İkinci məclis
Страница 3 из 3 · 67%
DOQQUZUNCU GƏLİŞ
N a d i r. Rzaqulu, gəlibsən?
R z a q u l u. Bəli.
G ü l c a h a n (Nadirə). Oğlun məni qorxutdu. Evdə işə məşğul idim. Bir də eşidirəm biri fəryad edir: "Qoyma! Vur!
Tərpənmə!" Evdən tez çıxıb görürəm: tək özü qılınc ilə oynuyur.
N a d i r. Nə edirdin, oğlum?
R z a q u l u (başını aşağı salıb). Heç, məşq edirdim.
N a d i r. Nə məşq?
G ü l c a h a n. Deyir, mən də atam kimi istəyirəm ad çıxardam.
N a d i r (əlini oğlunun başına qoyub). Qoçaq oğlum! Hünərli oğlum!
G ü l c a h a n. Mən də deyirəm dəxi qaçaqçılığa getməyəçəksən. İndi səbəbini soruşurdu ki, sən gəldin.
N a d i r. Hünərli oğlum! Ad çıxarmaq üçün tövürlü yollar var. Ancaq qaçaqçılıqla ad çıxartmaq yaman nifrətli yoldur. İnsan gərəkdir ağlı ilə, yaxşılıqla ad çıxartsın. Bu vaxtadək quldurluqdan nə ki söyləmişəm və özün eşidibsən çıxart başından. Mən düz yoldan azmış imişəm. Bundan sonra qılıncını ancaq vətən yolunda çıxart. Oğlum, düşmənlər vətənimizi tar-mar edirlər, müqəddəs yerlərimizi əldən alırlar. Bundan sonra gərəkdir quldurluğu bilmərrə buraxıb vətənə kömək edək, belə bir yolda ad çıxartmaq böyük bir səadətdir. Ümidvaram ki, mənim sözlərimi anlayırsan. (Rzaqulu dizi üstə düşüb başını uzadır. Nadir qolundan tutub durğuzur və gözlərindən öpür.) İndi bildim ki, mənim yolumda baş qoymağa hazırsan.
G ü l c a h a n (boynundan qucaqlayır). Gördün, dedim dəxi getməyəcəksiniz.
N a d i r. İndi durma oğlum, get qaçaqlara de ki, hazır olsunlar. (Rzaqulu gedir. Gülcahana.) Sən də get, mənimçün yola nə lazımdır hazırla. Dayım nə edir?
G ü l c a h a n. Yatıbdır.
N a d i r. Görükür, yorulubdur. Oyatma, qoy hələ yatsın, lazım olanda oyadarsan.
G ü l c a h a n. Yaxşı. (Gedir.)
N a d i r. Rzaqulu məni çox istəyir, nə desəm hazırdır. Sözlərim ona təsir etdi. Başını uzadır, yəni: boynumu vur, sözündən çıxmaram, dediyidir. Bərəkallah, oğul! Pərvərdigara, etdiyim günahların əvəzində ömrümün axırınadək sənin yolunda savab işlər edərəm, ancaq bu oğlumu mənə çox görmə! Məni onun gözlərinə həsrət qoyma!
ONUNCU GƏLİŞ
R z a q u l u. Baba, hazırdırlar, qulluğunuzu gözləyirlər.
N a d i r. De gəlsinlər. (Rzaqulu gedir.) Ah! (Fikirdə.) Xorasanı düşmənlərin əlindən xilas etdiyim günü tezmi görəcəyəm?
ON BİRİNCİ GƏLİŞ
Rzaqulu, bir neçə yaraqlı qaçaq.
N a d i r. Gəldiniz? Bu saat atlanıb düşün kəndlərə, ətraf-əsnafa! Hər kəsi gördünüz, deyərsiniz Nadir sizi çağırır. Hamı gərək bu gün buraya cəm olsun. Hər kəs gəlməsə, adını soruşub yazarsınız, sonra mən onlara göstərərəm. Heç kəs də qorxmasın, eşitdiniz?
H a m ı. Bəli.
N a d i r. Di durmayınız. (Gedirlər.) Sən də Rzaqulu, de, mənim atımı hazır etsinlər.
R z a q u l u. Baba, mənim atımıdamı?
N a d i r. Yox, oğlum, bu səfər sən getməyəcəksən. Buralar şuluqdur, sən də evə bax. (Rzaqulu çıxır. Bir-bir, iki-iki kənd əhli kəlib Nadirə baş əyib qabağında dururlar.) Hər kəs yorulubdur, əyləşsin. Xoş gəlibsiniz, hamı yığılanda mənə xəbər
edin. (Evə gedir.)
K ə n d ə h l i n d ə n b i r i. Heç bu sifət bunda görükmüyübdür ki, deyə əyləşin.
İ k i n c i. Görəsən genə nə var, bəlkə işi düşübdür.
Ü ç ü n c ü. Əlbəttə, yorulubdur, quldurluğa getmək istəmir ki, arxayın evdə otursun. Biz də tövcü verək.
D ö r d ü n c ü. Xülasə, allah özü rəhm etsin, xeyir işə bənzəmir.
B e ş i n ci. Bizim evimizi düşmən azmı yıxır? Bu da indi istəyir ki, olub-qalanımızı alsın. Mənim sözümə baxsanız, hamımız çıxarıq gedərik, sonra nə edəcək, etsin. Ölüb getmişik, ölmüşün nəyini öldürəcəkdir. (Bu vaxt bunların arasında qovğa düşür, bunları çağıran qaçaqlar gəlirlər. Xalq onlara tərəf.)
H a m ı (bərkdən). Bizi nə üçün yığıbsınız?
ON İKİNCİ GƏLİŞ
Nadiri görəndə səslərini kəsirlər.
N a d i r. Həzərat! Xoş gəlibsiniz! Bu vaxtadək məndən və atamdan zərərdən və əziyyətdən başqa bir şey görməyibsiniz....Əvvələn sizdən təvəqqe edirəm ki, mənim günahımdan keçəsiniz və sizə məlum edirəm ki, bugündən quldurluğu,
qaçaqçılığı bilmərrə buraxıb, canımı, gücümü və ağlımı millət və vətən yolunda sərf edəcəyəm. Bəsdir, nə qədər əbəs yerə qan tökdüm. Bəsdir, nə qədər siz mənim əlimdən dad çəkdiniz. İndi ancaq düz yolu tapmışam, indi ancaq anlamışam ki, insan gərək vətən və millət yolunda işləyib qeyrət, həmiyyət göstərsin. Özünüz görürsünüz, eşidirsiniz vətənimizi düşmən hər yerdən zəbt edir. Hətta ziyarətgahlarımıza da əl uzadırlar. Bundan sonra mən özümə söz verirəm ki, vətənimizi düşmənlərin əlindən xilas edib milləti zülmdən qurtarım. Əvvəlinci gedən yerim Xorasandır ki, sistanlıları oradan gərəkdir qovmaq. Sizlərdən kim istəmir ki, ata-babalarımızın müqəddəs yerlərini xilas edək, tainki bizdən sonra gələn uşaqlarımıza bu ibrət ola, qeyrətə gəlib gözləri həmişə açıq ola? Kim istəyər ki, öz əkdiyini özü biçməsin? Razısınızmı?
H a m ı. Razıyıq! Razıyıq!....
N a d i r. Bəs belə olan surətdə dağılınız ətrafda olan kəndlərə, car çəkin ki, Nadir gedir Xorasanı düşmənlərin əlindən qurtarmağa. Hamı yığılsın, hər kəsin nə yarağı-əsləhəsi var götürsün. Onu da deyirəm: hər kəsin qeyrəti oyanmayıbdır, getməsin. Ümidvaram ki, sözümə əməl edəsiniz.
H a m ı. Hazırıq vətən yolunda baş qoymağa! Hara aparırsan bizi apar. (Bərkdən.) Nadir sağ olsun!.... Nadir sağ olsun!....
PƏRDƏ
YARIM MƏCLİS
İKİNCİ MƏCLİSİN MABƏDİ
Vaqe olur Xorasan yolunda. Bir neçə çadır, bir sərbaz əlində tüfəng çadırın qabağında gəzinir. İki sərbaz yavuqda durub
çırpı yığır.
B i r i i c i s ə r b a z. Ağlın nə kəsir, Xorasana getməkdən bir şey olacaq, ya yox?
İ k i n c i s ə r b a z. Necə?
B ir i n c i s ə r b a z. Deyirlər sistanlılar qalanı möhkəm bərkidiblər.
İ k i n c i s ə r b a z. Baxaq görək, necə olacaqdır. Şah gərək ki, bir xəbər gözləyir, ona görə hələ getmək istəmir.
B i r i n c i s ə r b a z. Nə xəbər gözləyəcək. Düşmənlər dəli deyillər ki, Xorasan kimi şəhəri əllərindən verələr. Heç bilirsənmi, ziyarətə gedənlərdən nə qədər xeyir götürürlər?
İ k i n c i s ə r b a z. Bundan əlavə, deyirlər onların xanı sərbazlara çox mərhəmət göstərir: hər nə qarət olunur, sərbazların
aralarında bölünür.
B i r i n c i s ə r b a z. Ona görədir ki, Mahmud xanı sistanlılar sevirlər.
İ k i n c i s ə r b a z (əlini gözünə tutur). O kimdir, tez-tez çaparaq gəlir?
B i r i n c i s ə r b a z. Hanı? Hanı?
İ k i n c i s ə r b a z (əli ilə göstərir). Odur, bax! Odur!
B i r i n c i s ə r b a z. Bizim adam deyil?
İ k i n c i s ə r b a z. Bəli. Görəsən kim ola?
B i r i n c i s ə r b a z. Bir yaxşı bax, uzaqdan atlılar da görünürlər.
İ k i n c i s ə r b a z (diqqətlə baxır). Doğrudur, qəribə çox atlı var, görəsən kimdir?
B i r i n c i s ə r b a z. Lazımdır padşaha xəbər vermək.
İ k i n c i s ə r b a z. Ay, kimsən, dayan! (Tüfəngi götürür atmağa. Bu vaxt əvvəlinci sərbaz yüyürür Təhmasın çadırına tərəf, orada şeypur çalınır. Təhmas çadırdan tez çıxır, qarşıdan Nadir qoşunu ilə gəlir.)
T ə h m a s (öz sərbazlarına). Dayan! (Əli ilə.)
Nadir ürəkli Təhmas xana tərəf gəlir və iki tərəfin qoşunu xamuş durur.
N a d i r (qılıncı açıb Təhmasa verir). Qibleyi-aləm! Bu qılıncla mən çox ataları oğulsuz və çox uşaqları atasız və anasız qoymuşam. Bu qılıncla çox nahaq qanlar tökmüşəm, çox evlər yıxmışam, indi qeyrət və insaf mənə qalib gəlib.
Gəlmişəm qibleyi-aləmin hüzuruna. Xahiş edirsən bu qılıncla başımı vur, yainki rüsxət ver, düşmənlərin təsərrüfündən vətənimizi xilas edim, hərçənd dayımı göndərmişdim qibleyi-aləmin qulluğuna ki, mənim məqsudumdan xəbərdar etsin, amma Xorasana məxfi göndərdiyim adam gəlib ürəyi odlayan xəbər gətiribdir. Hirsimdən səbir edə bilmədim və özümü qibleyi-aləmə yetirdim ki, məqsudumdan xəbərdar edim. İndi ixtiyar qibleyi-aləmdədir. (Başını aşağı salıb durur).
T ə h m a s (yavuq gedir, qılıncı verir). Nadir! Sənin bu vətənpərəstliyin və aşkara qeyrətin məni vadar edir nəinki sənin təqsirindən keçəm və bəlkə cəmi qoşunun ixtiyarını sənə tapşıram. Mən sənin təqsirindən keçdim. (Qoşuna üzünü tutub.) Xoş o millətin halına ki, Nadir kimi köməyi var. Xoş o qoşunun halına ki, Nadir kimi sərdarı var!!! Sağ olsun Nadir xan!
Q o ş u n. Təhmas şah sağ olsun! Nadir xan sağ olsun!
(Burada fars marşı çalınır.)
PƏRDƏ
Kitabxana.az · https://kitabxana.az/ru/works/nerimanov-nadir-sah-ikinci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bilməyirəm, qeyri müsəlman məmləkətlərində varmı-yoxmu, fəqət Qafqazda müsəlman şəhərlərinin hamısında "Şeytan bazarı" namında bir uram və ya bir məhəllə olmağını bilirəm. Təəccüb burasıdır ki, Tiflis müsəlman şəhəri olmaya-olmaya müsəlmanlar olan məhəllədə də Şeytan bazarı məlum məşhur bir bazardır. Qeyri yerlərdə bu bazarlara nə üçün Şeytan bazarı deyirlər isə bilməyirəm, fəqət Tiflisdə Şeytan bazarının tarixi vardır. Qədimdən həmin Şeytan bazarı doğrudan da bir şeytan yuvası idi: adam öldürərdilər, harada? Şeytan bazarında. Cib kəsərdilər, harada? Şeytan bazarında. Filan hacının oğlu var-yoxunu qumara uduzardı, harada? Şeytan bazarında. Filan Sibirə göndərilən, sonra qaçıb gələn adamı harada tapardılar? Şeytan bazarında. Biçarə kəndçiləri (...) soyardılar, harada? Şeytan bazarında. Böylə bir tarixi olan bazara Şeytan bazarı deməyib nə deyəcəksiniz?Qədimdə, yadıma gəlir, bu bazarda bir adət də var idi: qəribə, adətdən dişqarı bir paltarda adam görsəydilər, Şeytan bazarının cavanları ona sataşardılar. Məsələn: allah eləməsin bir adam kürkünü tərsinə geyinə idi o saat görərdin bazardan keçəndə hay-huy səsi bazarı götürərdi. Hay-huy səsi cəhənnəm! Nə olacaqdır. Boğazlarını çox da yırtsınlar. Amma, allah göstərməsin, qarpız qabığından. Bir də gördün hər tərəfdən qarpız qabığı başına yağış kimi yağır. Doğrudur, bu qarpız qabığı qulağın yanında vız edib getsə, genə xoşbəxtlikdir, fəqət yaxşı nişana vuranların əllərindən (çıxan) qarpız qabığı vız etməyib lap peysərə yapışıb qalır. Bu yamandır!
Tənqid"HİFZÜL-SƏHHƏT". DOKTOR KƏRİMBƏY SULTANOV(İdarənin təklifinə görə bu kitab tənqid olunur)
Bir kəndin sərgüzəştiKeçənlərdə Qafqaz kəndlərindən birində bir neçə vaxt günlər keçirtdim. Bu kənd böyük, zəngin bir kənd idi. Hər kim bu kəndə təzə gəlmiş olsaydı, iki məhəllənin bir-birindən seçilməyini görərdi: məhəllənin biri dağ başında, küçələri toz, torpaq, dar, palçıq evləri bir-birinin içində; ikinci məhəlləyə gəlincə, küçələri enli, təmiz və evləri səliqə ilə tikilmişdi. Məhəllənin biri N. ikincisi isə İ. adı ilə məşhur idi.Ata-babadan bu məhəllələrə belə bir ad qoyulmuşdu.
İdil kənarında(Bir romanın başı)Nə gözəldir İdil çayı!
Стихи других поэтов
Dil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
از پری رویان بدل بردن همین مایل توییآن که می خواهد دل عشاق خونین دل تویی
Dah deyiniz, qızlarım, dah deyinizMən də gəlirdim Qarsın elindən,Əylənin yəhəri alım belindən,
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm