“Gedək İsa bulağına,çıxaq Qırxqız yaylağına...”Azərbaycan qoy and içsin Azərbaycan torpağına.Su çilənsin sinəm altda bir ocağın qor yerinə,Tanrım, məni qoyma daha kar yerinə, kor yerinə.Rahat gedim gor yerinə.Bəlkə Şuşa dilə gəldi,bəlkə huşa, dinə gəldi.Dağ yeridi, yer yarıldı, Şuşa gəldi,Şuşa bizə qarşı gəldi,qurumuşdu, bəlkə bir az gözümüzün yaşı gəldi.

Şuşa qədim bir millətin Şuşasıdı,Xan əminin Şuşasıdı,Pənah xanın Şuşasıdı,Nərimanın Şuşasıdı.

Yerdən çıxan “Xarı bülbül” gül dilində oxuyurmu?gül gülü heyran qoyurmu?Fəsillər çaşır Şuşada, mən qışda bahar görmüşəm,qızılgülün yanağında qızılyanaq qar görmüşəm.Qızıl qamçı şaqqıldayıb göydə şimşəklər yerinə,kəpənəklər çiçək açıb yerdə çiçəklər yerinə.Bal arısı kəpənəyin üstə qonub gül yerinə,kəpənəyin qanadında göz görmüşəm xal yerinə,düşmüşəm dünya sehrinə.Mən möcüzələr görmüşəm.Dilim gəlmir, yer üzündə deyim belə yer görmüşəm.

Daşaltısı darıxırmı çadır üçün?Cıdır düzü – cıdır üçün?At belindən at belinə atılanı görən varmı?“Ərimgəldi” tərəflərdə yenə nəmər verən varmı?Ağdamdan bir gələn varmı, gedən varmı?Vətəndə bir vətən varmı?

Vaqif, sənin məqbərəni ziyarət eyləyən varmı?!Orda Vaqif! – deyən varmı?

O vaxt orda şeir-sənət axşamıydı,şerə hörmət, sözə hörmət axşamıydı.Qarın belə yağdığını görməmişdim,qarda belə el axını görməmişdim.Qar tökürdü göy yer üstə, –vərəqdəki,dodaqdakı,sinədəki – şeir üstə.Gözlərdəki eynək üstə,havada gül, torpaqda gül, çiçək, çiçək, çiçək üstə!Yoxsa yanıb kül olardıq qar altında,Heydər özü söz verirdi şairlərəqarlı alqışlar altında.

Molla Pənah şairlərin yaşıdıydı.Onda hələ şuşalılar Şuşadaydı,Şuşa özü Şuşadaydı,“Şuşa” sözü Şuşadaydı.

Dolu tökdü, qrad yağdı, mərmi yağdı.Göydən yerə nur yağırdı, indi yerə şərmi yağdı?!Bütün həyat, –“Şur”, “Muğamat”,şerin-sənətin mayası,insanın eşqi-həyası,dünyanın Şuşa dünyasıqətl oldu meydanda, şair!Yer altdaydın, yer üstəydin onda, şair?!

Dayanaydı vaxt onda kaş!Ah, onda kaş,Xuramanın ağ yaylığı ağ bayrağa dönməyəydi,beyinlərdə çaxan şimşək, ürəklərdə sönməyəydi.Keçəl Həmzə gərək “Qırı” minməyəydi,Qoç Koroğlu “Dür” belindəÇənlibeldən enməyəydi.

Orda rusdu,burda farsdı,Erməninin arxasıdı,əmisidi, dayısıdı,qanımızı tökəsidi, dərimizi soyasıdı.Raketləri Şuşadadı.Şahidləri Bakıdadı, şəhidləri Şuşadadı.Pyotrun vəsiyyəti hələ indi üzə çıxır,yollar gedib İstanbula, ordan da Təbrizə çıxır.Şah vermişdi Naxçıvanı, Qarabağı,rusun qəsdi Təbrizəydi.İki yerə bölmüşdülər bir torpağı, –bir millətin iki oğlu üz-üzəydi:biri – İran vəliəhdi, müqavilə bağlayırdı,biri – Qraf Paskeviçin tərəfini saxlayırdı.Azərbaycan tarixinin atasıydı,dövran ondan narazıydı, –imza onun imzasıydı.

Rusun, farsın formanıylaHəsənzadə! –onda “ZADƏ”,onda təzə “OV” olurduq.Üzümüzdə qürbət özü,dilimizdə vətən sözü,o “vətəndən” bu “vətənə” qovulurduq.O zamandan qovhaqovdu, qaçhaqaçdı,o zamandan bir millətin yarı toxdu, yarı acdı.Toxlarının dili rusdu, dili farsdı.Aclarının dilindəki – Xan Arazdı.O zamandan orda sərhəd, burda qoruq!Qovulduqca qırılırıq, qırıldıqca qovuluruq.Qaçma millət!Ölən qaldı, itən qaldı.

Neçə yerdə vətən qaldı.Qaçma millət!Təbriz qaldı, Dərbənd qaldı, Şuşa qaldı.Biz tək qaldıq, qalanımız qoşa qaldı.Göyçə qaldı, Vedi qaldı,Qaçanların ayaq altda meydi qaldı.Beşiyimiz orda qaldı,məzarımız harda qaldı?!Qaçma millət!millət quru yerdə qaldı.

“Gedək İsa bulağına,çıxaq Qırxqız yaylağına...”Azərbaycan qoy and içsin Azərbaycan torpağına.Su çilənsin sinəmdəki bir ocağın qor yerinə,səpin məni vətənimin hər yerinə.Səpin məni kül yerinə,bu torpaqdan bitəcəyəm mən “Xarı bülbül” yerinə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе