Мамед Саид Ордубади · Проза
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
Rzaqulu xan rəxtxab içində hər tərəfə dönür, hər səmtə hərəkət edir, sızıldayır, Böyükxanım da başının üstündə əyləşib deyir: Kişi, allaha bax! Gəl öz sağlığında Münəvvərin ata-malını ayırıb ver sahibinə, gedib Münəvvəri incitməsin! Odur dağ kimi qızım yorğan-döşəkdə əriyib qalıb, rənginə baxmaq olmur, qüssədən sümüklərinə qədər əriyibdir. (Öz-özünə) allahın məsləhətinə şükür, dünyada bircə qıza gümanım gəlirdi, onun da dünyada üzü gülmədi, qəlbi şad olmadı.Rzaqulu xan — Övrət bəsdir! Ayın 25 gününü Qulam xanın evində qalırsan, beş gün də evə gələndə mənim zəhləmi aparma! İndi ölürəm, canım qurtarıb yenə cəhənnəmdən əl götürmürsən? Mən sənə yüz dəfə dedim Qulam xan qız verməli deyil! Başa gəlmədi, dedin Qulam xan şaha layiqdir, vəliəhdə layiqdir. Ölsəm də gərək qızı ona verəm. Məni öz vətənimin yanında xəcalət qoydun, arzu-amalım yarımçıq qaldı, həyatım, əməlim, arzum sənə indi də lə’nətxandır. İndi də başlamısan ata malını ayırıb ver özünə, mənim az dövlətimi korluyub ki, yenə hissə verəm? Mənim behişt kimi kəndlərim əvvəlki xaraba halına qalıb, camaatı nə qədər incidib ki, eşidirəm gündə şikayətə gedirlər, bu qədər kənddən hansı mədaxil bizə yetişir? Hamısı Qulam xanın cibinə tökülür. Sənin cəhalətin səbəbinə qürbətzədə oğlanlarım məndən sonra Təbrizə gəlsələr bəs nə xərc eləsinlər? Sən razı olursan Qulam xan dövlətimi dağıtsın, övladım da gəlib sayil olsun? Hərkah əqidəniz budur, allah sənə öz ədaləti ilə divan eləsin.
Təbriz şəhərinin havası və təmizliyiYay fəsli Təbriz şəhərinin havasında mövcud olan təbii lətafət yayın şiddətli-hərarətindən mütəəssir olan isti ruzkarlar ilə mübarizə edirdi. Hər halda günün hərarəti havanın lətafətinə layiq gəlirdi. Zira bazar damlarında, hamam qabaqlarında, yainki küçələrdə tökülən heyvanat çəmdəklərindən qalxan kəsif qoxular da günün hərarətinə müavinət edərək ikisi birlikdə Təbriz havasındakı lətafətin əleyhinə nümayiş yapırdılar. Hərçənd təbiət və lətafətin xidməti hərarət və kəsafətin qarşısında sinə gərmişdi, lakin şəhər içində olan qəbiristanlardan qalxan üfunət də hərarət və kəsafətin tərəfini iltizam etməkdə idi. Məhazə təbiətin qüvvəyi-mö’cüznümasını e’lan etməklə xəfif ruzkar yenə əsməkdə idi. Lakin ruzkarda bir təbəddülat dəxi mülahizə olunurdu. Ruzkar xəfif isə də yenə Rzaqulu xanın otağındakı çilçıraqların billur avizələrini bir-birinə çırpıb xanənin içində mükəmməl bir musiqi dəstkahı kimi əfradi-ailəni kafətən məşğul etmiş idi. Xanənin istisi bütün əfradi-ailəni tərlətmiş, hər kəs əlində bir dəsmal tərini silir, Böyükxanım da ağ ipək mə’cərini köyləyinin yaxasından basaraq sinəsinin tərini silir, gah da çıxarıb öz tərini qoxuluyurdu. Rzaqulu xan dəxi bütün əlbisəsini töküb, şiddəti-hərarətdən fəqət bir jiletka ilə oturub İran kəndlərinin üryanlığını təsvir edirdi.Lakin ruzkarda olan təbəddülat İranda bir təbəddülati-əzimənin zühurunu göstərdiyi üçün Rzaqulu xanı dərin-dərin düşündürməkdə idi. Əlində dəmir qələmi barmaqlarının arasına alaraq dirsəyi yazı stolunun üstündə, digər bir əlini çənəsinə təkyə edib ruzkarı fikrilə qarşılamaqda idi. Ağuşqaların qabağında ağacların meyvəsi şişələrə çırpır, ara-sıra qoparıb tökür, gah ruzkardan mühib kurultular çıxır, gələcəkdə Azərbaycan inqilabını büsbütün müayinə göstərməkdə idi.