün tələbə gecələr burada daha dəhşətli soyuq içində olmurdu, əvvəlki qarovulçulardan yadigar qalmış köhnə «kerosinka»nın istisi o köşkə bənzər yerə kifayət edirdi, hər halda, tələbə taxta kətildə oturub əyin-başının üstündən yenə də əvvəlki qarovulçulardan yadigar qalmış, adda-budda didilib sökülüb cındıra dönmüş yun şala bürünərək ayaqlarının yanında yanan o «kerosinka»nın istisini hiss edirdi.Tələbə tamam sakit idi və o köşkəbənzər yerin boş gözlüyündən o aprel gecəsinin zülmətinə tamaşa edirdi: yer ilə göyün zülməti bir-birinə qarışmışdı və lap dərinliklərdə o qaranlıq içində güclə sezilən bir-iki ulduz görünürdü. Tələbə o uzaq ulduzlara baxırdı və düşünürdü.
I hissə(Gümüşü Furqon)– Adamın gərək naxışı gətirə!.. Bir də görürsən ki, bir-birindən bixəbər iki nəfər – bir qız, bir oğlan çöl-biyabanda bir-birinə rast gəldi; birdən