"Səhv düşəndə yerimiz"Qabil

Niyə məndən inciyibsən, a mehribanım,məndən başqa inciməyə adammı yoxdu?Məni mənsiz yaşadanım, məni duyanım,mən ki, Tanrı şairiyəm, Tanrınmı yoxdu?!

Bəlkə sənin gündüzünü axşam elədim,məndən Günəş istədin sən, mən şam elədim.Gedib sənsiz harda salam-kəlam elədim?yoxsa küsüb-barışmağnan aranmı yoxdu?

İndi məni paklıq üstə asıb-kəsən var,indi yerin altdan çıxıb, üstə gəzən var.Çətindi bir baş saxlamaq, yüz başkəsən var,əyrini düz çıxarmağa yalanmı yoxdu?

Taladılar, dağıtdılar, söküb yığdılar,aşağılar yuxarıya qohum çıxdılar.Hərəsi bir mülk tikdirib, yüz ev yıxdılar,sənə qurban, and içməyə Quranmı yoxdu?

Payız tökən yarpaq kimi mən ələnmişəm,xırmanlarda sovurublar, dənələnmişəm.Zəmanəni tərifləyib şübhələnmişəm,desəm, məni başa düşən xalqımmı yoxdu?

Mən nə deyim, tanıyırsan mən deyənləri,baş saxlayıb başsızlara baş əyənləri.Keçi kimi, qoyun kimi mələyənləri,bu sürünü otarmağa çobanmı yoxdu.

Ürəyimin infarktından gördüm məhşəri,bilən bildi, deməsəm də mən bu xəbəri.Eşitdim ki, eşitməyib Zat-Aliləri,mənim ona deyiləsi ağrımmı yoxdu?

Mən ki, vətən davasında qeyrət demişəm,sənin lənət dediyinə lənət demişəm.Azərbaycan demişəm mən, millət demişəm,millətimə mən üz tutsam, haqqımmı yoxdu?

Bir sənətkar ömrü qoydum mən bu xalq üçün,haqq istədim, danladılar məni "haqq" üçün,İndi gedib bayquş üçün, yapalaq üçün,haqqı harda sübut edim, harammı yoxdu?

Qonşuların biri zəlil, o biri xəstə,zənginlərin içi boşdu, zahiri xəstə.Belə qullar dünyasının şairi xəstə,döyüş günü öndə gedən misrammı yoxdu?

Niyə məndən inciyibsən a mehribanım,məndən başqa inciməyə adammı yoxdu?Məni mənsiz yaşadanım, məni duyanım,mən ki, Tanrı şairiyəm, Tanrınmı yoxdu?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви