Страница 1 из 3

Vaqe olur Xorasan kəndlərinin birində. Əvvəlinci pərdə: bir tərəfdən Nadirin evi və yol. İkinci pərdə: çöl-biyaban.

ƏVVƏLİNCİ GƏLİŞ

İki yolçu.

Ə v v ə l i n c i y o l ç u. Qoçalıq yaman şeydir, ay balam! Bir az yol gedəndə ayaqlarında tab qalmayır. Əyləş, bir az yornuğumuzu
alaq. Çox yaxşı oldu ki, səninlə rast gəldim, yoxsa bu uzun yolu şəhərədək yalqız gedəcəydim. Ah! Ah!
İ k i n c i y o l ç u. Əmi! Nə ah-vay edirsən?
Ə v v ə l i n c i y o l ç u. Necə etməyim, ay balam. Yetmiş sinnim var bu vaxtadək belə zəhmətlər çəkməmişdim ki, indi çəkirəm. Dolanacaq çox çətin olubdur. Evimdə yeddi baş külfət, pul yox, taxıl yox. İndi bu vaxtımda gedirəm şəhərə, bəlkə hammallıq edib bir az çörək pulu qazanam.
İ k i n ç i y o l ç u. Məgər taxıl bitməyirmi? Yeriniz yaxşı deyilmi?
Ə v v ə l i n c i y o l ç u. Ay balam, qoyurlarmı taxıl əkəsən? Quldur Nadir hər yerə ki düşür, oranı viran edir. Bir yandan da əfqanlar buraları alandan sonra xalqa göz verirlər, işıq vermirlər.... Xülasə, işlər çox yamandır, oğlum.
İ k i n c i y o l ç u. Əmi, mən iki aydır gəlmişəm, amma Nadirin barəsində elə şeylər eşidirəm ki, heç ağlasığası deyil.
Ə v v ə l i n c i y o l ç u. Sən hardan gəlibsən? Haralısan, balam?
İ k i n c i y o l ç u. Mənim əslim xorasanlıdır. Düz indi on ildir vətənimdən dərbədər düşmüşəm. Özbəklər Xorasanı alandan sonra zindəganlıq çox çətin oldu, hətta elə oldu ki, yeməyə çörək də tapılmadı. İki uşağımı, övrətimi və qoca anamı
Xorasanda qoyub düşdüm şəhərbəşəhər, kəndbəkənd ki, çörək pulu qazanam. Axır getdim çıxdım İrəvana. O vaxt İrəvan osmanlının əlində idi. Bir az rahatlığa düşdüm. Başladım işləməyə, hər nə iş oldu yapışdım. Bir neçə ilin ərzində on tümən düzəldib, Xorasana gedən vardı, onunla göndərdim ki, külfətimə versin. Əzqəza, yolda məşhur quldur İmamquluverdi onun qabağına çıxıb pulları əlindən alır. İndi gedirəm vətənə uşaqlarımısa da tapam. Amma heç ümidim yoxdur. Ah! Ah! Allah bu quldurların evini yıxsın!
Ə v v ə l i n c i y o l ç u. Ah ... quldurları heç demə, heyvan qismi bir şeydirlər. Onlarda nə insaf var, nə mürvət. Nə allahdan qorxurlar və nə padşahdan. Əllərinə adam düşəndə ya öldürürlər, ya soyurlar. Amma allaha qurban olum, özləri də axırda cəzalarına çatırlar. İmamquluverdi çox evlər yıxdı, çox ananı balasız və çox balanı anasız qoydu, amma axırda özü də cəzasına çatdı.
İ k i n c i y o l ç u. Necə?
Ə v v ə l i n c i y o l ç u. Necə olacaqdır? Axırda onu bir gülləyə qurban etdilər....
İ k i n c i y o l ç u. Allaha şükür! Allaha şükür!
Ə v v ə l i n c i y o l ç u. Əlbəttə, allaha şükür, amma yağışdan çıxdıq, yağmura düşdük. İmamquluverdi öldü, yerində oğlu Nadiri qoydu. Ondan da bettər, ondan da zalım. Genə İmamquluverdi axır vaxt bir az adamlara rəhm edirdi, amma bu evi yıxılmışda heç bir zərrə qədər rəhm yoxdur. Hansı kəndə düşsə, oranı alt-üst edib, viran edir.
İ k i n c i y o l ç u. Bu o Nadirdi ki, adı dünyaya yayılıbdır?
Ə v v ə l i n c i y o l ç u. Bəli, haman o zalımdır.
İ k i n c i y o l ç u. Təəccübdür!
Ə v v ə l i n c i y o l ç u. Nə üçün təəccüb edirsən, ay balam! Hər şey tərbiyə ilədir. İnsana necə tərbiyə verərsən, elə də olar. Düz on beş yaşından Nadir atası ilə quldurluğa gedibdir. Və ondan qabaq atası və yoldaşları, Nadir uşaqkən o qədər quldurluqdan, adam öldürməkdən danışıblar ki, uşağın qulağı dolubdur, əvvəlinci dəfə quldurluğa çıxanda cürbəcürə qoçaqlıq, hünərlər göstəribdir. Bu tövr tərbiyənin axırı nə olacaqdır? Genə bundan əvvəl Hüseyn xan hərdənbir dalıca qoşun göndərib tutdurmaq istəyirdi. Amma indi bir aydır əfqanlar Hüseyn xanı əsir ediblər, Nadir də azadə gəzir, bir adam da cürət etmir ki, bir söz desin. İndi halımız olub dəxi də çətin: bir yandan əfqanların zülmü, bir yandan Nadirin. O evi də ki, görürsən (əlini uzadıb) Nadirin evidir.
İ k i n c i y o l ç u (qorxub yerindən tez durur). Allahı sevirsən, əmi, dur burdan gedək. Çıxıb bizi burada görər, dərimizə saman təpər.
Ə v v ə l i n c i y o l ç u. Qorxma, oğlum. Biləm ki, Nadir buradadır, nə bu yol ilə gedərəm, nə burada oturaram.
İ k i n c i y o l ç u. Bəs haradadır?
Ə v v ə l i n c i y o l ç u. Gedibdir özbəklərdən anasının qanını almağa. Özbəklərlə dava edən vaxt qoca anasını çox əzabla öldürüblər. İndi gedibdir ki, anasının intiqamını alsın.
İ k i n c i y o l ç u. Bəs indi evində heç kəs yoxdurmu?
Ə v v ə l i n c i y o l ç u. Evdə övrəti və oğlu. Belə bilmə də bunlar yalqızdılar. Evinin hər küncündən on quldur çıxar.
(Əsnəyir.) Ay.... Dur gedək, oğlum, yoxsa yatıb qalarıq.(Gedirlər).

(Nadirin övrəti Gülcahan yavaş-yavaş qapını açıb pilləkəndən düşür və ətrafa baxa-baxa.)

İKİNCİ GƏLİŞ

G ü l c ah a n (yola baxıb). Yolunu gözləməkdən gözlərimin kökü saraldı. Kim bilir, başına nə iş gəldi. Bu vaxtadək gərək gələydi. Görükür bir bədbəxtlik üz veribdir. Su qabı suda sınar. Mənim yəqinimdir ki, axırda bir kələyə qurban olub bizi qoyacaq sahibsiz. Ondan sonra di gəl, döz xalqın zülmünə. Hamının da haqqı var bunun zülmlərinin əvəzinə bizə zülm etsin. Pərvərdigara, Birabil xanın qızı gör nələr çəkir. Mən yurdu itmiş, bədbəxt buna aşiq olub qoşuldum qaçdım. Nə bilirdim ki, aylar, illərlə üzünə həsrət qalacağam. Kərratla demişəm: Nadir, mənə yazığın gəlsin, mənə yazığın gəlmir, oğluna gəlsin. Hər deyəndə mənə cavab verir: sənin borcun deyil. Mən başıma nə kül töküm? (Ağlayır.) Pərvərdigara! Nə vaxtadək gecə-gündüz qorxudan yatmayacağam? Nə vaxtadək gözlərim yollarda qalacaqdır? (Ağlayır, əli ilə başını tutur. Uzaqdan şeypur səsi gəlir. Gülcahan qulaq asır və gedib yola baxır.) Hə ... yavaş..... (Fikirdə.) Gəlir.... Gəlirlər. (Şeypurun səsi yaxınlaşır.) Hə ... gəlirlər. (Baxır.) Allah sənə şükür olsun! Özüdür, hə....Nadirdir.... (Tez evə gedib qapını örtür. Quldurlar gəlib iki tərəfdən düzülürlər. Nadir gələndə baş əyirlər.)

ÜÇÜNCÜ GƏLİŞ

N a d i r. Həzərat! Çox razıyam ki, aslan kimi dava etdiniz. Özbəklər indi zərbi-dəstimi gördülər. Hər nə ki mal qarət edibsiniz öz aranızda bölüşün. İndi gedib rahat ola bilərsiniz. (Hamısı baş əyib çıxırlar. Nadir evinə tərəf baxıb fikrə gedir.) Bir ay bundan müqəddəm hənuz bu yerdə qoca anam mənim qarşıma gəlib "igid balam, aslan balam" deyib məni qucaqladı, şadlığından ağladı. İndi.... İndi.... Of! (Başını əli ilə tutur.) İndi ... hərgah öz əcəli ilə ölsəydi, o qədər məni
yandırmazdı. Biinsaf tayfa, qoca övrəti yaman bir halətə salıb öldürdülər. (Hirsli). Of.... (Fikrə.) Hərçənd özbəklərdən bir anamın əvəzində min analar-atalar, min uşaqlar qanı tökdüm, lakin genə ürəyim sakit olmuyubdur. Bu tayfanın qanını
içməyə hazıram. (Fikrə gedib oturur və başını əli ilə tutur.)

DÖRDÜNCÜ GƏLİŞ

G ü l c a h a n (qapını açıb yavaş-yavaş gəlir. Nadiri b u halda görüb təəccüb edir və tərəfə deyir). Pərvərdigara! Görəsən, genə nə üz veribdir? (Yavuq gedir). Nadir! Mən səni evdə gözlüyürdüm, nə üçün gəlmirsən? Yorulubsanmı? (Nadir başını
qaldırıb baxır və ayağa durub Gülcahanın əlindən tutur.)
N a d i r. Gülcahan! Hərgah bir il gecə-gündüz özbəklərlə dava etsəm, genə yorulmaram. Onlar mənim ürəyimə yaman bir dağ çəkiblər, hər bir şeyi unutmuşam.
G ü l c a h a n. Əlbəttə, məni də?
N a d i r. Görünür.
G ü l c a h a n. Bəs elə məni bundan ötəri atamın yurdundan dərbədər saldın? Mən sənə nə eləmişəm? Nə üçün məni bu qədər incidirsən? Gözümün işığı, dərdimin dərmanı bir Rzaqulu idi, onu da özünlə aparmaq istəyirsən. Sən gedəndən sonra qulağımı dəng edibdir: gah tüfəng fikrinə düşür, gah qılınc hazır edir, gah tapanca.
N a d i r. Sən nə danışırsan, övrət? Oğul gərək atasına oxşasın, hərgah Rzaquluda məndə olan hünər olmasa, ona mən oğul deyərəm? Çox əcəb edir ki, indidən tədarükünü görür. Mən atamın yerini tutan kimi o da gərəkdir mənim yerimi tutsun.
G ü l c a h a n. Bəli, mən də ömrümün axırınadək rahatlıq bilməyim. (Ağlayır.)
N a d i r. Bəsdir. (Acıqlı.) Dur get! (Gülcahan ağlaya-ağlaya gedir.) Mənim dərdimdən xəbəri yoxdur. İstəyir göz yaşını səhərdən axşamadək tök! Ancaq mən bu peşəmi əldən buraxmaram. Gərəkdir cəmi dünya zərbi-dəstimi görə. Xalq mənə edən ehtiramı Təhmasa etmir. Hamı qorxudan adımı eşidəndə bir ağaclıqdan qaçır. Bundan müqəddəm Hüseyn xan axtarırdı. İndi də Təhmas ... hərçənd Təhmas əvvəl mənimlə mehriban idi, amma indi bilməyirəm ki, nə olubdur. Kərratla göndərdiyi qoşunları dağıtmışam.... (Fikrə.) Zərər yoxdur, vaxt olar Təhmasa da özümü göstərərəm....

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Şeytan bazarda

Bilməyirəm, qeyri müsəlman məmləkətlərində varmı-yoxmu, fəqət Qafqazda müsəlman şəhərlərinin hamısında "Şeytan bazarı" namında bir uram və ya bir məhəllə olmağını bilirəm. Təəccüb burasıdır ki, Tiflis müsəlman şəhəri olmaya-olmaya müsəlmanlar olan məhəllədə də Şeytan bazarı məlum məşhur bir bazardır. Qeyri yerlərdə bu bazarlara nə üçün Şeytan bazarı deyirlər isə bilməyirəm, fəqət Tiflisdə Şeytan bazarının tarixi vardır. Qədimdən həmin Şeytan bazarı doğrudan da bir şeytan yuvası idi: adam öldürərdilər, harada? Şeytan bazarında. Cib kəsərdilər, harada? Şeytan bazarında. Filan hacının oğlu var-yoxunu qumara uduzardı, harada? Şeytan bazarında. Filan Sibirə göndərilən, sonra qaçıb gələn adamı harada tapardılar? Şeytan bazarında. Biçarə kəndçiləri (...) soyardılar, harada? Şeytan bazarında. Böylə bir tarixi olan bazara Şeytan bazarı deməyib nə deyəcəksiniz?Qədimdə, yadıma gəlir, bu bazarda bir adət də var idi: qəribə, adətdən dişqarı bir paltarda adam görsəydilər, Şeytan bazarının cavanları ona sataşardılar. Məsələn: allah eləməsin bir adam kürkünü tərsinə geyinə idi o saat görərdin bazardan keçəndə hay-huy səsi bazarı götürərdi. Hay-huy səsi cəhənnəm! Nə olacaqdır. Boğazlarını çox da yırtsınlar. Amma, allah göstərməsin, qarpız qabığından. Bir də gördün hər tərəfdən qarpız qabığı başına yağış kimi yağır. Doğrudur, bu qarpız qabığı qulağın yanında vız edib getsə, genə xoşbəxtlikdir, fəqət yaxşı nişana vuranların əllərindən (çıxan) qarpız qabığı vız etməyib lap peysərə yapışıb qalır. Bu yamandır!

4 мин
Tənqid

"HİFZÜL-SƏHHƏT". DOKTOR KƏRİMBƏY SULTANOV(İdarənin təklifinə görə bu kitab tənqid olunur)

6 мин
Bir kəndin sərgüzəşti

Keçənlərdə Qafqaz kəndlərindən birində bir neçə vaxt günlər keçirtdim. Bu kənd böyük, zəngin bir kənd idi. Hər kim bu kəndə təzə gəlmiş olsaydı, iki məhəllənin bir-birindən seçilməyini görərdi: məhəllənin biri dağ başında, küçələri toz, torpaq, dar, palçıq evləri bir-birinin içində; ikinci məhəlləyə gəlincə, küçələri enli, təmiz və evləri səliqə ilə tikilmişdi. Məhəllənin biri N. ikincisi isə İ. adı ilə məşhur idi.Ata-babadan bu məhəllələrə belə bir ad qoyulmuşdu.

191515 мин
İdil kənarında

(Bir romanın başı)Nə gözəldir İdil çayı!

19133 мин

Стихи других поэтов